03.54.06
Abdal - Təsəvvüfün (Sufizmin) əsası kimi​​​​​​​

Abdal - Təsəvvüfün (Sufizmin) əsası kimi

Elmi ədəbiyyatda qəbul olunduğu və yuxarıda şərh etdiyimiz kimi, dini-ürfani aspektdə "Abdal", əsasən, ərəb dilində, "bədəl", "bədil" sözlərinin cəmindən yaranmış, "qarşılıq, əvəz, birinin yerinə keçən; bir şeyin yerini tutan" deməkdir, yaxud " abd" - "Allahın qulu" mənalarını verir, türk dillərində "abdallar", fars dilində "abdalan" şəklində cəm halda işlədilmişdir.

Hazırda " Abdal" təsəvvüf doktrinası adpektində, ərəb, fars və türk dillərində, həmin mənada müxtəlif səviyyələrdə, əsasən 3 ümumiləşmə səviyyəsində - mərhələsində qəbul edilir ki, onların ilahi-kamillik dərəcələrinə görə vahid tamın hissələri olması nəzərə alınmaqla, sadəcə, şərti olaraq bir-birindən fərqləndirmək lazım gəlir.
I səviyyədə - Abdal (ilahi " qeyb" biliyinə və gücünə malik) - ilahi mistik səviyyədə - Allahıın dünyanı Abdalların vasitəsilə idarə etməsi, dünyanın nizamını onların basitəsilə qoruması, onları digər yaradılmışlardan (insanlardan, mələklərdən, cinlərdən və sair) fərqli olaraq, Allahın icazə verdiyi həddə "Qeyb elmi" ni bilmələri, "Quran" da "Əshabi-Kəhf" surəsindəki Musa peyğəmbərə "ledün" elmi öyrədən, Allahın özünün də onun kim olduğunu açıqlamadığı, yəni "qeyb" saxladığı bənə ("Quran" təfsirçiləri Məhəmməd Peyğəmbərin hədislərinə istinadən onun Xızr olmasını ehtimal edirlər) kimi (Abdalani-Xızır); həmin səlahiyyətlərini yerinə yetirmələri üçün yüksək mistik, metafizik, kosmoloji enerjiyə malik olmaları və qeyb aləminin ərənləri olmaları ("Ricalül-qeyb" olmaları,) Qeyb Ərənləri kimi iyerarxiya təşkil etmələri, iyerarxiyanın zirvəsində Məhəmməd Peyğəmbərin ruhu - "Qütb Abdalı", ondan aşağıda iki yardımçısı - "Abdalları", ondan aşağıda isə digər dərəcə və adlarla başqa Abdalların olması; onların hər birinin özünə məxsus vəzifələrinin olması, hər birinin 1 iqlimi - göyü (səmanı) - birlikdə 7 göyü (iqlimi) idarə etmələri və sair yüksək dini-mistik idarəetmə mükəlləfiyyətlərinin olması; bu baxımdan, müxtəlif mənbələrdə dəyişik rəqəmlərlə Abdalların "Müqəddəs 3-lər, 7-lər, 40-lar, 70-lər, 80-lər, 100-lər, 300-lər (313-lər) və sair kimi" qəbul edilən, lakin əski mətnlərdə, əsasən "40 müqəddəs övliya" - "Qırxlar - piri" kimi mövcud olması; həmin konsepsiyaya görə, Qeyb ərənlərindən biri vəfat etdikdə, Allahın onun yerinə digərini əvəz olaraq keçirməsi, yəni "bədəl", "bədil" - "əvəz" olmaları; əski ədəbiyyatda onların eyni vaxtda iki yerdə görünə bilmələri, odda yanmamaları, suyun üzəri ilə yerimələri, ən ağır xəstəlikləri müalicə etmələri, bəlaları aradan qaldırmaları və sair yüksək "qeyb" qabiliyyətlərinin olması; Allahdan nə istəsələr, Allahın onların diləyini yerinə yetirməsi ( bu kəramətlər ulu babam Miskin Abdalda da olmuşdur ki, bu haqda sonrakı bölmədə ətraflı danışılacaqdır);

Altay, Orta Asiya, Şimali Qafqaz və Dağıstan xalqlarında İslama qədərki dövrdə mövcud olmuş "allahlar panteonu"nda Abdalın "Ov allahının adı, dağ heyvanlarının hamisi", İslamda sonrakı dövrdə isə həmin xalqlarda "mistik, metafizik qüvvəyə malik Mübarək şəxs, böyük möcüzələr sahibi, Pir" (yəni daha çox mifik obraz, eyni zamanda real şəxsiyyətin sintezi) kimi anlaşılması da bu aspektdə öyrənilməlidir;

II səviyyədə - Abdal (təriqət müqəddəsi, piri, övliyası, ocağı) - təsəvvüf (sufi) cərəyanı, doktrinası səviyyəsində - "özlərini tamamilə Allaha həsr etmiş, "şəriət, təriqət, mərifət mərhələlərini keçərək, Həqiqət mərhələsinə - Allaha qovuşmuş, "fənafillah" olmuş, "Allahda ərimiş", buna görə də Allahdan ona ilahi güc və "ledün elmi" - ilahi biliklər nəsib olmuş, müxtəlif dərəcələrdə möcüzələr göstərməyə qadir, yəni adi insanlardan üstün metafizik-mistik qüvvəyə malik (eyni vaxtda iki yerdə görünə bilmələri, odda yanmamaları, bəlaları aradan qaldırmaları və sair, ümumiyyətlə, Allahdan nə istəsələr olması) müqəddəs övliya, pir, ocaq sahibi, mürşid kimi.

Bu baxımdan, Abdallar "Ricalül-qeyb" - Abdallıq doktrinasının təzahür formaları, istiqamətləri, Abdallıq kökü üzərində pöhrə vermiş budaqları olan "Səfəviyyə", "Bəktaşilik", "Mövləvilik", "Ələviyyə", "Xəlvətiyyə" və sair təsəvvüf - sufi cərəyanlarının mürşidləri (ustad müəllim) kimi çıxış etmişlər. Onlar "Ricalül-qeyb" - "Qırxlar piri" tərəfindən ən yüksək sayılan Abdal - sufilik "orden"nə layiq görülmüş, həmin dərəcə ilə təltif edilmiş, əsl adlarından əlavə "Abdal" adını da daşıyan və həmin adla tarixə düşmüş, həmim adla ilahi məzmunda şeirlər yazmış, Allaha qovuşmaqda sufi musiqisini - saz havalarını vasitə kimi istifadə etmişlər. Bu səviyyədə də Abdallar 1-ci səviyyədə açıqladığımız "Ricalül-qeyb" Abdalları, "müqəddəsləri" kimi mövcud olmaqla, "Ricalül-qeyb"in kənar anlayış olmayıb, fərqli mahiyyət kəsb etməyib, elə "Ricalül-qeyb"in təzahürləri kimi çıxış edirlər;

III səviyyədə - Abdal (tək şəxs deyil, icma, qrup, zümrə kimi) - bu səviyyədə Abdallar "Ricalül-qeyb"ə məxsus aləmin şərtlərinə uyğun yol ilə gedən, öz halal əməkləri, yolçuluqları, zəhmətləri ilə yaşayaraq, özlərini Allaha həsr etmiş, daim Allahı zikr edən, insanları İslama, müsəlmanları yaxşı işlər görməyə, pis işlər görməkdən çəkinməyə dəvət edən, qrup halında özlərini "Abdallar" adlandıran icmalardır. Həmin səviyyədə Abdallar, həm də və daha çox , qədim Ağ Hun türk tayfası kimi də xarakterizə olunur və bu səviyyədə hər iki anlayış - həm tayfa adı kimi Türklüyü bildirən əlamət, həm də bütün həyatını Allaha həsr etmiş icmalar kimi müqəddəs şəxsiyyətlər əlaməti, demək olar ki, bir-biri ilə qarışdığından, vahid vücud təşkil etdiyindən onları ayırd etmək, aralarında hansısa sərhəd müəyyən etmək mümkün deyildir. Bu icmaların içərisində, müxtəlif peşə sahibləri olmaqla yanaşı, Haqq aşiqləri qismində aşıqlıq edən, Abdal təxəllüsü ilə şeirlər yazan, Abdal musiqisi (bu musiqi hazırda Anadolda geniş yayılmışdır, "Abdal" musiqi növü, "Abdal" musiqi qrupları və sair) ilə məşğul olan müxtəlif "Abdal" qrupları təşkil edən, mümkün qədər böyük kütlədən ayrı, qrup halında kənar yerlərdə - "Abdal", "Abdallar" və ya başqa adlarla adlanan ayrıca kəndlərdə, böyük şəhərlərdə də əsasən, ayrı-ayrı məhəllələrdə cəm halda yaşayan, özlərini Allaha ibadətə həsr edən, Abdal təkəllərinə gedib, Abdallıq ənənələrini qoruyub, saxlayan zümrə kimi tanınırlar.

Bu zümrə, əsasən, tarixdə mövcud olmuş övliya Abdalların qohumları və ya nəsil törəmələri kimi babalarının yolunu davam etdirən icmalar kimi qəbul edilir. 
Göründüyü kimi, bu bölgü şərti olmaqla hər üç səviyyədə Abdalların, əslində vahid başlanğıcdan güc, qüdrət, ilham almaları, eyni yolun yolçuları olmaları, sadəcə, hər birinə verilən "ilahi güc, qüdrət, möcüzə və vahid " iyerarxiyada" tutduqları mövqe, səviyyə, dərəcə baxımından fərqlənirlər.

Tofiq Hüseynzadə - "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri" kitabından

Goyce.az

Просмотров: 369 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: