12.37.17
Ağa Musa Nağıyev
Digər Bakı milyonçuları kimi o da yoxsul ailədən çıxmışdı, adi bir saman satanın oğlu idi. 1848-ci ildə Biləcəridə anadan olmuşdu. Sonralar varlanan Ağa Musa var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən heç də geri qalmırdı. Hətta ondan zəngin idi. Musa Nağıyevin var-dövləti on milyonlarla qızıl pula çatmışdı. “Cəmiyyəti-xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “Ismailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməsinə, şəhər kənarında keçmiş Semaşko xəstəxanasını tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq, camaat onu xəsis adıyla damğalamışdı. Ağa Musa cavanlıqda üç-beş qəpiyə ona-buna şələ daşıyırmış; zəhmət-əmək hesabına pul yığıb əvvəl Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə aldı. Gecə-gündüz quyu qazanların yanından çəkilmir, heç kimi bekar qalmağa, hədər vaxt itirməyə qoymurdu. Nəhayət, tale üzünə gülür, quyu fontan vurur, şələçi Musa dönüb olur Ağa Musa, milyonçu Ağa Musa Nağıyev. 1893-cü ildə qonşu Sabunçuda, sonra Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində, Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan quyuların hamısı güclü fontan vurur. Çox keçmir ki, Ağa Musa Suraxanıda da mədən salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir, öz mədənlərində alınan neftdən başqa həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını alır. Mexaniki emalatxana düzəltdirir.XIX əsrin lap sonlarında Ağa Musa “Neftçıxarma firması” yaradır. Şəhərdə çoxlu mülk tikdirir və alır, yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi olur. O, uzun müddət Bayır şəhərdə, Qasım bəy məscidinin arxasında Zərgərlər küçəsi ilə Gimnazist (L.Tolstoy) küçəsinin tinində ikimərtəbəli, səkili binada yaşayırdı. Ağa Musanın müsəlman arvadından bir oğlu - Ağa Ismayıl və beş qızı vardı. Qızlardan Ümmülbani Bakı neftxudalarından biri Şəmsi Əsədullayevin böyük oğlu Mirzə Əsədullayevin arvadı idi.Ağa Musa ağır, üzüntülü xəstəlikdən sonra 1919-cu ilin aprel ayında vəfat etdi.
Просмотров: 383 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: