20.17.04
Avropa səyyahlarının qeydləri
Stepan Razin Azərbaycanda 


Bakının Bakıxanov qəsəbəsi Sovet illərində onun adını daşıyırdı. 1667-ci ildə onun öz kazak ordusu ilə Bakını qarət etməsi və böyük qənimətlə geri dönməsinə dair tarixi mənbələrdə ziddiyyətli məlumatlar yer almaqdadır. Böyük rus şairi Puşkinin "Rusiya tarixinin ən poetik sifəti” adlandırdığı bu şəxs İrana hücumu zamanı Azərbaycanın bir neçə şəhərinin tarixinə adını yazdırıb və Bakı yaxınlığında adalardan birində Səfəvi donanması ilə döyüşə girərək qalib gəlib. Söhbət məşhur kəndli üsyanının rəhbəri Stepan Razindən (1630-1671) gedir.
Stepan Razinin Bakıya hücumu ilə bağlı məlumatlara fransız Jan Şardenin "Kavaler Şardenin Qafqaza səyahəti”ndə, holland Lüdviq Fabritsiusun "Qeydlər” kitabında, Yan Streysin məşhur "Üç səyahət”ində, habelə alman səyyahı Engelbert Kempferin "Razinin İran yürüşü” əsərində rast gəlinir.
Jan Şarden (1643-1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. 
Braziliyada həkim ailəsində doğulmuş Lüdviq Fabritsius (1648-1729) sonralar Hollandiyaya dönür, Razin üsyanı illərində isə Rusiya ordusunda fəaliyyət göstərir, o cümlədən, kazaklarla çar ordusunun döyüşlərində iştirak edir. 
Yan Streys (1630-1694) Razinin İrana hücumu zamanı Şamaxıda əsirlikdə idi (yeri gəlmişkən, Streysi əsirlikdən məhz Fabritsius azad edir) və onun yazdıqlarını həmin hadisələrə kənar müşahidəçinin baxışları kimi qiymətləndirmək olar. 
Digər maraqlı fakt ondan ibarətdir ki, əsirlikdən qurtulduqdan sonra Streysə Stepan Razinlə şəxsən görüşmək də müəssər olur. 
O ki qaldı Engelbert Kempferə (1651-1716), bu şəxs alman səyyahı idi, bir müddət isə İsveç səfirliyinin İranda katibi kimi çalışmışdı və Razin barədə ən müfəssəl təsvirlərə də məhz onun qeydlərində rast gəlinir.
                                                                               *** 
Kempferin yazdığına görə, böyük qardaşı İvanın edamından sonra Stepan Razin çar hökumətinə düşmən olur və İrana yollanır. Bu vaxt onun dəstəsi Xəzər dənizində 24-30 gəmi ilə üzən 1000-1200 kazakdan ibarət idi. Və Razinin lövbər saldığı ilk yer də indiki Azərbaycanın ərazisi olur. Kazaklar təkcə Bakını yox, həm də Dərbəndi, Şamaxını, Şabranı qarət edir. Əsir götürülərək Şamaxıya gətirilən kazaklardan biri həmin vaxt Razinin dəstəsinin Çilov adasında olduğunu və Bakıya hücum hazırladığını söyləyir. 1668-ci ilin 19 iyununa aid məlumatlarda boyar oğlu Tretyakov da kazakların Bakını qarət etdiyini və hazırda "Kür tərəfdə yaşayaraq tez-tez dənizə çıxqılarını” söyləyir. Yaxud, həmin vaxt Razinin dəstəsinin kazak Sergey Krivoyun dəstəsi ilə birləşərək Şabranda soyğunçuluq törətdikləri, habelə Bakıda çoxlu qənimət və girov götürdükləri bildirilir. 
Bu məlumatlar tarixçilər tərəfindən ətraflı öyrənilməyib və ümumiyyətlə, Bakı kimi qala şəhərinin kazaklar tərəfindən tamamilə ələ keçirilməsi şübhə doğurur. Görünür, söhbət ümumilikdə Bakının yox, şəhər ətrafının istilasından gedirdi.
Fabritsius öz "Qeydlər”ində Razinin Dərbənd və Şamaxı yaxınlığında bir neçə kəndi tarmar etdiyini yazır, yəni, söhbət Bakı şəhərinin kazakların itaətinə keçməsindən getmir. Və müəllifin bildirdiyinə görə, bundan sonra Razin İsfahana, şahın yanına səfir qismində 4 kazak göndərir.
                                                                                                    ***
Həmin kazakların səfərindən məqsəd və sonrakı taleyi ilə bağlı bilgiyə biz o vaxt Şamaxıda olan Yan Streysin "Üç səyahət” kitabında rast gələ bilərik. Streys yazır:
"Aprelin 11-də Şamaxıya tanınmış kazak rəhbərini gətirdilər. O, üç yoldaşı ilə birlikdə çərkəz tatarlarının şahzadəsi Bulatın yanına göndərilmişdi və çərkəzlərin başçısına öz ağalarının - Stepan Razinin qoşununa yardım üçün hərbi qüvvə göndərməsini təklif edəcəkdilər. Əgər şahzadə bu təklifə razı olarsa, Razin onun özünü də, ölkəsini də rahat buraxar, üstəlik qiymətli hədiyyə və bəxşişlərlə mükafatlandırardı. Şahzadə özünü təhqir olunmuş sayaraq dərhal həmin 4 nəfərdən 3-nün başını vurdurur, bədənlərini qartal və qarğalara yem edir, başlarını isə balzamlayaraq kisəyə qoyur və sağ qalmış 4-cü kazakak yoldaşlarının başlarını İsfahana, şaha aparmağı əmr edir...”
Streys xatırlayır ki, kazaklar tərəfə keçmiş həmin rusu o, hələ Həştərxanda olduğu dövrlərdən yaxşı tanıyırdı. İsfahanda onu zindana salırlar, qollarını və ayaqlarını zəncirləyirlər. Bir müddət sonra isə onu sərbəst buraxırlar - görünür, o, şaha hansısa vacib sirləri açıb demişdi.
Yan Streys başqa epizoddan da bəhs edir: "2 il əvvəl Stepan Razin İran şahının sarayına 7 nəfəri səfir kimi yollayaraq şahdan vacib silah-sursat istəyir, həmçinin onunla hərbi ittifaq bağlamağı təklif edir. Bu hadisədən əvvəl Razin Astrabadı və Lənkəranı tar-mar etdiyindən, səfirlər çox sərt qarşılanır... Şah onların bəzilərini qandallayır, digərlərini isə itlərə yem edir. Odur ki, biz bu hadisədən sonra Stenkanın yenə də şahın yanına elçilər göndərdiyinə təəccübləndik”.
Ümumiyyətlə, Razinin və kazakların İran təbəəliyinə keçmək istəklərinə münasibət də ikilidir. Məsələn, Jan Şarden bunu "öz niyyətlərini ört-basdar etmək cəhdi” sayır və kazakların yeganə niyyətinin talançılıq olduğunu qeyd edərək elçilərin şah sarayına göndərilməsinin də Rəşt şəhərinin qarəti ilə eyni vaxta təsadüf etməsini qabardır. Bir sözlə, "razinçilər” şaha Rus çarından incidiklərini və "şahsevən” olmaq istədiklərini açıqlayanda əslində, oyun oynayırmışlar.
Şarden yazır: "Öz niyyətlərini daha yaxşı pərdələmək üçün onlar şah sarayına 4 elçi göndərirlər. Bu elçilərin əllərində fərmanlar vardı və guya ki onlar əsl səfirlər idilər. Şamaxı qubernatorunun adamları onları İsfahana ötürürlər. Bu adamlarla yaxşı davranılır, onlara sığınacaq verilir. Elçilər şahın qəbuluna düşmək istəyirlər, ancaq cavab alırlar ki, səfirliyin xarakterinə uyğun olaraq şah tərəfindən qəbul edilə bilməzlər... Onlara birinci nazirlə görüşmək təklif olunur və kazaklar razılaşırlar. Bu görüşdə Moskva imperiyasının təbəələri olmaq istəmədiklərini, haqsız yerə incidildikləri üçün ölkələrindən uşaqları və qadınları ilə birlikdə qaçdıqlarını, 6 min kazakı təmsil etdiklərini, müzakirələrdən sonra İrana sığınmağı daha ədalətli saydıqlarını söyləyərək özlərini İran şahına təklif etmək istədiklərini və şahsevən olmağa razılıqlarını açıqlayırlar. İstəyirlər ki, şah onların yalvarışlarını eşitsin və yaşamaq üçün torpaq versin..” 
Kempfer isə yazır ki, şah kazaklara qəti cavab verməyərək onları gözləməyə məcbur edir. Kazaklar ümidlənirlər, ancaq bir müddət müsbət cavab almayanda hərəkətə keçərək Mazandaranın əsas şəhəri olan Farabada hücum edirlər. Şəhər qarət olunur, kazaklar özləri ilə çoxlu pul, mal və girov aparırlar. 
Şarden qeyd edir ki, onların bu addımı İsfahandakı elçilərin taleyində öz əksini tapır: 2 səfir itlərə yem edilir, qalanları isə sünnət edilir və islamı qəbul etməyə məcbur olunurlar.
                                                                                                             ***
Xəzər sahillərində soyğunçuluq fəaliyyətini daha bir müddət davam etdirən kazaklar sonunda Bakı yaxınlığındakı Səngi Muğan adasına yerləşirlər. Köhnə mənbələrdə bu yer "Donuz adası” da adlandırılır. Elə Səngi Muğan adasında da 1669-cu ildə Razinin kazakları ilə İran şahının donanması arasında böyük döyüş olur. İran donanmasına Məmməd xan Astaralı rəhbərlik edirdi.
Həmin döyüşün ərəfəsində baş verən hadisələr və döyüşün özü barədə məlumatlara Engelbert Kempferin qeydlərində geniş yer ayrılıb. O cümlədən, Duvannı yaxınlığında əsir düşmüş 30 kazakdan birinin danışıqlarını onun dilindən Kempfer bu cür qələmə alır:

"Sonra kazaklar Samur çayına yollanırlar. Burada 2 ay olurlar, ikinci dəfə Astrabadı qarət edirlər, nəhayət, Donuz adasına gəlib çıxırlar...
Adanın digər tərəfində öz gəmiləri ilə farslar dayanmışdı. Kazaklar bu haqda bilmirdilər, həmin axşam yeməklərini yeyib yatırlar. Gecə Stenka Razin bütün adamlarını oyadıb dairə şəklində toplaşmalarını əmr edir və onlara yuxusunu danışır. O, yuxuda görüb ki, düşmənlər adadadır. Sonra o, məsləhətləşməyi təklif edir: düşmənlə döyüşmək, yoxsa buraları tərk edib getmək lazımdır?
Soyğunlarda varlanmış başçılar qan tökməyin yetərincə olduğunu deyib buraları tərk etmək istədiklərini söyləyir, ancaq yoxsul hissə yeni qənimətlər ümidi ilə döyüşə girməyə çağırır.
Stenka birincilərin təklifi ilə razıydı, ancaq ikincilərə qarşı getmək istəmədiyindən, başqa bir adamın rəhbərliyə keçməsini təklif edir. Yeni rəhbər olaraq həmçinin adamları Razin kimi güllədən qorumaq bacarığına malik olan bir qocanı seçirlər. Qoca razılaşır və kazakların güllələrdən toxunulmazlığını təmin etmək üçün öz oğlunu qurban kəsəcəyini vəd edir. Ancaq müzakirələr davam edərkən qocanın oğlu qaçıb aradan çıxır və onun sonrakı taleyi naməlumdur. Qoca 3 saat qıcolma hərəkətləri edir, özünə gələndə isə deyir: "vəssalam, siz xilas olduz”. Bundan sonra kazaklar gəmilərinə minib dənizə çıxırlar. Farslar elə bilir ki, kazaklar qaçırlar, halbuki, bu, aldadıcı manevr, tələ idi.. .”
Həmin döyüş 50 gəmilik İran donanmasının məğlubiyyəti ilə bitir. Kazakların itkisi isə 50 nəfər olur. Qəribədir ki, kazakların əsir götürdüyü adamlar sırasında Məmməd xanın oğlu və qızı da olur. Oğulu kazaklar özləri ilə Həştərxana aparırlar və o, orada vəfat edir. Qızın sonrakı taleyi daha faciəlidir - onu Stepan Razin dəniz tanrısına qurban edərək əl-qolu bağlı dənizə atır və bu epizod Razin barədə folklorda da özünə yer alıb.
Səngi Muğan adasındakı məğlubiyyətdən dərhal sonra farslar kazaklara qarşı yeni hərbi ekspedisiya hazırlığına başlayırlar, ancaq burada qalmağın təhlükəsini başa düşən Stepan Razin öz dəstəsini də götürüb Həştərxana yola düşür. Bununla da, kazakların Azərbaycana hücumları bitir, 2 il sonra isə məğlub olan Razin Moskvada edam olunur...


Kifayət Haqverdiyeva
Просмотров: 1547 | Добавил: afgan73 | Рейтинг: 4.1/135
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: