13.36.42
DİN
Günel Mövlud
Krişna həyəti və kahin həyatı 

Krişna məbədindən reportaj

Krişna təlimi bəlkə də yeganə ediqaddır ki, konkret millətlə assosiasiya olunur. Krişna deyən kimi, adamın ağlına alnına rəngli zolaqlar çəkilmiş kişilər, qaşlarının arası «bindi»li, rəngarəng sarilərə bürünmüş, göbəyi açıq qaraşirin qadınların, qızların, nəhəng fillərin, şən rəqslərin, gül girlyandlarının vətəni Hindistan gəlir. Elə buna görə də, paytaxtda artıq on ildən çoxdur ki, fəaliyyət göstərən Krişna məbədinə yaxınlaşanda özümü insanların ibadətə gəldiyi məkana deyil, Hind filmlərində görməyə adət elədiyimiz Maharacca imarətinə düşəcəyimi güman edirdim.

Maharacca imarəti əvəzinə sadə çay bağçası

Amma sadə darvazadan içəri girəndə Maharacca imarəti əvəzinə ortabab və bir az da səliqəli çay bağçasına oxşayan bir yerə düşdüm. Darvazanın üzərinə vurulmuş lövhə olmasa, həyət bura təsadüfən düşən adamlara bu yerin mahiyyəti barədə məlumat vermir. O qədər də iri olmayan həyətdə balaca-balaca tikililər, əsas məbədin ikinci mərtəbəsinə aparan dar pilləkənlər, daranıb-təmizlənmiş kollar, ağaclar, sulanıb-süpürülmüş həyət…
Balaca oğaqlardan birininin pəncərəsindən gözümə əyni sarili, çox gözəl, gülümsər cavan qız görünür. Qız yerdən bardaş qurub, əyləşərək, ilahi musiqi sədaları altında altı-yeddi uşağı ətrafına yığaraq, onlara nəsə öyrədirdi. Əvvəlcə, bütün «Krişna dəm-dəsgahı»nın elə bu kiçik dərsdən ibarət olduğunu düşündüm. Uşaqların soyunub, qapıya düzdüyü ayaqqabıların arasından birtəhər sivişib, otağa keçərək, sarili qızdan nəsə soruşmaq istəyirdim ki, qız başının işarəsi ilə mənə ikinci mətəbəni göstərib, «dərdimi» oradakılara deməyimi məsləhət bildi.


Krişnanın bir addımlığında

İkinci mərtəbə ayrı aləm idi. Dar, amma təmiz dəhliz sahibsiz ayaqqabılarla dolu idi. Böyük ehtimalla, döşəməsi bahalı hind xalçaları ilə döşənmiş ibadət otağına ayaqqabılı daxil olmaq qadağandır. Dəhlizin divalarında Bhaqavat Gitadan, mövzusu qədim Şərq tamaşaları olan miniatürlərdən bizə tanış olan təsvirlər, təsvirlərin üzərindən asılmış gül-çiçək girlyandları, dəhlizdə satış məqsədilə balaca piştaxtanın üzərinə sərilmiş xırım-xırda Hindistan bəzəkləri – sırğalar, muncuqlar, boyunbağılar, bazubəndlər, buxur çubuqları ( sonradan öyrəndim ki, satılan bər-bəzəklərdən gələn gəlir mərkəzin xeyriyyə işlərinə sərf olunur)…
İçəridə Krişnanın adını oxuyaraq, ibadət edən insanların yanına keçməmiş, divarlara diqqətlə göz gəzdirdim. Burada məşhur şəxslərlə, vəzifəli adamlarla çəkilmiş fotolar, mərkəzin fəaliyyətini işıqlandıran şəkillər-filan gözə dəymirdi. Yalnız və yalnız müqəddəslərin şəkilləri, bir də mərkəzə ianə bağışlayan adamların adları, soyadları və bağışladıqları pulun məbləği qeyd olunmuş siyahılar asılmışdı.

Qəribə qadağa

Diqqətimi çəkən daha bir məqam isə divardakı elan, daha doğrusu bildiriş oldu. Bildirişdəki madddələrdə məbədin içərisində və həyətində qadağan edilmiş hərəkətlərin siyahısı vardı. Bəzi qadağalar o qədər də qeyri-adi deyildi – məbədə göbəyi açıq, mini ətəklərdə, yaxası açıq köynəklərdə daxil olmaq, ibadət vaxtı hündürdən danışmaq və kənar hərəkətlərə yol vermək və s.
Amma maddələrdən biri öz orijinallığı və qəribəliyi ilə məni bir azca hirsləndirdi. Həm də gülməyim gəldi. Maddədə deyilirdi ki, subay oğlanla subay qızların məbəd daxilində və ya məbədəin həyətində ikilikdə dayanıb, söhbət etməsi qadağandır!
Məsələ burasındadır ki, əgər bu qadağanı başqa dinlər təyin etsədi, o qədər də təəccüblü görünməzdi. Amma öz sehrli fleytası ilə yeniyetmə çoban qızcığazları başına yığıb, eyş-işrətlə məşğul olan tanrı Krişnaya etiqad edənlərin subay din qardaş-bacılarına belə qadağa qoyması mənə çatmadı.
Axır ki, arxasından sehrli musiqi səsləri eşidilən qapını aralayıb, içəri keçdim. Hələ ki, cəmi beş-on ziyarətçinin yığışdığı ibadət otağı ifrat bər-bəzəyi ilə olmasa da, təmizliyi, içəridəki əşyaların qəşəngliyi və rəngarəngliyi, minimum sayda olsa da şərq naxışları ilə bəzənmiş, gözəl, zərxara parçalarla örtülü mebelləri ilə, döşəməyə salınmış parlaq rəngli, gözəl naxışlı xalçalarla xoş təəssürat bağışlayırdı. Krişnanın çalın-çarpaz çiçək girlyandları keçirilmiş iri rəsmi, ətrafa gözəl qoxu saçan buxurdanlar və nəhayət, yerdən bardaş qurub, oturaraq, uzun əbalı çalğıçı oğlanın döyəclədiyi mridanqın (bir növ «hindistan nağarası») ritminə uyğun şəkildə «Hari Krişna, Hari Krişna, Krişna, Krişna, Hari, Hari» oxuyan qadınlar, kişilər…

Krişnaçıların özəlliyi

Əgər mən iman yoluna gəlmək istəyən, amma hansı dini seçəcəyini bilməyən, müxtəlif iman təklif edən qurbanolduqlarımın arasanda çaşıb qalan naşı mömin olsaydım, müsəlmanların əsəbi və qaramat, xristianların qaraqabaq və hüzn-kədərli ibadətinin şahidi olandan sonra, Krişnaya etiqad edənlərin ibadət və etiqad bacı-qardaşları ilə davranışlarını, ibadət ayinlərini görəndən sonra mütləq Krişna təlimini seçərdim. Buradakı adamlar ibadət vaxtı hündürdən danışmasalar da, öz aralarında pıçıldaşır və bununla yanaşı, ibadətlərini davam etdirirdilər. İçəri təzə daxil olanların üzlərinə gülümsəyir, əllərini sifətlərinin qarşısında cütləyərək, xoş üzlə «Hari Krişna» deyə salamlaşırlar. Krişnaya etiqad edənlərin ibadət vaxtı eyni libaslarda olması vacib olmadığından, idman üsubunda geyinib, ibadət otağına girən qıza, yəni mənə də təəccüblə baxan olmadı. Hətta bir neçə qəşəng, əyni sarili, alnı bindili qız-qadın «Hari Krişna» deyə mənimlə salamlaşdı da. Əllərimi onlar kimi tuta bilməsəm də, mən də birtəhər «Hari Krişna» deyə cavab verdim.
Krişnaçıların ibadəti o qədər mürəkkəb olmasa da, uzun çəkir. İçəri daxil olan ziyarətçilər əvvəl Krişnanın elə dərgahındaca diz çökür, alınlarını yerə döyür, hətta uzanır, sonra Krişnanın iri rəsminə yaxınlaşaraq, onu öpür, Krişnanın ayaq izləri olan lövhəni öpür, sonra lövhənin altında hazır qoyulmuş nəm əski parçası ilə həmin lövhəni silib-təmizləyib, yerinə qoyurlar. Və sonra bütün ibadətçilərə qoşulub, «Hari Krişna» deyə dualarını təkrarlayırlar. Monoton, eyni ahənglə keçən dua isə qurtarmaq bilmir. Dua azamını ibadətçilər bir-birinin üzlərinə gülümsəməkdə, pıçıltı ilə xoş sözlər deməkdə davam edir…


«Biz bir növ monax həyatı yaşayırıq…»

Gülümsər ibadətçi qadınlardan birindən sorşunda ki, məbədlə bağlı suallarıma burada kim cavab verə bilər, o mənə məbədin daimi sakinlərindən olan Babək müəllimi (krişnaçılar ona öz aralarında necə deyirlər, unutdum) məsləhət bildi. Ucaboy, enlikürək, üzü narın tüklü, bədən quruluşundan və sifətindən Tibetdəki sağlam və yaraşıqlı kahinlərə oxşayan Babək müəllim dar məbəddə mənə müsahibə verməyə balaca bir hücrə tapdı. Babək müəllimdən müsahibə almaq üçün həmin balaca hücrəyə daxil olanda bir kənarda yığışdırılmış yorğan-döşək, bir neçə vacib məişət əşyası görəndə başa düşdüm ki, məbədin bəzi daimi sakinləri gecələr bu hücrədə yatır. Təvazökar Babək müəllim utancaq şəkildə məndən hücrədəki səliqəsizliyə görə üzr istədi. Amma utancaqlığına rəğmən, içəri keçərkən, ayaqqabbılarımı soyunmağımı xahiş elədi. Və biz bu Krişna məbədində kahin həyatı yaşayan adamlardan biri ilə çox rahat keçən söhbətimizə başladıq.


Məbədi dolandıran «Fədailər»…

Babək müəllimin sözlərindən məlum oldu ki, məbəd hələ ötən onilliyin ortalarından paytaxta fəaliyyət göstərir. Amma krişnaçılar Bakıda lap əvvəllər də olub. Məbəd müxtəlif işlərdə çalışan və əməkhaqlarının bir qismini məbədə bağışlayan «fədailərin» hesabına özünü dolandırır. Bu «fədailərin» sayı isə üç yüzə yaxındır. Məbəd səhər-axşam buraya sığınacaq, ibadət və ya sadəcə ruhunu təmizləmək üçün gələnlərin üzünə açıqdır. Hətta gündə bir dəfə məbəd öz hesabına ziyarətçilərə yemək verir. Təbii ki, həmin yeməklərin tərkibində ət və canlı orqanizmdən gələn heç bir qida olmur. Məbədə təşrif buyuranların hamısının Krişnaya etiqad etməsi vacib deyil. ruhunu təmizləmək, rahat, xoş ovqatla ibadət edənlərin arasında olmaq istəyən hər kəsin üzünə qapı açıqdır.


Məbəddə toy və Krişna ocağını gözdən salan adamlar…

Bu hələ harasıdır? Məbəd Krişnaya etiqad edən cütlüklərin toyunu da öz üzərinə götürür. Toy mərasiminin necə keçməsini bilmək üçünsə hər hansı bir hind filminə baxmaq kifayətdir. Müsahibim deyil ki, məbəddə keçirilən toylar eyni ilə həmin filmlərdəki sayaq, ənənələrə sadiq şəkildə keçirilir.
Amma, bura Azərbaycandır. Məbədin xeyir əməllərindən istifadə edib, sonra kənar yerlərdəki hərəkətləri ilə onu gözdən salanlar da az deyil. Burada Krişna süfrəsindəki ətsiz, içkisiz təamlardan yeyən, özünü məbədin ziyarətçisi kimi qələmə verən adamlar bəzən müxtəlif restoranlarda ət yeyən, spirtli içki qəbul edən vaxtda görünürlər və bununla da məbədin səmimiyyətinə şübhə yaradırlar.

Söhbətin davamında məlum oldu ki, bayaqkı şübhəmdə yanılmamışam. Məbədin kişi xidmətçilərindən çoxu elə burada yaşayır. Babək müəllim də həmçinin. «Biz burada əsl kahin həyatı yaşayırıq». Həyətin səliqə-səhmanı, abadlığı da elə onların sayəsində qorunub-saxlanır. Məbədin sakinləri onlarla qurtarmır. Bəzən gecələməyə yeri olmayan, evsiz-eşiksiz adamlara da məbəd sığınacaq verir. Babək müəllim təəssüflə qeyd etdi ki, bu sığınacağın ömrü uzun olmur. Onlar Krişna dərgahına gələnləri yalnız bir neçə gün saxlayıb, yedirib-içirə bilirlər. Mədəbin maddi imkanları bundan artığına imkan vermir.

«Məbəd heç kimə pul paylamır!»
Söhbətimizin sonunda hamını maraqlandıran sualı da Babək müəllimə verdim: «Deyilənə görə siz ziyarətçiləri məbədə pulla və ya hansısa maddi nemətlərlə şirnikdirib, gətirirsiniz?!». Doğrudur, bayaqdan çox səmimi, rahat keçən söhbətin sonunda belə bir sual vermək məni yüngülvari utandırdı, amma…məcbur idim.
Babək müəllim isə halını da pozmadı: «Xanım, bu gün Krişna etiqadına görə bayramlardan biridir. Görün, bura nə qədər az adam yığışıb. Əgər biz bura gələnlərin hərəsinə həftədə heç olmasa, iki manat versəydik, onlar buradan əl çəkməzdilər».

Məbəd öz təlimini necə yayır?
Babək müəlimlə söhbətimz yekunlaşdı. Onun balaca hücrəsindən çıxıb, həyətdə ibadət otağına keçmək üçün sıralanana sarili, parlaq bər-bəzəkli qadınların arası ilə irəliləyib, Krişna məbədindən çıxdım. Darvazanın düz qapısında məbədə keçmək istəyən iki sarı sarili qızdan biri o qədər gözəl idi ki, ondan şəklini çəkməyə icazə verməsini xahiş etdim. Qızdın razılıq alıb, ömrümdə gördüyüm ən gözəl qızı fotolentə aldfm və mənim «ziyarətim» bununla bitdi.
Amma bir məsələ hələ qalmışdı.
Bütün dini təriqətlərin, təlimlərin əsas mənəvi dayaqları kitablar, dərsliklər, broşürlardır. Rapotaja, gördüklərimi təsvirə çox uymuşdum, amma bu ciddi məsələ də ağlımdan çıxmış deyildi. Suallarım çox idi: Onlar kitablarını necə yayırz? O kitablar necə hazırlanır? Köhnə təlimləri, yoxsa yeni işlənmiş konsepsiyaları çap edirlər? Onları azərbaycan dilinə kimlər tərcümə edir? Dini təlimlərin dərsliklərini ölkədəki hanı nəşriyyatlar buraxır?».
Üzdə görünən şeylər barədə danışmaq asandır. Amma kitablar artıq işin mənəvi və əsas dayağı olduğu üçün bu barədə hamının səmimi ola bilməyəcəyini bilirdim. Buna görə də həmin sualları məbədin və sektanın rəhbərinə deyil, bu təriqətə etiqad edən, dövrü mətbuatla sıx əməkdaşlıq edən bir yazara ünvanladım.
Müsahibim köhnə hind filmlərindəki qurular kimi, yenə də sakitliyini, təmkinin pozmadan cavab verdi: «Bizim bəxtimiz onda gətirib ki, Krişna təlimi olduqca qədimdir. Və artıq uzun illərdir ki, biz bu təlimi eyni kitablarla – «Bhaqavat Gita», «Şri Çaitanya təlimi» yayırıq. İşimizi asanlaşdıran şeylərdən biri də budur ki, bu kitablar hələ uzun illər bundan əvvəl dini ədəbiyyat kimi tərcümə olunub. O ki qaldı, yeni kitablara, əlbəttə ki, hər şey kimi, dinin də novatorluğa ehtiyacı var. Dinin müasir cəmiyyətdə təbliğinin asanlaşması üçün, yeni maarifləndirmə üsülları hazırlayan müəlliflərdən də nümunələri Azərbayan dilinə tərcümə etdiririk. Başqa təriqətləri deyə bilmərəm, amma bizim kitabları adətən elə öz azərbaycanlı inanclılarımız tərcümə edir. Qeyd eləyim ki, o inanclıların arasında şairlər, yazıçılar da var. Elə onlar da bizim ədəbiyyatımızı rserli dilə tərcümə edirlər. O ki, qaldı nəşriyyatlara…bilirsiniz, dini kitabları nəşr etmək, yaymaq qanunla qadağan olunmuş bir iş deyil. Odur ki, heç bir nəşriyyat bizi geri çevirmir. Amma bir şey də var ki, qanunla qadağan olunmamış şeylərə, bəzən cəmiyyət tərəfindən qeyri-rəsmi qadağalar qoyulur. Bunlardan biri də «hakim» dindən başqa dinə, təriqətə aid olan ədəbiyyatı nəşr etməkdir. Buna görə də, kitablarımızı nəşr edən nəşriyyatların demək olar ki, hamısı məlumatlarda əslində mövcud olmayan nəşriyyatların adını qeyd edirlər».

QEYD: Yazı Qadın Konsensus Mərkəzinin "Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin və sektalarının fəaliyyətinin araşdırılması, monitorinqi, və bu yöndə ictimai məlumatlandırmanın təşkili” layihəsi çərçivəsində elan etdiyi müsabiqəyə təqdim edilir.

Просмотров: 815 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: