21.20.44
Lətifələr

Bir az da gülək, güldürək, həm də düşündürək!!!

Yol polisiinin əməkdaşı maşını saxladıb sürücüyə yaxınlaşır. Baxır ki, sürücü hər əlində bir kitab tutub. Soruşur:

- O nə kitabdı elə?
- Yol hərəkəti qaydaları və Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsi.
- Bəs yaxandan asılan bu məftillər nədi elə?
- Mikrofondu. Bizim söhbətimiz lentə yazılır.
Polis ehtiyyatla maraqlanır:
- Təsadüfən, maşında videokamera quraşdırılmayıb ki?
- Yox, videokamera yoxdur.
- Elə isə Sizə yaxşı yol arzulayıram. – deyə DYP əməkdaşı qəzəblə barmaqlarının ədəbsiz işarəsini sürücüyə göstərir.

****

1990-cı illərin Bakısı, polis yolda maşını saxlayır. 
- Saxla, saxla… Qırmızıda keçdin. 
- Doğrudan, rəis, bağışla, amma mən Məmmədin qohumuyam, kişiyə zəng etmək istəmirəm, qoy çıxım gedim.
- Hansı Məmmədi deyirsən, ə? 
Sürücü cibindən min manat çıxarıb yol polisinə uzadır. 
- Bax, bu şəkildəki kişini deyirəm, tanıdın, rəsi?
- Hə, tanıdım, Allah canını sağ eləsin. Başqa şəkilləri yoxdu? Mən də onu çox istəyirəm, bir-ikisini ver, biz də ürəyimizin üstündə gəzdirək...
- Yox, da, rəis, kişinin albomunu maşında gəzdirmirəm. 

***

Bir azərbaycanlı, bir gürcü və bir də Anadolu türkü avtomobil qəzasında həlak olurlar. Mərhumları dəfn edəndən bir ay keçmiş bir də görürlər azərbaycanlı məzardan çıxıb gəlir. Təəccüblə hərə bir yandan buna sarı gedir, soruşular ki, nə xəbər, o dünyadan necə döndün? 
- Əşi, bizim keçmiş məmurlardan biri bu dünya ilə o dünya arasında gedən yolda polis işləyir. Anlaşdıq, beş min manat verdim, qayıtdım. 
Soruşurlar bəs, türk qardaşımız necə oldu? 
- O, hələ bazarlıq edir, çalışır üç minə işi həll eləsin. 
Bəs, gürcü yazıq harda qaldı? 
- O, iki ayağını dirəyib ki, dövlət qiymətini denən, çek ver, nə bilim nə… 

***

İcra başçısı təsadüfən uşaqlıq dostu ilə qarşılaşır. Dostu soruşur: 
- Bura bax, səndən ev tikmək üçün beş min dollara torpaq almaq olar?
- Yox, əşi, mən sənin üçün RÜŞƏVTXOR-ZADAM? 
- Deyirsən yəni, 20-ə, 30 da tapmaq olmaz?
- Mən sənin üçün nəyəm, AXMAQ-ZADAM? 

***

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Baş prokurorla qarşılaşır. Rəsmi tərzdə hərbi salam verib təntənəli şəkildə məruzə edir:
- Cənab Baş prokuror! Sizin əmrini yerinə yetirildi! 
Baş prokuror təəccüblə ətrafındakılara baxır, hamı çiynini çəkir: 
- Axı mən heç nə əmr eləməmişəm? 
- Mən də elə onu deyirəm, cənab Baş prokuror, BİZ HEÇ NƏ ELƏMƏMİŞİK! 


***

Parlamentə dəvət olunmuş iki nazirin davası gedir: 
- Keçən il o nazirliyə bir milyard dollara yaxın pul ayrılıb. Hanı o pullar? Mən bilirəm, hanı... Bu komandada sənin kimi korrupsionerə yer yoxdur!
- Görün, kim nə haqqında danışır?! Sən o Dubayda, Avropanın beş ölkəsində villarları nəylə alıbsan, oğlunun maşın qarajı necə meydana gəlib?
İclası izləyən jurnalistlərdən biri o birinə: 
- Bunlar bir-birini nə gözəl tanıyırlar? 

***

Məhkəmə gedir. Prokuror: 
- Mən hesab edirəm ki, müttəhimin hüququları kobud şəkildə pozulub. Bu iş dərhal bağlanmalı, müttəhimin bütün əmlakı özünə qaytarılmalı, ona bəraət verilməlidir. 
Prosesi izləyən jurnalistləri təəəcüb götürüb. Jurnalistlərdən biri yanındakına: 
- Başa düşmədim, bu çıxış edən prokuror idi, ya vəkil? 
- Yaxşı pula prokuroru da vəkil etmək olar. 

***

Birləşmiş Ərəb Əmirliyi, Norveç və Azərbaycanın neft gəlirlərindən necə istifadə etdiklərini müzakirə edirlər. Norveçdən olan deyir: 
- Biz bir xətt çəkir, neft pullarını da göyə atırıq. Xəttin sağına düşənlər hökumətin, soluna düşənlər xalqın olur. 
Ərəb: 
- Biz də bir balaca dairə çəkib, neft pullarını göyə atırıq. Dairənin içinə düşənlər xalqın, çölünə düşənlər hökumətin olur. 
Azərbaycanlı: 
- Biz xətt-mətt çəkmirik. Neft pulunu göyə atırıq. Yerə düşənlər hökumətin, göydə qalanlar xalqın olur. 

***

Bir gün ABŞ-dan bir bankir, Almaniyadan zavod direktoru və Rusiyanın gömrük məmuru mübahisə edirlər. Hərə özünün dünyada ən çox qazandığını deyir. Müzakirə mübahisəyə keçəndə bankir təklif verir: 
- Bax, o dağın başında momin bir adam yaşayır, alim adamdır, hər şeyi oxuyur, bilir, hamı da ona inanır. Gəlin, gedib ondan soruşaq. 
Razılaşırlar. Alimin yayına birinci alman girir. Az sonra çıxıb təvazökarcasına deyir. 
- Haqlıymışam, dünyada ən çox qazanan zavod direktoru mən imişəm. 
İkinci bankir gedir və tez də qayıdır: 
- Haqlıymışam, dünyada ən çox qazanan bankir mən imişəm. 
Rusiyanın gömrük məmuru otaqdan pərt halda çıxır və soruşur:
- Axı bu Azərbaycan haradır, e?! 

***

ABŞ, Almaniya və Azərbaycanın təhsil nazirləri bir beynəlxalq konfransda dərdləşirlər. 
ABŞ naziri: 
- Mən müəllimlərimə ayda 5 000 dollar maaş verirəm. Təxminən 1000 dollara dolana bilirlər. Qalanı necə xərcləyirlər, özləri bilərlər, heç vaxt bir şey soruşmaram. 
Almaniyalı nazir: 
- Mən müəllimlərimə ayda 3500 avro maaş verirəm. Təxminən 8-9 yüz avroya dolana bilirlər. Qalanı necə xərcləyirlər, özləri bilərlər, heç vaxt bir şey soruşmaram. 
Azərbaycanlı nazir:
- Mən müəllimlərimə ayda 150 manat maaş verirəm. Aya təxminən 8-9 yüz manata dolana bilirlər. Qalanı necə tapırlar, özləri bilərlər, heç vaxt bir şey soruşmaram. 

***

Medianın, QHT-lərin qınağından sonra nazir parlamentə hesabt verir.
- Danışırlar ki, guya neft pullarından xalqa heç nə düşmür. Əgər bunu konkret pul kimi ciblərində görmək istəyirlərsə, Neft Fondundan 18 milyon manat ayrılıb. Onu bölüşdürəcəyik. Hərəyə 144 min manat pul düşür.
- Amma 18 milyonu 9 milyonluq xalq arasında necə böldün ki, hərəyə bu qədər düşdü?
- 125-ə böldüm!... 

***

Təzə YAP-a üzv qəbul edilmiş azərbyacanlının bəxti gətirib tilovuna qızıl balıq düşüb. Balıq:
- Nə istəyirsən de.
- "Hummer", "lük", "avtomat karobka", rəngi də qara, "metallik".
- Yaxşı, seçə bilərsən, lizinqlə, ya adi kreditlə?
- Yox, sən seç, bitki yağında, yoxsa, kərə yağında!

****

Polisdə: 
- Denən görək, bu cür ali məktəbin, bu cür keyfiyyətli diplomunu necə əldə elədin? 
- İnanın, yoldan tapmışam. 
- Bu necə olur, sən yoldan öz adına olan diplomu tapmısan?! 
- Rəis, vallah, yoldan tapmışam, sadəcə sonra sizinkilər diploma uyğun pasport düzəltidlər.

***

Prezidenti Vaşinqtona səfərdə müşayiət edən Azərbaycan məmuru qarnının acdığını hiss edir və ozunu verir Ağ Evin restoranına. Görür girişdə belə bir elan vurublar: "Siz yeyin, hesabı nəvəniz ödəyəcək!”
Məmur sevincdən uça-uça düşür stolların birinə, dünyanın naz-nemətini tökdürür qabağına. Elə doyub qalxım deyəndə xidmətçi uzun bir siyahını qoyur onun qabağına. 
- Bu nədi, bəs, orda yazıbsız, hesabı nəvələr verəcək.
- Bəli, ser, amma bu, Sizin babanızın hesabıdır. 

***

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada yeni boş iş yerlərinə məmur qəbulu üçün imtahan gedir. İmtahanı götürən YAP üzvü olan namizədə sual verir:
- De görüm, Rusiyanın paytaxtı haradır.
- Moskva. 
Sıra müxalifətçiyə çatır. 
- De görüm, Antiqua və Barbuda işsizlik nə qədərdir? 
- - Day, denən sənə iş verən deyilik də!!!

***

Məmur jurnalisti məhkəmə verib ki, təhqir olunub. Prosesdə jurnalist bir kitabı hakimə uzadıb deyir:
- Cənab hakim, baxın, bu "Kütləvi İnformasiya Vasitələri haqqında” qanundur. Bu qanuna görə mənim yazdıqlarım təhqir deyil. 
Məmur yerində eşələnib hakimə bir kitab uzadır.
- Cənab, hakim, bu da Kütləvi İnformasiya Vasitələri haqqında qanundur. Bu qanuna görə onun yazdıqları təhqirdir. 
Hakim məmurun uzatdığı kitabı alıb vərəqləyir, onun arasındakı pulları görəndən sonra tez kitabı bağlayır və onu əlində tutaraq jurnalistə deyir: 
- Bax, bu qanuna görə o, sənin də atanı söyə bilər, mənim də. 

***

Azərbaycanın təzə məmurlarından biri Moskvada taksiyə minib. Sürücüdən xoşu gəlməyən məmur öz-özünə deyir:
- Ə, bu şoferin nə protivni mordası var?!
Sürücü:
- Tı sam protivnıy!
- Oy daa... ə, bu bizim dili bilirmiş ki!

***

Gürcüstanda Gömrük Komitəsinin sədri vəzifəsinə təklif gəlir. Cavab:
- Getmirəm, o qədər məsuliyyət, maaşı da ki, heç nə!
Azərbaycanda Gömrük Komitəsinin sədri vəzifəsinə təklif gəlir. Cavab:
- Allah balanızı saxlasın!
- Amma bax, ha, maash bir az aşağıdır.

***
Jurnalist bir il əvvəl təyin olunmuş nazirdən müsahibə götürür:
- Sizin villalarınız, şəhərdə mənzilləriniz, xanımın kilo-kilo brilyantı, qızılı...
- Noolsun ki, hamısını öz puluma almışam....
- Amma müxalifət deyir xalqın puluna alıbsız...
- Nə danışırsız, xalqda bu qədər pul hardandı?!

***

ABŞ-da polisə zəng:

- Bizim qonşunun çoxlu pulu var.
- Sənə nə?!
- Pulu dövlətdən oğurlayana oxşayır.
- Hələ bilmək olmaz.
- Vergi də vermir.
- Gəlirik!

Avropada polisə zəng:

- Bizim qonşunun çoxlu pulu var.
- Noolsun ki?!
- Onu dövlətdən oğurlayana oxşayır.
- Gəlirik!

Azərbaycanda polisə zəng:

- Bizim qonşunun çoxlu pulu var.
- GƏLİRƏMMM!!!!

***

Bank işçilərindən biri həmkarına zəng edib:
- Salam, ağsaqqal, işlər necə gedir?
- Qaydasındadı.
- ... bağışlayın, səhv düşmüşəm.

***

Bakıda yol polisinə "Formula 1” yarışlarına baxmaq qadağan edildi.
Daxili İşlər Nazirliyi bunun səbəbini polis əməkdaşları arasında kütləvi infrakt halları ilə izah edir.

***

İmtahan vaxtı tələbə qiymət kitabçasının içinə 500 manat pul və bir qeyd qoyub professora uzadaraq zaldan çıxır.
Qeydində də yazıb: "Müəllim, hər bala 100 manat, zəhmə olmasa.”
Bir azdan qiymət kitabçasını ona qaytarırlar, içində də 300 manat və belə bir qeyd:
"Buyur, bala, bu da pulun qalığı.”

****

Yol polisi saxladığı sürcünün içkili olub-olmadığını yoxlamaq istəyir:
- Bura üfür görüm.
Sürcü çıxarıb polisin ona uzatdığı qaba 50 manat atır.
- Yenə üfür.
Sürücü 20 manat atır.
- Olmadı, yenə üfür.
Sürcü bu dəfə də 10 manat atır.
- Ə, astmasan? Noolub, bir də üfür, birinci dəfəki kimi!



Просмотров: 978 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: