Dünya elminə töhfə vermiş 5 Azərbaycan alimi
Dünya elmində Azərbaycanın öz payı var. Modern.az kəşfləri ilə dünya elminə
töhfə vermiş müasir Azərbaycan alimlərinin ilk beşliyini oxuculara təqdim edir:
Yusif Məmmədəliyev
Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri,
1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya
kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya
da var. "Molotov kokteytli”ndən tutmuş SSRİ-də istehsalınadək bir çox böyük
layihələrdə onun əməyi var.
Lütfi Zadə
Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya
şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professorudur. Qeyd edək
ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni
intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya
üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır: təəssüratlar nəzəriyyəsi,
sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər
nəzəriyyəsi və "soft kompyutinq”. Hazırda əsərlərinə ən çox istinad edilən
alimdir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad
edilib.
Kərim Kərimov
Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali
məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul
edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin
hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə elmə həsr edib. O
ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların
hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. "Baykonur" kosmodromu və
NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox
minnətdardır.
Xudu Məmmədov
Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri
doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika , bütün dünyada
istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində
yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak
rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və
kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral
analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də
estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan
biridir.
Rafiq Əliyev
Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır.
Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri
sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün
formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin
adını çəkirik:
• AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması
• Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması
• Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin
işlənməsi
• ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi
Elmin Nuri
|