21.27.23
Olanlardan, keçənlərdən

1. Avstriyalı Adam Rayner tarixdə yeganə adamdır ki, uşaq vaxtı cırtdan, böyük yaşlarda isə nəhəng olub.
1899-cu ildə anadan olan Rayner 1950-ci ildə dünyasını dəyişib. Onun həyatı barədə çox az məlumat var.
Onun valideynləri normal insanlar olublar. 15 yaşı olanda Adamın boyu 131 sm olub. Bununla yanaşı Rayner patriot olub. 1914-cü ildə birinci dünya müharibəsi başlayanda müharibəyə getmək istəsə də boyuna görə onu cəbhəyə yollamayıblar. Bir il sonra Adam yenidən cəbhəyə getmək üçün cəhd etdi. Amma ona yenə də yox cavabı verdilər. 19 yaşlı olanda Adamın boyu cəmi 142 sm idi. Uşaqlıq dövründə də o, qeyri-adi cırtdan idi. Bədəni qısa olsa da, uzun əlləri və iri ayaqları var idi. 19 yaşı olanda 43 ölçülü ayaqqabı geyinirdi. Onun ayaqları isə uzanmağa davam edirdi.
Adam 26 yaşdan sonra sürətlə boy atdı. 1931-ci ildə onun boyu 218 sm idi. Ona rəsmi olaraq nəhəng diaqnozu qoyuldu. Həkimlər onunla maraqlanmağa başladılar və gənci tədqiq etdilər.
Məlum oldu ki, Adamın beyninin hipofiz sahəsində şiş var. Bu isə hormonları sürətləndirir və nəhəngliyə səbəb olur. Amma onun uşaq vaxtı niyə cırtdan olduğu müəmma olaraq qaldı. Həkimlər Rayneri əməliyyat etdilər və şişi götürdülər. Bundan sonra da onun boyu artmağa davam etsə də bu proses ləng gedirdi. Onurğası əyildiyi üçün tezliklə gəzə bilmədi və uzanmağa başladı. Bundan sonra isə növbəti anomaliyalar üzə çıxdı: dodaqları iriləşdi, əl və ayaqları qeyri-mütənasib oldu, dişləri iriləşdi və alnı irəli çıxdı.
Əməliyyatdan sonra Raynerin vəziyyəti pisləşdi. Onun bir gözü kor, bir qulağı da kar oldu. O, çarpayıdan qalxa bilmirdi. 1950-ci ildə Adam dünyasını dəyişdi. Bu zaman onun boyu 234 sm idi...

2. SSRİ-nin ilk və sonuncu prezidenti Qorbaçovun imzaladığı sonuncu fərmanlardan biri də 17 sentyabr 1991-ci ildə ölümündən sonra leytenanat Oleq Babaka Sovet İttifaqı Qəhrəmanı adının verilməsi olub. Və bununla da süquta uğrayan SSRİ-nin tarixinə 24 yaşlı Oleq Babak sonuncu qəhrəman kimi düşüb.
Milliyətcə ukraynalı olan gənc zabit Rusiyada və Ukraynada Babak soyadı ilə qəhrəman kimi tanındığı halda, Azərbaycanda Babək kimi yaddaşlarda qalıb.
Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, 1989-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi məktəbini bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında xidmət edib.
Ermənilər Qarabağla bağlı əsassız torpaq iddiasına başlayanda və artıq 1991-ci ildə Qubadlı münaqişə zonasına çevriləndə Oleq Babak mart ayında ictimai asayişin qorunması üçün komandiri olduğu bölüklə birgə rayonun Yuxarı Cibikli kəndinə ezam olunub. Çox qısa bir müddət ərzində kənd sakinlərinin doğma bir adamına çevrilib. Yerli əhalinin təhlükəsizliyini qoruyan gənc zabit bu ərəfədə ermənilərin dinc sakinlərə qarşı basqılarının şahidi olub.
Həmin ilin aprel ayının 7-də iki nəfər kənd sakininin erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi Babakın səbrini tükəndirib. Gənc zabit təmas xəttinə gələrək meyitlərin təhvil verilməsini və erməni quldurlarının geri çəkilməsini tələb edib. Buna məhəl qoymayan ermənilər Babakın tələbəni atəşlərlə qarşılayıb.
Vəziyyətin gərginliyini, kənd sakinlərinin real təhlükədə olduğunu hiss edən Babak döyüşçü yoldaşlarını kənd sakinlərini qorumaq üçün geriyə göndərib. Özü isə təkbaşına 70-ə yaxın erməni yaraqlıları ilə döyüşə atılıb. Döyüşdən qabaq ermənilərlə danışıqlar aparan leytenant milliyətcə erməni olan kursant yoldaşının da cinayətkar erməni dəstəsinin sıralarında olduğunu bilib. Babak vəziyyətin sakit yolla həll olunmasını erməni zabitinə təklif edəndə “poqon” yoldaşı bu təklifə güllələrlə cavab verib. 30 nəfərə yaxın ermənini məhv edən Oleq Babak bu döyüşdə qəhrəmancasına həlak olub.
Sonradan döyüş gedən əraziyə baxış keçirilərkən məlum olub ki, 24 nəfər erməni Babakın gülləsinə tuş gələrək yerindəcə məhv olub, 7 nəfər isə ölümcül vəziyyətdə yaralanıb.
Hələ Oleq Babak Yuxarı Cibikli kəndinə gəldiyi ilk günlərdə, özünün zabit şərəfini layiqincə nümayiş etdirəndə, erməni haqsızlığına dözmədiyini bildirəndə kənd sakinləri onu Babək adlandırmışdılar. Babak isə çox keçmədən bu xalq qəhrəmanının adını layiqincə doğrultdu və yaddaşlarda SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı olmaqla yanaşı, həm də Qubadlının Babəki kimi qaldı...
Yəqin ki, ona Azərbaycanın Respublikasının Milli Qəhrəmanı adı vermək, doğulduğu kənddə barelyefini hazırlamaq gərəkdir - igid əsgərə vəfa borcu kimi.

3. "Hansı məmur əlində olan şantaj dosyeləri sayəsində 48 il müddətinə ölkəsinin kəşfiyyat qurumuna rəhbərlik edə bilib” sualı ortaya çıxanda ağla yalnız Con Edqar Huver gəlir. Huver əlində olan ABŞ prezidentlərinin seks dosyeləri sayəsində 48 il müddətinə Federal Təhqiqatlar Bürosuna (FTB) rəhbərlik edib.
Huver FTB-nin qurucusu və ilk rəhbəri olub. 1924-cü ildən 1972-cı ilə qədər FTB-yə rəhbərlik edib. FTB-yə 25 yaşında rəhbərlik etməyə başlayıb və 1972-ci ildə vəfat edənə qədər FTB-yə rəhbərlik edib.
Huver ABŞ prezidenti Kalvin Kulicin dövründə FTB-yə rəhbərlik etməyə başlayıb. Daha sonra Herbert Huver, Franklin Ruzvelt, Harri Trumen, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Duayt Eyzenhaer kimi prezidentlər onunla işləməyə sadəcə məcbur olublar.
Tarixi mənbələr iddia edir ki, Huverin bu qədər prezidentlə işləyə bilməsinin tək səbəbi var - şantaj.
ABŞ prezidenti Harri Trumen 12 may 1945-ci ildə yazdığı bir qeyddə Huver və komandası haqqında “Başlarını bəlaya salanda istifadə etmək üçün hər kəsin haqqında seks dosyeləri və şantaj sənədlərini ortaya çıxarırlar” yazıb və “belə gedərsə bizim də Gestapomuz olacaq” deyib.
Məsələn, Qərbi Almaniya zabitinin xanımı olan Ellen Rometsch Vaşinqtonda fahişəlik edib. Onun prezident Kennedi ilə birlikdə olduğu dövlət strukturları daxilində yayılandan sonra Kennedi prezidentlik dönəmində ən axmaq qalmaqalını yaşamalı olub.
Hətta 1963-cü ildə Senatın Araşdırma Komissiyası Qərbi Almaniyadan köçkün bir fahişə ilə adı hallanan Kennedinin prezidentliyini itirməsinə səbəb olacaq araşdırmalara başlayıb. Əslində isə Ellen Rometsch fahişə deyildi. Onun KQB üçün casusluq etməsinə dair şübhələr vardı. Məhz bu qalmaqaldan sonra Kennedi 2 ildir vəzifədən qovmaq istədiyi FTB şefi Huverdən möhkəm yapışaraq işləri qaydaya salmasını xahiş edib.
Qəribədir ki, özünün işdən çıxarılmaması şərtini Kennedi qardaşlarına qəbul etdirən Huver həmin gün demokrat senator Mayk Mensfild və respublikaçı senator Everett Dirksenlə görüşüb. Bu görüşün detalları mediya üçün aydın olmayıb. Amma Huver həmin görüşdə respublikaçı və demokratların liderlərinə əlində olan dosyeləri göstərərək “əgər Kennedinin intim həyatı haqqında araşdırma dayandırılmasa, Vaşinqton heç birimiz üçün təhlükəsiz şəhər olmayacaq” deyib. Bundan bir neçə saat sonra Senat Kennedi haqqında araşdırmanı dayandırdığını elan edib.
Con Kennedi bir neçə gün sonra jurnalist dostu Ben Bredli ilə görüş zamanı “Huverin senatorlar haqqında malik olduğu çirkli informasiyaların nə dərəcədə geniş olduğunu bilsən təəccübdən ölərdin” ifadəsini işlədib.
Huver eyni zamanda irqçiliyə qarşı çıxışları ilə dünyada məşhurlaşan Martin Lüter Kinqin bütün danışıqları, yaşam tərzi, hərəkətlərini dinləyib və izləyib. Bu əməliyyat 1968-ci ildə Kinqin ölümünə qədər davam etdirilib.
2008-ci ildə ortaya çıxan səs yazısında ABŞ-ın impiçmentə məruz qalan prezidenti Nikson özündən əvvəlki 7 prezident kimi Huverdən necə xilas olmaq üçün etdiyi cəhddən vaz keçdiyini qeyd edib. Nikson səs yazısında Huveri nəzərdə tutaraq “Oradan götürsək hamımızı özü ilə birlikdə aparacaq” fikrini işlədir.
Huverin 1930-cu ildə özünə köməkçi götürdüyü Klayd Tolson FTB şefi vəfat edənə qədər onun köməkçisi vəzifəsində olub. Yeri gəlmişkən, həm Huver, həm də Tolson ömürlərinin sonuna qədər ailə qurmayıblar. Əksər vaxtlarını bir yerdə keçirib, birlikdə at yarışlarına tamaşa ediblər. Hətta Huver vəfat edəndə mirasını Tolsona vəsiyyət edib. 1975-ci ildə vəfat edən Tolson Huverin yanında dəfn edilib.
Huverin şəxsi həyatı ilə bağlı çoxları məlumatlı olsalar da, onun ölümünə qədər heç kəs bu barədə açıq danışmağa cəsarət etməyib. Bunun əsas səbəbi isə jurnalist Rey Taker olub. Hər kəs jurnalistin başına gələnləri yaxşı bilirmiş. 1933-cü ildə Taker ilk dəfə Huverin cinsi kimliyinə dair ehtimallarla danışmağa başlayıb. Ancaq qəzet çap olunmazdan əvvəl Takerin şəxsi həyatı ictimaiyyətin önünə çıxarılıb.
Huverin digər qəribəliyi ABŞ-da “mavi” hərəkatına qarşı ən sərt mövqedən çıxış etməsidir. Bununla paralel olaraq onun FTB-yə rəhbərlik etdiyi dönəmdə ölkədə meydan sulayan mafiyaya qarşı heç vaxt sərt tədbirlər görülməyib. Jurnalist Pete Hamill isə mafiyanın kilid adlarına istinad edərək bildirib ki, XX əsrdə ABŞ-ın ən güclü mafiya lideri Meyer Lansknin əlində “Huver və Tolsonun istirahət vaxtı bir çimərlikdə olarkən çəkilən intim fotoları olub”.
Sabiq FTB agenti Artur Murtaq 1990-cı ildə verdiyi müsahibədə etiraf edib ki, Huver təşkilatçılıq zehniyyəti ilə ölkənin iki vacib yönünü əsl diktator kimi idarə edə bilib. Bunlardan biri FTB, digəri isə Amerika xalqının beyni olub.
İddia edilir ki, Huverin vəfatından sonra Tolson günlərlə FTB-də gizli qeydləri məhv etməklə məşğul olub. Tolsonun məhv etdiyi dosyelərin ən əhəmiyyətlisi senatorlar haqqında olan 883 qeyd olub. Konqresmenlər haqqında 722 dosyenin də məhv edildiyi iddia olunur. Bu dosyeləri heç kim əldə edə bilməyib.
Huver düz 48 il müddətində Vaşinqtonda ciddi söz sahibi olub. Məhz onun dövründə Kennedi, Martin Lüter Kinq və Malkolm X kimi məşhur liderlər də daxil olmaqla onlarla qətl hadisəsi həyata keçirilib və bunların heç birinin üstü açılmayıb. Bununla paralel olaraq mafiya və korrupsiya öz qızıl çağlarını yaşayıb.
Huverdən qalan bəzi dosyeləri 1974-cü ildə həmin dövrün ədliyyə naziri Laurens Silberman görüb. Ədliyyə naziri bu məxfi sənədlərə baxdıqdan sonra “Edqar Huver adətən nəcis toplayan kanalizasiyaya bənzəyirmiş. İnanıram ki, Huver tariximizin ən pis məmuru olub” ifadəsini işlədib.
Onu da qeyd edək ki, Vaşinqtondakı FTB binası hələ də "Edqar Huver" adlanır.
2011-ci ildə ekranlara çıxan avtobioqrafik "J. Edgar" adlı filmdə Huver obrazını məşhur aktyor Leonardo Di Kaprio canlandırıb.

Əfqan Nəsirli adlı şəxsin şəkli.

Əfqan Nəsirli adlı şəxsin şəkli.

Əfqan Nəsirli adlı şəxsin şəkli.

Просмотров: 389 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: