14.54.41
POEZİYA

Əfqan Nəsirli

ALLAH 

Yerini bilməsəm də,
Üzünü görməsəm də,
Özümü sevməsəm də,
Səni sevirəm, Allah.

Günlər keçir boşuna,
Heç nə gəlmir xoşuma.
Hücum çəkən qoşuna,
Necə dözürəm, Allah?

İnsanların qudurub,
Vəhşiləşib, qurd udub.
Gözlərimi tor tutub,
Hara gedirəm, Allah?

Ruhum yoxdu, var bədən,
Şah olubdu hər gədən.
Bəs bunları mən nədən,
Niyə bilirəm, Allah?

Mən qulunam aç yolum,
Bağlanıbdır əl-qolum.
Qırılıbdır sağ-solum,
Tənha gəzirəm, Allah.

Məni zamandan əylə,
Pisdən, yamandan əylə.
Necə çalışım səylə,
Sönüb, bezirəm, Allah.

Səndən aralı düşsəm,
Ölüb, yaralı düşsəm,
Ağlı - qaralı düşsəm,
Sənə gəlirəm, Allah
  
27.06.2010

MÖHTAC OLUBDUR

Əzəlindən belə gəlib bu dünya, 
Yaxşısı yamana möhtac olubdur. 
Naşısı oturub süfrə başında, 
Ustadı zamana möhtac olubdur. 

Tülküləri, çaqqalları çox olub, 

İnsanlıqdan pay umanlar yox olub. 
Yabıları hər an yeyib, tox olub, 
Köhləni samana möhtac olubdur. 

Alçaqları qanunları yazandı, 

Düzlük deyən düz yollunu azandı, 
Namərdləri baş kəsib, ad qazandı, 
Mərdləri amana möhtac olubdur. 

AĞLAYIR GÖZÜM 

Sevdim bilmədən, sevdim ürəkdən, 
İndi səhvinə ağlayır gözüm. 
Ötən illəri havaya verib, 
Başına qara bağlayır gözüm.

Sevdim arzuyla, sevdim sığalla, 
Qəlbim gül açdı min bir xəyalla. 
Tənha qalmışam belə ağılla, 
Axar çaylar tək çağlayır gözüm. 

Sevdim alovla yaşamaq üçün, 
Hicran yükünü daşımaq üçün. 
Belə dünyadan daşınmaq üçün, 
Coşan qəlbi dağlayır gözüm. 
  
                   03.02.2010 

 

Просмотров: 2208 | Добавил: afgan73 | Рейтинг: 4.4/8
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: