17.51.00
RUS ƏDƏBİYYATI

Anton Çexovun hekayəsi:

"Gonbul və Arıq” 


Dilimizdə İLK DƏFƏ

Nikolayevski dəmiryol vağzalında iki köhnə yoldaş rastlaşdılar: biri gonbul, digəri arıq. Gonbul elə indicə vağzalda günorta yeməyini yemişdi, yağa bulaşmış dodaqları yetişmiş gilas kimi par-par yanırdı. Ondan xereslə (şərab növü) Flör d’oranjın ətri gəlirdi. Arıq isə elə indicə vaqondan əli- qolu çamadan-zənbillərlə dolu düşmüşdü. Ondan qaxac edilmiş donuz əti ilə kofe iyi gəlirdi. Onun çiyni arxasından arıq, çənəsi uzun bir qadın – onun arvadı və hündürboy, gözüqıyıq gimnazist – oğlu göründülər.
-Porfiriy! – arığı görən gonbul sevincdən özünə yer tapmadı. – Sənmisən? Əzizim mənim! Neçə-neçə illər keçib!
-Aman Tanrım! – arıq heyrət içində dilləndi. – Mişa! Uşaqlıq dostum! Sən haradan çıxdın?
Yoldaşlar bir-birini üç kərə öpüb göz yaşları ilə dolu baxışlarını bir-birinə zillədilər. İkisi də xoş mənada təəccüb içində idi. 
-Əzizim mənim! – görüşdükdən sonra arıq sözə başladı. – Heç gözləməzdim! Sürprizə bir bax! Mənə bir yaxşı-yaxşı bax! Necə ki, yaraşıqlı idin, eləcə də qalmısan! Elə həmin canlar alan və modabazın birisən! İşə bir bax, aman Tanrım! Danış görək... Varlanmısan? Evlənmisən? Mən gördüyün kimi, evlənmişəm artıq... Bu da mənim arvadım – Luiza, əsilli-nəsilli Vansenbax... lüteran inanclı... Bu isə oğlum Nafanaildir, üçüncü sinif şagirdidir. Nafanya, bu, mənim uşaqlıq dostumdur! Gimnaziyada bir oxumuşuq! 
Nafanail bir az fikrə dalıb papağını başından çıxardı. 
-Gimnaziyada bir oxumuşuq! – arıq sözünə davam edirdi. – Yad;ndadırmı, sənə necə lağ edərdilər? Dövlət kitabını papirosla yandırdığın üçün səni Herostrat deyə çağırır, mənə isə xəbərçiliyimə görə Efialt deyib lağ edərdilər. Ah-ha-ha... Uşaq idik! Qorxma, Nafanya! Ona yaxın get... Bu isə mənim arvadımdır, əsil-nəcabətli Vansenbax... lüteran inanclı.
Nafanail bir az fikrə dalıb atasının kürəyi arxasında gizləndi. 
-Danış görüm necə yaşayırsan, dostum? – gonbul dostuna sevinc içində baxaraq soruşdu. – Hansı işdəsən? Haralara gedib çıxmısan?
-Qulluqdayam, əzizim! Kollej asessoruyam (çar Rusiyasında mülki rütbə- red) artıq ikinci ildir, Stanislavla təltif olunmuşam. Maaşım azdır... əşi, canımız sağ olsun! Arvadım musiqidən dərs deyir, mənsə taxtadan portsiqar düzəldirəm. Özü də əla portsiqarlar! Ədədini bir manatdan satıram. On ədəddən artığını, ya da daha çox alana, özün başa düşürsən də, güzəşt edirəm. Birtəhər baş çıxarırıq. Əvvəllər departamentdə qulluqda idim, təzəlikcə buraya – elə həmin idarə üzrə şöbə müdiri kimi göndərilmişəm... İndi burada qulluq edəcəyəm. Bəs səndə nə var-nə yox? Mülki müşavir olarsan indiyə, eləmi? Hə?
-Yox, əzizim mənim, bir az yuxarı qaldır, – gonbul dedi. – Artıq gizli müşavirəm... İki ulduzum var.
Arıq birdən kağız kimi ağardı, daşa döndü, amma üzü tezliklə bütün tərəflərə əyilərək geniş bir təbəssüm əmələ gətirdi. Adama elə gəldi ki, onun üz-gözündən qığılcımlar səpələndi. Özü isə büzüşdü, qozbelləşdi, ensizləşdi... Onun çamadanları, boxçaları və paketləri büzüşdü, qırışdı... Arvadının onsuz da uzun olan çənəsi daha da uzandı, Nafanail şamşax dayanıb mundirini boğazadək düymələdi...
-Mən, zati-aliləriniz... Çox şadam! Uşaqlıq dostu və belə deyək ki, birdən birə ağa olmuşdur! 
-Yaxşı görək, – gonbul üz-gözünü turşutdu, – Bu rəsmiyyət nəyə lazımdır? Biz ki, səninlə uşaqlıq dostuyuq! Rütbəbazlıq nəyə lazım?
-Əvf edərsiniz!.. Nə danışırsınız?.. – arıq daha da büzülərək hırıldadı. – Zati-alilərinizin mərhəmətli diqqəti... lap dirilik suyu kimi... Zati-alilərininiz bu, oğlum Nafanaildir... arvadım Luiza, müəyyən mənada lüteran inanclı...
Gonbul bir istədi ona etiraz etsin, amma arığın sifəti elə ehtiram, sitayiş və hörmət əks etdirirdi ki, gizli müşavirin bu mənzərədən ürəyi bulandı. O, üzünü çevirdi və əlini xudahafizləşmək üçün uzatdı. 
Arıq cəmi üç barmağı sıxdı, bütün vücudu ilə baş əydi və sanki çinlilərtək "xi-xi-xi” edib hırıldadı. Arvadı gülümsədi. Nafanail farağat vəziyyətini aldı və furajkasını yerə saldı. Üçü də xoş mənada təəccüb içində idi.
Ruscadan tərcümə: Svetlana Quliyeva
Просмотров: 925 | Добавил: afgan73 | Рейтинг: 5.2/5
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: