KENTAVR
(bədii-fəlsəfi hekayə) Uşağın əlindən möhkəm-möhkəm tutdum. Qorxurdum əli əlimdən çıxsa, məndən dala qalar və apararlar. Üz qoydum divar boyu qaçmağa. Qaçdım, qaçdım, az qalmışdı qara niqablı adam bizə çatmağa. Amma qəflətən görünməz oldu. Ayağım büdrəyirdi, bədənim həyəcandan əsirdi, nəfəsim tövşüyürdü. Başımı yuxarı qaldırdım, gördüm ki, qara libaslı, qara niqablı, qara əlcəkli adam qaçdığım divarın üstünə çıxıb. Əlində nə isə tutmuşdu. Yəqin o da məni vurmaq üçün idi. Amma o qara deyildi: çünki par-par parıldayırdı. İstədim qışqıram: "Dayan, de görüm, nə istəyirsən?” Qışqıra bilmədim, səsim çıxmadı. Dişlərini qıcadı, o da qara deyildi – ağappaqdı! Sevindim, ağ nə isə var onda. Yadıma düşdü... Mən onu bir Hollivud filmində görmüşdüm. Axıra qədər baxmayıb televizoru söndürmüşdüm. Ekran qaralanda, o görünməz olanda, gözüm-başım sakitlik tapmışdı. Bu hardan gəldi mənim ömrümə? Mən ki, ondan qaçırdım. Necə xilas olum, necə? Onsuz da öldürəcək. Axı, o, dil bilmir ki, deyəsən, başa düşə! Uşağın əlini buraxdım, əlimi düyünləyib yumruq etdim. Çırpdım dizi üstə düşdüyüm torpağa. Söküldü divar, yox oldu adam. Bəs uşaq?.. Tamam suyun içindəyəm. Sən demə, yuxudaymış bütün həngamə. Qonşu çarpayıda yatır dəcəlim. Hələ heç görməyib Hollivud ulduzlarını. İnsan haqlarından bar-bar bağırıb, "geri qalmış”lara vahiməli filmlər satanları. Tanımır çadır şəhərciyində yaşayanlara göydələnli şəhərlərdən humanitar yardım tanları. Kinosuna baxmadığım üçün gəlmişdi yuxuda öldürə məni! Evimə girmişdi, qapısı-bacası bağlı evimə! Torpağımda addımlayıb gəzə bilmədiyi üçün udduğum hava ilə gəlmişdi. İstədi ruhuma girsin, mədəniyyət adı ilə gözümə təcavüz edə-edə! Silkindim, çırpındım, uçdu bütün mənzərə! Uçma ruhum! Sən Zərdüştdən gəlmə işığı daşıyırsan! Qədim hindu tayfasını qıran gəlmə oğru-quldurun qurduğu dövlətin ruhu, ab-havası ilə yaşasan, KENTAVR olarsan. Mən tərimi sildim. Qonşu çarpayıda uşaq hələ də uyuyurdu. Səhər bağçaya gedəndə yuxudan zorla durğuzurdum. Mənə naz satıb deyirdi: – Onda nağıl danış! – Axı işə gecikirəm, - deyə başımdan etmək, onu yayındırmaq istəyəndə şıltaqlığının dərəcəsini artırıb deyirdi: – Nağıl danışmasan, yuxudan durmayacam. İmkan verməmişdim nağılla açılan sabahına Hollivud uydurmaları qarışsın. Qorxurdum danışsam, nağıla qulaq asmaqdansa, gözlərini yumub, həmişəlik yuxuda qalmağı üstün tutsun. Axı, o, qatışıq nağıllardan üşənirdi. 8 Qismət Günü, Yağış Ayı, 24 cü il. Bakı, 08.11.02
|