YENİ İL TƏBRİKİ VƏ YAXUD ZİYALI HAQQINDA DÜŞÜNCƏLƏR
Yeni il qabağı idi. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibətilə təbrik etmək üçün Tovuz rayon İcra Hakimiyyətinin Başçısı Tofiq Zeynalova zəng vurmuşdum. Söhbət zamanı qarşılıqlı olaraq biz bir-birimizin bayramını təbrik etdik və ən xoş arzularımızı bildirdik. Söhbət zamanı Tofiq müəllim həmişəki kimi öz zarafatından da qalmadı. Söz arası: -- Günel xanım, görəsən 2013-cü ildə mətbuat düzələcəkmi?- deyərək mənə sual etdi. Haqlı və yerində verilmiş sual idi. Ona görə də onun bu sorğusunu cavabsız qoymayıb yarı ciddi, yarı zarafat olan suala elə o tərzdə də cavab verdim.
--Tofiq müəllim, yəqin 2013-cü il düşərli olar və başqa sahələrimiz kimi mətbuatımız da düzələr. Qəzet və jurnallarımız sözün əsl mənasında dövrün və xalqın güzgüsünə çevrilər.
Söhbətimiz elə bu sonluqla da bitdi. Lakin bayram qabağı olmasına baxmayaraq Tofiq müəllimin sözləri hafızəmdə dərin izlər buraxdı. Elə bu düşüncələr altında oxuduğunuz bu məqaləni yazdım. Qələmi əlimə alanda ilk öncə qarşı tərəfi, Tofiq müəllimi gözlərim önünə gətirdim. Onun geniş miqyaslı fəaliyyətini bir anlıq nəzərdən keçirən zaman məndə bir yəqinlik yarandı. Ali təhsilli, möhkəm əqidəyə, zəngin təcrübəyə və böyük dövlətçilik ideyalarına malik olan Tofiq Zeynalovun ziyalı olmaq yəqinliyi. Əgər mən sadaladığım xüsusiyyətlər bu insanda olmasaydı, bayram qabağı təbrik söhbəti olmasına baxmayaraq öz vətəndaşlıq mövqeyini, öz ziyalılıq münasibətini bildirməzdı. Və bu düşüncələr altında məndə belə bir sual oyandı. Bu gün cəmiyyətimizdə kimlərə ziyalı deyilir? Kim bu ali adı daşıya bilir? Həqiqətəndə yerində yaranmış sualdır. Cavabı isə nə qədər çətin olsa da sadə və anlaşıqlıdır. Ziyalı deyən zaman ilk növbədə elm, vətən, insan kimi məfhumlar yada düşür və bu da öz-özlüyqndə insandan böyük məsuliyyət tələb edir. Bu "yükü” daşımaq çətin, çətin olduğu qədər də şərəflidir. Bütün bunları nəzərə alaraq mən deyərdim ki, Tofiq Zeynalov sözün əsl mənasında ziyalıdır. Bir rayon rəhbəri, təcrübəli bir insan kimi Tofiq müəllim onu əhatə edən ətraf aləmdə, həyatda və zəmanəmizdə baş verənlərin, bütün hadisə, proses və problemlərin üzərinə işıq (ziya) salır, onlara aydınlıq gətirərək insanlara dürüst yol göstərir. Humanist, demokratik düşüncəli, yüksək milli və bəşəri dəyərləri özündə əks etdirən Tofiq Zeynalov bir ziyalı kimi də lazım gələndə öz sözünü deyir. Rayon sakinləri ilə söhbətdə bunun dəfələrlə şahidi olmuşam. Ona görə də hər bir tovuzlu Tofiq müəllim haqqında ağız dolusu danışır, onun fəaliyyətini təqdir edir. Bütün bunlar səbəbsiz deyil. Ali insani keyfiyyətlərə malik olan bu insan ilk növbədə ictimai hadisələrə obyektiv yanaşmağı bacarır, tarixi şəraitə düzgün analiz edir, ölkənin, vətən torpağının hər qarışının qədrini bilir. Rayon rəhbəri kimi insanların taleyinə biganə yanaşmır, bununla bağlı qərarlar qəbul edərkən insanlıq meyarını əsas götürür. Tofiq Zeynalov indiyə qədər müxtəlif vəzifələrdə çalışmışdır. O, harada işləməsindən asılı olmayaraq fəaliyyətində həmişə və hər zaman vətənpərvərlik ideyasını daim üstün tutmuş, milli mənlik şüurunun inkişafına önəm vermişdir. Ermənilərlə sərhəddə yerləşən Tovuz rayonunda bu olduqca vacib və qeyd edilməli yüksək insani keyfiyyətdir.Tofiq müəllimin ən çox önəm verdiyi hərbçilər və hərbi sahədir. Ordu quruculuğu, hərbiçilərin qayğıları onu ən çox məşğul edən məsələlərdəndir. Elə bir gün, elə bir zaman olmaz ki, o, bu sahəyə diqqət yetirməsin, öz qayğısını əsirgəməsin. Bütün bunlar isə səbəbsiz deyil. Bütün bunlar Tofiq Zeynalovun torpağa, öz doğma el-obasına bağlılığından irəli gəlir. Bütün bunlar onun vətən torpağının qədrini bilməsindən irəli gəlir. Azərbaycan Milli Ordusunun yaranması günündə, eləcə də başqa əlamətdar və yaxud qeyri günlərdə bir vətəndaş kimi hər zaman hərbçilərin yanında olur, onlarla maraqlanır, bu yolda əlindən gələn köməkliyi əsirgəmir. Bu isə alqışlanası və təqdir olunası haldır. Bir həqiqəti unutmamalıyıq ki, Tofiq Zeynalov icra başçisi olmaqla yanaşı eyni zamanda Tovuz rayonunun ən fəal ziyalılarindan biridir. O, həmişə ziyalılara yüksək dəyər verərək onların fəaliyyətini yüksək qiyməıtləndirir, cəmiyyət həyatında bu zümrəni dəyərləndirir. Çünki Tofiq Zeynalov çox gözəl başa düşür ki, ziyalının rolu yüksəldikcə onun sözünün ictimai məsuliyyəti də artır. Bu isə ölkədə mənəvi-psixoloji mühitin sağlamlaşmasına, güclənməsinə müsbət təsir göstərir. Şübhəsiz, bu, həm də son nəticədə ziyalının vətəndaş mövqeyinin ifadəsinə çevrilir və hər bir ziyalı öz fəaliyyətində irəli sürdüyü mövqeyə görə məsuliyyət daşıyır. Ziyalı hər zaman özünün yüksək davranış mədəniyyəti, zəngin daxili aləmi və nümunəvi əxlaqı ilə seçilir. Bu, tarixən belə olmuşdur, indi də belədir və belə də olmalıdır. Ona görə də ölkəmizdə ziyalıların sayı nə qədər çox olarsa, insanların məsuliyyəti də bir o qədər artar, cəmiyyət daha da saflaşar, yaşamaq və ən nəhayəti həyat daha gözəl olar. Heç kəsə sirr deyil ki, cəmiyyətdə ziyalı missiyası, ziyalı sözü arxa plana keçiriləndə ölkədə sosial proseslər ləngiyir, hətta bir çox hallarda tənəzzül və böhran başlayır. Baş verən olayları normal axara salmaq və milləti vahid məqsəd ətrafında səfərbər etmək müşkülə çevrilir. Müstəqilliyin ilk illərində ziyalılara arzuolunmaz münasibətdə qeyd etdiyimiz biganəliyin rolu az olmamışdır. Odur ki, ümummilli liderimiz Heydər Əliyev ölkə və dövlət əhəmiyyətli hər bir məsələnin müzakirəsində ziyalıları öz mövqeyini birmənalı şəkildə bildirməyə çağırırdı. Və bütün bu tarixi xidmətlər son məqamda öz müsbət nəticəsini verdi və həyatımız 90-cı illərin ortalarından başlayaraq öz axarına düşdü. Lakin çox təəssüflər olsun ki, bu gün Azərbaycan ictimai mühitində bəzən əqidəcə düzgün yolda omayan, müxtəlıf istiqamətləırə parçalanan "ziyalılara” da rast gəlirik. Belə necə deyərlər, "elm dağarcıqları”nın dünən dedikləri bugünkünə uyğun gəlmir. Ziyalı cəmiyyətdə birmənalı qarşılanmalı, öz fəliyyəti ilə suallar oyatmamalıdır.Bu gün hər yerindən qalxan kimisə, nəyisə tənqid edir. Unutmaq olmaz ki, ziyalının cəmiyyət qarşısındakı məsuliyyəti yalnız tənqidlə bitməməlidir. Ziyalının fəaliyyəti keçmişlə indiki dövrün vəhdəti əsasında formalaşmalıdır. Gənc dövlət olan Azərbaycanın bu gün daha böyük diqqətə və qayğiya ehtiyacı olduğunu anlayan ziyalı cəmiyyətdəki emosiyaların müsbət məcraya yönəldilməsində öndə olmalıdır. Həyatın eniş-yoxuşları istər-istəməz insanların düşüncəsinə təsirsiz qalmır. Müvəqqəti çətinlikləri qabartmaq və bununla bağlı şəxsi mənafe güdmək, prosesləri dramatikləşdirərək gərginlik yaratmaq ziyalılıq deyildir. Yəni, ziyalı şəxsi mənafedən yuxarıda dayanmağı bacarmalı, fürsətçilikdən, mövqe dəyişkənliyindən uzaq olmalıdır. Vətən, millət, dövlətçilik təəssübkeşliyi də məhz bunu tələb edir. Tofiq müəllimi bu gün narahat edən məsələlərdən biri də Azərbaycan mətbuatıdır. Heç kimə sirr deyil ki, respublikamızda kütləvi informasiya vasitələrinin inkişaf etməsi üçün hər cür şərait yaradılmışdır. Hətta Prezident İlham Əliyev tapşırığına əsasən qəzetlərin maddi durumunun yaxşılaşdırılması üçün Mətbuata Dövlət Dəstəyi Fondu da yaradılmışdır və mütəmadi çıxan qəzetlərl bu fonddan yararlanır. Bu, məsələnin bir tərəfidir. Məsələnin cəmiyyəti narahat edən tərəfi isə əksər mətbuat orqanlarının düzgün yol tutmaması, ağa qara demələridir. Hətta elə qəzet və informasiya saytları vardır ki, ölkəmizdə yalnız qara rəng axtarır, belə halları ən böyük hadisə kimi yazırlar. Dıgər tərəfdən mətbuatda ələbaxımlılıq halları olduqca artmışdır. Bu isə həqiqətin ortaya çıxmasına, hadisələrin düzgün işıqlandırılmasına mane olur, qəzetlər və saytlar haqqında mənfi fikirlər formalaşdırır. Məncə ziyalılıq barədə yazdığım fikirlər mətbuat sahəsində çalışan jurnalistlərə də şamil edilməlidir. Daha dəqiq desəm, əlinə qələm alan mətbuat işçisi də sözün əsl mənasında ziyalı olmalıdır. Çünki mətbuat cəmiyyətdə fikir formalaşdırır. Ziyalı hansı mühitdə, hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq, vətəndaşlıq mövqeyindən çıxış etməli, xalq və millət təəssübkeşliyini diqqət mərkəzində saxlamalıdır. Lakin bəzən ziyalı deyilən şəxslərin milli mövqeyi bilinmir, öz mənafeyini cəmiyyətin, dövlətin maraqlarından üstün tutaraq onun maraqlarına uyğun gəlməyən hər şeyi qara görür. Təəssüflər olsun ki,bu gün özünü "ziyalı” sayan, ən yüksək diplomlara malik olan elə şəxslərə rast gəlinir ki, ölkənin və xalqın mənafeyi onun maraq dairəsindən kənardadır, milli mövqeyi qaranlıqdır. Təbii ki, cəmiyyət belə "ziyalılara” öz qiymətini verir. Onların iç üzünü açaraq cəmiyyətə tanıtmaq, məqsəd və məramlarını faş etmək əsl ziyalıların mənəvi borcudur, vəzifəsidir. Cəmiyyətdə elə insanlar da vardır ki, onlara nə oxuyub diplom almaq, nə də hər hansı bir yüksək vəzifədə çalışmaq lazımdır. Belə nadir insanların ziyası Allah-təala tərəfindən verilir. Onlar həmişə cəmiyyətin ön cərgəsində olur, öz düzgün mülahizələri, qabaqcıl fikirləri, məqsədə müvafiq olan təklifləri ilə dıgərlərindən sayılıb seçilirlər. Ona görə də belə adamlara "oxumamış alim” deyirlər. Tarixən bu qəbildən olan insanlar yer üzündə yaşamış və qeyd etdiyim kimi fərqlənmişlər. Ötən əsrdə yaşayıb-yaratmış və yüz illər belə keçməsinə baxmayaraq bu gün də aşıq sənətinin zirvəsi sayılan Aşıq Ələsgəri bu deyilənlərə nümunə göstərmək olar. Belə uzaqgörən və hadisələri məntiqli qiymətləndirib düzgün yol göstərən adamlar hər zaman olmuş və tarixin səhifələrində öz layiqli yerlərini tutmuşlar. Tofiq müəllimlə hər söhbətimiz nədənsə sonradan bir mövzuya çevrilir. Ümidvaram ki, sözün əsl mənasında ziyalı olan Tofiq Zeynalovla birlikdə hələ çox mövzuların üzərinə işıq salacağıq. Sağlıq olsun.
Günel QOCAYEVA
Bakı-Tovuz
|