16.02.49 Fəlsəfi polemika | |
CƏMİL MERİÇ BARƏDƏ Cemil Meriç Türkiyənin ən məşhur filosof ![]() Ömrü boyu sosialist olduğunu deyən Meriç türk-islam mədəniyyətini də öyrənməyin tərəfdar olmuş və bu yolda böyük savaş vermiş, hər iki cəbhədən atəşə məruz qalmışdır. Onun Azərbaycan düşünəri Əhməd bəy Ağaoğlu ilə qiyabı polemikası bu gün də öz güclü əhəmiyyətini qoruyub saxlamaqdadır. Sizə təqdim edilən məqalənin müəllifi Cemil Meriçdir. Müəllif Əhməd bəy Ağaoğludan sitatlar verməklə onu tənqid edir. Cemil Meriç yazır: Əhməd Ağaoğlu bəyi xatırlayıram. Atamdan xatirələr (Səməd Ağaoğlu Ankara, 1940) oxuğum memuarların ən dəhşətlisidir. Sadəlövh, qətiyyətsiz bir ata, qəribə, nə istədiyini bilməyən xəstə ana. Ana atadan xəbərsiz erməni bir müəllim tutar Əhmədə. Ona rusca öyrətmək üçün. Təhsil həyatına yalanla başlayır Əhməd. Dörd ilə ana dilində yazıb-oxumağı öyrənə bilmir, Leyli və Məcnunu oxumaqdan məhrumdur. Gülüstan və Bustanı hecalaya bilir ancaq. Amma "üçcə aya rusca yazmağı" öyrəndim deyir. "Rus kitabları məni çəkirdi, başqa kitablar isə qupquru idilər”. Qarabağda rus gimnaziyası açılır. Xoşbəxtdir. Türk müəllimlərinin üst- başları pərişandır, miskin halları var. Amma rus müəllimləri təmizkar, dinamik və düşüncəli insanlar. "Mənəvi varlığım ikiyə bölünməyə başladı. Məktəbdə ikən başqa duyğular, başqa düşüncələr başqa mədəniyyət içində yaşayardım. Evə gəldikdə isə bambaşqa bir mühit, bambaşqa bir məkan.Və məndəki bu iki varlıq birlikdə yaşamağa başladılar. Hələ də yaşayırlarmı, görəsən”. Ölümündən bir neçə il əvvəl yazdığı bu sətirlər yalnız Ağaoğlunun deyil, bütövlükdə türk aydınlarının faciəsidir. Cəmil Meriç Gimnaziyanı bitirən Ə.Ağaoğlu ali təhsil almaq üçün Sankt-Peterburqa gedir. Anası ona and içdirir ki, rus qızı ilə evlənməyəcək. 50 il sonra bu anı xatırlayır Əhməd bəy. "Ah, anacığım. Məni bu təzadlara, ikiliklərə, iztirablara sürükləyən sənsən. Mənə tarixin və təbiətin verdiyi bütövlüyü itirməmə sən səbəb oldun”. Mübarizə yoldaşı M.Ə.Rəsulzadə Əhməd bəy haqqında yazırdı: "1894-cü ildə Qafqaza qayıdan Əhməd bəyə Qarabağda Firəng Əhməd deyirdilər. Çünki o, fransız ideallarını, düşüncələrini yaymağa çalışardı. Əhməd bəy Yaxın Şərqdə avropalaşma hərəkətinin ən səmimi ideoloqudur”. 1909 cu ildə Türkiyəyə gedən Firəng Əhməd "İttihad və Tərəqqi”nin önəmli yazarlarından birinə çevrilir. Birinci dünya savaşından sonra Azərbaycana gedir. Azərbaycan hökumətinin diplomatik heyətinin tərkibində Parisə gedərkən ingilislər tərəfindən həbs olunur, daha sonra isə Maltaya sürgünə göndərilir. "Üç Mədəniyyət" adlı əsərini Maltada yazır. Əsər əvvəlcə hissə-hissə "Türk yurdu” kimi milliyyətçi bir jurnalda dərc olunur. 1928- ci ildə əsər kitab halında çap olunur Yazara görə, üç mədəniyyət vardır. Bunlardan biri-yəni Qərb mədəniyyəti digər iki mədəniyyəti İslam və Buddist-Brahman mədəniyyətlərini himayə altına almışdır. Nicat və xilasımız üçün Avropa mədəniyyətini olduğu kimi təqlid etməkdən başqa yol yoxdur. "Mədəniyyət nədir” sualına Əhməd bəy "həyat tərzidir" cavabını verir. Əhməd bəy Ağaoğlu ”Qərb mədəniyyəti qalibdir, İslam və Buddist-Brahman mədəniyyətləri məğlub. Bunu açıq etiraf etmək lazımdır. Məğlubiyyətimiz maddi və mənəvidir. İslam camaatları bir birinin arxasınca süqut etdi. İslamiyyətin son qalası olan Osmanlının da halı pərişandır”. ”Mənəvi məğlubiyyətimiz də inkar ediləməz. Müsəlmanlar evlərinin bəzədilməsindən tutmuş, paltarlarına, oradan da ədəbiyyat, musiqiyə qədər Qərbin güclü təzyiqinə məruz qalıb. İslam camaatları hər gün daha artıq dərəcədə əzilirlər. Yaponiyanın tərəqqisinin səbəbi isə onun Avropalaşmağındadır. Sel kimi axıb gələn, heç bir əngəl tanımayan Avropa mədəniyyəti üstündür. Bunu qəbul etməyən yoxdur.Lakin bir qisim insan belə hesab edir ki, bu üstünlük Avropa mədəniyyətinin bütövlükdə özünə deyil, onun müxtəlif sahələrinə məxsusdur. Yanlışdır. Mədəniyyət bir tamdır, bölünə, parçalana bilməz, üstün olan onun dini, elmi, ədəbiyyatı deyil, onun özüdür. Əhməd bəy davam edir: Yalnız libasımız və müəssisələrimizlə deyil, beynimiz, ürəyimiz, zehniyyətimizlə avropalı olmalıyıq. Bunun üçün şəxsiyyəti-milliyyəmizi tərk etməliyiz. Zatən, "milli kimlik" denilen şey yoxdur və ola da bilməz. Milliliyi göstərən əxlaq, hüquq ictimai mühitin məhsuludur. Türklər iki dəfə dinlərini dəyişdirdilər, əvvəl şaman sonra müsəlman oldular. Amma nə dəyişdi ki bununla”. Əhməd bəy eyni bədbin ovqatı iqtisadiyyatdan danışdıqda da itirmir. "İbtidai bir əkinçilikdən başqa milli deyə biləcəyimiz sənət yoxdur. Səfalətimizdən başqa itirəcəyimiz heç nə olmadığı kimi”. Sonra Ağaoğlu köhnə nəqarəti səsləndirir: "Mədəniyyət sahəsində məğlubiyyətimiz qətidir və qalib mədəniyyəti təmsil etmək məcburiyyətindəyik”. Əhməd bəy əsərdə romalı senator Katon kimi hər fəsli eyni nəqarətlə qurtarır: "Delenda Carthago” (Karfagen dağıdılmalıdır) Amma Əhməd bəyin Karfageni düşmən ölkə deyil, öz vətəni, öz mədəniyyətidir. Qəribədir, düşmən əsarəti altında yazılan kitab düşmən mədəniyyətinin dastanıdır. Bu, "milliyyətçilikdir", amma qaliblərin çəkməsini yalayan bir "milliyyətçilik". Əhməd bəy Ağaoğlu tanıya bilmədiyi Türk ədəbiyyatının düşmənidir. Belə yazır: "Məktəblərimizdə ədəbiyyat tədrisində Yunan, Roma və Avropa xalqlarının qəhrəmanlıq əfsanəsinə xüsusi yer verilməlidir”. Başqa bir misal: "Əsrlərdir Osmanlı höküməti fəzilətin düşməni olmuşdur. Fəziləti mənbəyindən qurutmaq üçün əllərindən gələn hər şeyi ediblər”. "Üç Mədəniyyət" sərlövhəli insafsız ittihamnamədə Türk-İslam mədəniyyətinə aid hər dəyəri pisləyir. Bayramlarımızın sayı azdır, qəbahət. Sədini oxuyuruq, günah. Ustad bizi həyadan, utancdan xilas etmək üçün Sədinin əxlaqını Monteskyunun "Qanunların ruhu”, Russonun "İctimai müqaviləsi” ilə müqayisə edir. Hətta Marksın tarixi materializmini belə unutmayan Əhməd bəy şirazlı şairin Monteskyuya və ya Russoya nə dərəcədə dəxli olduğundan bəhs etməz. Orasını da deyək ki, aydınlarımız Əhməd bəy Ağaoğlunun bu hücumları müqabilində hinduşkasayaq sükut edərlər. Bircə Cəlal Nuri bəy istisnadır.O, Əhməd bəyi ruspərəstlikdə (!) ittiham edər. Əhməd bəy də buna müqabil Cəlal bəyin yunan olduğunu söylər. Abzas.net | |
|
Всего комментариев: 0 | |