18.47.00
GÜNDƏM

qanunsuz tikililərFHN OBYEKTLƏRƏ TEXNİKİ BAXIŞ KEÇİRİB, CİDDİ NOQSANLAR AŞKARLAYIB

Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsi və eləcə də digər sahələr üzrə mövcud vəziyyətin qiymətləndirilməsi, baş verə biləcək qəzaların xəbərdar edilməsi və qarşısının alınması məqsədi ilə bir sıra ciddi tədbirlər həyata keçirilib.


Nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsindən verilən məlumata görə, bu məqsədlə respublika ərazisində istismar olunan iri inzibati və ictimai obyektlərin, o cümlədən mehmanxana və ofis binalarının, insanların kütləvi toplaşdığı ticarət, idman və konsert komplekslərinin, şadlıq evlərinin, restoranların, əyləncə və tibb mərkəzlərinin, təhsil müəssisələrinin təhlükəsizlik baxımından yoxlanılması üçün fövqəladə hallar nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb. Komissiya tərəfindən Bakı şəhərinin 11 rayonu ərazilərində yerləşən ümumilikdə 2973 obyektə texniki baxış keçirilib və müəyyən nöqsanlar aşkar edilib.

Eyni zamanda son vaxtlar tikilən və hal-hazırda ictimai iaşə obyektləri kimi fəaliyyət göstərən şadlıq evləri, kafe, restoranların bəzilərinin layihə sənədlərinin dövlət ekspertizasından keçirilmədiyi, o cümlədən istismara qəbul olunmadığı məlum olub. Narahatlıq doğuran amillərdən biri də budur ki, bu cür təyinatlı binaların tikilməsində istifadə olunan inşaat materiallarına aidiyyəti qurumlardan müvafiq sertifikatlar alınmadığı üçün müəyyən nöqsanlar yaranır.

Baxış zamanı norma və qaydaların tələblərinə uyğun olmayan və uzun müddət təmirsiz istismar olunan obyektlərdə nöqsanlar müəyyən edilib və bu barədə obyekt sahiblərinə və rəhbərlərinə təcili tədbirlər görülməsi üçün tapşırıqlar verilib.

Bundan əlavə obyektlərdə qaz təsərrüfatı və yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilib.

Aidiyyəti qurumlar tərəfindən tikinti norma və qaydalarına riayət edilməsinə ciddi nəzarətin aparılmasına baxmayaraq mövcud binalarda aparılan əsaslı təmir-tikinti və yenidənqurma işlərində çatışmamazlıqlar və nöqsanlar mövcuddur.

Nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində şəhərin ayrı-ayrı rayonlarında layihə və razılıq sənədləri olmadan yaşayış binalarına yaxın və ya bitişik müxtəlif təyinatlı binaların tikilməsi, konsol tipli eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, zirzəmilərində yükgötürən konstruksiyaların zəifləndirilməsi, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması, seysmik kəmərlərin sökülməsi və ya zədələnməsi kimi hallar müşahidə edilib.

Mövcud binalarda yükdaşıyan konstruktiv elementlərin (divarlar, sütunlar, rigellər və.s.) sökülməsi və ya zədələnməsi binanın ümumi dayanıqlığına ciddi təsir etməklə, baş verə biləcək yeraltı təkanlar (zəlzələlər) və ya texnogen hadisələr nəticəsində binanın hər an uçma və ya çökmə ehtimalını artırır.

Müvafiq layihə və razılıq sənədləri olmadan özbaşına tikinti işlərinin aparılması binanın ümumi memarlıq görünüşünə xələl gətirməklə yanaşı konstruksiyaların əlavə yüklənməsinə şərait yaradır ki, bu da gələcəkdə qəza hallarının yaranmasına səbəb ola bilər.

"Yaşayış binalarında və digər tikililərdə genişləndirmə, yenidənqurma və yenidən planlaşdırma işləri aidiyyəti üzrə müvafiq təşkilatlarla razılaşdırılmış layihələr əsasında həyata keçirilməlidir.
Genişləndirmə və yenidənqurma işlərinin aparılmasının mümkünlüyünü müəyyən etmək üçün isə aidiyyəti təşkilatların mütəxəssisləri tərəfindən mövcud bina və ya qurğuya müvafiq qaydada vizual və instrumental baxış keçirilməli, nəzərdə tutulmuş konstruktiv dəyişikliklərin həllinin mümkünlüyü hesabat əsasında dəqiqləşdirilməli və lazım gəldikdə, mövcud konstruksiyaların gücləndirilməsi üçün layihə təşkilatlarının rəyi alınmalıdır.
Belə dəyişikliklərin edilməsi müsbət həllini taparsa, bu məqsədlə hazırlanmış layihə-smeta sənədləri görüləcək işlərə aid memarlıq-planlaşdırma, konstruksiyaların gücləndirilməsi və mühəndis hesabatları üzrə həlləri özündə əhatə etməlidir. Qeyd olunan sənədlərin işlənməsi zamanı qüvvədə olan tikinti norma və standartlarının tələbləri nəzərə alınmalıdır.
Dəyişikliklərin aparılması ilə əlaqədar işlənmiş layihə sənədləri müvafiq qaydada aidiyyəti idarələrdə ekspertizadan keçirilməlidir. Əks halda tikinti norma və qaydalarının pozulması ciddi təhlükələrin baş verməsinə səbəb ola bilər.
Lakin bəzi hallarda binaların zirzəmilərində və birinci mərtəbələrində kütləvi şəkildə aparılan söküntü işlərinə aidiyyəti üzrə nəzarət həyata keçirən orqanların laqeyd yanaşması və hətta bu işlərin aparılmasına şəraitin yaradılması faktları da mövcuddur.

Bu işlərdən əlavə son zamanlar şəhərimizdə əsasən 1-4 mərtəbəli ictimai-iaşə obyektlərinin tikintisi geniş vüsət alıbr. Bu cür obyektlər əsasən yaşayış evlərinə yaxın və ya bitişik, istilik məntəqələrinin yaxınlığında, su, qaz, elektrik xətlərinin mühafizə zonalarında, magistral avtomobil yollarının 1-2 metrliyində inşa edilir. Belə obyektlər həm şəhərsalma və həmdə tikinti norma və qaydalarının tələblərinə ziddir və gələcəkdə xoşagəlməz hadisələrin yaranmasına səbəb ola bilər.

Yaşayış, ictimai və istehsalat binaları arasında məsafələr qüvvədə olan normativ sənəddə göstərilən insolyasiya (vahid zamanda bir kv.sm yer səthinə Günəşdən düşən işıq enerjisinin miqdar) normaları əsasında aparılmış insolyasiya və işıqlanma hesablamaları üzrə və bu normaların məcburi olan əlavəsində göstərilmiş yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmalıdır”.

Ümumilikdə nazirliyin qurumlarına və icra hakimiyyəti orqanlarına göndərilmiş materiallarla əlaqədar qanun pozuntularına yol verilmiş obyektlərdə aparılan təmir-tikinti işləri dayandırılmış, bir çoxlarında isə gücləndirmə işləri aparılmışdır. Buna baxmayaraq hələ də binaların birinci mərtəbə və zirzəmilərində söküntü-dağıntı işləri, yaşayış evlərinin yaxınlığında, qaz, su, istilik, elektrik xətlərinin mühafizə zonalarında, magistral avtomobil yollarının kənarında bəzi şəxslər tərəfindən tikinti işlərinin aparılması hallarına rast gəlinir.

Bakı şəhərinin seysmik zonada yerləşdiyini və əksər binaların istismar müddətinin bitdiyini, bəzi tikililərin şəhərsalma, tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyini nəzərə alaraq, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün əhalinin özünün də qeyd olunan sahələrdə qanun pozuntularına yol verməməsi üçün diqqətli və fəal olması vacib amillərdən biridir.
Просмотров: 923 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: