Həyatda elə hadisələr baş verir ki, yatsan, yuxuna belə girməz.
Haqqında danışacağımız hadisə də belə misallardan biridir. Bu hadisə
nəticəsində 3 il bağlı qalan cinayətin üstü açılıb. Belə ki, namus
üstündə bacısını öldürən 26 yaşlı oğlan daha bir namussuzluğa dözməyib
törətdiyi cinayəti etiraf edib. İbtidai istintaqa ifadəsində qatil
bacısını necə öldürdüyünü, 3 il istintaqdan necə yayındığını və sonra
hansı səbəbdən polisə təslim olduğunu etiraf edib.
1984-cü il
təvəllüdlü Ramazan Sevdiyev hərbi xidmətini başa vurduqdan sonra
2006-cı ilin iyulunda doğulub böyüdüyü rayona qayıdır. Rayonda
dostlarının və qonşularının ona münasibətinin dəyişdiyini görür. Bunun
səbəbini öyrənəndə dostları Ramazana bacısı İradənin pis yola düşdüyünü
söyləyirlər. Bu barədə valideynlərindən soruşan Ramazan bacısının evdən
qovulduğunu eşidir. O, bir neçə ay bacısını axtarır, lakin tapa bilmir.
Onun Bakıda olduğunu öyrənən Ramazan üz tutur paytaxta.
Evdə
Ramazanın İradədən başqa daha iki bacısı və iki qardaşı vardı. O, evdə
üçüncü uşaq idi. Qardaşları ondan kiçikdi. Bacılarından biri, ərdə olan
Sevda ailəsi ilə birlikdə Bakıda yaşayırdı.
İradə evdən qovulandan
sonra Bakıya gələrək əxlaqsızlıqla məşğul olmağa başlayır. Günlərini
barlarda və əxlaqsızlıq yuvalarında keçirən İradə bacısı Sevdagilə
gəlir. Üç aya yaxın müddətdə Sevdagildə qalan İradə bacısına yaxın
vaxtlarda Türkiyəyə gedəcəyini bildirir. Bundan sonra onlar arasında
mübahisə yaranır. Üstündən bir müddət keçmir ki, Ramazan Bakıya gəlir.
Sevdagilə gələn Ramazan bacısı İradənin onlarda olduğunu görür. Lakin
İradəyə heç nə demir. Ramazan bir neçə gün onlarda qalır. Gecələr
bacısının evdən getdiyinin, bir neçə gün evə gəlmədiyinin şahidi olur.
Rayonda bacısı haqqında deyilənlərin həqiqət olduğunu öyrənən Ramazan
İradəni öldürmək qərarına gəlir.
O, Sevdanın evdə olmadığını günlərin birində İradənin gəlməsini
gözləyir. İradə gəlib çıxır. İradə həyətdəki balaca daxmada paltarını
dəyişən zaman Ramazan hücum edərək əlləri ilə onu boğur. Bacısının
öldüyünü görən Ramazan İradənin meyitini həyətdəki ayaqyolunun yanında
yer qazaraq basdırır. Bu barədə heç kəsə heç nə söyləməyən Ramazan
rayona qayıdır. Valideynlərinə də bacısını öldürdüyünü söyləmir. Lakin
o, törətdiyi cinayəti aralarında baş verən mübahisə vaxtı rayonda
yaşayan bacısı Gülpərinin əri Şirzada söyləyir. Şirzad da bu barədə
digər qohumlarına danışır. Lakin nədənsə hüquq-mühafizə orqanlarına bu
barədə heç kəs məlumat vermək istəmir.
Həyat beləcə davam edir. Ailədə heç kəs İradənin taleyi ilə
maraqlanmır. Öldüyünü bilməyənlər onun haradasa öz əxlaqsız
hərəkətlərinə davam etdiyini fikirləşir.
2008-ci ilin sonunda Ramazanı dayısı oğlunun qızı (dayısı nəvəsi) Təranə ilə nişanlayırlar. Həmin vaxt Təranənin 17 yaşı olur.
Günlərin birində Təranə bərk xəstələnir. Ramazanın anası onu həkimə
aparır. Həkim Təranəni müayinə edəndən sonra onun 6 aylıq hamilə
olduğunu söyləyir. Ramazanın anası Təranədən bu işi necə tutduğunu
soruşur. Təranə cavab vermir. Oğlu Ramazandan şübhələnən ana evə
qayıdır. Bu barədə Ramazana söyləyir. Ramazan and-aman edir ki, o, belə
iş tutmayıb. Ana-bala Təranəgilə gedirlər. Bu barədə Təranənin
valideynlərinə danışırlar. Təranə dözməyib hamıdan saxladığı qorxunc
həqiqəti onlara açır. O, atasının onun bakirəliyini pozduğunu, ondan
hamilə qaldığını söyləyir. Bundan şoka düşən Ramazan Təranənin atası,
Tarifin üstünə cumur. Tarif heç nə olmamış kimi Ramazana inanılmaz bir
təklif edir: "Gəl Təranəni boynuna götür, mən də sənin bacını
öldürdüyünü polisə deməyim”.
Ramazan Tarifin üzünə tüpürərək evdən çıxır və bir daha rayona
qayıtmır. O, Bakıya gələrək törətdiyi cinayətin izini itirmək üçün
İradənin meyitini basdırdığı yerdən çıxarıb yandırır və yaxınlıqdakı
zibilliyə atır. Bir neçə ay sərsəm kimi gəzən Ramazan sonda törətdiyi
cinayət barəsində polisə məlumat verərək könüllü təslim olur.
Ramazan barəsində cinayət işinin istintaqı yekunlaşaraq Ağır
Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Məhkəmədə ifadə verən
Ramazan törətdiyi əməldən peşman olmadığını söyləyib. O bildirib ki,
nişanlısı Təranənin başına gələn bu faciə baş verməsəydi, polisə
törətdiyi cinayəti etiraf etməyəcəkdi: "Mən əgər biqeyrət olsaydım,
bacımı da öldürməzdim”.
"Qardaşımın 3 oğlu qızımı zorladı”
Məhkəmədə ifadə verən Ramazanın anası qızı İradənin də bu yola
düşməsinin səbəbkarları kimi qardaşının oğlanlarını göstərib. O
bildirib ki, Rasim adında qardaşının üç oğlu vaxtı ilə qızı İradəni
zorlayıb: "Mənim ailəmin bu günə düşməsinə səbəb qardaşlarımdır.
Rasimin oğlanları İradəni zorladılar. Sonra da yiyə durmadılar. Biz də
əlimizdə sübut olmadığına görə, onlardan şikayətçi ola bilmədik. İndi
də o biri qardaşımın oğlu biqeyrətlik eləyib. O, da öz qızını zorlayıb.
Qızın atasından uşağı var. Lakin onu başqasına güc-bəla ilə ərə
veriblər. Əri də nəyinsə qarşılığında Təranəni qəbul edib”.
Ramazanın anası məhkəmədən oğluna az cəza kəsilməsini istəyib.
Məhkəmə davam edir.
P.S Təranənin atası barəsində ayrıca cinayət işi açılıb.
Onun dünyaya gətirdiyi körpənin həqiqətən də atasından olub-olmaması
keçirilən ekspertizadan sonra bilinəcək. //lent.az