Qurtuldunmu, igid?
Hicran Qurbanlı "Hardan gəldin sən igid, yerin nə yerdir? Qaranlıq gecədə yol azsan, ümidin nəyədir? Böyük bayraq götürən xanınız kimdir? Döyüş günü öndə gedən ağsaqqallı atanın adı nədir? Adın nədir, igid, söylə mənə!? ("Dədə Qorqud” dastanının "Basatın Təpəgözü öldürməsi” boyundan) "Qurtuldunmu igid?” - Basatı hər dəfə ölümə yollayan Təpəgözün sualıdı bu da... ...Yenə bayramdı. Yenə çal-çağırdı. Yenə yarımaq, yarınmaq, yaratmaq istəyənlərin qəzetlərdə "palaz-palaz” yazıları, efirdə müzakirələri, mülahizələri, mühazirələri. Şit-şit göstərilər, əttökən konsertlər, gülüşmələr, didişmələr, irişmələr. Bulvarda yekun konsert, Rəqsanələr, Ilhamələr səbəbkara şən nəğmələr qoşacaq, "Üstümüzdən əskik olmasınlar!”- deyə zikr və dualar edəcək, Bilal "Oğuldur Ilham” "şedevrini”
səsləndirəcək. Camaat da yığılıb çəpik çalacaq, uşaqları
oynayacaq, atəşfəşanlığa tamaşa edib, boz həyatlarını, qara
günlərini bircə gün də olsa təqvimdəkitək qırmızıyla rəngləməyə ümid
edəcəklər. Soruşmayın nə baş verir, nə olub? Bu günü unutmağa
hünəriniz nədi? Tariximin son 17 səhifəsində nələr
yazılmadı, nələr pozulmadı. Nə alçaqlar ucaldıldı, nə ucalar alçaldıldı,
nələr söküldü, nələr tikildi, nələr (kimlər) alınmadı, nələr
(kimlər) satılmadı. Amma nədən qurtulduq, kimdən qurtulduq, bəlli
olmadı. Yoxsa oldumu? Sən ey, əbədi yuxuya gedib, ədəbi röyalar görən, "Ələmdən-nəşəyə”lər yaradan, yarayan,
yaradıcılarım, qurtulmusunuzmu? Qara qızılımın və milyonlar səltənətimin
qara qəpikdən artıq qiyməti olmayan qara qulları-qara camaat, qurtulmusunuzmu? Ölkədən baş götürüb gedən, baş saxlayan, baş girləyən ağıllı başlarım, soydaşlarım, qurtulmusunuzmu? Vətəndə qərib olan Vətən qazisi, atəşkəs dövründə əsgər itirən ana, bacı, qadın, qurtuldunuzmu? Susanlarım, susdurulanlarım, "Şərəf”lilərim, "Şöhrət”lilərim, qurtuldunuzmu? Məmləkətimin intihardan başqa gücü heç nəyə çatmayan üzüqara kişisi, günüqara qadını, gələcəyi qaranliq gənci, uşağı qurtuldunuzmu? Qara çadırlarında oğul evləndirən, qız köçürən, ölənlərini hələ də "əmanət qəbir”- deyə ayrı, üzü Qarabağa basdıran qaçınlarım, köçkünlərim, qurtulmusunuzmu? Seçkidən-seçkiyə yada düşən, seçdiklərinin qapısından qovulan, üzünü görməyən seçənlərim, qurtulmusunuzmu?.. ...O "möhtəşəm qurtuluşumuzun” baş verdiy gündən 17 il keçir. Bir igidin ömrü. Yəni, 1993-cü ildə doğulan uşaqların indi 17 yaşı var. Və o günün uşaqları, bu günün igidləri. Səhvlərimizin, mütiliklərimizin, əzmsizliyimizin ağır nəticələrini yaşamaqdadılar. Üstəlik bu nəticələri aradan qaldırmaq kimi bir yükü də yumarlayıb yıxmışıq onların boynuna. Amma qurtulmaq şansımiz var hələ... Uff... Bu təpəgözlərin qarşısına bir igid çıxmalıdı, ya yox?! Qurtula bilərsənmi, igid? hicranqurbanli@yahoo.com
|