17.41.29
PROZA
ÜLVİYYƏ TAHİR
GÜNAH KEÇİSİ*Ülviyyə Taleh

(Proza)

Qızı cəmi üç ayın gəlini oldu. Hamı onun toy  xəbərini eşidəndə təccübləndiyi qədər ölümünə təccüblənmədi. Çünki hamı onun nə qədər xəstə olduğunu bilirdi. Ərki çatanlardan bir ikisi "bu qızı verməyin elə toy gecəsi öləcək” dedilərsədə nə onlara qulaq asan oldu nə də həkimlərə. Xatirənin ölümündən sonra ondan qalan bir maşın cehiz və onun hüzüründən yığılan pullar oldu. Cehiz də təcili satıldı və pulu  hüzr pulları ilə birlikdə ananın sandıq bankına getdi. Bütün bu hadisələr o qədər tez baş verdi ki, sanki hər şey elə belə də olmali imiş. Xatirədən yeganə qalan xatirə isə uçuq, yarısökülmüş qəbirstanlıqdakı başdaşı əyilmiş qəbir oldu. Torpağın üzü soyuqdur deyərlər , amma bu dəfə bu soyuqluq torpaqdan gəlmədi. Qızyetər əvvəldən doğma balası olmasına baxmayaraq,  Xatirəni sevməzdi.  Xatirə onun kəndə ifşa olunmuş sirrinin adı idi. Bu sirr....
Bu sirr on səkkiz il öncə Qızyetərin xirmanlıqda dayısıoğlu Ələddinlə sevişməsindən üç ay sonra meydana çıxmışdı. Cəmi üç ay sürdü bu "xöşbəxtlik”. Qızyetərin qeyri-adi şəkildə qusduğunu görən nənəsi hay –küy qaldırdı. Bu hay –küyə qohumlar onlara yığışdı Cəmi bir saat sonra hər şey məlum oldu . Nəslin yeganə babası cəld qudasının qapısına yollandı və bütün dava-dalaşlar Qızyeterin  həmin axşam dayısıgilə göndərilməsi ilə nəticələndi. Bura gələndən sonra Qızyetərin susmaqdan başqa çarəsi qalmamışdı. Dinən kimi lazım olanı alnına yapışdırırdılar. Bütün bunların günahını O, Xatirədə görürdü. Onu nifrətlə doğmuşdu. Onu nifrətlə böyütmüşdü.  Bu uşaq onun dil qısalığının pasportu idi. Qızyeter Xatirəni nə diri,  nə də ölü vaxtı sevdi. Onun dini, imanı kiçik oğlu Qurban idi. Qurbana qalxanda da can deyilirdi, oturanda da can deyilirdi. Xatirə uşaq ağlı ilə bu evdə sevilmədiyini başa düşürdü amma bunun səbəbini bilmirdi.  Səbəbini heç ölənəcən də bilmədi.
Xatirəni ilk gələn elçiyə verib başından edən Qızyetər bir az nəfəs ala bilmişdi. Onun ölümü isə onu cəmi üç gün narahat etdi. Cəmi üç gün gələn-gedən yaman çox oldu.  Sonra hamı bütün yas yerləri kimi buranı da unutdu. Qizyetər hamıdan tez unutdu.                                                                            
Bir gün günorta vaxtı həyətdə böyük armud ağacının altında oturan Qızyetər həvəslə ərinə tərəf dönərək dedi:
-Ələddin,gəl əlimizdəki pulla maşın alaq.Nə deyirsən?
 Ələddin ona təəcüblə baxaraq –Bu haradan ağlına gəldi?-deyə suala sualla cavab verdi.
-Heç. Deyirəm ki, əlimizdəki pul dağılıb gedəcək. Pulu toplamaq çətindir xərcləmək asan.
-Ay  Qanmaz - əri həmişə hirsələnəndə onu belə adlandırardı-Biz o pulu toplamamışıq.Qoy heç olmasa bu bədbəxtin qırxı çıxsın. Aradabir mənə elə gəlir ki, sən heç bu qızı istəməmisən-deyə əri üzünü ondan kənara çevirdi.
Bu söhbətdən sonra nə Qızyetər nə də Ələddin bu söhbətə qayıtmadılar. Xatirənin qırxı çıxandan üç gün sonra Ələddin həyətə bir qırmızı maşınla girdi. Hamı "Bu kimindir? Necə aldın? "sualları ilə Ələddini dartışdırdılar Yalnız Qızyetər hər şeyi izahatsız başa düşdü. Bu qırmızı maşını-el arasında deyildiyi kimi "nol altını”-doyunca sürdülər. Hətta Qızyetər özü belə maşın sürməyə cəhd etdi. Təbii ki, kəndin gözündən uzaq yerlərdə . Kəndə isə bu barədə yalnız bir pıçıltl var idi.”Onlar bu maşını qan pulu ilə alıblar”  Bu dedi-qodu Qızyetərin də qulağına çatmışdı amma bunu vecinə almaq fikrində deyildi.
 Xatirənin ölüm günü zamanın qoynunda əridikcə, imkanları yaxşılaşır, daha pula pul demirdilər. Qurbanın əsgərliyə getmək vaxtı yaxınlaşdıqca Qızyetər hər gün ərini didişdirirdi. "Mənim balam Murova gedəsi deyilki” Qızyetərin ön cəbhə anlayışı Murov adından ibarət idi. Elə bilirdi ki, bütün kasıblar Murova düşür və onların əksəriyyəti elə orada da ölürlər. Qızyetəri qınamaq olmazdı, çünki kəndin iki şəhidinin ikisi də Murovda vurulmuşdu. Bu şəhidin biri müharibə digəri isə atəşkəs zamanı kəndə gəlmişdi.
Bir gün qonşularla da söhbətdə də Qızyetər dodağını büzərək;
"Ay, qızlar mənim imkanıma nolub ki, Qurbanımı onlar istədikləri yerə salsınlar”-söyləmişdi. Arvadının dırdırındansa, hökumət adamları ilə boğuşmağı üstün tutan Ələddin səhərin gözü açılmamış rayona qaçırdı. Nəhayət lazım olan adam tapıldı. Bu adam onlardan Ələddinin dili ilə desək "bir ton pul” aldı. Bu bir ton pul dörd ay sonra Qurbanın Bakıya salınmasına səbəb oldu. "Pul babanın görə bilməyəcəyi iş yoxdur” deyən  Qızyetər bununla qonşulara acıq verirdi.
   Ələddin oglu üçün elə bir qonaqlıq verdi ki, bu qonaqlıq hətta kəndə ən varlı adam olan Rəhimin  qonaqlıqlarınıda gölgədə qoydu.   Həmin gecə ətrafda bir nəfər də olsa ayıq adam qalmadı. Sonralar belə bir lətifə də yaranmışdı "içki o qədər çox idi ki, hətta pyaniska Əli də doymuışdu”.
Nəhayət Qurban əsgərliyə yola salındı. Qızyetər özünə yer tapa bilmirdi. Uşaq getdiyi beş ay deyildi ki, onlar onun yanına on dəfə getmişdilər. Hər dəfə uşağın əla vəziyyətdə olduğu, töküb dağıtdıqları haqqında Qızyetər qonşu arvadlara bir maşın dolusu yalan danışardı.Arvadlar ona bir az hörmət edir,  bir az da həsəd aparırdılar. Onun haqqında bəzən el arasındakı sözü- "dəmşalağın bəxtinə”- deyərdilər. Qızyetər bu sözü eşitsəydi yəqin onları partlatmaq üçün daha da parıltılı yalanlar uydurardı. Qızyetər bütün bu sözlərdən uzaq, öz aləmində xöşbəxt həyat sürməyində davam edirdi.
  Artıq Qurbanın gəlişinə on gün qalmışdı. Qızyetər mətbəxdə nazlanır və bütün naz nemətlərdən hazırlamağa çalışırdı. Həyətdə qopan səs-küy onu  nə zümzüməsindən nə də işindən ayıra bildi.Bu səs-küyü O, ərinin nərd dostlarının səsi hesab etdi. Bunların  içində onun diqqətini çəkən yeganə səs isə təcili yardım maşının siren səsi oldu.  Əlini silə-silə mətbəxdən çıxdı.Həyətdə beş-altı hərbçi və təcili yardım maşını var idi. Qızyetər əvvəlcə nə baş verdiyini anlamadı. Bu hərbçilərdən biri Ələddinə nə isə izah edir, O isə kürəyini böyük armud ağacına sürtürdü. Qonşu qadınlar Qızyetəri kənara çəkməyə çalışdılar. Qızyetər onların əlindən çıxaraq maşına tərəf atıldı. Heç kəs dişi şir tək irəli atılan ananın qarşısını ala bilmədi. O, təcili yardım maşının arxa qapılarını açaraq içəri soxuldu.Onu içəridə bir tabut qarşıladı. Tabut elə bərk mismarlanmışdi ki, sanki kimsə onun açılmasından qorxurdu. Qızyetərin qulağına qarmaqarışıq sözlər çatırdı:
-Açmaq qadağandır.
- Onun üzü parça-parçadır.
- Başının üstündən maşın keçib.
- O, da bir şəhiddir.
Bütün bu sözləri kim deyirdi, bununların Qızyetər üçün artıq mənası qalmamışdı. O, təcili  yardım maşınından sürətlə aralanaraq həyətdən çıxdı. Onun gözünün qarşısında tozlu kənd yolu uzanırdı. Bu yol hərəni öz istədiyi mənzilə aparırdı. Təkcə ölülərdən başqa, bircə ölülərin hamısının bir mənzili var. Qəbirstanlıq. Qızyetər də başıalovlu ora qaçırdı.Bəlkə də dünyada yeganə insan idi ki, bir ölüdən hesab soruşmağa gedirdi. Yolu azaldıqca urəyindəki sözlər axıb dodaqlarına tökülürdü:
-Sən hər şeyi aldın. Gəncliyimi, cəsarətimi, başqalarının üzərinə qışqırmaq haqqımı və ən nəhayət sevdiyim balamı da yanına apardın. Xatirə eşit,   sənə nə qədər nifrət edirəm.
 Qızyetər qəbirstanlığa çatmamış yovşan kollarının arasında yıxılıb huşunu itirdi. Ayılanda isə həyətlərindəki   hüzrdən üç gün keçmişdi.

Günah keçisi*- günahın başqasnın üstünə atılması(türkcə)
Просмотров: 1048 | Добавил: afgan73 | Рейтинг: 4.7/6
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: