02.56.39
PROZA

Mahir BayramƏsgər atası (hekayə)

Hərbi hissənin darvazası ağzında soyuqdan əllərini ovuşduran, yorulmuş ayaqlarını aramla, əsgər kimi qaldırıb-qoyan Əsəd kişi, o tərəfdən qaşları papağın içində gizlənmiş, ayaqları dolaşa-dolaşa gələn, cəlimsiz əsgəri yerişindən tanıdı. Gözləri yaşardı. Əllərini yana saldı, üşüməyi yaddan çıxdı. Əsgər çox asta gəlir, hərdən əllərini gözlərinə çəkir, darvazaya çatmağa tələsmirdi. Onun astagəlliyi, kişini xeyli təəccübləndirdi. Əsədin təsəvvürüncə, oğlu ona tərəf yüyürərək gəlməliydi. Yaxınlaşdıqca Əsəd kişiyə elə gəldi ki, oğlu, deyəsən, gözlərini gizlətməyə çalışır. Astagəlliyin səbəbini tələm-tələsik yozmağa çalışdı; "Can bala, gör nə vatdı gəlməmişik, görməmişik. Ya bizdən inciyib, ya da kövrəlib! O da mənim kimi kövrəkdi, bilirəm. Yəqin, göz yaşını göstərmək istəmir.” Əsəd kişi daha da kövrəldi,  özünü güclə ələ aldı. Arxaya burulub, seyrəlmiş dişləri arasından:
-    Gələni tanıyırsanmı, ağız ?!– dedi və səsinin nazilməsindən üşünərək, özünü  bir az da toparlamağa çalışdı.
Arvadı cana gəlib, daldalandığı iri gövdəli ağacın arxasından, düz kişinin yanına hoppandı. Sonra da yaylığı cəld ağzına basıb, lal-dinməz dayandı. Deyəsən, yaşına yaraşmayan çəpikliyindən utanmışdı. Astadan; – Birdən, bizim gədə olmaz, ha, biyabır ollam! – dedi.
Əlif yaxınlaşanda, özünü nə qədər tox tutmağa çalışsa da, kövrəldiyini sezmək o qədər də çətin deyildi. Buna ağlamaq demək olmazdı, gözləri nəm olsa da, yanaqları quru idi. Anası onu birinci qucaqladı. Atasına isə, o özü sarmaşanda, kişinin göz yaşından bir neçə damcı onun çiyninə düşdü. Kişi nəsə demək istəyirdi, amma, qəhərdən dodaqlarının və çənəsinin əsməyi ona imkan vermədi. Yarım dəqiqə keçdi. Əsəd kişi oğlu və arvadı qarşısındakı bu aciz durumundan bir az da dilxor olub, çiyinlərini ata-ata, öskürə-öskürə bir daha özünü düzəltməyə çalışdı. Başını aşağı salıb, xırıltılı səslə; – Oğlum, yaxşı ki, sən məndən möhkəmsən. Sən həyatda məndən xeyli qabağa gedəcəksən. Görürsən, sən özünü saxlaya bildin, mənsə yox! – dedi.
-Necəsiniz ? – deyə, Əlif astadan, mülayım səslə soruşdu.
- Sağ ol, başına dönüm! Sən yaxşı ol, əsgəri xidmətdə olanlar yaxşı olsunlar. Bizə nə var, evdə oturub, şellənirik özümüzçün. Fikrimiz sənin yanında olmasa, heç bir dərdimiz yoxdu, ağrın alım! – atası kövrəkliyini uda-uda, dili açılmasından özü də ürəklənərək, (amma, yenə gözlərini gizlədə-gizlədə,) aramla, bir az da ona xas olmayan hündür səslə bu sözləri dedi.
Anası bir xeyli oğlunun üzünü, başını, kürəyini sığalladı. Bu sığal Əlifin lap ruhunu gizildətdi. Hərbi hissədən evlərinədək qaçıb getmək hərisliyi baş qaldırdı ürəyində. İçindəki bu istəyi güclə boğmağa çalışdı; " Hər halda, ən doğmalar indi yanımdadır ki!..”
-    Anan ölsün, onsüz da arığıydın. Bu dörd ayda da lap arıqlamısan, and içdiyin gündən bəri. Niyə beləsən, ədə? Yeməyi yaxşı vermirlər?
Anasının səsini Əlif elə bil öz həyətlərində eşidirdi. Ürəyi anasının səsinə səs verdi, bir az da bərk döyündü.
-    Yox, yemək yaxşıdır – dedi, – Yəqin, mən öyrəşə bilməmişəm. Ev yeməklərinin dadını vermir. Doyunca yeyə bilmirəm.
-    Anan ölsün!  Ev yeməkləri gətirmişik. Gedək, doyunca ye, ədə!
Əlif üçün bu doğmalıq, bu münasibət, uzaqlarda, evlərinin yanında tamam başqa dünyanın olmasını bir daha xatırlatdı. Yenə içi gizildədi. Ona elə gəldi ki, buradakı gündəlik hay-küy, qışqır-bağır, komandir, çavuş və "starik” əsgərlərin kobud davranışları, saysız-hesabsız söyüşlər bir dünyadadır, ata-anası ilə birgə kənddən gələn münasibət isə tamam başqa dünyada ; "Vətən bu qədərmi ucsuz-bucaqsızdır ki, bir tərəfində adamlar bu cürdürlər, başqa yerində tamam başqa cür?!  Biz axı, o qədər də böyük ölkədə deyilik.”
Girişin yaxınlığındakı görüş otaqlarından birində, nisbətən seyrəklik olanında, özlərinə yer eləyib, oturdular. Arvad süfrə açanadək, Əsəd kişi qeyri-ixtiyari başqa görüşənlərə də göz gəzdirdi. İçərilərində kövrələn, danışıb-gülən, övladına həsrətlə baxan kim, valideynlərinin, yaxınlarının yanında olmasından gözləri parlayan kim! Təzə paltar geymiş, kök, yumrusifət bir əsgərin atasıyla üzbəüz oturub, göz yaşlarını sel kimi axıtmağı, Əsəd kişini də az qala hönkür-hönkür ağladacaqdı! Özünü sıxıb, uşağın halına gülümsəməyə çalışsa da, sol yanağına axan yaşdan diksindi. Kənddəkən özünə söz vermişdi ki, övladının yanında heç vaxt kövrəlməyəcək. İndi isə, ürəyində özünü söyürdü; " Məni niyə belə zəif yaratmısan, Allah! Arvad-uşağın yanında biabır olmağım cəhənnəm, hələ uşağın da ürəyini xarab eləyib, kövrəldirəm!”
-    Ata, qonşumuz Səftər xaricə oxumağa getdi, eləmi?
Oğlunun qəfil sualı Əsədi fikirdən ayırıb, çaş-baş saldı. Gözlərini tez-tez qırpıb, ağzını açırdı ki, arvad ondan qabağa düşdü:
-    Hə, bala. Atanın fərasəti ucbatından imkan olmadı ki, səni də bir-iki otpravka saxlatdıraq, sənə xarici pasport alaq. Heç olmazsa, Türkiyəyə göndərərdik, gedib üç-dörd il oxuyardın. Bir az əməlləşərdin, canın bərkiyərdi. Sonra da gəlib əsgərliyini çəkərdin. Yoxsa, bu vəziyyətdə, stül uşağı gətir bu dağın, boranın, qarın içinə at ki,.. Səni əsgərliyə gətirənin də, göndərənin də… Atan, heç olmazsa, yaxşı bir yerə saldırmadı ki,… Yoxsa, bu dağın kəlləsinə, erməni gülləsinə…
Əlif gülərək, tez anasının sözünü kəsdi:
-    Necə dedin, ay ana? Dağın kəlləsinə, erməni gülləsinə… Sənin şairliyin də varıymış. Onda, dalını da qurraşdır, de gəlsin. Məsələn; Gəlib dağın kəlləsinə, erməni gülləsinə… Medallar yaraşır oğlumun sinəsinə.
-    Yox, bala, medal zad qalsın özlərinə. Bircə canın salamat olsun. Kış-kış bütün xəta-bəlalar səndən uzaq olsun, sənə gələn bizə gəlsin, ömrüm-günüm!..- anası yenə əlini təkrar-təkrar oğlunun başına çəkdi.
-    Bəli, bala. Sən bura gələnnən, anan mənim qabırğama belə şeirlərdən tez-tez təpitmə qoyur. Şeir qurraşdırmaqda, deyəsən, sən də ananın yolunu gedirsən, kopayoğlu!  – atasınin handan-hana dediyi bu sözə, ata-bala gülüşdülər. Amma, anasının bayaq hiddətlə danışdıqları Əlifin ürəyini gizildətsə də, atasının yamını vermək istəmədi:
-    Atam neyləsin, ay ana, kasıblığın üzü qara olsun. – Əlif, yenə sözlərdən nəsə qurraşdırıb, mövzunu dəyişmək istədisə də, anasının ötkəmliyi  meydan suladı:
-    Düzdü, bala… Kasıblığın üzü qara olsun! Günahkar kimdir?  Sən, mən, yoxsa?..  Bir düz əməlli maşın da götürüb işlədə bilmır. O qırıq maşının ora-burasını axşamacan qurdalamaqdan, döyəcləməkdən əl-ayağı gör nə gündədir. (Əsəd cadar-cadar olmuş, paralanmış qabarına mazut hopmuş barmaqlarını ovcunun içində gizlətdi.) Fərasət lazımdı, fərasət. Gərək bu günü əvvəldən görəydi. Hələ, qizlara cehizi haradan düzəldəcəyik?
-    Doğurdan, qızlar necədirlər? Bayaqdan çaşmışam, heç soruşmuram.- Əlifin iki bacısı vardı, onları soruşurdu.
-    Yaxşıdırlar, ömrüm-günüm. Onlar da gəlmək davası çəkirdilər. Amma, yol pulu dərdindən gətirəmmədik.
-    Yaxşı eləyib gətirməmisiz, ana. Bura qız yeri deyil, axı. Onsuz da, iki aya özüm məzuniyyətə gələcəm… Hər halda, mən Səftərdən yaxşı oxuyurdum, ana. Heyif, ikimiz də testdən kəsildik! – Əlif dərindən köks ötürdü.
-    Amma, o, xaricdə oxumağa getdi, bala. Dədəsinin fərasətindən… Bıy, ədə, dodağın niyə paralanıb? Olmaya, vurublar səni?! –anası diqqətlə gözlərini oğlunun sifətinə zillədi – Mənim gözüm yaxşı görmür. Gör, atan öyü tikilmiş görür bunları?! A kişi, uşağın dodaına bir bax!
-    Yox, şaxtadan çatlayıb, ana.
-    Şaxtadan çatlayana oxşamır, bala, əməlli açılıb! – anası gözünü lap onun dodağına yapışdırdı.
Oğlunun həvəssiz cavabından ata başa düşdü ki, bu şaxta yox, yumruq işidi. Həm də, Əlif əlini yuyub yeməyə oturanda, çırmanmış sağ qolundakı qançır yerinə gözü sataşmışdı. Uşağın iştahına mane olmamaq üçün, dinməmişdi! Amma, kişinin  içindəki hiddət anba-an artırdı. Həm də fikirləşirdi ki, arvadın gözü yaxşı ki, yaxşı görmür. Yoxsa, bunu da görsəydi, sorğu-sualla uşağa yeməyi haram edəcəkdi. Nəhayət, Əsəd də yeməkdən sonraya nəzərdə tutduğu sualları sonadək ürəyində saxlaya bilmədi:
-    Oğlum, kimsə səni vurursa, incidirsə, de, komandirə bir yolla çatdıraq. Təcili bir tədbir görsün. Belə şey olmaz, axı?! – ata dilxor-dilxor səsini azaltdı. San ki, oğluna dəyən yumruq, təpiyə görə özünü günahkar hiss etdi! Nəyəsə dodaqaltı deyindi, kimisə söydü.
-    Yox, ata, nə danışırsan? Əsgərliyin qaydasını sən bilmirsən, bəyəm? Biri kiminsə adını versə, o saat ona "suka” deyəcəklər. Komandir qarışıq, hamı ona pis baxacaq. Gecə yatanda da, gününü göy əskiyə bükəcəklər, o ki var döyəcəklər!
-    Yaxşı, bəs axırı noolsun? Siz vətəni ermənilərdən qorumağa gəlmisiniz, yoxsa, kiminsə təpik-şilləsini yeməyə?! Düşmən balası zad deyilsiniz ki? Belə iş olar? Mən indi sənin o peysəri yoğun komandirinin yanına gedərəm!
-    Yox, ata, sən nə danışırsan? Narahat olma, hər şey yaxşıdı. Cavanlıqdı da. Mübahisə edəni də olur, kəllə atanı da, yumryqla özünü göstərmıək istəyəni də…
-    Nəsə bir əncam fikirləşək, balası! Belə olmaz axı! Mən duyuram ki, səni vururlar. Mən ata kimi borcumu yerinə yetirib, sənə kömək etməliyəm, ya yox?!
-    Bəxtəvər o oğulun başına ki, sənin kimi atası var! Tez kömək eliyərsən! – arvad gözünün yaşını silə-silə dedi bu sözləri. Əsəd kişi lap hiddətlənib, yerində qabardı, istədi bütün hirsini töksün arvadın üstünə! Amma, oğluna və ətrafa baxdı, stol arxasında büzüşüb, lap yumağa döndü. Düyünlənmiş qaşları altından nifrətli və ölgün gözlərini hər tərəfə, hətta, göyə də gəzdirdi! Ani olaraq fikirləşdi ki, ətrafda heç kim olmasaydı, bu acizliyin, danlağın, oğluna qarşı köməksizliyinin müqabilində, heç olmazsa, özü-özünə möhkəm bir qapaz vurardı. Hələlik buna gücü çatardı!
-    Heç olmazsa, postda dayananda üşümürsən ki, ağrın alım? O dağın kəlləsində, soyuğun qabağında neyləyirsiniz, a bala?! – Əsədin səsi güclə eşidildi. San ki, qorxurdu ki, ətrafdakılardan biri qayıdıb rişxəndlə soruşar ki; "Üşüsə, köməyin dəyəcək, güya?”- Kaş, imkan verəydilər, sənin əvəzinə əsgər olub, o postda mən dayanardım, bala. Vallah, hamınızın əvəzinə gecə-gündüz duraram orda!.. Yaxşı yadıma düşdü, biz o vaxt əsgərlikdə postda duranda üşüməmək üçün üzümüzə mələfə dolayardıq. Çox yaxşı effekt verirdi, üşüməyimiz əvvəlki tək olmurdu. Siz də elə eləyin, ağrın alım. Adam üzündən daha çox üşüyər. Onda üşüməyəcəksiniz.- Əsədin  gözləri azca işıqlandı. San ki, bu kəşfinin Əlifin işinə yarayacağını təsəvvür edirdi.
-    Yun corab toxumuşam, dizlik zad gətirmişik. Geyinərsən, yaxşımı, qadan alım.- arvad Əsədin sözlərinin ardını gətirdi.
-    Qoymazlar, ay ana, ay ata, qoymazlar. Hamısını əlimdən alacaqlar. Aparın evdə qalsın.
Əlifin bu sözünə, hər ikisi əllərində çörək qırığı, ağızlarını açıb, maddım-maddım bir xeyli bir-birinin üzünə baxdılar.
Axşama yaxın ayrılanda nə Əsəd kişinin, nə də Tamam arvadın ayaqları yerimirdi. San ki, bayaqdan qorxa-qorxa baxdıqları o uzaqdakı qarlı dağın başına, oğlanlarının sabah qalxacağı nəzarət nöqtəsinə bir neçə dəfə dırmaşıb, geri qayıtmışdılar. Amma, uşaq onlardan xeyli qıvraq və ümidlə aralandı. Bəlkə də özünü belə göstərdi ki, ata-anası ürəyi sakit yola düşsünlər. Əlifin darvazadan o tərəfə keçməsiylə, dolaşan ayaqlarının tappıltısı Əsəd kişinin və Tamam arvadın ürəyində əks-səda verirdi. Əsəd, yanağından süzülən göz yaşlarının oğlundan ayrılmağamı, yoxsa, özünün əlindən heç bir köməklik gəlmədiyinəmi aid olduğunu ayırd edə bilmədi. Ürəyi darvazaya sarı dartındı. Oğlunun ardınca getmək istədi;  "- Noolardı, ay Allah, gözəgörünməz olardım. Xəlvətcə oğlumun dalınca gedərdim. Heç bir işə qarışmadan, heç kimə mane olmadan, sadəcə gecə-gündüz göz qoyardım. Bircə Əlifə tərəf yönələn yumruq, təpik və şaxtadan onu qoruya biləydim. Bundan artıq bu dünyadan heç nə istəmirəm. Axı, mənim övladım xeyirxah və təmiz uşaqdı. O, dünyanın və insanların belə naxələfliklərinə hansı günahına görə məruz qalmalıdır ki?! Bu dünyanın ədaləti harada gizlənib görəsən?.. Belə iş olar? İndi mən bu uşağa heç nədə bir misqal kömək edə bilmirəm. Bircə onu vuran oğraşın kim olduğunu bilsəydim!.. Papağın yerə girsin, ay Əsəd! Bir tifil uşağı sən qoruya bilmirsən, o isə vətəni qoruyur!..”
***
Oğlu Əlifin yanından gəldiyi bu on beş-on altı gündə Əsəd kişi, gəmisi dəryada batmış kimi görünür, heç nə üstündə hirslənir, bütün gününü, demək olar, maşının ora-burasını döyəcləməklə keçirirdi. San ki, hamının və hər şeyin heyfini bu siniq-salxaq yük maşınının canından çıxarmaq qəsdindəydi. Əvvəllər daş kimi yatan kişi, indi gecənin bir vaxtınacan çarpayısını cırıldadır, o tərəf-bu tərəfə çönür, hər çönəndə də dərindən köks ötürürdü. Sayıq yatan kiçik qızı Gülzar qapı arasından sezmişdi ki, atası gecələr hövlnak durub yerinin içində oturur, əllərini göyə tutaraq, nəsə pıçıldayır. Gülzar maraq dolu qulağını qapının arasına keçirib, bu sözləri də eşitmişdi; "Allah, sən özün kömək ol! Bilirsən ki, yaxşı uşaqdı. Biz ona heç nədə kömək ola bilmirik. Əlimdən bir şey gəlmir! Sən onun üstündə ol, xatadan, baladan, mərdimazardan, əclaflardan, onu vurmaq istəyənlərdən hifz elə!” Tamam arvad da o tərəfdən başını qaldırıb; " – A kişi, noolub?! Uşaq əsgər gedib, sən ondan betər əsgərlik çəkirsən. Öyü tikilmişin oğlu! Bir il qalır, da. Onu da yola verib, gələcək…” Əsəd kişi belə sözləri san ki, eşitmir, təzədən yerinə uzanıb, köks ötürürdü. Gündüzlər isə yeməyə oturanda, gözlərini aşağıya, bir nöqtəyə dikir, əllərini tez-tez ovuşdurur, qolları ilə qeyri-iradi hərəkətlər edirdi. San ki, öz aləmində, ogluna yumruq vurmaq istəyənlərin qarşısına çıxmağa hazırlaşırdı. Arvadı və qızları xeyli dilə tutandan sonra, Əsəd dilinə gətirmişdi ki, tək təsəllisi – maaş alan kimi dərhal uşağın yanına getməkdi. Görsün, uşağı bir az tez məzuniyyətə gətirə bilərmi. Lap, borc-xərclə də olsa…
Ayın sonuna az qalırdı. Əsəd kişi, çörək ağacı olan sınıq-salxaq yük maşınını həyətdə döyəcləyib, düzəldirdi. "Ay qoca köhlən,  (Əsəd maşınına belə səslənərdi.) bir-iki reys də səni işlədə bilsəm, uşağın yanına getməyə əlimdə bir şey olar. Haydı, heç olmazsa, sən insaflı ol, köməkçim ol.” – Fikirli-fikirli, həvəslə çəkici döyəcləyəndə, əlini vurub əzmişdi. Bu dəm qonşunun uşağı yüyürək gəldi ki:
-    Əsəd əmi, səni telefona çağırırlar.
-    Kimdi, a bala? – Əsəd əlinin əzilmiş yerinə motor yağı sürtə-sürtə, intizar və maraq dolu gözlərini uşağın ağzına dikdi.
-    Bilmirəm, bir kişidi. Deyir, Əsəd müəllimi telefona çağırın.
-    Əsəd müəllimi, ha! Məzən olsun, bala. Müəllim də olmuşuqmuş, xəbərimiz yox. – əlinin yağını və mazutunu yerdən götürdüyü kirli əski ilə silə-silə gülümsədi. Belini çətinliklə düzəldərək, evə tərəf tələsdi. Telefon dəstəyini götürəndə, səs tanış gəlsə də, kimliyini anşırda bilmədi.
-    Əsəd müəllim, necəsiniz?  (Deyəsən, salam vermək yadından çıxmışdı.) İşiniz-gücünüz necədir?
-    Çox sağ olun, minnətdaram!
-    Danışan voenkomdu, Kərimov. Balalar-zad necədirlər?
-    Hə, tanıdım, tanıdım! Nə yaxşı! Hə, siz necəsiniz, yoldaş voenkom? –Əsəd kişi, deyəsən özünü itirmişdi.
-    Çox sağ olun. Allah razı olsun. Əsəd müəllim, bilirsiz niyə narahat elədim…
-    Xoşdu-xoşdu! O nə sözdü, buyurun, buyurun! Sizin zənginiz bizə … – Əsədin boğazı quruduğundan sözünün dalı gəlmədi. Telefonun o başındakı isə aramla sözünə davam elədi;
-    Əsəd müəllim, sizin oğlunuz Əlif bir balaca yaralanıb. Qəhrəman, igid oğuldu, maşallah! İndi aparıblar qospitala. Arxanızca maşın göndərirəm. Elə yaxşı ki, evdəsiniz. Dedim, bir yerdə gedib baş çəkək, sizin qəhrəman oğlunuza. O təkcə sizin yox, hamımızın qəhrəmanıdır. Rayonumuzun fəxridir, maşallah! Bir yarım saata maşın orda, sizin qapıda olacaq. Gəlin, birgə gedək qospitala, qəhrəmanımıza baş çəkək.
Əsədin ürəyi əsdi! Dəstəyi yerinə qoyub, tez də təzədən qulağına qaytardı:
-    Yoldaş voenkom, qardaş..! – telefonda kəsik-kəsik qudok eşidilirdi.
Otağın içində, o baş-bu başa var-gəl etdi. Bilmirdi, ağlasın, yoxsa, sevinsin! Bir azdan oğlunu görəcəkdi! Amma, necə?! "Ay Allah, sən özün kömək ol. Elə bil ürəyimə dəmmışdı! Balamın yarası qurtarsın, evə gəlsin! Bir müddət qospitalda yatar, qış da keçər. Oradakı yaramazlardan da uzaq olar! Bildiyimə görə, qospitaldan sonra, evə, məzuniyyətə də buraxırlar. Aman, Allah! Yarası ağır olmasın! Görəsən, noolub, axı?! Mən də deyirəm, bu köpəyoğlu voenkom, məniynən niyə belə mehriban danışır! İki dəfə qəbuluna getdim ki, imkanım azdır, nəyə gücüm çatırsa verim, uşağı bu qış saxlasın. Heç adam kimi, üzümə də bir düz əməlli baxmadı… Vay dədə, vay! Uşaq yaralıdı!..” – Əsəd kişi bir az da evin içində var-gəl etdikdən sonra, indi də çölə çıxıb,içəri girməyə başladı. Birdən ağlı başına gəlirmiş kimi, yerində mıxlanıb, öz hərəkətlərinə təəccübləndi! "Bu qızlar, arvad hara cəhənnəm olublar, axı! Hanı mənim paltarlarlm? Neçə gündür, üzümü də qırxmamışam, görən çatdıra bilərəmmi? Əşi,cəhənnəm olsun! Qoy, əlimi-üzümü sada yuyum…”
Voenkom Əsədi çox səmimi qarşıladı. Əsəd kişiyə bayaqdan bəri elə gəlirdi ki; "Deyəsən, dünya dəyişib! Mənə, ya da oğluma vəzifə verməyiblər, axı! Bu voenkoma noolub görəsən?!”
Kərimov siqaretə aramla qüllab vura-vura, hərisliklə tüstünü içinə çəkir, həmin astagəlliklə də, nəsə ümumi bir şey haqqında danışırdı. Əsəd bir şey başa düşməsə də, diqqətlə qulaq asırdı. Birdən özünü toplayıb, iri gözlərlə Kərimova baxdı;” Bu əvvəlki Kərimov döyül, bəlkə! Vəzifə adamının adamla belə, həlim danışmağı necə xoşdur! Noolar, belə ola həmişə!..”
Bundan sonrakı hadisələr, – voenkomatın hörmət-izzətlə onu təzədən öz maşınına mindirməyi, arxa oturacaqda onunla yanaşı oturmağı, …, yenidən harasa getməkləri, – bütün bunlar Əsəd kişi üçün kino təsiri bağışlayırdı. Birdən ona elə gəldi ki, bəlkə bu olaylar o dünyada cərəyan edir! Özünü çimdiklədi! Qeyri-iradi əllərini yuxarı qaldıraraq, özünə möhkəm bir qapaz vurdu! "- Bəlkə mən ölmüşəm, bu hadisələrə ruhum yuxarıdan aşağı baxır!”
Əsəd kişinin evinin qənşərinə bütün kənd toplaşmışdı. Kənd adamlarından başqa, rayon mərkəzindən gəlmiş qalstuklu adamlar, bir neçə hərbi geyimlilər də vardı. Hətta, mərkəzdən, – televiziyadan da gəlib özünü çatdıran olmuşdu. Rəngi avazımış, maddım-maddım ona-buna, hərdən də izdihamın ortasında, bayrağa bükülmüş  uzunsov taxta yeşiyə baxan Əsəd kişinin qolundan ehmalca kimsə tutdu;
-    Toxdaq ol, Əsəd kişi! Sən axı həmişə mərdanə olmusan. Bu iş hamımızın başındadı. Televiziyadan da gəliblər. Toxdaq ol! İndi səni çəkəcəklər, bütün respublika baxacaq. Möhkəm olub, toxdaq sözlər danışmalısan. Başqa cür sənə yaraşmaz. Məsələn, deyinən ki, oğlumun vətən uğrunda şəhid olması ilə fəxr edirəm!
Əsəd kişi diksinib, qizarmış gözlərini qolundan tutub bu sözləri deyən bəstəboy,səliqəli geyimli kişiyə zillədi. Tanış gəlirdi.  Deyəsən, bələdiyyə nümayəndəsi idi. Kişi ehmalca Əsədin qolunu sıxıb, gözlərinin hərəkətilə irəli baxmasına işarə elədi. Əsəd irəli baxanda, ağzına yaxın olan mikrafonu gördü. Nəsə soruşdular. O da bir neçə söz, nəsə dedi. Amma, öz səsindən daha çox, evin içindəki uğultulu səslər arasında qızlarının və arvadının qışqırıq səslərini eşidirdi! Sonra, molla hamının sakit olmasını tələb və xahiş etdi. Başı qara papaqlı bu molla, mühüm bir öhdəlik yerinə yetirirmiş kimi, bayrağa bükülmüş cənazəyə şəstlə yaxınlaşdı. Ayaqlarını bir-birinə sürtərək, ayaqqabısını soyundu və qara corablı ayaqlarını təzədən ayaqqabının üstünə qoydu. Əllərini yuxarı qaldırıb, ağzını açmaq istəyirdi ki, rəngi avazımış Əsəd kişi irəli şığıyıb, ona məxsus olmayan sərbəst bir cəldliklə molladan bir az da qabaqda çöməlib, sağ əlini cənazənin üstə qoydu. Sol əlinin şəhadət barmağlnı yuxarı qaldıraraq, hündür səslə dedi:
-    Əziz oğlum! Mən səni heç yerdə, heç nədən və heç kimdən qoruya bilmədim! Nə əsgərlikdə səni döyənlərdən, nə erməni gülləsındən! Ata kimi günahkaram, özü də lap çox! – Əsəd kişinin bu yerdə səsi titrədi, bayaqdan ağlaya bilməyən kişidən əks-sədalı bir hönkürtü çıxdı! Bu anda məlum oldu ki, bütün ətrafa Əsədin səsindən başqa heç bir səs hakim deyil! San ki, o hamı qarşısında, eləcə də oğlu qarşısında öz ömür hesabatını verirdi. Ətrafdakıların bir çoxu bu səsi, əllərini gözlərinə aparmaqla, bəziləri isə, bu səsin təsirindən heykələ dönüb, yerində donmaqla qarşıladılar! – Bilirəm, sən məni bağışlayacaqsan! – Əsədin titrək səsi yenidən eşidildi. – Mən də mərhəmətliyəm.Amma, mən özümü bağışlamayacağam! Sən ürəyi təmiziydin, bir qönçə, boynubükük gül idin! Bir günahın yoxuydu, bu murdar dünyada, murdarlar arasında! Mənim bacarıqsızlığım, kasıblığım sənin başında çatladı! Mən də, başqaları da öz günahımızın cəzasını almalı olduğumuz halda, bizim əvəzimizə sən cəsalandın! İndi, o dünyaya necə, etibar eləyimmi?! Gələcəm, qadan alım! Atan ölməyib ki! Ata borcu boynumdadı!.. – Öz-özü ilə, dünyadakı hər şeylə döyüşə girmək görkəmi alan bu arıq kişini cənazədən güclə araladılar! Onun getdikcə cırlaşan və batmaqda olan səsini, mollanın gümrah səsi əvəz elədi.
Səhəri gün, lap o başdan, Əlifin təzəcə torpaqlanmış qəbri yanında bir qəbir yeri də qazırdılar. Deyəsən, Əsəd kişi, heç olmazsa, o dünyada oğlunun bir işinə yarayacağına, az da olsa nədəsə ona arxa, kömək olacağına, onu qoruyacağına, atalıq borcunu yerinə yetirəcəyinə inanmışdı!

Просмотров: 1715 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: