17.39.50 SOSİAL | |
![]() Belə bir deyim var bizdə - "olacağa çarə yoxdur", yaxud da həmişə deyirik, heç kim bədbəxt hadisədən sığortalanmayıb. Doğrudur, ancaq bizim indi bəhs edəcəyimiz məsələ sığorta anlamında deyilməyib, bu, o deməkdir ki, bədbəxt hadisə hamının başına gələ bilər. Bunün üçün də hadisələrdən minimum zərərlə çıxmaq üçün zamanında lazımlı tədbirlər görülməlidir. Mümkün olduğu qədər sığorta növlərindən istifadə etməli, mal-mülk olsun, həyat-can olsun, hamısı sığortalanmalıdır. Milli.Az xəbər portalı ölkəmizdə sığorta və qaydaları, ən əsası isə "həyat sığıortası" barədə araşdırmasını təqdim edir. Həyat sığortası nədir və vacibdirmi? Yaşamaq əvəzsiz bir nemətdir, həyat gözəldir, bunu üçünsə, insana öz həyatı - canının sağlamlığı lazımdır. Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta növüdür. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır. Bu sığortanı etdirənlərin məqsədi qəfil ölüm, qəza nəticəsində ölüm, xəstəlik nəticəsində ölüm kimi durumlarda geridə buraxdıqlarının çətinlik çəkməmələridir. Belə ki, həyat sığortası insanın qənaət edərək özünü və daşıdığı həyati risklər səbəbi ilə də sevdiklərini zəmanət altına alan sığorta növüdür. Azərbaycanda həyat sığortası sığorta bazarında təqribən 2 faizlik paya malikdir. Bu sığorta növü ilə 18 yaşına çatmış, əqli cəhətdən sağlam olan və qəyyumluqda olmayan hər bir şəxs öz həyatını sığorta etdirə bilər. Can sığortası bütün hallarda vacibdir. Bu bütün dünya ölkələrində inkişaf etmiş sığorta növüdür. Düzdür, bu zamanda insanlar daha çox mal-mülk, ev-maşın sığortalarına üstünlük verir. Amma daha vacib sığorta növü olan həm can sığortası, həm də tibbi sığorta etdirənlər də az deyil. Niyə həyat sığortası etməliyik? Sığorta şirkətləri ilə əlaqə saxladıq və həyat sığortasının şərtləri barədə məlumat aldıq. Əldə etdiyimiz məlumatlara əsaslanıb deyə bilərik ki, ölkəmizdə həyat sığortası iki formada gerçəkləşdirlir. Birincisi, müddətli sığorta, ikincisi qarışıq sığorta. Hər iki halda fərqli qaydalar tətbiq edilir. Əgər sığortalı həyatını qarışıq sığorta vasitəsi ilə sığortalatsa sığorta müddəti ərzində dünyasını dəyişərsə onun sığorta haqqı müqaviləsində göstərdiyi varisinə ödənilir. Yox, əgər sığorta müddəti ərzində sığortalının başına bədbəxt bir hadisə gəlməzsə müddətin sonunda məbləğ onun özünə ödənilir. Əgər siz həyatın müddətli sığortası proqramını seçsəniz, bu zaman sığorta məbləği sığorta olunan şəxsin sığorta müddəti ərzində həyatını dəyişməsi və ya əlillik qrupunun alınması halında faydalanan şəxsə ödənilir. Bu şəxs sığorta olunan, qanun üzrə vərəsə və ya müqavilədə göstərilən digər şəxs ola bilər. Bununla belə sığorta şirkəti tərəfindən ödənilən məbləğ əvvəlcədən ödənilmiş sığorta haqqından qat-qat yüksək olur. Bankda əmanət sərfəlidir, yoxsa həyat sığortası? Bir çoxları düşünə bilər ki, sığorta etdirmək yerinə həmin məbləği hansısa banka qoyub faizlərini almaq daha sərfəlidir. Əlbəttə, gələcəyini təminat altına almaq üçün pul vəsaitlərini bank hesabında da yığmaq və çoxaltmaq da mümkündür. Amma bu, doğru çözüm deyil. Çünki, bank depozit hesabından fərqli olaraq sığorta olunan şəxs ödənilmiş məbləğ və yığılmış faizlərdən başqa özünün vəfatı halında ailəsinin gələcək maliyyə təminatının əminliyini də əldə edir. Necə? Məsələn, siz müqavilə qüvvəyə mindiyi tarixdən yalnız iki ay ərzində sığorta haqqını ödəmişsiniz və bundan sonra sığorta hadisəsi, lap elə ölüm hadisəsi baş verib. Bu halda yenə də sığorta şirkəti tərəfindən sığorta məbləği həcmində ödəniş həyata keçirilir. Əgər siz bu pulları bank hesabına qoymuş olsaydınız sizin varisləriniz yalnız qoyduğunuz məbləği ala biləcəkdi. Kimlər həyatını sığortalada bilər? Ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərindən yalnız ikisinin həyat sığortası etmək üçün lisenziyası var. Bu şirkətlər "Atəşgah Sığorta” və "Qala Həyat” Sığorta Şirkətləridir. Ölkəmizdə bu sahədə ilk lisenziyaya malik olan "Atəşgah Sığorta” şirkətindən aldığımız məlumata görə, həyat sığortası etdirmək istəyənlər kateqoriya ilə sığortalanır. Belə ki, bu, sığortalının iş və statusu ilə əlaqəli bir prossesdir. Ölkəmizdə orta aylıq əmək haqqı 300 manat civarında olduğundan, sadə insanların həyat sığortası ilə maraqlandıq. Məlum oldu ki, orta aylıq əmək haqqı alan hər bir vətəndaş çox az bir məbləğə öz həyatını sığorta etdirə bilər. Həyat sığortası olunanlar yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə iki kateqoriyaya bölünür: fəhlə və qulluqçu heyəti. Fəhlə heyəti - məhsulun istehsalı, xidmətin həyata keçirilməsi ilə, həmçinin təmir, yüklərin daşınması, təmizlik, saxlama, mühafizə və digər bu kimi işlərlə birbaşa məşğul olan heyətdir. Qulluqçu heyəti- uyğun olaraq rəhbərlik, mütəxəssis və texniki icraçılara aid işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan heyət hesab olunur. Azərbaycanda can neçəyədir? Misal üçün, qulluqçu kateqoriyasında aylıq 300 manat əmək haqqı alan bir müəllim və ya bir həkim ildə 7 manat 20 qəpik ödəməklə öz həyatını sığorta etdirə bilər. Müqavilə əsasında həyata keçirilən sığorta prossesi bir illik nəzərdə tutulub. Sığortalı bir ildən sonra müqaviləsini yeniləyərək növbəti il üçün sığortalanmış olur. Əgər sığortalının başına sığorta müddəti ərzində bədbəxt hadisə gələrsə, onda onun əmək haqqının 10 və ya 12 misli miqdarında sığorta haqqı onun ailəsinə ödənilir. Yəni, sığorta şirkəti tərəfindən edilən ödənişin həcmi qanunvericiliyin qoyduğu qayda ilə hesablanır. Sığorta ödənişinin maksimal həddi işçinin bir illik əmək haqqı fondundan 10-12 dəfə çox ola bilər. Qısası, Azərbaycanda can sığortası olduqca sərfəli bir sahədir. Təsəvvür edin ki, ildə 7 manat 20 qəpik ödəyib həyatınızı sığortalatmaqla həm özünüzün, həm də doğmalarınızın gələcəyini təminat altına almış olursunuz. Ölkəmizdə "həyat sığortası”nın inkişaf etməməsinin səbəbləri Maraqlıdır ki, dünya ölkələrində sığorta ilə məşğul olan şirkətlərin əksəriyyəti, daha dəqiq desək, 65 faizi yalnız həyat sığortası ilə məşğul olur. Çünki bir çox halda can sığortası ayrıca sahə kimi dəyərləndirilir. Bunun bir səbəbi də odur ki, həyat sığortası olduqca gəlirli sahədir və şirkətlər də bu səbəbdən bu sığorta növünə üstünlük verirlər. Avropadasa bu tendensiya daha qabarıqdır, amma dünya ölkələrindən fərqli olaraq Azərbaycanda əhali "həyat sığortası”nı ciddi qiymətləndirmirlər. Ancaq ekspertlər hesab edir ki, yaxın vaxtda ölkəmizdə də can sığortası sığorta sahəsinin ən inkişaf etmiş növü olacaq. Sığorta sahəsinin ən əsas növü hesab edilən həyat sığortası ölkəmizdə hələ ki, istənilən səviyyəyə çatmayıb, insanlar bu sahədə bir az tənbəllik edirlər. Mütəxəssislər hesab edir ki, insanlar həyatlarını ən çox inamsızlıqdan sığortalatmırlar. İkinci halda işsizliklə bağlı olur. Həyat sığortasının gerçəkləşdirilməməsinin başqa səbəbləri də bu sığorta növündə kadr çatışmazlığı, təşviqat-təbliğat səviyyəsinin aşağı olması, sığortanın bu növünün idarə edilməsi peşəkarlığının zəif olmasıdır. Azərbaycanda bu xidmət növünün lazımı səviyyəyə çatdırılması üçün əsasən, ətraflı məlumatlandırma, sığorta universitetlərinin inkişaf etməsi, marketinq sisteminin inkişafı, bu növ üzrə kadr potensialının artımı, əhalinin marağı və s. vacib sayılır. İş yerlərində sığorta problemi Azərbaycan Respublikasının Əmək Məcəlləsində sığorta barədə kifayət qədər maddə yer alıb. Məcəllənin 225-ci maddəsində bildirilir ki, işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sığortası və şəxsi sığortası işəgötürən tərəfindən gerçəkləşdirilməlidir. Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər. Belə işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir. Amma sirr deyil ki, ölkəmizdə bir çox iş sahibləri, yəni, işəgötürənlər işçilərin savadsızlığından, məcburiyyətindən sığorta barədə heç bir addım atmırlar. Daha doğrusunu və daha dəqiqini desək, iş adamları və sahibkarlar bu məsələdə qanunları pozurlar. Bədbəxt hadisə zamanı isə sığorta olmadığından zərərçəkən şansı varsa, yaralanacaq, hansısa xəsarət alacaq və külli miqdarda xəstəxana xərci çıxacaq, ya da daha betəri, şansı yavər getməsə, xəsarətdən vəfat etsə, ailəsi çətin durumda qalacaq. Bildiyiniz kimi, bizim iş adamları və sahibkarlar təzminat vermək barədə də bir az "qalınqabırğalıdırlar”... Belə olduqda məsuliyyət işəgirənlərin boynuna düşür. Sığorta tələb etmək işçinin ən təbii haqqıdır və bu, təmin edilməlidir. Qeyd edək ki, sığorta haqqı işçinin məvacibindən tutulmur, bu haqqı işəgötürən ödəməlidir. Bu sahəyə vəsait sərf etmək istəməyən işəgötürənlər işçilərin sığortalanmasından yayınmağa çalışırlar. Həyat sığortası qədər vacib olan tibbi siğorta nə üçün lazımdır? Hər kəs həyatı boyunca sağlam yaşamaq istər təbii. Səhhətimizdə yaranan hər xırda problemi zamanında müayinə və müalicə etdirmək kimi bir adətimiz də yoxdur təəssüf ki. Bir çox halda laqeydlik edirik, bəzən də xəstəxana xərclərini ödəyə bilməməkdən qorxduğumuz üçün həkimdən-xəstəxanadan yan gəzirik. Ağır iş stressi, süni və transgen qidalar, ekoloji problemlər, yayılan infeksiyalar və bu kimi bir çox səbəbdən yolumuz istəmədən xəstəxanalara düşə bilər. Məlum məsələdir, sağlamlıq bahalı bir şeydir. Tibbi sığorta bu zaman əvəzedilməz imkandır. Tibbi sığorta fərdi və kollektiv şəkildə ola bilər. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində gözlənilmədən baş verən bədbəxt hadisə və meydana gələn xəstəliklər nəticəsində sığorta olunmuş şəxsin müalicəsi aparılmalıdır. Bunun xidmətə daxildir: təcili və təxirəsalınmaz tibbi yardım, stasionar xidmətlər, ambulator-poliklinika xidmətləri, stomatoloji xidmətlər, dərman təminatı, hamiləlik və doğum, o cümlədən profilaktik tədbirlər və s. Sığortalı sığorta xidmətlərindən asılı olaraq Azərbaycanın istənilən tibb ocağında, hətta xaricdə də müalicə oluna bilər. Lalə Mehralı | |
|
Всего комментариев: 0 | |