08.00.50
SOSIAL
Polismen, polismen saxlama məni!
Yarım məni gözləyir, qaytar açarları.
 
90-cı illərin məşhur "Karvan” qrupunun məşhur bir mahnısı var idi: "Polismen”. Elə o vaxt da yol polisi hörmətli idi, kimi istəsə saxlaya bilərdi, təbii ki, qanun çərçivəsində, daha kimi gəldi yox. İndi də yol polisi hörmətlidir, harda istəsə avtomobilləri saxlaya bilər, amma yenə də kimi gəldi yox. Sürücü və ya avtomobilin sahibi kiminsə gül balası da ola bilər, kiminsə gül məşuqəsi də, yəni şəxsi müğənnisi.
Bizdə axı belədir, pulun varsa, bir dənə müğənni seçirsən, ona mahnı zad yazdırıb, klip çəkdirirsən dünyanı sənə bağışlayır, sən də ona bir dənə vizitka, bir dənə də "zerkalnı” nömrə. Görən də bilir ki, yol mənim olsa da , haqq bunun tərəfindədir, təmizi odur yola verim getsin. İndi bu yola verən hansısa ziyalı, abırdan düşmək istəməyən sürücü də ola bilər, yol polisi də.
Düzdür, bəzi yol polisləri manıslar, sənət adamları yol-hərəkət qaydalarını pozanda sadəcə onların üzünə gülümsəməklə, ya da bir foto çəkdirməklə yola verirlər. Yeri gəlmişkən, gitaraçı Rəmiş "Ay Zaur” verilişində yol polisinin gözü qarşısında aşkar surətdə yol-hərəkət qaydasını pozsa da ona "gözün üstə qaşın var” deyən olmadı, özü də etiraf etdi ki, "mənə həmişə hörmət edirlər”. Əlbəttə, sənətkara hörmət lazımdır, amma yolda yox, öz evində, restoranda, nə bilim mədəniyyət sarayında. Və ya İradə İbrahimova avtomobil verilişlərinin birində etiraf etdi ki, onun və ailə üzvlərinin avtomobillərində həmişə eyni nömrə olur. Başa düşmək olmur, biz məgər feodalizm dövründəmi yaşayırıq ki, hər ailənin öz emblemi, öz nömrəsi olsun? Necə olur ki, bir insan ayrı-ayrı vaxtlarda 3 ədəd müxtəlif maşınlar alır, amma avtomobillərinin hər üçünün də nömrəsi olur 333. Belə nömrəli avtomobil almaq istəyəndə satan şəxs "bunun nömrəsinə 2000 manat vermişəm” deyir. Axı necə alınır belə nömrələr, dövlət rüsumu nə qədərdir, pulu hansı banka ödəmək lazımdır, məlum deyil. İndi adi bir vətəndaş da gedib avtomobil alsın və görək 001, 010, 777 və s. "zerkalnıy” deyilən nömrəni adi dövlət rüsumunu ödəməklə ala bilərmi? Xeyr. Çünki hər şeyin qiyməti var bu ölkədə. "Salam”ın qiyməti ayrıdır, "sağ ol”unku da ayrı.
Məsələn, xam sürücülərin bir çoxu deyir ki, "sürücülük vəsiqəsini 700 manata almışam”. Düzü buna inanmasam da qırmızıda hərəkət edib, yaşılda dayanan sürücüləri görəndə "sənə prava verənə lənət” deməkdən özümü saxlaya bilmirəm.
Elə yol polislərinin özləri də qaydaları az pozmurlar. İşıqforun qırmızı işığında dayanarkən hamıya nümunə göstərməli olan yol polisinin kobud qayda pozuntularını görəndə təəssüflənməmək, yol polisini hansısa məmurun balasının qabağında şirin dilini işə salan vəziyyətdə görəndə halına acımamaq olmur. Amma nədənsə yol polisimiz hərdən qeyri adi addımlar da atır.
Məsələn, bu günlərdə "Azadlıq” qəzetinin yazdığı informasiyaya görə, Səbayel rayonunda yol polisi avtomobili piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaran bir vətəndaşdan maşını səkidən aşağı endirməyi tələb edib və nəticədə nəsə insident yaranıb, saxlanılan şəxs bölməyə aparılıb və hətta onun sərxoş olduğu müəyyənləşib. Yayılan informasiyada həmin saxlanan şəxsin bölmədə səs-küy salaraq 1 saata yaxın iş rejimini pozduğu da qeyd edilib.
Əlbəttə, qanunlara əməl etmək vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın borcudur. Bütün bunların həqiqətə nə qədər uyğun olub olmadığı şübhəsiz ki, aparılan təhqiqatın nəticəsində mütləq məlum olacaq. Maraqlı cəhət budur ki, nə üçün xüsusi xidmət orqanı əməkdaşı haqqında informasiya dərhal mətbuata çıxır, onun idarə etdiyi avtomobilin nömrəsi hər kəsə məlum olur? Halbuki həmin şəxs haqqında ictimaiyyətdən qabaq işlədiyi orqanın müvafiq idarələrinə məlumat verilsə daha yaxşı olardı. İctimai və ya yol-hərəkət qaydasını pozubsa vətəndaşı onsuz da istənilən vaxt cəzalandırmaq mümkün idi, daha bu boyda əks-səda doğuran informasiyaya nə ehtiyac vardı? Ümumiyyətlə, xüsusi xidmət əməkdaşını kim harda gəldi saxlaya bilərmi? Polis bölmələrindən adicə oğurluq hadisələri barədə informasiya almaq müşkülə çevrildiyi bir vaxtda bu cür xəbərin incəliyinə qədər tez mətbuata yol tapması həqiqətən maraqlıdır. Səkidə avtomobil saxlamaq qayda pozuntusudur, amma belə qayda pozuntusu o qədərdir ki, heç bilmirəm hansını qeyd edim. Məsələn, Bakı Dövlət Universitetinin qarşısında, yaxud 20 Yanvar metrosu, 3-cü mikrorayon dairəsi, elə Səbayel rayonunun özündə kifayət qədər qayda pozuntusu qeydə almaq olar, yol boyu düzülən taksilərin hərəkətə necə mane olduğu, avtobusların sərnişin daşıma qaydalarını pozması, avtobuslarda əlavə oturacaqların quraşdırılması, harda gəldi dayanıb sərnişin götürməsi və ya düşürməsinə də nəzarət etmək və tədbir görmək üçün yol polisinin bildiyimə görə kifayət qədər səlahiyyəti var. Amma bu səlahiyyətdən niyə istifadə etmir, BDU-nun qarşısında məmur balalarının avtomobilləri necə gəldi saxlamasına qarşı tədbir görmür anlamaq olmur.
Youtube-də avtoxuliqanlıq edən gül balalara aid kifayət qədər videoroliklər var, bax onların da sərxoşluq dərəcəsini yoxlamaq əla olardı. Hələ mart ayında DYP-nın rəsmi saytında getmiş bir səhv haqqında fikirlərimi "Adi səhv, yoxsa?” adlı yazımda qeyd etsəm də indiyə kimi həmin texniki səhv aradan qaldırılmayıb. Müğənnilər hələ də efirdə "sağ olsun yol polisləri biz tədbirə tələsəndə, avtomobili sürətlə sürəndə yola verirlər”deməkdən usanmırlar. Həmin yola verən yol polisinə deyən lazımdır ki, sənin işin fonoqram oxuyub göbəyini göstərən müğənniciyi yola vermək yox, yollarda hərəkətin təhlükəsizliyinə nəzarət etməkdir, çünki o müğənnicikləri onsuz da yola verənlər var. Amma kim desin? Plyonkaların sökülməsi kimi zerkalniy nömrələrin, sürücülük vəsiqələrinin verilməsindəki qaranlıq məqamlara da gərək Prezident müdaxilə etsin ki, onda qanun yada düşsün?! TURAL.DILQEMOGLU
Просмотров: 865 | Добавил: afgan73 | Рейтинг: 5.0/2
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: