00.48.21 YADDAŞ | |
![]() DİLQƏM SƏSLƏYƏN…
Əkbər QOŞALI
(Sazbənd XUDUnun – Xudaverdi Yusif oğlu Mahmudovun 80 illiyinə)
Saz bizim ruhumuzun tərcümanı, sevincimizi bölüşüb çoxaldan, dərdimizi bölüşüb azaldan ruh qardaşımız, ilahi qaynaqlı varlıq, üz tutduğumuz doğma ünvandır! Sazla uğraşan, Sazla qardaş olan, Sazla dil tapmağı bacaran, Saza dərdini, sevincini çatdıra bilən insan nə yığvallı insandır, İlahi! Məndən – gücü Sazı …yalnız duymağı bacaran birindən ötrü Saz çalmağı bacaran, hələ-hələ Saz düzəltməyi bacaran bir insan çox qiymətlidir! Mən yalnız Sazın dediklərinə qulaq verə, ürək verə, ruh verə bilərəm! Ancaq öz iç yaşantılarımı, öz istəklərimi özüm saza anlada, Anadolular demiş, axtara bilmirəm. (Axtara bilmirəm, amma özümə təsəlli verirəm ki, yox, mən nə vaxtsa, mütləq saz çalmağı öyrənəcəyəm. Sazı dilləndirə billmirəmsə bu, işin həmişəlik belə olacağına dəlalət etmir, bu, hələlik deyə biləcəyimiz bir haldır!..) Umudum ancaq qızıl barmaqlara, həmdərdlərimə çatır; onlar – mənimlə eyni kodu paylaşan insanlar nə çalır, nə oxuyurlarsa onda özümə gəlirəm ( - bəlkə də bu "özünə gəlmək yox, özündən getməkdir"...). Ustadlar, ulular mənim kimi – saz çala bilməyənlər, sazı dinləyib, ancaq sazı dinlədə (dilləndirə) bilməyənlər üçün "Ruhani” yaradıb, "Kərəm”i çağırıb, "Dilqəmi” səsləyiblər.
Deyir: Yolunu azarsan, yol səni səslər,
Nəsə itirərsən ol səni səslər, Hər səsi çevirib söz etmək olmur, Qəlb kədəri gəzər, dil qəmi səslər. Eyni yerdən gəlir, başqadı adı,
Başqadı səs dadı, başqa söz dadı, Səslərin gözəli qara sazdadı, Kərəmi çağırar, Dilqəmi səslər. Deyir, səs ölməyir, deyir, söz ölmur,
Bəs öləndən sonra nə üçün gəlmir? Gəlməyinə gəlir, e, eşidilməyir, Yoxsa, keçəmməyir kəfəni səslər?!. Əslində şeirin "möhür sual”ı ritorikdir. Səsin əzəli, əbədi mahiyyəti, qarşısıalınmazlıq siqləti gün kimi aydındır. * * *
Sazda bin-bərəkət var, xeyir-dua var. Ağız şirinliyi, könül qidası Sazdadır. Evində Saz saxlamaq türkə bir borc olsa gərək! Oysa, saz düzəltməyi bacarmaq, quruyub qaxacı çıxmış tut ağacına, bir-iki qulac simə, İlahi bir sığalla Saz olmaq ömrü bəxş edən nə bəxtəvər insandır, Tanrım! Deyirəm, bu dünyanın ilk sazı ya qaibdən gəlib, ya da onu düzəldən insan ilahi tapşırığı yerinə yetirib. Əgər bu iki hal doğru deyilsə, o zaman, ilk sazı düzəldən ulu kişinin yeri ucmaqdır, yəni cənnət! Və onun ulu yolunu davam etdirənlər də eləcə! * * * Sazbənd Xudu! Bu adı ta uşaqlığımdan bəri eşidirdim. Həmişə də sirli-sehirli bir mənəvi ünvan kimi gəlirdi mənə. Mən yeri ucmaq (cənnət) olan kişini nə üzbəsurət görmüşəm, nə də şəklinə, videosuna baxmışam. Ancaq onu elə təsəvvür edirəm, elə təsəvvür edirəm, deyim, bəlkə də rəhmətliyi görüb də duya bilməyənlərdən, tanıyıb da, tanıya bilməyənlərdən fərqli, əməlli-başlı tanıyıram da… Çünki Sazı tanıyıram! Çünki kökləndiyi ruhu tanıyıram! Çünki, Yolunu, İşığını, Ürəyini tanıyıram! Dediyim kimi, Sazbənd Xudunu görməmişəm. Amma məndən onu təsvir etmək, daxili aləmi haqqında danışmaq tələb olunsa, onu görənlərdən, tanıyanlardan zəif danışmayacağıma, heç də onlardan az bilgi verməyəcəyimə əminəm. Əminəm ki, o, üzü nurlu, pirani, simmetirik sifət quruluşuna malik, nə elə bəstəboy yox, nə elə hündürboy yox, mütənasib boylu, mütənasib biçimli, kəsmə çiyinli; xarakteri üzünə çıxmış (vurmuş!) bir insan olub. Mənim görməyə-görməyə, tanış olmaya-olmaya görüb, tanıdığım Sazbənd Xudu çiçək kimi kövrək, qaya kimi sərt olub! Mənim tanımadığım tanıdığım Xudu kişi bəyəfəndi bir kişi olub! Mənim görmədiyim gördüyüm Xudu kişi sevinci bölüb çoxaldan, dərdi bölüb azaldan; uşaqnan uşaq, böyüknən böyük olan ağsaqqal olub. O, bu dünyaya, olaylara, münasibətlərə harmoniya ölçüləri ilə baxırdı – buna inanıram. İnanıram ki, onun evi qonaq-qaralı olub. (Yenədəlik olmasın, bu dediklərimdə niyə belə əminəm, bilirsizmi? – Yəni deyərsiz ki, hər sazbənd haqqındamı belə danışıram, görəsən? - Deyim, mən sazbəndi görməsəm də onun ömür verdiyi Sazları görmüşəm; onun özünü eşitməsəm də Sazının səsini eşitmişəm. Onun Sazı bir başqa Sazdır! Aşığı hələ doğulmamış Sazların başına.) * * * Bu ağırtaxtalı türk kişisi, öz zəhmətinin də qiymətini yaxşı bilirdi, yaxşılıq etməyin qiymətini də! Onun daxili aləmində odqoruyuculuq da, şamanlıq da; hər üç səmavi kitabın buyruqları da, …elə süxurlaşmış, elə şəkillənmişdi ki, o danışmaqdan çox dinləməyi (öz əlindən çıxmış Sazla!); Sözdən çox, Səsi; ifadan çox, Saz düzəltməyi inersik bir qüvvə ilə, necə deyim, özümləşdirmişdi… "Ruhun şad olsun!” deyəcəkdim, dərhal fikirləşdim, hər saz çalındığı gün onun ruhunun şad olduğu gündür! Hər yeni Sazın doğulduğu gün onun ruhunun şad olduğu gündür! Odur ki, dünyaya üz tutdum, dedim, dünya, səndən Saz və Saz Səsi əskik olmasın! BAKI, iyun-2010
| |
|
Всего комментариев: 2 | |||
| |||