14.44.18
Armanın ölümü (Hekayə)

Zəka Vilayətoğlu 

Armanın ölümü (Hekayə) 


-Neçə günlüyə gəlmisən, Armancan?- erməni əsgəri Armanın anası Dinora oğlunun üz-gözündən öpüb sevincək soruşdu.
 -Bir həftəlik icazə veriblər, – Arman dedi.
-Hər dəfə atışma xəbərini eşidəndə ürəyim ayaqlarım altına düşürdü. Qulağım, gözlərim televiziyadan verilən xəbərlərdə qalırdı. Öldürülən əsgərlərimizin adı sadalandıqca yüz dəfə ölüb-dirilirdim. Qoymadılar adam balası kimi ömür sürək. Heyif ötən illərimizdən. Gərək atan mənə rast gəlməyəydi. O, Tbilisiyə gəldiyi gün, bizim bax, bu intizarlı, ağrı-acılı, qorxu-hürkülü günlərimizin təməli qoyulurmuş, sən demə.
Atam ağıllı adam idi ki, vaxtında baş götürüb Tbilisiyə köçmüşdü. Onsuz da biz, əslinə qalanda xalis erməni deyilik. Atamın da anası gürcü qızıdır, mənim də. Bəlkə də atamın da gürcü qızıyla evlənməsində səbəbkar anamdır. Kəsəsi, biz nə erməniyik, nə də gürcü. Hələ atan… Atanın da anası rusdur. Ona görə də bu dava-dalaşın, müharibənin bizə heç bir aidiyyəti olmamalıdır.
 -Hə. Belə çıxır ki, biz kokteyl kimi bir şeyik! – Arman gülə-gülə dilləndi.-Hə. Elə bir şeydir.
 -Müharibənin qurtarmasına ümid yoxdur, ana. Bizimkilər onsuz da xof içindədirlər. İrana, Rusiyaya arxayındırlar. Onların təsiri, köməyi, həvəsləndirməsi olmasa, inan ki, rəhbərlərimizdən tutmuş hamımız silahı yerə qoyub, türklərlə barışıq edər, biri-birimizin boynuna sarılar, yenidən dostlaşar, qardaşlaşarıq.
-İnanıram, Armancan. Amma bizim qan-qada, ölüb-öldürmək arzusuyla yaşayan hərislərimiz, murdarlarımız imkan vermirlər axı. Deyən, başa salan gərəkdir ki, ay donuz, "torpaq”, "Qarabağ” deyib nə özünü öldürürsən, onsuz da öləndə payına bir məzarlıq torpaqdan başqa heç nə düşən deyil… O da düşsə.
 -Asta danış, ana, eşidən olar, – Arman ehtiyatla dilləndi.
Dinoranın atası Gürcüstana köçüb orada məskunlaşdıqdan az sonra pasportunu dəyişdirmiş, erməni soyadını gürcü soyadı ilə əvəzləmişdi. Sonra da Tbilisidə balaca bir kafedə aşpaz kimi fəaliyyətə başlamışdı. Bişirdiyi gürcü xəngəlinin, kupatinin dadından doymaq olmurdu. Hətta bu dadlı xörəklərin dadından ləzzət almaq üçün Ermənistandan dəfələrlə dost-tanışları onun yanına gəlir, bəs deyincə yeyib-içir, keflənirdilər. Daha bir gün bu həvəslə gələn erməni dostlarından biri öz yeniyetmə oğlunu da özüylə gətirmişdi. Bir neçə gün Dinoragildə qonaq qalmışdılar. O gündən də həmin dostunun oğlu Dinoranı görüb aşiq olmuşdu. Dinora da oğlana vurulmuşdu və bircə il sonra toyları olmuşdu. O vaxtdan da Dinora Ermənistana-bu dağ kəndinə gəlin köçmüşdü.
-Necədir, orda sizə yaxşı baxırlar, ya yox?.. Gözlərim görə-görə soruşuram da, mənim ağlıma bax eeee… Səni mən bu görkəmdə yola salmamışdım axı! Gör bir, nə kökə düşmüsən! Burdan gedəndə yanaqların qıpqırmızı çuğundur kimiydi. İndi bir dəri, bir sümük qalmısan.
-Ana, vəziyyət çox ağırdır. Orduda ərzaq çatışmazlığı var. Xalqdan çox şeyi gizlədirlər. Əsgərlərimizdən Azərbaycan tərəfinə könüllü keçənlər var. Bezmişəm. Komandirlər, bizdən yaşlı əsgərlər bizi çox incidirlər. Kimin ki, imkanı var rüşvət verib oğullarını hərbidən ömürlük azad etdirib. Belə getsə, biz orda çürüməli olacağıq.
-Darıxma, Armancan, altı ay birtəhər dözmüsən, bundan sonrasını da Allah özü xeyirli eləsin! Onsuz da dözməkdən başqa çarəmiz yoxdur!-Dinora oğlu üçün çay-çörək hazırlaya-hazırlaya dilləndi.
-Atamdan nə xəbər?-Arman soruşdu.

-Bu gün zəng etmişdi. İki-üç günə gəlməlidir. Rusiyada da qazanc yoxdur deyir. Var ee, amma deyir, pul tikintidədir, o da çox ağırdır. Gərək çiynində əlli kiloluq sement kisəsini dördüncü, beşinci mərtəbəyə qaldırasan. Çarəmiz nədir, deyir, qaldırırıq, ondan sonra da gecə səhərəcən bədənimizin hər yeri gizildəyir… Yoxdur dəəə, Allah bu yeri xaraba qoyub, xeyir-bərəkət çəkilib göyə. Burda dolanışığımız yaxşı olsaydı, atanın Rusiyada nə işi vardı… O gün atamla danışdım. Deyir: Tbilisidə də dolanışıq yaxşı deyil. Adamlar yoxsulluqdan əziyyət çəkir. Noolsun, deyir, düzlük, demokratiya, qanun-qayda var, amma pul yoxdur. Bir də deyir, gürcü qonşumuz bir neçə gün öncə Bakıya getmişdi. Qayıdanda heyrətdən gözləri bərəlmişdi. Deyirmiş, guya Bakı gözəllikdə Pariji ötüb. Hər yanda gözəl binalar tikilib, küçələr, parklar salınıb. Şəhər, gecələr çil-çırağa qərq olur, baxanda heyrətdən adamın ağzı açıla qalır, hələ musiqili fəvvarələr!.. Adamlar da, deyir keflə yaşayırlar. Hərənin də altında bir xarici maşın. Şəhərdə, deyir, gözünə nadir hallarda sovet-rus maşını dəyər. Azərbaycan, deyir elə sürətlə inkişaf edir ki, heç elə bil Ermənistanla müharibə aparan ölkə bu deyil. Allah istəyir də türkləri. İstəməsəydi o boyda təbii sərvətləri verməzdi ki, Azərbaycana… Kül bizimkilərin ağlına, anlamaq istəmirlər ki, Allahın istədiyi, sevdiyi bir kəsə, bir ölkəyə pislik etmək, göyə daş atmaq kimi bir şeydir… Kaş biz də türk doğulaydıq. Azərbaycan kimi vətənimiz olaydı! – Dinora köks ötürdü. Türklər dostluğa çox sadiqdirlər. Atamın, bilirsən nə qədər türk dostları vardı?!.. Gürcüstanda türklər də çoxdur. İndinin özündə atamla əlaqələri var. Görüşürlər, yeyib-içirlər. Əslində onlar atamı bir gürcü zənn edirlər. Erməniliyini bilsələr belə, inanmıram ki, dostluğa dönük çıxsınlar.
Anası danışır, Arman acgözlüklə, iştaha ilə onun süfrəyə düzdüyü yeməklərdən yeyir, özünə gəlirdi. Bu altı ay ərzində hansı çətinliklərə, aclığa-susuzluğa tabladığını yaxşı bilirdi. Çox şeyləri anasına açıb deməyi kişiliyinə sığışdırmırdı da. Yaxın keçmişdə baş verən dəhşətli hadisə onu lap sarsıtmışdı. Hərbidə baş verən dedovşina gənc əsgərləri cana doyurmuşdu. Cana doyan bir əsgər iki əsgər yoldaşını güllələyib öldürmüş, sonra bıçağını çıxararaq, öldürdüyü əsgərlərin cinsiyyət orqanlarını dibindən üzərək, onların qapanmış çənələrini, elə həmin bıçaqla ayırıb öz ağızlarına soxmuşdu. Sonradan məlum olmuşdu ki, həmin öldürülmüş əsgərlər, onları öldürən bu əsgəri xəlvətdə zorlayıb alçaldıblarmış…
 Arman da cana doymuşdu. Onu bu cür alçaltmasalar da, tez-tez təhqir edir, döyür, incidir, bəzən yeməyini də əlindən alıb yeyirdilər. Çoxdan əsir götürülmüş və illərdir ki, işgəncələr içərisində yaşatdıqları türk əsgərinin başına gətirilən müsibətlər Armanın göz yaddaşında, şüurunda dərin yaralar açmışdı. Özlüyündə qət etmişdi ki, onun mənsub olduğu erməni xalqı vəhşidən də vəhşidir.
Türk əsgərini o ki var döyür, incidirdilər. Halsız, taqətsiz düşüb bayılaraq, yerə sərilmiş zavallının üz-gözünü murdarlayır, sonda buz kimi soyuq suyu sifətinə çırpıb ayıldırdır, yenidən əzab verirdilər. Sonuncu dəfə əzablara tablamayıb bayılan əsiri daha ayıltmaq mümkün olmamışdı. O, ölmüşdü… Bu cür acı bir aqibəti özünün də yaşaya biləcəyi ehtimalı gecələr Armanın yuxusunu qaçırırdı. Hey bu haqda düşünürdü, görəsən, bir gün əsir düşəsi olsa, türklər də onun başına bu cür alçaq oyunları açardılarmı?.. Hərdən dəlicəsinə bir istək keçirdi könlündən-dağları, dərələri aşıb könüllü halda türklərə təslim olmaq, birdəfəlik ermənilərdən və ermənilikdən yaxa qurtarmaq istəyi. Amma qorxurdu. Türklərə də inana bilmirdi. Birdən türklər, onun güman etdiyi kimi humanist, rəhmli olmadılar, onda necə olsun?.. Qəfil bıçağı siyirib, qoyun başı kimi onun başını bədənindən üzsələr?!.. Bunları düşündükcə dəhşətə gəlirdi.
… Bir həftə sonra anası Dinora Armanın çantasına suda soyutma bişirilmiş bütöv bir hünduşka, bir neçə tərtəzə kürə çörəyi, pendir, donuz salası, bir neçə kilo kartof, bir litr meyvə arağı (əri həmişə cürbəcür meyvələrdən özləri və istəkli qonaları üçün araq hazırlayırdı)bir neçə qutu da siqaret qoydu.
Arman özü çəkən olmasa da, siqareti əsgər yoldaşlarına, arağı da komandirə verəcəkdi.
 Çörəkləri Dinora öz kürələrində təzəcə bişirmişdi. Təzə çörəyin xoş ətri adamı lap uzaqdan vurur, məst edirdi. Əsgər çantasından belə çörək ətri ətrafa yayılırdı.
Oğlunu göz yaşları içərisində yola saldı Dinora. Arman anasının yaşlı gözlərinə baxa-baxa özü də kövrəldi və yola düzəldi. Gözdən itənəcən tez-tez dönüb arxaya baxdı. Kənddən çıxıb aramla hərbi hissələrinin yerləşdiyi uca dağlara doğru səmt götürdü. Az keçmiş, dərələrdən qalxan qas-qatı duman hər yanı bürüdü. Bir addım irəlini seçib bələdləmək mümkün deyildi. Get-gedə irəliləmək çətinləşirdi. Çiynindəki ağır çanta da anbaan ağırlaşır, Armanın arıq, cılız bədənini heydən salırdı.
Çox çətinliklə bir kilometrə yaxın yol getdi. Dumanda hara, hansı səmtə getdiyinin, artıq fərqində deyildi. Gedirdi. Hara gedib çıxacaqdı, bir Allah bilirdi. Onu aparan öz qismətiydi: xoşbəxtliyəmi, acı bir ölümün görüşünəmi, düşmən üstünəmi-bilmirdi. Bir bildiyi o idi ki, zirvəyə-dağların başına doğru qalxır. Qatı dumanın çəkilməsini, seyrəlməsini arzulasa da bu arzusu gerçəkləşənə oxşamırdı. Getdikcə xoflanırdı. İçini bu qatı duman kimi bürüyən qara-qorxunun, şübhələrin təsirindən ayaqları keyləşirdi. Qorxulu düşüncələr biri-birini əvəzləyirdi: "Birdən yolu azıb türklərin postuna gedib çıxsa,.. görəsən, aqibəti necə olacaq o zaman?..”
Allaha ümidlə irəliləyirdi. Qəfildən yad dildə "Tərpənmə!” sözünü eşitdi. Qorxu, vahimə içərisində səs gələn tərəfə baxdı. Kimsəni görmədi. Səs bir də eşidildi. O, dayandığı yerə mıxlanıb qaldı. Dumanı yarıb çıxan avtomat lüləsini görüncə, qorxudan əsib-titrəməyə başladı. Az sonra iki türk əsgəri onunla üz-üzə dayandı. Biri o birinə "İt oğlu dumanda azana oxşayır” – dedi. O biri əsgərsə: "Bilmək olmaz. Bunlar yalquzaq kimi dumanda, çəndə hücuma keçirlər!”-dedi.
Arman bir şey anlamadı və əllərini qaldırıb yalvardı, aman dilədi. Nə demək istədiyini anlamayan türk əsgərləri onun, sadəcə yalvardığını hiss etdilər və yenə də onlardan biri "Yeri, orda anlaşarıq!”-deyərək, avtomatın lüləsini Armanın kürəyinə dayadı. Arman titrəyə-titrəyə göstərilən istiqamətdə irəlilədi. Bir qədər sonra Azərbaycan hərbi qüvvələrinin yerləşdiyi hissəyə gəlib çıxdılar.
Armanı komandirin hüzuruna gətirdilər. Sorğu-sual başlandı. Tərcüməçi komandirin sorularını Armana anlatdı: "Bizim tərəflərə gəlməkdə məqsədin nədir?.. Hardan, kimlər tərəfindən göndərilmisən?.. Düzünü desən, səni incitməyəcəyik!..”.
Əsgərlərdən bir neçəsi Armana qanlı-qanlı baxırdı. Bunu Arman özü də görürdü. Amma mərhəmət hissi, yaranışdan üzlərinin ən gözəl ifadəsi olanlar da az deyildi və elə komandirin özü də bu adamlardan idi.

Arman birtəhər özünü ələ alıb, qəfil ağlına gələnləri komandirə söylədi: "Məni bura-sizin yanınıza komandirimiz Ovanes Marqaryan göndərdi… Bu çantadakı ərzaq şeylərini də onun əmri ilə sizə gətirmişəm. Bu gün komandirimizin ad günüdür…”
Tərcüməçi deyilənləri türk komandirinə anladınca komandir, Armana çantasını açmaq üçün icazə verdi.
 Arman həyəcanla, yenə də əlləri, barmaqları titrəyə-titrəyə çantasını açıb, içərisindən əvvəlcə, hələ tam soyumamış təzə, ətrili kürə çörəklərini, qəşəng bişmiş bütöv hinduşkanı, bir litr meyvə arağını və digər şeyləri bir-bir çıxarıb komandirin qarşısına qoydu.
Komandir maraqla, təəccüblə Armana və çantadan çıxardıqlarına baxıb istehzayla gülümsədi və soruşdu:
-Tutaq ki, söylədiklərin doğrudur,.. yaxşı, inandıq. Komandiriniz bununla nə demək istəyir?
 -O söylədi ki, biz dostluğun tərəfdarıyıq. Heç olmasa bircə günlük düşmənliyimizi unudaq, birlikdə olmasa da, dağın o üzündə biz, bu üzündə də siz, bu dostluğun şərəfinə yeyib-içək!-Armanın sürətlə işləyən ağlı onu yenə də məəttəl qoymadı.
Komandir, zəhərli olub-olmayacağından öncə təzə bişirilmiş və hələ də gözəl ətri, qoxusu üstündən getməmiş çörəyə, müqəddəs nemətə baxdı. Bu müqəddəs nemətin müqəddəsliyi qarşısında əriyib mum tək yumşaldı. "Çörək Qurandan irəlidir” deyimini xatırladı. Sanki qarşısındakı təkcə çörək deyil, anası idi, vətəni, torpağı, eli-obası idi. Bu boyda müqəddəslikdən sonra neyləyəcəyini, nə deyəcəyini əvvəl-əvvəl kəsdirə bilmədi. Sonra arıq, cələfsiz, üz-gözündən heç də əzazil, qaniçən bir erməni faşistinə, erməni daşnağına bənzəməyən Armana baxdı. Nəhayət, əsgərlərdən bir neçəsini yanına çağırıb, Armanı gətirdikləri kimi də aparıb öz ermənilərinə tərəf ötürmələrini, insanlıq, ədalət, mərhəmət hissləri naminə barmaqlarının ucuyla olsun belə ona toxunmamalarını tapşırdı.
Erməni hərbi qüvvələrinin yerləşdiyi hissəyə az qalmış türk əsgərləri Armanı sərbəst buraxıb geriyə qayıtdılar.
 Arman bir qayanın başında oturub, sevincdən, həyəcandan sinəsində duruş gətirməyən ürəyinin üstə qoydu əlini. Sanki, ağlayan bir körpəni ovudurmuş kimi ürəyini tumarlayıb, ovutmaq, sakitləşdirmək istəyirdi. Ürəyi sinəsinə sığmırdı. Arman ağlayırdı. Hıçqırıqlar, hönkürtülər də sakitləşdirmirdi onu. Ürəyindəki sevinc yüz dərəcə istidə poqqurhapoqqur qaynayan su, çaydanın qapağını atıb-tutduğu kimi, onun ürəyini, bütün bədənini atıb-tuturdu.
Arman, Türkün böyüklüyünə, rəhminə, mərhəmətinə səcdə qılmaq, bu böyüklük, əzəmət qarşısında dönə-dönə əyilmək, təzədən geriyə qayıdaraq, onlara təslim olmaq, "mən də sizlərdənəm, məni də türklüyə qəbul edin, mən nifrət edirəm ermənilərə də, erməniliyə də!..” söyləmək istəyirdi.
Birdən anladı ki, ona verilən azadlıq, istirahət müddətinin başa çatmasından dörd saat vaxt keçib. Bu geçikmə heç şübhəsiz onunçün yaxşı nəticələnməyəcəkdi. Amma qorxusu çox çəkmədi. Uzaqbaşı bir neçə günlük həbslə cəzalandıracaqdılar. Xoşbəxtlik onda idi ki, ağlı vaxtında işləmiş, onun köməyinə gəlmiş və o, türk əsirliyindən, ağlı, fərasəti, bir də türkün mərhəməti hesabına qurtulmuşdu.
Ürəyi hələ də rahatlanmaq bilmirdi. İçində tüğyan edən sevinci onu haldan-hala salır, get-gedə qorxunc bir şeyə çevrilirdi…
…Çox çətinliklə də olsa özünü hərbi hissələrinə çatdırdı və komandirin sorğularına cavab vermək, başına gələnləri anlatmaq istərkən içində bir partlayış hiss etdi. Bu partlayışın səsini yalnız özü eşitdi. Həmən anda da tirtap yerə sərildi…
Sevincindən ürəyi partlamışdı…
Просмотров: 1485 | Добавил: afgan73 | Рейтинг: 4.0/3
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: