18.35.03
ESSE
 
Bahar RüstəmliBahar RÜSTƏMLİ
 
YEMƏYƏNİN PAYINI YEYƏRLƏR
 
 
Bu Novruzun ayağı sayalı gəldi. Deyəsən, gələn Novruza kimi Qarabağ məsələsi öz həllini tapacaq. Bütün düyanın sevə-sevə izlədiyi "Qurdlar vadisi" serialının qəhrəmanları məhz bayram günlərində Azərbaycana təşrif buyurdu. Özü də heç kəsin gözləmədiyi bir sürprizlə...
Polad Ələmdar və onun komandası-Abdülheh, Tüncay, Ərhan... Yaradıcı heyət Qəbələ rayonunun istirahət düşərgələrinin birinə yerləşər-yerləşməz "Qurdlar vadisi-Qarabağ", yaxud da "Qurdlar vadisi-Xocalı" adlı filmin ekranlaşdırılması barədə şayiələr şəhərlə bir oldu. Baş rolun ifaçısı Necati Şaşmazın (Polad Ələmdar) mətbuata verdiyi "Xocalı qətilamına dair film çəkilməlidi. Bu filmlə dərdimiz gündəmə gətirilməlidir. Amma bunu ssenariyə gətirmək lazımdı. Belə bir film çəkilsə rolumu sevərək oynayaram",- açıqlaması doğrudanda Qarabağ faciəsindən bəhs edən bir filmin işıq üzü görməsi üçün ortaya əsaslı sübut qoydu.
Nollar, Allah canlarını sağ eləsin. Biz bacarmırıq. Necə deyərlər, bacarana can qurban. Belə yerdə deyiblər də "yeməyənin payını yeyərlər". Amma yox, "Qurdlar vadisi"nin Bakı səfərinə, yox, yox, Qəbələ səfərinə don geyindirənlər də az olmadı. Belə desək, Polad Ələmdarın Azərbaycansayağı düşmənlərindən olan "İsgəndərlər"in də sayı yamanca çoxmuş. Dedi-qodu işə düşdü. Ay onların bir gəlişinə filan qədər pul veriblər, ay bu səfəri Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, yaxud da onun oğlu Taleh Heydərov təşkil edib... Hətta onu da bildirdilər ki, guya cənab nazir AST Telmanın yolunu gedir, Qəbələdəki istirahət düşərgələrini reklam etdirir. Bu ağzıgöyçəklərdən bir soruşan lazımdır, ay balam, axı bunun nəyi pisdir? Əksinə, alqışa layiq addımdır. Hələ bunun üçün bir deyil, min dəfə "fövqəlnazir"ə təşəkkür etməliyik. Ən azı ona görə ki, Azərbaycanın "istedadlı" rejissorlarının, ssenaristlərinin və aktyor heyətinin biabırçı eyiblərini ört-basdır edir.
Məqsəd bəllidir. Qarabağ məsələsini siyasi bir film şəkilində ekranlaşdırmaq və onu bütün dünyaya bəyan etmək ki, ermənilər Azərbaycanın başına məhz bu cür müsibətlər, heç vaxt unudula bilməyəcək faciələr gətirib. Bizim üçün nə fərqi, o filmdə kim oynadı, kim çəkdi, ssenarini kim yazdı, yaxud da pul kimin cibindən çıxdı. Əsas odur ki, xalqın illərdir yanan dərdi film halında ekran halına gəlib, dünya ekranlarına çıxacaq. Bizim əsl dərdimiz, faciəmiz isə tam başqadır. Deyin niyə?
Axı adamdan soruşmazlar ki, ay balam, Azərbaycanın saysız-hesabsız sənətkarları-aktyor və aktirisaları, sinələrinə döyən rejissorları, özündən razı ssenaristləri hardadır? Əməkdar və xalq artisti adını daşıyan, Prezident təqaüdçüləri, "Şöhrət" və "İstiqlal" ordenli, bir sözlə, hər cür şəraitlə təmin edilən sənətkarlara daşıdıqları titullar nəyin müqabilində verilib? Niyə biri çıxıb demir ki, dərd bizimdi, dərmanını da özümüz tapacayıq? Bəs, bunların maraq dairəsindəki nədir? Türk aktyorlarının və rejissorlarının ifasında Qarabağ dərdini görəndə görəsən, bunlar utanıb, xəcalət çəkəcəkmi? "Biz türk teleserillarına baxmırıq, yaxud da onlar gəncləri pozur",- deyən kəslər "Qurdlar Vadisi-Qarabağ"a baxanda deməyə söz tapacaqmı?
Bir müddət bundan öncə Azərbaycan sənətkarlarından-aktyor və rejissorlarından "Qurdlar vadisi" teleserialı ilə bağlı sorğu-sual aparmışdım. Sualsa bir idi - "Qurdlar vadisi"nə baxırsınızmı? Xalq artisti Rasim Balayev dedi ki:
"Ümumiyyətlə, mən bir aktyor kimi "Qurdlar vadisi" teleserialına baxmıram. Düzdür, hərdən film barəsində söhbət açırlar, nəsə yazırlar, televizorlarda bu barədə süjet təqdim edirlər. Amma yenə də mən bu film barəsində maraqlanmıram. Mənim bu filmə baxmağa vaxtım yoxdu.
Biz qarabağ müharibəsi kimi bir dövrdə yaşayırıq. Torpaqlarımız işğal olunub. Ona görə də istəməzdim ki, Azərbaycan kino sənətində "Qurdlar vadisi" kimi siyasi yönümlü teleseriallar deyil, əsasən tarixi mövzuları əhatə edən filmlər ekranlaşdırılsın. Azərbaycanın o qədər milli qəhrəmanları var ki, hərəsinin həyatı bir serialdı. Axı bunlar dura-dura niyə siyasi yönümdə filmlər çəkək? Hələ bunları çəkib xalqa təhvil verək, siyasi mövzular sonranın işidir. Mən siyasi yönümlü deyil, məhz tarixi əks etdirən filmlərin çəkilməsinin tərəfdarıyam.
Bizim rejissorları cəmiyyətin ən aktual mövzuları maraqlandırmalıdı. Respublikada aktual mövzular çoxdur. Niyə biz cavanları siyasi yönümdə, yəni "Qurdlar vadisi" kimi filmlərin təsir altında böyüdək? Olmaz ki, biz gələcək nəsili vətənpərvərlik ruhunda tərbiyyə edək. Hər şey normal olarsa, gələcəkdə hər mövzuda film çəkmək olar. Mənə belə bir ixtiyar verilsəydi heç vaxt siyasi mövzuda film çəkməzdim. Nə də elə bir filmdə rol almazdım"..
Bu da xalq artisti Rasim Balayev. O, siyasi yönümlü filmlərin çəkilməsinin əleyhinədir. Cənab Balayev! Qarabağ siyasi məsələ deyilsə, bəs nədir?
Deyirsiniz ki, "mən siyasi mövzuda film çəkməzdim". Axı bacarmadığımız işin öhdəsindən necə gələcəydik? Bir də ki hələ görün o filmi sizə etibar edən varmı? Əgər sizlərə inansaydılar bəyənmədiyiniz və izləmədiyiniz teleserialın o boyda baş qəhrəmanını - Polad Ələmdarı Bakıya gətirməzdilər ki.
Kinorejissor Hüseyn Mehdiyev isə:
"Yox. Mən "Qurdlar vadisi" kimi teleseriallara baxmıram. Ümumiyyətlə, mən nəinki siyasi teleseriallara, heç məhəbbət və həyati seriallara da baxmıram. Mən heç vaxt siyasi xarakterli film çəkmək istəməmişəm. Mənim mövzularım var. Öz üslubumu da dəyişmək fikrində deyiləm. Bəşəri, tarixi mövzular bizi maraqlandırmalıdı. Siyasi filmlərin ekranlaşdırılması isə sifariş xarakteri daşıyır. Siyasi filmlər dövlətin özünün maraq dairəsində olmalıdı".
Bax, burada yanılırsınız, cənab Mehdiyev. Bu gün dövlətin bir vacib problemi var - o da Qarabağdır. Belə bir siyasi məsələni ekranlaşdırmaq üçün istedadlı rejissor, ssenarist, yaxud da filmdə oynaya biləcək aktyor truppası tapılmırsa, buna dövlət neyləsin? Bircə rejissor bu təşəbbüslə çıxış etmirsə, təkliflər paketi hazırlamayıbsa, buna "fövqəlnazir" neyləsin? Yoxsa cənab Heydərov düşüb qapı-qapı yalvarmalı idi ki, gəlin belə bir layihə hazırlayaq? Bu bir faktdır ki, Azərbaycan rejissorlarının gözü Biləcəridən o tərəfi görmür. İndi dövlət bu boyda məsələni qoyub, gözləməlidir ki, nə vaxtsa "istedad"lı rejissorlar qəflət yuxusundan ayılacaq?
İndi dövlətin və xalqın öhdəsində bir vacib məsələ var. Əgər "Qurdlar vadisi-Qarabağ" kimi bütün dünyanı silkələyəcək film ekranlaşdırılsa, dövlət siz sənət adamlarından əməlli-başlı hesab sormalıdı. Qarabağ boyda dərdimizi "Pana film" studiyasının yaradıcı heyəti çəkib xarici ölkələrdə təbliğ edirsə o zaman siz kimə və nəyə lazımsınız? Deməli, siz dövlətin verdiyi ada-sana layiq deyilsiniz. Vallah sizin yerinizə olsaydım dövlətin verdiyi bütün titullardan imtina edərdim. Əgər buna cəsarətiniz çatarsa...
Просмотров: 677 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: