18.28.11
– HƏYAT HEKAYƏSİ
ğlayanqızAğlayan qız
Günel MÖVLUDUN təqdimatında

Anam yanımda öldü, çatdırıb iynəsini vura bilmədim...


HƏYAT HEKAYƏSİ
 
                                 21 yaşlı qızın ürəkparçalayan dramı
İki gün ərzində on il qocaldım…

Göydən od ələnən yay günlərinin birində anamın burnundan fəvvarə ilə qan açıldı və saatlarla dayanmadı. Həkim çağırdıq, iynə-dərman, qan laxtaladıcılar – heç birinin köməyi olmadı. Qan təzyiqi yüksək idi, üstəlik də şəkər xəstəliyi var – zarafat eləmək olmazdı. Burnundan açılan qanın dayanmadığını görüb, səhəri gün qarşımıza çıxan ilk maşınla anamı Bakıya gətirdik. "Kəndçilər xəstəxanası” deyilən 4 №-li xəstəxananın 6 saylı palatasında yerləşdirdik anamı. Həkim müayinə elədi, iynə-dərman... Arvadın paytaxta gətirilməyi elə bil, onun ürəyinə bir az toxtaqlıq vermişdi. Anamın yatağını, dəyişəyini hazırlayıb, dolabını, termosunu qaydaya salandan, özünü də bir az toxtaq görəndən sonra dərindən nəfəs alıb, xəstəxananın həyətinə çıxdım ki, anama pəhriz çörəyi alım. Mağazaya tərəf addımlayanda hiss eləyirdim ki, elə bil bu iki gün ərzində on il qocalmışam… anamla və onun xəstəliyi ilə məsələni elə buradaca bitirək: iki həftədən sonra rusdilli həkimi çərlədib, özü turp kimi sağalandan sonra kəndə – toyuq-cücələrinin yayına qayıtdı, vəssalam.

…Fidanı anamın yatdığı 6 saylı palatada tapmışdım.

Yayın bir parçası


Bəstəboy, dolu idi, sifətinin rəngi həddindən artıq qaçmışdı, barmaqlarının, burnunun qısalığı, üzünün yastılığı onu bir az da daun xəstələrinə oxşadırdı. Palatadakılar Fidan orada olmayanda deyirdilər ki, beş ildi şəkər xəstəliyi var, üstəlik zobu da var, sifəti də ona görə belə şişdir. Şəkəri çox yüksəkdir. Beş ildir insulin vurur.
Xəstələr nə deyir-desin, Fidanın vecinə də deyildi. Deyib-gülürdü, xəstələrlə zarafatlaşırdı, kimisinə çay süzürdü, kimisinin yeməyini qızdırırdı, özünün xırım-xırda pal-paltarlarını yuyub, dəhlizdəki, ayaqyolundakı iplərdən asırdı… Həmişə də qəşəng, rəngli paltarlar geyinirdi. Ona baxanda mənə elə gəlirdi ki, güllü-çiçəkli, al-əlvan donlar, idman dəstləri geyinən Fidan elə yayın bir parçasıdır…
Diqqətimi çəkən bir şey də vardı ki, Fidanın yanına heç kim gəlmirdi. Bütün günü tibb bacıları, sanitarlar xəstə yanına gələnləri tələsdirirdilər ki, çıxıb getsinlər, görüş vaxtı qurtarır. Amma Fidan həmişə tək olurdu.
Anam təxminən iki həftə xəstəxanada qaldı. Əslində tez yaxşılaşmışdı, amma palata yoldaşlarına öyrəşdiyindən kəndə getmək istəmirdi. Məni də gecələr yanında saxlayırdı. Palatada boş yer tapılan kimi, tibb bacısının üstünə qışqırırdı ki, bura bax ha, qızımdı, jurnalistdi, ona yanımda yer elə, yatsın burda! Yoxsa xəstəxananızı atar qələminin ucuna. Anamdan nə qorxan vardı, nə inciyən, amma zarafatını qiymətləndirib, mənə də yer eləyirdilər xəstəxanada qalmağa.
Xəstəxanada yatdığım gecələrdə ən gec Fidanla mən yatırdıq. Oturub söhbətləşirdik. Mənim jurnalist həyatım, yazı-pozu, ədəbiyyat ona maraqlı, əlçatmaz bir şey kimi görünürdü, sual verməkdən doymurdu. Mən də həvəslə danışırdım,
Bir gün mən Fidana suallar verməyə başladım. Tutuldu. Soruşdu ki, palatadakılar sənə məndən nə çatdırıb? Bilirəm, bütün günü məndən danışırlar. Heç birinə də pislik eləməmişəm e, amma yenə də məni görəndə ağızlarını büzürlər…
Ağladı…onsuz da şiş olan üzü qızarıb, bir az da şişdi. Xeyli çək-çevirdən, isrardan, şirin dilə tutandan sonra Fidan öz tükürpədən tarixçəsini danışmağa başladı:

Atam öləndə 9 yaşım vardı

"Biz dörd bacı idik. Atam fəhlə işləyirdi, amma anam ev qadını idi. Bakıda, Əmircanda evimiz vardı. Mənim doqquz yaşım olanda atam iş yerindəki maşınların birində qəza keçirdi. Xəstəxanaya düşdü, amma sağala bilmədi. Elə xəstəxanadaca keçindi. Atam öləndən sonra yavaş-yavaş bacılarıma elçi gəlməyə başladılar – onlar məndən böyük idi. Pulumuz yox idi. Anam evimizi satdı. Kirayəyə köçdük. Əlimizdə olan pulnan bacılarıma cehiz düzəltdik. Üçünü də ərə verəndən sonra baxdıq ki, nə pulumuz qalıb, nə də satacaq bir şeyimiz.

Anam görüb-götürən qadın idi. İnternetdən istifadə etməyi öyrənmişdi. Bütün günü çatlaşırdı. İnternetdən özünə bir kişi tapdı. Kişi ona yolpulu göndərdi ki, məni də götürüb, Türkiyəyə köçsün. Yığışıb, getdik İstanbula.
Kişi yaxşı adam idi. Bizimlə də yaxşı rəftar eləyirdi, ehtiyaclarımızı alırdı. Üstəlik, anamın şəkər xəstəliyi vardı, onun da müalicəsini elətdirirdi. Bir dəfə də olsun, gileylənmirdi ki, mən niyə sizə bu qədər pul xərcləməliyəm? Axı biz demək olar ki, onun heç nəyi deyildik. Amma onu deyim ki, kişi elə biz ora çatan kimi anamla evlənmişdi.


14 yaşım olanda anam öldü – çatdırıb, insulini vura bilməmişdim!

14 yaşım vardı. Bir gün anamla evdə tək idik. Atalığım evdə yox idi. Qəfildən anamın tutması tutdu. Dedim axı, şəkəri vardı. Çatdırıb, iynəsini vura bilmədim. Əl-ayağım əsdi. Anam gözümün qarşısında can verdi. Həm anamın ölümündən sarsıldım, həm də qorxdum ki, məni tutarlar. O qədər stress keçirdim ki, özümdən getdim.

Atalığım evə çatanda məni yerdə bayılmış, anamı da ölü görüb. Məni xəstəxanaya, anamı isə məscidə yuyulmağa aparmışdı. Mən özümə gələndən sonra anamı elə Türkiyədəcə dəfn elədik. Bacılarıma xəbər versək də heç biri dəfnə gəlmədi. Qınamadım, dedim hərəsi bir ər, bir qaynana yanındadı. Öz əlləri, öz başları olsaydı, heç analarının dəfnindən qalardılar? Anamın dəfnində bacılarımın olmamağı, yad adamların arasında qalmağım məni elə kövrəltdi ki, anamın ölümü bunun yanında yalan oldu. Elə ağladım ki, on nəfər yığışıb, məni kiridə bilmirdilər.


Atalığımdan xahiş elədim...

Anamı dəfn edəndən sonra, atalığım məni yanına çağırıb, dedi: "Fidan, yavrum. Mən sənin ananın çox sevmişdim. Artıq anan yoxdur. Amma bu bir şeyi dəyişdirməz. Məni baban olaraq, qəbul edərsən, yenə də mənim öz övladımsan. İstərsən, yanımda qal, istərsən Bakıya, ablalarının yanına qayıt. Seçim sənin…”

14 yaşım vardı. Türkiyə yad ölkə idi. Orada atalığımdan başqa heç kimim yox idi. Elə o da nə qədər mehriban adam olsa da, mənə yad idi. Üstəlik, anam gözümün qarşısında ölmüşdü deyə, qorxudan, həyəcandan mən də şəkər tapmışdım. Ürəkgetməm əmələ gəlmişdi. Yenə yaşım çox olsaydı, sağlam olsaydım, özümə dostlar, rəfiqələr tapardım, işləyərdim. Həm də, nə qədər incik olsam da, bacılarımdan ötəri elə darıxmışdım ki! Atalığıma dedim ki, məni geri, Bakıya göndərsin. Razılaşdı. Türkiyədəki Azərbaycan səfirliyinə müraciət edərək, məni Bakıya göndərdi.


Bacımın sözləri mənə xəstəliyimdən betər təsir elədi!

Bakıda məni böyük bacım qarşıladı. Neçə il idi ayrılmışdıq, elə bilirdim məni görəndə bərk-bərk qucaqlayacaq məni, iki bacı bir-birimizə qoşulub, ağlayacağıq. Neçə il idi ki, ayrı idik, üstəlik, anamı yad eldə qoyub gəlmişdim… Amma bacım elə mən şəhərə ayağımı qoyar-qoymaz dedi ki, bura nəyə gəlmisən? Burada kimin var ki? Hərəmiz bir yad oğlunun evindəyik. İndiki zəmanədə kimdi baldızını evində saxlayan? Camaat öz arvadını güclə dolandırır?

Elə bil, alnımın ortasından bir yumruq vurdular. Anamı, xəstəliyimi soruşmaq əvəzinə, gör, mənə nələr deyirdi? Bir müddət böyük bacımın evində qaldım. Əri də, uşaqları da, elə özü də məni yola vermədilər. Hər işimə qarışır, hər əməlimə çəmkirirdilər. Artıq insulin vurmağa başlamışdım. İnsulin də elə iynədi ki, onu vuran kimi gərək yemək yeyəsən. Bu evdə belə şeylərin heç biri mümkün deyildi.
Dərmanlarımın, məni dolandırmağın dərdindən, bacımgil axırda məni o biri bacımın evinə qovdular.


Bacımın qaynanası məni qışın ortasında küçəyə atdı

O biri bacımgildə də günüm xoş keçmədi. Bəlkə də siz bilmirsiniz, bakılılar çox dar evlərdə yaşayır. Bir evə bir neçə ailə sığışmalı olur. Bütün günü hamı bir-birini güdür, bir-birinin işinə burnunu soxur. Belə evlərdə rahat, başıaşağı dolanmaq mümkün deyil. Onsuz da xəstəliyimin dərdi, iynələrimin dərdi bir yandan məni heydən salmışdı. Bir tərəfdən də bacımın qaynanası mənə gün vermirdi. Yeri gəldi-gəlmədi deyirdi ki, Allah bilir, Türkiyədə nə pəstahlardan çıxmısan, anan oralarda nə işlərlə məşğul olub? Gör, mənim oğlum gedib necə ailəyə calanıb?! Xəstəliyim mənə hey vermirdi ki, ona cavab verim.

Neçə ildi tibb bacılarının çarpayılarında yatıram

Bir gün də qonşulardan kimsə ona xəbər verib ki, siz evdə olmayanda Fidan evə oğlan gətirib. Bacı, yalan deyirəmsə, günü sabah anamın yanına gedim. Heç ora oğlan gətirmək olar? Xəstə canımla mənə oğlan yaraşır elə! Bunu bəhanə eləyib, saçımdan tutub, məni küçəyə atdı. Ürəkgetməm tutdu, məni xəstəxanaya çatdırdılar. Xəstəxana dərmanları hesabına birtəhər özümə gəldim. O gündən ya qısamüddətli bir ofisiant, süpürgəçi, qabyuyan işi tapıb, kirayələrdə qalıram. Ya da xəstəliyim ağırlaşanda, xəstəxanaya düşəndə həkimlərə yalvarıb-yaxarıram ki, vaxtım qurtarsa da, məni xəstəxanadan çıxartmasınlar. Neçə ildi, ya ən zibilli, çirkli yerlərdəki otaqlarda kirayədə qalıram, ya da xəstəxanada tibb bacılarının çarpayılarında yatıram. Bacılarım bir dəfə də olsun, xəstəxanaya yanıma gəlməyib. Dərdimi palata yoldaşlarıma danışanda, mənə deyirlər ki, özün düz-əməlli adam olsan, bacıların səni atmaz, yanına gəlib-gedər. Acın toxdan nə xəbəri?

Neçə gündü kursumun vaxtı keçib. Xəstəxanadan buraxmalıdılar. Baş həkimə, məni müalicə eləyən həkimə yalvarmışam ki, kirayə ev tapana qədər məni küçəyə atmasınlar.


Bir dəfə də olsun, ağlıma gəlməyib ki, pis yola düşüm…

Kirayədə də qalmaq üçün pul lazımdır. Ağır işdə işləyə bilmirəm. Şəkər bir yandan, ürəkgetməm bir yandan, zobum bir yandan. Üstəlik, ayaqlarımda da şiş əmələ gəlib. Təsəvvür elə, beş ildi, özümə insulin vururam. Sən heç təsəvvür eləyirsən, xəstəxanadan çıxasan, getməyə yerin olmaya? Bir az işləyib, pul tapanda kirayədə qalıram onda da tək qalmağa pulum olmur, gərək otaq yoldaşları ilə qalım. Həmişə də qarşıma elə pis adamlar çıxır ki! Biri alt paltarlarımı oğurlayır, biri mənim barəmdə qonşuya qeybət eləyir, adımı pisə çıxarır. Üzüm üzlər gördü bu kirayələrdə. Amma bir dəfə də olsun, ağlıma gəlməyib ki, pis yola düşüm. Bir də ki, bu xəstəliklərlə nə pis yol?

Sevdiyim oğlan vardı. Ata-anası qarşısına şərt qoydular ki, onu alsan, bir də bizim üzümüzü görməyəcəksən. O qız şəkər xəstəsidi, onun doğduğu uşaq da şəkər olacaq. Belə baxanda, elə düz deyirlər də…onları niyə qınayım?
Doğmalarımdan özümə qarşı elə qəddar hərəkətlər görəndən sonra, yadlardan nə gözləyim?


Fidanın sonrakı taleyi

Mən anamı xəstəxanadan çıxarıb, evə qaytarandan sonra Fidana kömək eləmək istədim. Evimizə apara bilərdim. amma evdə məndən başqa qardaşım, həyat yoldaşı, xalam qızı yaşayırdı, üstəlik, mən razı olsam da, onlar yad qızın evimizə gəlməyinə razı olmazdılar. Qızın həyat tarixçəsini millət vəkillərinə, icra nümayəndələrinə, varlı qəzetlərin baş redaktorlarına danışdım. Bu qıza necə kömək edə biləcəyimizin yollarını araşdırmağı təklif elədim.

Nəticədə "Alma” qəzetinin baş redaktoru İsrail Musayev iki dəfə qəzetin büdcəsindən Fidan üçün 50 manat ayırdı. Dalğa Gənclər Hərəkatının keçmiş sədri Ramin Hacılı qızın neçə ay kirayə haqqını öz cibindən ödədi. Redaksiyada kimin gücü nəyə çatdısa, qıza kömək elədik. Amma hər şeyin sonu gəlir. Bir müddətdən sonra hərənin başı öz problemlərinə qarışdı, hərə öz dərdinə qapıldı, Fidan yaddan çıxdı.
Ən axırda rəfiqəmin anasının iş yoldaşı olan bir xanım Fidana evində sığınacaq verdi. Bir neçə ay Fidan onlarla yaşadı. Amma bir gün ev sahibəsinin əri məişət zəminində arvadını şillə-təpiyin altına salanda Fidanın onsuz da çoxdan sarsılmış əsəbləri buna dözməyib. Evdən qaçıb. Bunu telefonda özü mənə dedi. Dedi ki, daha ona kömək eləməyə cəhd eləməyim – bu, təkcə mənim və yoldaşlarımın öhdəsindən gələ biləcəyi bir şey deyil. Bir də dedi ki, "Anadolu” restoranlar şəbəkəsində yeməkpaylayan işləyir. Gündə altı manat maaş və günorta yeməyi alır. Həyat ona qarşı o qədər qəddar olub ki, bu pula və bu yeməyə də sevinir…
Sevdiyi oğlan isə heç nəyə baxmayaraq, hələ də ondan ayrılmayıb…


Просмотров: 2399 | Добавил: afgan73 | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 kiki  
0
[color=red] onun kimi o qeder acinacaqli heyatlari olan insanlarimiz var ki... hec kim de komek elemek istemir, aidiyyati qurumlar hara baxir??? dry

00000
Имя *:
Email:
Kod *: