20.02.39
Hekayə

İmdat AVŞARİmdat AVŞAR
 
 (Türkiyə)

AĞAC ATLAR
 
(hekayə)


Budaqalara bahar qonmuşdu, uşaqların yanağına günəşin qızıl şəfəqləri... Məktəbin həyət-bağçasını qələbəlik bürümüşdü... İki uşaq həyətdə bir-biriylə höcətləşir,iki sərçə divarın üstündə dimdikləşirdi. Uşaqlar topu, sərçələr də divarın üstündə atılıb - düşən qayğısız sərçəni bölüşə bilmirdilər... Qızlar da şən idi. Hamısı sakitcə ,tək ayaq üstündə "cızdançıxdı” oynayırdılar.
O topu hansı uşaq ələ keçirəcək? Bu qayğısız dişi quş hansı sərçənin dişisi olacaq? Sərçələr tüklərini daha da qabartdılar.Özlərini div sanırdılar.Tüklərini nə qədər qabartsalar da ,sərçəydilər ki, sərçə... İkisi də bapbalaca bədənlərinə sığmırdı. Bir-birinin gözünü qorxutmaq istəyirdi.Bəlliydi ki,damarlarında qan coşmuşdu, həvəslənmişdilər.Qızğın, hirsli-hirsli cükküldəşirdilər -erkək sərçələr.Qanadlarını yerlə sürüyüb xoruzlanırdılar.Sanki döyüş meydanında iki pəhləvan idi. İki pəhləvan! Bir dümbək, bir də zurna-balaban əskikdi.Havalanmış sərçələr bir-birinə acıq verir,bir-birinin dövrəsində hey fırlanır, fırlanırdılar...
Uşaqlardan biri topu götürüb qaçdı,o biri uşaq da onun dalınca... Sərçələr bir-birini qovaladılar. Biri uçub qarşıdakı söyüdün budağına qondu, o biri də onun dalınca...
Uşaqlar oynadıqları oyunu dəyişdirmişdilər.Qızlar yerdə cızdıqları kiçik qutucuqların üstünə yastı bir daş atıb,cızın içində bir-bir hoppanırdılar.Oğlanlar dəli daylar kimi o yan- bu yana qaçışırdılar. Keşkə zəng çalmaya, kaş heç dərs başlamaya...
Uşaqların hər biri öz dünyasındaydı.Təkcə İsmayıl kefsizdi, ağlamsınırdı, yoldaşlarına qaynayıb-qarışmırdı.O,qarşıdakı qapıya gedib çatmamış,o biri uşaqlar geriyə qaçışırdılar.Çırpınırdı, yıxılıb-dururdu, cəhd göstərirdi, yenə də yıxılırdı İsmayıl. Yıxılırdı...
İflic, bir ala qarğa kimi lap körpəliyindən onu caynağına almışdı. O, sinfin qanadı qırıq sərçəsiydi. Bir damla , bir damla suyu çatdırıb ,damızdıra bilməmişdilər ağzına. Buna görə də ,İsmayılın bir tərəfi iflic,bir yandan da yarımcan idi. İki qaçanda bir yıxılardı. Əl-ayağını daş-çınqıl sıyırırdı. Cılız ,arıq, zəif ayağını sürüyə-sürüyə, həmişə əlacsız-əlacsız ağlayıb müəlliminə üz tuturdu:
-Müəllim, mənimlə oynamırlar!
-Kim səninlə oynamır, İsmayıl! Gəl görüm.
-Məni oyuna qoymurlar, qaça... ıhı! Qaça... ıhı! Qaça bilmirsən deyirlər.
-Gedək, İsmayıl, mən də sənin dəstəndənəm...
İsmayılın əlindən tutub gedirəm. Topu uşaqların əlindən alıb:”Əli ,sən qabağa, Ömər ,sən buraya..., Mustafa, qarşı tərəfə... , İsmayıl, buraya ...” dəstəni təzədən yığırıq.
Bəzi uşaqlar mızıldanıb, etiraz edirlər. Hakim gəlməmişdən əvvəl, 2-0 udmuşdular.Onsuz da həmişə İsmayıldan irəlidəydilər. Bədən tərbiyəsi dərsində İsmayılla eyni dəstədən olub, top oynayırıq.Ona bir qol vurdurmaqdan ötrü bütün qaydaları pozub, uşaqlara aman vermirəm, tutub çəkirəm, dartışdırıram. Etirazları qulaq ardına vururam, çünki hakim mənəm. Bizim dəstənin qapısından qol keçsə də, həmişə İsmayılın böyrüncə qaçıram. O, yerə yıxılar-yıxılmaz: ”Əzildi- deyirəm”, mənim ona yazığım gəlir, ürəyim yanır.
Hələ körpə ikən sağlamlığını itirmişdi İsmayıl.Qəzavü-qədərin hesabatını çoxdan saymışdı.Hesabı lobyalarla, qarğıdalılarla çıxır, vurur, bölürdü İsmayıl. Ətrafımızdakı heyvanları bir göz qırpımında tanıyardı: inək,qoyun, sığırçın, sərçə...
Görmədiyi şəhərləri xəritələrdən tapır- öz şəhərimiz kimi. Oxuduğumuz adsız hekayələrə ən gözəl adı o verir. Mahnı da oxuyur, yanıltmaclar, tapmacalar da söyləyir İsmayıl... Rəngarəng olur onun rəsm dəftəri: Səma-mavi, günəş-sarı, budaq-yaşıl... İri-iri quşlar çəkir İsmayıl. Dağların, buludların üstündən uçur onun quşları.Quşlardan aşağıda uşaqlar da olur onun rəsmində. Uşaqlardan biri həmişə kənarda durur yaşıdlarından.O birilər ayaq üstə olsa da, o, çöməlib oturur. Büzüşüb oturan uşağın İsmayıl olduğunu bilirəm.
Hər dərsdə o biri uşaqlarla ayaqlaşsa da, bədən tərbiyəsi dərsində çarəsizdir. Bədən tərbiyəsi dərsi başlayanda digər uşaqlar həyəcanla, səbrsizliklə, çılğınlıqla hərəkətə gələr. İsmayılın ürəyinə qəm-qüssə dolar, boynunu burar:
-Şəkil çəkək, müəllim-deyər- idmana getməyək.
O biri uşaqlar çımxırır. Hakim onların da qəbul edəcəyi son çıxış yolunu tapır, bəzən dibsiz quyulardan İsmayılı çəkib çıxarır:
- Di, qulaq asın, nağıl danışacağam.
"Nağıl" sözünün sehri bütün sinfi öz ağuşuna alar, arxaya yayxanıb, diqqətlə ağzıma baxarlar. Səs-səmir gəlməz o an. Bir nağıla dəyişərlər bədən tərbiyəsi dərsini. Nağıl ki başladı, hamımız başqa bir dünyaya- keçmiş zamanlara gedirik:”Biri var imiş, biri yox imiş, Allahın çoxlu qulları var imiş. Əvvəl zaman içində, xəlbir saman içində... Dəvələr dəllal ikən, mən nənəmin beşiyini yır-yır yırğalayarkən... Keçmiş zamanda ölkələrin birində bir padşah var imiş. Padşahın da dünyalar gözəli üç şahzadəsi... Kiçik şahzadə hamısından igid və cəsur imiş. Yayını çəkib,oxunu atanda divin gözünə batarmış... Kiçik şahzadə taxta çıxanda, qırx gün,qırx gecə toy bayram eləyib, yeyib-içib, murada yetmişlər. Onlar çatmış muradına, biz də yetişdik sona... Di, çıxın tənəffüsə..."

* * *
Günəşin şəfəqləri uşaqların yanağından mənim gözlərimə düşür. Bu dəfə elə bil hamısı kiçik şahzadə, hamısının qarşısında bir div var. Hamısı da yayları dartıblar. İsmayıl məktəbin bağçasından bir az aralı olan qoca bir söyüd ağacının dibindədir.Gözünün birini qıyıb, oxunu divin gözünə tuşlayır.Ox gözünə dəyməsə div ölməyəcək. Gözündən vurmalıdır divi... Div bir azdan öləcək, gözlərindən qan şoralanıb axacaq, nərəsi yeri-göyü başına götürəcək. Sonra İsmayıl taxta çıxacaq, şah olacaq, bir toy-düyün qurulacaq və bayram şənliyi keçiriləcək...
Hava tər-təmiz, sərçələr atılıb-düşür. Qabaqdakı Ulupınar meşələrinin ətəklərində sular çağlayır. Çoxdandır ki, uşaqlar gəzməyə getmək istəyirlər. Artıq əsl vaxtdır, özü də sabah...
Yaxınlıqdakı şagirdləri səslədim.
- Sabah gəzməyə gedirik, uşaqlar, hamı azuqəsini götürüb gəlsin.
Səs-küyləri aləmi bürüdü.
- Sabah gəzməyə gedirik!... Sabah gəzməyə gedirik!...
Bir az sonra hamısı ətrafımdaydı. Hamısı da eyni sualı verirdi:
- Haraya gedəcəyik, nə vaxt gedəcəyik, önlüklərimizi geyəcəyikmi?...
- Ulupınara gedəcəyik, sabah saat 9-da, istədiyiniz paltarı geyə bilərsiniz. Di, tez olun, çantalarınızı götürüb evə gedin...
Kimisi unudaraq, kimisi axıra qədər öyrənməsə də,amma soruşmasalar rahat olmazlar:
- Tapşırığınız varmı, müəllim?
- Bahara bağışladım, ev tapşırığınız yoxdu.
- Uraaa! Uraaa!
* * *
O sabah məktəbə həmişəkindən də tez gəldilər. Səbirsizdilər. Hamısı əşyalarını hazırlatmışdı. Həmişəkindən daha canlı,daha diri,daha parlaq idi gözləri. Qarşılarına keçsən bir "Amin alayı” kimi yeriyəcəklər.
- Haydı- deyib, Ulupınara tərəf yola düşdük. İlk dəfə gün işığına çıxan körpə quzular kimi atılıb-düşürdü uşaqlar. Bir az sonra yorulacaqlarını, hətta, geriyə qalacaqlarını bilirdim. İsmayıl arxada qaldıqca yenə də çırpınırdı. Mən tələsmədən onların ardınca addımlayırdım. Bir yandan da baharı seyr edirdim.
Bir şanapipik quşu qarşımda qaçırdı. Onun quş və ya siçan olduğunu adam başa düşə bilmirdi. Ara-sıra qanadlanıb uçmasaydı,quş olmadığına and içərdin. Bildirçin səsləri eşidilir, demək, gəliblər. Göydə həvəslə bir qırğı süzür, arabir qanad çalmır, elə bil göydən asılıb qalıbdır. Əkin sahələrinin içində rəngbərəng kəpənəklər. Bir günlük ömrə sığan bu qədər rəng?... Kəpənəklər kimi uşaqlar da o çiçəkdən bu çiçəyə qanadlanırlar. Yolun kənarında inciçiçəyi, xardallar, dəvədabanı, quzuqulağı, yovşan, gəlinciklər... hamısı çiçəkləyib. Ara-sıra birnəfəsə qaçıb gələn şagirdlər topladıqları çiçəkləri mənə verirlər, sonra yenə qaçıb gedirlər. Biri nəsə bir iş görən kimi, hamısı omu təkrarlayır.Əllərimdə dəstə-dəstə çiçəklər... əllərim çiçəkləyib.
Az getdik, üz getdik,dərə-təpə düz getdik... Yorğun-arğın Ulupınara çatdıq. Dupduru bir su qaynayırdı çeşmənin gözündən və aşıb-daşır, gümüşü bir iplik kimi qıvrıla-qıvrıla axırdı. Hər tərəf çayır-çəmən.Uşaqlar çəmənlikdə ağnaşırlar. Özlərini ora-bura çırpırlar. İsmayıl yıxılsa belə, burada əzilməzdi.Onlar yıxılıb-duranda heç bir təşviş keçirmirdim.
Mən yoruldum onları səsləməkdən, onlar qaçıb-oynamaqdan yorulmadılar. Bir az sonra yanaqları alma kimi qızarmış, pörtmüş halda, ləhləyə-ləhləyə ətrafımda toplaşdılar. Süfrə açdıq. Kömbələr, yumurtalar, pendirlər, yağlar... Hamı birinci tikəsini götürüb üstümə gəldi:
- Müəllim bunu sən ye... Müəllim bunu sən ye!...
İkinci dəfə gəzməyə daha taqətləri qalmamışdı.Çəmənliyə sərildilər. Düzənliyə enən coşqun çaylar kimi duruldular.
- Qalxın- dedim- kəndə gedirik. Tənbəl-tənbəl toplandılar. Səhərki coşqunluqdan əsər-əlamət qalmamışdı. Qaçaraq gəldikləri məsafəni, yeriyə-yeriyə gedə bilmirdilər. Səhər yanından ötəndə baş çəkdiyimiz bulağın başında dincəlməyə icazə verdim.Çeşmənin üstündə yamyaşıl söyüd ağacı vardı.
- Uşaqlar!- dedim,- siz söyüd ağacından tütək düzəldə bilərsinizmi?
- Xeeeyiir!
- Mən siz boyda olanda bu ağaclardan tütək düzəldərdim.
Çaşqın-çaşqın baxdılar. Bıçağımı çıxarıb söydün bir budağını kəsdim. Hamısı toplaşıb məni izləməyə başladı. Canına su yığılmış söyüd budağının qabığını ehmalca soydum. Süd kimi ağappaq budaq qabıqdan sıyrılıb çıxdı. Səs-küy kəsildi, sanki sinifdə nağıl danışırdım. İncə bir boru kimi əlimdəki söyüd budağının üç tərəfdən üz qatını ehtiyatla yontalayıb çıxartdım, özümə gözəl bir tütək düzəltdim.Onlarca göz məni maraqla izləyirdi.Tütəyi ağzıma yaxınlaşdırıb üfüləyəndə çığır-bağır qopdu.
- Müəllim, mənə də tütək... müəllim, mənə də tütək...
Sıraya düzüldülər, hamısına bir-bir tütək düzəltdim.Gözlərinə yenidən parıltı gəldi. Bir an yorulduqlarını unutdular. Tütəkləri götürüb yola düşdük. Arxaya baxdım. Uşaqlar yaman yorulmuşdu, daha yeriyə bilmirdilər. Onları toparlayıb kəndə gətirməyə əziyyət çəkirdim. Az sonra qoca bir söyüd ağacının yanında dincəlməyə qərar verdik. Kəndə çatmağa hələ xeyli yolumuz qalmışdı. Uşaqları özbaşına buraxsam,bu sərin kölgəlikdən qalxmayacaq, uzandıqları yerdə yuxuya gedəcəkdilər. Keçən ildən budanıb və bir tərəfə atılmış söyüd budaqlarına sataşdı gözüm.
Təzədən uşaqları yığıb sıraya düzdüm.
- Kim yaxşı at çapa bilir?
Yenə də gözləri hədəqəsindən çıxdı.
- Mən, mən, mən...
- Gəlin baxaq, görək kim atı yaxşı çapıb, kəndə birinci çatacaq!
İsmayılı unutmuşdum. Bir damla suyun qurbanı olmuş İsmayıl bir an yadımdan çıxmışdı.Amma geriyə yol yox idi. ”Atlılar” çığır-bağır salmışdılar. Quru budaqlardan götürüb hərəsinə bir at, bir qamçı verdim. Ağac "atlar”ın hamısı gözəldi,cins "atlar” idi. Kəhər atlar, boz atlar,qır atlar, kürən atlar... İsmayılın da bir atı vardı - kiçik, xırda bir budaq, qıvraq kürən at. O da hamı kimi öz atına minmişdi. ”Haydı” deməyimi gözləyirdi...
Atlıları üzü kəndə tərəf düzmüşdüm. Artıq hamısı bir-bir atlanmışdı.”Haydı” deyə bilmirdim. Bir çarə tapmalıydım. İsmayıl yenə də yıxılacaqdı, mən kəndə yaralıyla dönəcəkdim. Son çarə tapıldı- özümə də bir at ayırdım. İri bir budağı da mən mindim və İsmayılın yanına sürdüm atımı.
- Haydı!- dedim- görək kəndə kim birinci çatacaq.
Atların kişnərtisi, ”tıqıtıq, tıqıtıq” nal səsləri, bir yandan çalınan tütəklər... toz dumana qarışdı. Kəndə tərəf axın başladı.
Heç yerindən tərpənməmiş atı sürüşdü İsmayılın. Qaldırdım. Təzədən mindi atına, alınmadı, bir daha, bir daha...
Uşaqlar toz-duman içində, atlarını çapıb doğrudan da kəndə doğru uzaqlaşdılar.Yenə də İsmayılın gözləri dolmuşdu.
- Bu at çapa bilmir, müəllim!- dedi.
- Düzdü, İsmayıl,- dedim, - burax o atı, yaxşı qaça bilmir o...
Öz atımın quyruğundan bir budaq qırdım. Dəyişdirdim atını İsmayılın. İsmayıl minən kimi bu atın da ayağı sürüşdü.Qaça bilməyən at deyildi- o,bunu anladı.
- Mən qaça bilmirəm, müəllim!- dedi,- bu ayağım yeriyir,bu ayağım yerimir.
Atlardan endik. Doğrudan da yaxşı yeriyə bilmirdilər. Kəndə tərəf dördnala çapan atlıların dalınca ağladı İsmayıl. Dolu kimi yaş tökdü gözlərindən...
(Uyğunlaşdıran: Zakir Sadatlı)


 
Просмотров: 717 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: