16.29.49
Köşə yazı
aynurə ibrahimovaAynurə İmranova
aynur_imranova@yahoo.com


Bir az kül, bir az duman


Dünya çalxalanır: bir tərəfdən Polşanın bütün siyasi elitası təyyarə qəzasında həlak oldu, İran Amerikanı vurmaq məqsədilə ballistik raketə sahib olmaq üçün səfərbərdir, Amerika İranın nüvə genişləndirmələrini qlobal problemə çevirib. Digər tərəfdən ermənilər olmayan soyqırımlarının hüquqi təsdiqini tapmağa, kürdlər dövlət yaratmağa, İsrail bölgədə hegemon olmağa cəhd edir. Amma insanların yaratdıqları bütün bu süni problemlər fonunda Çində zəlzələdə ölənlərin sayı 1944 nəfəri keçib. Sel və daşqınlar dünyanın bir çox bölgəsini əsir alıb. Son bir ilin panoramasına nəzər salsaq sanki həyatımızı kurasiyasında saxlayan fövqəlqüvvə bizə bir şeylər deməyə çalışır. İslandiyada 200 il "yatmış” vulkanın yenidən oyanması da bu qəbildən olan olaylardandır. Vulkandan çıxan kül buludu Avropa ölkələrinə milyonlarla dollar dəyərində ziyan vurub. Həyat donub.
Olaylar insanda sadəcə bir hiss oyadır - çarəsizlik. Əslində 1 il əvvəl dünyanı vulkan təsiri ilə sarsıdan iqtisadi böhran da məndə eyni hissləri yaratmışdı. Sanki görünməz bir əl "siz nə qədər çabalasanız da, sadəcə mənim iradəm hakimdir” demək istəyir.
Çox yaxşı yadımdadır, Ermənistandan azərbaycanlıların deportasiya olunduğu dövr idi. Amasiya bölgəsində insanların çoxu hələ çıxmamışdı. Sovet psixologiyası ilə ya hər şey düzələr, ya da evimi dəyişim, malımı yığım, bəhanəsiylə, bəlkə də sadəcə evindən ayrılmağın nisgili ilə kəndlər boşalmamışdı. Xəbərlərə görə Leninakan erməniləri onların köçməsini tezləşdirmək və gözlərini qorxutmaq məqsədilə bir basqın hazırlayırdı. Basqına bir gün qalmış Ermənistanda zəlzələ oldu və Leninakan, sözün əsil mənasında cəhənnəmə çevrildi. İlk dəfə bu xəbəri eşidəndə uşaq ağlı ilə düşünmüşdüm ki, doğrudan da fövqəladə bir qüvvə var. Nə yaxşı ki, "var” demişdim. Ona görə yox ki, insanlar ölmüşdü, yuvalar dağılmışdı. Ona görə yox ki, mənim həmvətənlərim düşmən caynağından qurtarmışdı. Yalnız və yalnız ona görə ki, həqiqətən də haqqı nahaqqa verməyən qüvvə var imiş bu dünyada.
Gələk günümüzə. Son illər artan fəlakətlər bəs nə deyir bizə? Bəlkə demək istəyir ki, sizə verdiyim nemətlərin qədrini bilin. Möcüzə kimi yaratdığım ana təbiəti hər gün vəhşicəsinə zorlamayın, bir birinizi əzməyin, zülmkar olmayın, heç kimin haqqını yeməyin. Hər şeyin əvvəli və sonu mənəm, özünüzü mənim yerimə qoymayın. Lazım gələrsə bir az kül, bir az duman sizi illərcə qazandığınız, uğrunda bir birinizi əzdiyiniz hər şeyi əlinizdən almağa yetər. Sonda bir şey xatırlatmaq istəyirəm. 1980-ci illərdə Türkiyədə gənclər hərəkatının fəallarına ölüm fərmanı verən hakim bu günlərdə öldü. Bilirsinizmi, nədən? Yediyi bir tikə çörək boğazından keçməmişdi. İllərlə müsahibələrində o gəncləri dar ağacına göndərdiyindən peşman olmadığını söyləyən şəxsin fərmanı da bir tikə ilə verildi. Bir ömür yaşadı, amma o gənclərin ömrü qədər mənalı yaşamadı.
Sonda bir düşünək. Bir az iddialarımıza və nəfsimizə sahib olsaq sizcə?! Təbiət də bizə nə isə demək üçün bu qədər əziyyət çəkməz.
Просмотров: 543 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: