11.05.58
Poeziya

AKİF SƏMƏD

image

 

 

 

 

 

 

 



 

 HƏMİŞƏ TƏZƏ ŞEİRLƏR

 ***
 A bəxtəvər, elə bilmə
 Yadam mən Akif Səmədə.
 Dərd ha deyil, düşmür çiçək
 Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən  Akif  Səmədə.

***
Sən kövrəlmə, ay atam,
Dözümə yol gedirəm.
Nə vaxtdı itib-batan
Izimə yol gedirəm.

Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə.
Nəsimi, Yunus Əmrə
Sözümə yol gedirəm.

Daşda  bitən  kolmuşam,
Öz-özümü yolmuşam.
Özümdən yol almışam,
Özümə yol gedirəm.

***
Gedəsiydim bu şəhərdən vaxtında ,
Ürəyimi bada verdim, getmədim.
Arzuların qanadında uçurdum,
Qanadları oda verdim, getmədim.

Üzə durdum, qürbət eldə ölmədim,
Ölmədimsə, ürəkdən də gülmədim.
Işıq gələn div eviymiş, bilmədim,
Səs gələnə səda verdim, getmədim.

Ayrılıqmı,  aydınlıqmı qoxur dan?
"Dilqəmi”mi, "Ruhani”mi  oxur dan?
Məndən ötrü göz yaşları axıdan,
Yurd yerini yada verdim, getmədim.

***
Ürəyin dərd bilmir, pərdəyə dəymə,
Sənə oyuncaqdı dünyası yanmaq.
Əsli heykəlini dərd əyər, dəymə,
Hər kəsə qismətmi düyməsi yanmaq?

Xatirə göynətmə, illərə dəymə,
Qor olar altında küllərə dəymə.
Bağrı şan-şan olan güllərə dəymə,
Gül səsi—göz yaşı, ney səsi—yanmaq.

Uçuq  qəbir  üstdə  bir  qız  ağlayır,
Ağlayıb, oxşayıb yalqız ağlayır.
Qatardan üzülüb bir naz ağlayır,
Asanmı  Akiftək  kimsəsi  yanmaq.

***
Qəlbində baş əyir ulu sevgiyə,
Baxma ki, özünü əyməz bu dünya.
Məcnunun gözündə özü də bilir,
Leylinin telinə dəyməz bu dünya.

Eşitməz batanın hay-harayını,
Dəniz harayını, çay harayını.
Uçurar, toz eylər xan sarayını,
Kərəmin külünə qıymaz bu dünya.

Çox da ki, şimşəklər haqqa şığıdı,
Bu qanlar, qadalar haqq yaraşığıdı.
Akifə oxşayıb, haqq aşığıdı,
Ulu  sevgiləri söyməz bu dünya.

***
Düşmən nədi, yağı kimdi?
Dad-aman dostlar əlindən.
Dizə gəldi, neçə-neçə
Ataman dostlar əlindən.

Nədi əlacım, nə edim?
Neçə yol sözümü yedim.
Şikayətə durum gedim?
Yada mən dostlar əlindən!

Rəngləri var— ağ, alaca,
Boz, sarıca, tünd qaraca.
Tikəmmədim bir balaca
Oda mən dostlar əlindən.

Neçəsinə könül verdim,
Hər salamdan artdı dərdim.
Ay... nə qədər çəkdim, gördüm
Qada mən dostlar əlindən.

Qəbrimdə otlar bitəcək,
Xığırım otda itəcək.
Ya budu dostlar gedəcək,
Ya da mən dostlar əlindən.

İncənin yolları

Binələri əldən çıxdı,
Endi İncənin yolları.
Bir gümüşü simə döndü,
Dindi İncənin yolları.

Neçə kəhərlər nal salıb,
Neçə igidlər ad alıb.
At səsinə həsrət qalıb
Indi İncənin yolları.

Dağ övladı kür olarmış,
O kürlükdə sirr olarmış.
Qala yolu bir olarmış,
Mindi İncənin yolları.

Dağlar, dərələr yaşıdı,
Tapdandı, gənə yaşadı.
Allah, şəhərə daşıdı
Kəndi İncənin yolları.

Просмотров: 519 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: