20.54.52
Tarix
Teymur"Altın-Arığ ” dastanı haqqında

          1. "Xakas” tayfa adı üzərinə.

Sibir bölgəsi, xüsusilə Altay-Sayan-Alatau dağlarının yaşıl qucağında və aylı gecələrin gümüş kəməri Yenisey çayı sahillərində yerləşən və RF-yə bağlı özirq Xakas Respublikası çağdaş xakas xalqının tarixi vətənidir. Min illərin tarixi keşməkeşindən keçib gəlməyi bacaran xakaslar bəzi salnamələrdə, mənbələrdə- QIRĞIZ adı ilə qeyd olunmuşlar. Bizim eradan əvvəl II əsrdə qədim çin qaynaklarında ilk dəfə -" XAKAS ”-etnonimi türk tayfa adı kimi keçmişdir (1). XAKAS etnoniminin mənşəyi və semantik məzmununda iki türk qəbiləsinin adı fonetik təhriflərə məruz qalsa da özünün TÜRK mənşəyini aydın göstərməkdədir; Göy Türk boylarından Göy\\Kay\\Xay\\Hay\\Ha-Xa; Göy Sak Türk boylarından isə səs düşümü hadisəsi nəticəsində KAS- gəlib HA-ilə birləşərək HA-KAS adı alınmışdır.Məsələ burasındadır ki, KAS-sözünün də semantik məzmunundə Göy Sak-iki türk sözü ifadə olunmaqdadır. Zamanla fonetik yuvalar sıxılmış, ö və y-səsləri düşmüş, G-səsi SAK-dan S-ilə birləşib qalın K-ya və ya kar-X-ya çevrilmişdir; Göy Sak//-KOS//SAK;KASSAK//QAZAK//QAZAX- şəkilinə düşmüşdür.Göy Sak sonrakı fonetik variantlarda üzvlənmiş KAS forması almışdır. Xəzər gölünün başqa adının Kaspiy olması da KAS BƏY-dən gəlir.KAF(zirvə,baş)KAS (göy-sak)//KDQ-da Qaz//Kas-lıq dağı, bir sözlə QAF-QAZ da o cümlədən. Amma "Osetin dilinin etimologiyası” 5-cildlik fundamental əsərində böyük osetin alimi V.Abayev Qafqaz toponimi haqqında yazır ki, "proisxojdeniye neizvestno”- mənşəyi məlum olmayan sözdür. Bu Moskvaya xoş gəlmək üçün antitürk mövqedir. Buna bənzər münasibəti biz V.Dalın "Canlı rus dilinin izahlı lüğətində”də görürük.V.Dal minlələ türk mənşəli sözün qabağında yazır ki, "mestnoe nareçie”("yerli şivə”?!) bilinmir ki, söhbət rus dilindən yoxsa türk-tatar dilindən gedir, hansı dilin yerli şivəsidir. XIX əsr ümumiyyətlə velikorusların türkə və tatara eyni dərəcədə nifrət etdikləri bir zaman idi. Halbuki, Nobel mükafatlı yazıçı Mixail Şoloxov ana xəttinin türk soyundan gəlməsilə açıq fəxr edirdi. Atası isə kuman (xristianlaşmış göy türklər; məs: Qaqauzlar-Göy Oğuzlar.) kazaklarının soyundan gəlirdi. Beləliklə,Göy Türk, Göy Sak, Göy Oğuz qəbilələrinin və digər kiçik türk tayfalarının ayrı-ayrı boylarının birliyindən tarixən formalaşan yeni millətin adını rus transkripsiyasında Xakas yazmışlar. Burada iki adın əvvəlində gələn GÖY sözünün biri digərini fonetik məxrəcə yuvarlatmışdır. Hazırda Xakas xalqı Saqay, Beltir, Kaç və ya Kaas, Koybal, Kızıl, Şor, Kamasin, Çolım və Çat adlı böyük və kiçik tayfalardan ibarət olmaqla müasir-çağdaş xakas millətini oluşdurmuş (2), velikorus şovinizminin slavyanofil assimilə siyasəti və xristianlaşdırma basqılarından gələn təzyiqləri altında qalan bu türk xalqı öz ağrılı həyatını yaşamaqdadır. 2. Xakas folkloru ilə tanışlıq tarixi haqqında Xakas folklorunun ilk dəfə toplanması və nəşri XVIII əsrdən başlanır. Folklor toplayıcıları Xakas folklorunun toplanması və nəşri tarixini 3 mərhələyə ayırırlar; 1-ci mərhələ XVIII əsri, 2-ci mərhələ bütütünlüklə XIX əsri, 3-cü mərhələ isə XX əsrin əvvəllərindən bu günə qədərki dövrü əhatə edir. Birinci mərhələdə Xakas xalqına məxsus bəzi miflər, əfsanələr, nağıllar,tapmacalar və rəvayətlər toplanmış və yazıya alınmaqla və qismən nəşr olunmaqla səciyələnmişdir.Bu işlə məşğul olan şəxslər əsasən səyyahlar, sürgünə göndərilmiş rus ziyalıları, çar zabitləri, əsir düşmüş xarici ordu zabitləri, bir də az sayda tarixçi-etnoqraf alimlər olmuşdur. Səyyahlar və tarixçi-etnoqraf alimlər toplayıb nəşr etdirdikləri əsərlər-miflər, əfsanələr, rəvayətlər vasitəsi ilə Peterburq və Moskvanın mədəni cəmiyyətinə Sibirin bu bölgəsində yaşayan Xakas xalqının bədii-əsatiri düşüncəsi, poetik zövqü, mədəni özəlliyi haqqında məlumat vermək, onları tanış etmək istəmişdirlər. 1724-cü ildə çarın fərmanı ilə rusiyada Elmlər Akademiyası açıldı. Elmlər Akademiyası açılandan sonra Sibir xalqlarının, o cümlədən xakasların tarixinə, şifahi ədəbiyyatına, etnoqrafiyasına, məişət və digər özəlliklərinə həm elmlər akademiyasının, həm də Rus Coğrafiya Cəmiyyətinin üzvü olan ziyalılar ciddi maraq göstərir onlarla məşğul olurdular. Onlar Xakas xalqının poetik –şifahi və mənəvi mədəniyyət abidələrini toplayır, nəşr edir, o nümunələrdə ifadə edilən bədii xüsusiyətləri həmçinin folklor materiallarının fəlsəfi –idraki əhəmiyyətini yüksək qiymətləndirirdilər. 1721-22-ci illərdə cənubi sibirin bu bölgəsinə alman təbiətşünası D.Q.Messerşmitd gəldi. Messerşmitd bu ölkənin coğrafiyası, tarixi, etnoqrafiyası, şifahi ədəbiyyatı haqqında material toplayırdı.O, 1721-ci ildə Uybat çayının kuzey sahilində hündür bir daş abidə tapdı.Bu daş abidə bütün dörd tərəfindən naməlum " yazılar-işarələrlə” örtülmüşdü.Sonra məlum olacaq ki, qədim türk dili və tarixi üçün müstəsna əhəmiyyətə malik olan bu daş Orxon-Yenisey abidələri silsiləsinə daxil olan məşhur Yenisey abidələrindən biridir. O, xakasların torpaqlarını Şimal müharibəsi zamanı ruslara əsir düşmüş və burada öz hərbi əsir həyatını yaşayan İsveç zabiti F.İ.Tabbert-Stralenberq ilə birlikdə gəzmişdi.F.İ.Tabbert-Stralenberqin yazıya aldığı poetik- folklor materialları arasında Ara tayfasının həyatı və çoxsaylı ilan ordusuyla döyüşü təsvir edilir. O, mətni almanca yazmışdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,Ara tayfasının ilan ordusuyla müharibəsi haqqında əfsanəni başqa alman alimi Q.F.Miller də 1733-34 – cü illərdə 2-ci Kamçatka ekspedisiyasında iştirak edərkən yazıya almışdır.Sonralar bu əfsanə N.F.Katanov tərəfindən yazıya alınmış və 1907-ci ildə ( 541 səhifə ) toplayıcının tərcüməsində rusca çap olunmuşdur. 2-ci Kamçatka ekspediyasının tərkibində Rusya Elmlər Akademiyasının digər üzvləri ilə bərabar o dövrün görkəmli alimləri- V.N.Tatişşev, İ.E.Qmelin, Y.İ.Zindenau da iştirak etmiş və xakaslara məxsus olan folklor-etnoqrafik materiallar toplamışlar. Alman-rus-isveç-fin alimlərinin sibirdə yaşayan bu türk xalqlarının tarixi, maddi-mədəni irsi, coğrafiyası, şifahi ədəbiyyatı və etnoqrafiyası haqqında topldığları və araşdırdığları, tərcümə edib nəşr etdikləri əsərlər sayəsində rusyada yeni elm sahəsi- sibirşünaslıq elmi üçün baza yaradıldı.Sibirşünaslıq elmini yaradan daha iki böyük alim var idi; İ.Q.Qeorqi və P.S.Pallas. İ.Q.Qeorqi " Opisanie vsex v rossiyskom qosudarstve obitayuşşix narodnostey” (" Rusya dövləti ərazisində yaşayan bütün tayfaların təsviri ”) adlı əsəri ilə P.S.Pallas isə " Putişestvie po raznim provintsiyam Rossiyskoqo qosudarstva” (" Rusya dövlətinin müxtəlif vilayətlərinə səyahət ”) adlı əsri ilə birinci mərhələni mükəmməl şəkildə bağladılar.Tarixi zərurət sonra işi elə gətirdi ki, sibirşünaslıq elmi ilə şərqşünaslıq elmi rusyada eyni forma və mündəricədən qaynaqlanaraq eyni vaxtda təşəkkül etdi və tədricən yeni yaranmaqda olan türkologiya elmi də həm sibirşünaslığın, həm də şərqşünaslığın tərkib hissəsinə çevrildi. Sibir o cümlədən xakas türklərinin poetik və qeyri poetik folkloru, etnoqrafiyası, tarixi və maddi-mədəni irsinin öyrənilməsinə maraq getdikcə artmaqda idi. Belə ki, xakaslara məxsus mənəvi mədəniyyətin elmi-tədqiqata cəlb edilməsi prosesinin davamı bu reqionu öyrənmənin, elmi əlaqələrin və tədqiqatın 2-ci mərhələsini- bütünlüklə XIX əsri əhatə etdi. 2-ci mərhələdə həm sibirşünaslıq, həm şərqşünaslıq, həm də türkologiya daha geniş inkişaf pilləsinə keçdi.Bu mərhələ toplanan folklor mətnləri,etnoqrafik məlumatlar dərin təhlillərdən keçir, ümumtürk kontekstində elmi-tədqiqata cəlb olunması və yeni alimlər nəslinin yetişməsi, formalaşması ilə səciyyəvi özəllik kəsb edirdi. Onu da nəzərə almaq yerinə düşərdi ki, məhz bu mərhələdə həm sibirşünaslığığn, həm şərqşünaslığın eyni zamanda predmeti olan türklük bilikləri dünya ictimai elmlər ailəsinə türkologiya adı ilə daxil oldu və yeni elm sahəsi bir çox görkəmli alimlərin fədakar zəhməti sayəsində təşəkkül tapdi.Belə görkəmli alimlərin sırasında fin linqivist, etnoqraf, türkoloqu M.A.Kastreni, alman türkoloqu V.V.Radlounu (3) , Q.F.Milleri, Rus Coğrafiya Cəmiyyətinin fəal üzvü N.A.Aristovu (4), qazax Ç.Valixanovu, Q.Potanini (5), N.Katanovu, İ.İ.Karatanovu, V.Titovu,və soydaşımız oğuz türkü M.Kazım bəyi xüsusi hörmətlə yad etməliyik. Məhz Mirzə Kazım bəy tipli alimlər çar rusyasında şərqşünaslıq elminin (əslində o cümlədən türkalogiya elminin) sağlam təməllər üzərində əsasını qurdular.Bu zamandan etibarən folklor-etnoqrafik, tarixi-coğrafi, tətbiqi sənət və qayaüstü rəsmlər, folklor musuqisi, mərasim- ayin və təqvim bayramları haqqında əldə edilən,toplanan materialların nümunələri məhz o zaman aspektindən sistemli öyrənilməsi, intensiv araşdırılması humanitar-filoloji elmin ayrı-ayrı sahələri ilə elmi-tədqiqatların differensiasiyası başlandı. Xakas folkorunu toplamaq və öyrənmənin 3-cü mərhələsi XX əsrin əvvəlindən bu günə qədərki dövrü əhatə edir. Əsrin əvvəlindən başlayan rus-yapon müharibəsi, I Dünya müharibəsi,oktyabr sosialist inqilabının baş tutması, çarın devrilməsi, vətəndaş müharibəsi,SSRİ-nin yaranması, sonra öz xalqına qarşı qanlı sovet repressiya illəri, daha sonra II Dünya müharibəsi, ictimai-siyasi fəsadlara məruz qalan sovet xalqları ailəsi ilə birlikdə xakaslar da ağır,sıxıntılı, rejim həyatı yaşamağa məcbur olmuşdular. Ona görədə XX əsrin 1-ci yarısına nisbətən 2-ci yarısı-xüsusilə, Böyük Vətən müharibəsindən sonrakı illər xakas folklor mədəniyyətinin toplanması və öyrənilməsi, tədqiqatın inkişafı baxımından daha məhsuldar olmuşdur. Burada artıq xakas millətindən olan vətənsevər alimlərin də elmi hərəkata qatılmasını, doğma mədəniyyətini doğma dilində araşdırmasını vurğulamaq vacibdir.Artıq milli kadrların da yaxından iştirakı sayəsində türkoloq-folklorşünaslar bahadırlıq eposu olan " Altın-Arığ”, " Albınjı” (" Xulatay”), " Xan Kiçiqey”, " Gümüş qanadlı mavi-boz atlı Kün-Tenqis”, " Ağ-Çibek-Arığ ”, ” Xulatay və Qulun Taycı ”, " Altın -Sabah”, " Qırmızı tülkü Alp-qız ”, " Üç dəfə evlənən Xan-Mirqen”, " Ay-Arığ ”, "Ay-Xuuçın ”, " İzer-Qara-Qız...”, " Izil-Arığ ”, " Kor Xan-Mirqen”,”Pis-Tumzux-Plö-Xarına evlənmiş Küreldey”, " Dombalangöz Pora-Ninçi ”-və digər bu kimi əsərləri toplamış, kommentariyalarla paytaxt Ağban (Abakan) da çap etmiş, bir çox dastanlar haqqında namizədlik, doktorluq dissertsiyaları yazmışdırlar. Xakas folklorunda ən geniş yayılıan janr- xalq arasında "alıptıx nımax” və ya "çaalıq nımax” adlandırılan, döyüşlər və müharibələr mövzusunda olan qəhrəmanlıq və ya bahadırlıq dastanlarıdır. Qəhrəmanlıq janrında söylənən dastanlar daha çox Qızıl boyunda zəngin və rəngarəng olsada, digər boylarda məsələn, Saqay, Kaçin, Şor, Koybal və s. xakas boylarında da məşhurdur. Bununla yanaşı ictimai problemlər, iqtisadi sıxıntılar dolayısıyla folklora azalan marağı nəzərə alaraq B.E.Maynoqaşeva qeyd edir ki,bizim zamənəmizdə epik ənənələr dağılıb söndükcə dastan söyləyicilərinin-xaycıların sayı da sürətlə azalır. Bu fikirlər sovet dövründə, kommunist ideoloji basqısı və təsiri altında deyilmişdir. Əslində "epik ənənələr dağılıb sönmürdü”,sovet ideologiyasının məkrli semantikası altında velikorus millətçiliyi məxfi formalarda antitürk istiqaməti izləyirdi.Bu istiqaməti və məqsədi saxta beynəlmiləlçilik şüarları altinda və gizli polis orqanlarının (KQB) hədə-qorxuları ilə ört-basdır edir, ümumtürk mədəniyyəti əleyhinə, ortaq türk bütövlüyü əleyhinə gizli basqı yapırdılar.Ona görə antitürk gizli basqı haqqında düşüncələrini və məlumatları B.E.Maynoqaşeva açıq deyə bilməzdi. (6). 3. Xay, xayçı, komıs... Xay (Hay)-xakaslar boğazın dərinliyindən ,udlaqda formalaşıb gələn səsə belə deyirlər. Xaycı, bu səslə oxuyan şəxsə deyirlər. Xay səslə oxumaq və ya xaycı olmaq xüsusi istedad və qabliyyət tələb edir. Xaycı fenomenal yaddaşa sahib olmalıdır; o, həm minlərlə misradan ibarət olan dastanı obrazlaşdırmaqla, emosiyalarla əzbərdən söyləməli, həm də udlaq-boğaz səslə ahəngdar ritmdə oxumalıdır. Bundan başqa xaycı bizim aşıqlar kimi Çatxan adlı kiçik simli musiqi alətilə özü-özünü oxuyarkən müşayət etməlidir. Amma sazın forması və həcmi ilə çatxan müqayisə olunmaz, çatxan çox kiçikdir. Qədimdə xakaslar qəhrəmanlıq dastanlarını ifa edərkən xomısdan istifadə etmişdilər. Xomıs da çatxan kimi kiçik iki simli musiqi alətidir. Xomıs –bu musiqi aləti Azərbaycanda Qopuz Qax-Balakən reqionunda yerli şivədə isə ona Dombra da deyirlər.Xomıs və Qopuz ad ümumiliyində birləşsələrdə, hər ikisi simli musiqi aləti olsa da, şəkili və formasına görə ciddi fərqlənir; Qopuz qismən saza, uda bənzədiyi halda, Xomıs sazın, tarın və ya udun qolundan ayrılmış- 30-35 sm-lik bir parçaya bənzəyir. Xakaslar belə bir musiqi alətinin ritmik sədaları altında bahadırlıq dastanlarını ifa edirlər. Xakaslar belə dastan ifaçısına qəhrəmanlıq mövzusunda dastan hayladıqlarına-söylədiklərinə görə "xaycı-nımaxçı” deyirlər.Azərbaycanda aşıqlar dastan ifa edərkən nəğməni, musiqini və rəqsi birlikdə ifa edir, artıq təkmilləşmiş bir sinkretik sənət nümunəsi yaradırlar, ancaq xakas xayçı-nımaxçıları dastan ifa edərkən rəqs etmir.Ciddi müşahidə etdikdə, paralellər və təhlilləri vizual şəkildə apardıqda belə xayçılıq və aşıqlıq sənətinin eyni kökdən-Şaman mədəniyyətindən gəldiyi açıq-aşkar görünür. Bu sıraya muğamı da aid etmək olar. Maraqlıdır ki, xakas xayçı-nımaxçıları çatxanla və ya komısla qəhrəmanlıq dastanlarını ifa edərkən, əsasən "Şur” muğamının ladı üzərində oxuyurlar. Xayçı-nımaxçıların oxuyarkən səs çalarları və improvizasiya üsullarını əks edən not yazısında şur ladı qeyd olunmuşdur. Bu sadə faktın özü belə bir zamanlar Azərbaycana muğamın farsdan, ərəbdən, hinddən gəldiyini iddia edən kosmopolitlərin əsassız olduqlarını, səhv etdiklərini sübut edir. Demək muğamın da ortaq Xayçılıq, Baxşılıq, Aşıqlıq, Ozanlıq kökü- birbaşa ümumən Şaman mədəniyyətinə bağlanır.Sonralar bu sənət növləri dəyişik adlar və şəkillərdə şaman kökündən üzvlənib ayrılmış, müstəqil inkişaf yolu tapmışdır. Xaycı-nımaxçılar, bizim aşıqlar kimi əhali arasında böyük hörmətə malikdir.Bizim aşıqlar, əsasən toylarda el şənliklərində, məclislərdə oxuyur, dastan söyləyilər. Xakaslarda isə bu məsələ bir az fərqli olur.Xayçı-nımaxçıları dinləmək üçün xüsusi gecələr təşkil edilir, xayçı səhərə qədər xay söyləyir-qəhrəmanlıq nəğmələri oxuyur, ora toplanan xay həvəskarları isə onları böyük zövqlə dinləyir. Dastanı söyləməyin bir başqa forması-onu çatxansız və ya xomıssız söyləməkdir.Bunu adətən qadın xaycı-nımaxçılar edir. Dastanın bu qaydada söylənməsinə-çazaq ( piyada ) deyirlər-yəni musiqinin müşayəti olmadan sadə ifa edilir. Xakas epik nəğmə- dastan söyləyiciliyi-xayçılığ sənət növü kimi tarixini nə zamandan başladığı məlum deyil. Nəsildən-nəsilə ötürülən bu sənətin kökünün hər halda Şamanizmdən gəlməsi şübhəsizdir. Məlum olan konkret tarix isə budur ki ;XIX əsrin II yarısı-XX əsrin I rübündə Qızıl tayfasından çıxmış məşhur xayçı-nımaxçı Qara Matpıy Balaxçin "Altın Arığ”qəhrəmanlıq eposunu gözəl ifa etmiş, xalq arasında geniş hörmət qazanmışmış. Ondan bir az sonra yenə Qızıl tayfasından çıxmış Nestü adlı bir xayçı-nımaxçı "Altın Arığ”ın gözəl ifaçısı olmuşdur. Hər iki ifaçı-sənətkar yaxın zamanlarda yaşasalar da onların mühütü haqqında geniş tarixi bilgi əldə etmək mümkün olmamışdır. Bununla belə XX əsrin ortalarında və II yarısında Qızıl qəbiləsi içərisindən bahadırlıq dastanının istedadlı xayçıları çıxmış, nəhayət bu dastanın yazıya alınmasında tarixi xidmət göstərmişlər. Qızıl qəbiləsinin xayçıları sırasında Xara Çakım Abdorin, Slo Kadışev, Yeqor Kondeev, Petıx İtemenev və P.V.Sulekovun adları xüsusilə qeyd olunmalıdır. Bunlardan iki sonuncusu- Petıx İtemenev və P.V.Sulekov öz repertuarlarında dastanın adını "İçen,Piçen-iki bacı”olaraq qeyd edirdilər. Əslində İçen,Piçen bacıları "Altın Arığ ”dastanının obrazlarından yalnız ikisidir. 4.Yazıya alınması və nəşri haqqında "Altın Arığ” qəhrəmanlıq eposu nəhayət sovet dövründə iki görkəmli xayçı-nımaxçıdan yazıya alınmışdır. İlk dəfə bu dastanı 1955-ci ildə T.Q.Taçeeva o zamanın məşhur xayçı-nımaxçısı Semen Prokopeviç Kadışevdən (1885-1977) -onun söyləyişindən yazıya almışdır. Yazıya alınmış bu variant onun özü tərəfindən əlavələrlə təkmilləşdirilmiş və 1958-ci ildə Abakanda "Altın Arığ. Alıptıx nımaxtar.” adı altında xakasca çap olunmuşdur. Sonralar bu variant folklorşünaslıqda "Kadışev variantı” adı ilə tanınacaqdır. Poemanın ikinci variantı B.E.Maynoqaşeva tərəfindən digər görkəmli xayçı-nımaxçı Petr Vasileviç Kurbijekovdan (1910-1966) 1964-cü ildə yazıya alınmışdır. Kurbijekov variantı, Kadışev variantı ilə müqayisədə həcmcə ikiqat çoxdur- 10341 misradan ibarətdir. Kurbijekov variantındakı misralar döyüş səhnələrinin, etnoqrafik səhnələrin, at çaparkən dağlar, çöllər, ormanlar, göllər və çayların mənzərəsinin, ayrı-ayrı mifoloji motivlərin, obrazların xarakterik xüsusiyyətlərinin geniş təsviri hesabına zənginləşmiş və çoxalmışdır. Bununla yanaşı ədəbi-bədii kompozisiyanın, süjet xəttinin, ayrı-ayrı epik səhnələrin, təbiət ricətlərinin bədii-məntiqi rabitəsi, çox nəzakətli və şirin dialoqun, poetik məcazların, şairanə dilin, bədii məqamlarla yüksək poetik sənətkarlıqla uzlaşması, adekvat epizodların emosional-məntiqi bağlantıda təqdim olunması əsərin ədəbi-bədii məziyyətlərini, siqlətini artırmış, qəhrəmanlıq eposuna bəşəri məzmun və mündəricə dəyəri qazandırmışdır. Sonralar toplayıcı folklorşünas-alim B.E.Maynoqaşeva "Kurbijekov variantını”(10341) ruscaya filioloji tərcümə etmiş, " Altın Arığ. Xakas çonnınq alıptığ nımağı” ("Altın Arığ.Xakas xalqının qəhrəmanlıq dastanı”) adı ilə orjinal mətni, rusca filoloji tərcümə mətnini, kommentariyalar, "Хакасский героический епос «Алтын Арыг»” adlı geniş məqaləsi, kadışev variantı ilə kurbijekov variantının müqayisəli epizodların illüstrasiyası və A.K.Stoyanovun «Искусство хакасских хайджи» ("Xakaslarda xayçı sənəti”) adlı məqalə- si ilə birlikdə 1988-ci ildə Moskvada "Восточная литература” ("Şərq ədəbiyyatı”) nəşriyyatında (519 səh.) çap etdirmişdir.Yeri gəlmişkən xatırladım ki, məhz kurbijekov variantı B.E.Maynoqaşevanın təqdimatında AMEA Folklor İnstitutunda "Türk Xalqları Folkloru”şöbəsində bu sətirlərin müəllifi tərəfindən Azərbaycan dilinə xakascadan tərcümə edilmiş, 4000 min misralıq bir hissəsi, ilk dəfə-2009-cu ildə dərc olunmaq üçün "Dədə Qorqud” dərgisinə verilmişdir.Belə ki, kurbijekov variantı bu vaxta qədər ruscadan başqa heç bir dilə tərcümə olunmamışdı.Onu da qeyd etmək vacibdir ki, Xakas qəhrəmanlıq eposunun Azərbaycan dilinə tərcümə edilməsini "Türk Xalqları Folkloru” şöbəsinin müdiri, f.e.n. Əfzələddin Əsgər və Folklor İnstitutunun direktoru f.e.d. professor Hüseyn İsmayılov təklif etmiş, Elmi Şuranın qərarı ilə Akademiyanın iş planına daxil edilmişdir. Xakas türklərinə aid olan bu eposun Kadışev variantı isə qeyd etdiyimiz kimi T.Q.Taçeeva tərəfindən 1955-ciildə yazıya alınmış və 1958-ci ildə Ağban (Abakan) şəhərində çap edilmiş, əlavələr və təkmilləşdirilmiş şəkildə isə təkrarən 5181 misradan ibarət olaraq, 1987-ci ildə paytaxt Ağban (Abakan) da nəşr edilmişdir.Kadışev variantı da ilk dəfə xakascadan xarici dilə- Türkiyə Türkcəsinə Qazi Universitetinin professoru, filalogiya doktoru Fatma xanım Özkan tərəfindən tərcümə edilmiş, orjinal mətnlə birlikdə, geniş məqaləsi, dastan mətninin lüğəti, Hoca Ahmet Yasevi Uluslararsı Türk-Kazak Universitesi Mütevelli Heyeti Başkanı Namık Kemal Zeybekin "Təqdim” məqaləsi ilə "bilgi”Yayınları tərəfindən 1997-ci ildə Ankarada nəşr edilmişdir. "Altın Arığ. Алтын Арыг.” adı ilə çap edilən dastan onu hazırlayan Fatma xanım Özkan tərəfindən "Giriş” və 3 (üç) bölümə ayrılmışdır. "Giriş”-də "Hakas Türklərinin tarixi”, I bölümdə Hakas Dastanlarının Təşəkkül dövrü və Dastanlardaki tarixi mərhələlər, Hakas Dastan Anlatıcıları, Altın-Arığ Dastanının motivləri, II bölümdə Altın-Arığ Dastanının özeti, Hakas Türkcəsinin səs özəllikləri, III bölümdə isə tərcümə edilmiş Mətn, Sözlük, Altın Arığ Dastanının Kiril hərfli mətni yer almışdır. Beləliklə, kadışev variantı (5181 misra) Türkiyə türkcəsinə, kurbijekov variantı isə (10341 misra) Azərbaycan türkcəsinə çevrilmişdir. ”Hakas dastanlarının təşəkkül dövrü və dastanlardakı tarixi təbəqələr” məqaləsində Fatma Özkan dastanın təşəkkül dövrü ilə əlaqədar olaraq qeyd edir ki, "Hakas dastanları ilə əski runik hərfli Göy Türk və Yenisey yazıları, dil,üslup və ideal baxımından paralellik ərz etməkdədir. Bu səbəbdən Hakas qəhrəmanlıq dastanlarının təşəkkül tarixini Göy Türk çağın öncəsinə gedib çıxar.” Fatma Özkan xakas qəhrəmanlıq dastanlarının başqa mötəbər tədqiqatçısı M.A.Ungvitskayaya istinad edərək, təşəkkül tarixini "Taqar-Taştık dönəminə qədər ”götürməyin mümkün olduğunu həmən məqaləsində qeyd etmişdir. 4. Altın-Arığ və başqaları... " Altın – Arığ ” bahadırlıq eposu üç alp-bahadırlar nəslinin həyatı və mübarizəsindən, vətən sevgisindən , doğma suya və doğma torpağa bəslədikləri sonsuz məhəbbətindən, düşmənə, işğalçı yadellilərə sonsuz nifrətindən, hiss və həyacanından danışır ; 1) Qadın bahadır Pis-Tumzux-Plö-Xarın-Xuu-İney və onun oğlu Xulatay ; 2) Altın-Arığ və onun daşdan doğulmayan bacısı; Qız Xan. 3) Altın-Arığın oğlu gənc bahadır Taptaan-Molat. Dastanda Alıp-xan ölkəsinin varisi olan altı yaşlı oğlanı onların ailəsinin vassalı olan Altın-Seyzenin qızları- Piçen-Arığ və İçen-Arığ öldürürlər. Halbuki bu iki subay qız-iki bacı altı yaşlı oğlana baxmalı, onu bəsləməli, ona xidmət etməli,yeniyetmə yaşa qədər onun qulluğunda durmalı idi. Əlbəttə bu cinayəti, xain hərəkəti daha çox kiçik bacı – Piçen-Arığ edir. İçen-Arığ daha çox ev işləri ilə məşğul olur. İçen-Arığ həlim, mülayim, sakit, xoş rəftarlı, qardaşı altı yaşlı oğlanın acı taleyinə ürək yandıran bir gənc qızdır, ancaq bu yaxşı qız (xıs çaxsı) təbiətən qorxaqdır. O həm öz doğma kiçik bacısına həm də Alıp-xanın kiçik oğluna ana şəfqəti, ana mərifəti, ana qayğıkeşliyi göstərir. Piçen-Arığsa Alıp-xanın ulu yurduna, xalqına, naxırlarına, ilxılarına,sürülərinə, torpağına ,suyuna, tayfasına , xalqına tamah salıb, onu ələ keçirmək, sahib çıxmaq, Xan, Bəy olmaq istəyir. Əslində ölkə, xalq, taxt-tac vərəsəlik hüququ ilə altı yaşlı oğlana verilməlidir. Əslində türk tarixi gerçəkliyi ailə ənənəsinə görə irsən ötürülən ciddi sistemə tabedir. Obrazlaşan bu tarix həyat həqiqətinə sadiq qalaraq, folklora daxil olmuş, oradan epik motivlərlə transormasiya olunmuş, dastan kompozisiysına ədəbi-bədii baza yaratmışdır. Piçen – Arığ müvəqqəti hakimiyyətdən, altı yaşlı oğlanın hələ kiçik olmasından sui-istifadə etmək, taxt-tacı ələ keçirmək üçün ağır cinayətlər törədir, əvvəl altı yaşlı oğlanı öldürür, sonra Ağ Qayada daşdan saf tanrı ruhundan doğulan Altın-Arığı , onun yenə orada Ağ Qayada daşdan doğulan səma-göy cinsli, doqquz qulac boyu olacaq, saf qanlı Ağ sabdar atını öldürür, sonra ölkəni viran qoyur, yer altında gizli dəfinələri talan edir, Sarı-xan oğlu Saatay – Mirqeni aldadır, ona tilsim-cadu yolu ilə, cin üsulu ilə ərə gedir, xalqın malını-mülkünü əlindən alır, onların yaşadığı aulları-kəndləri dağıdır, nəhayət, öz doğma xalqını əsir edir, onları malı-heyvanı ilə birlikdə zorla, getmək istəməyənləri öldürməklə zülm edib, sürüb, uzaq Saatay-Mirqen ölkəsinə əsarətə apariır. Dastanı söyləyən xayçı-nımaxçı bu faciəli hadisələri söyləyərkən özü hadisələrin dəyərləndirməsinə bitərəf qalır, öz şəxsi mövqeyini bildirmir, kübar-zadəgan ailə əxlaqına sadıq qalır, bu əxlaq və davranış qaydalarına hörmətlə yanaşır, onları heç vaxt təhqir etmir, əksinə, yaxşı qız ( xıs çaxsısı, hərfi tərcümədə- qızların ən yaxşısı), gözəl – göyçək, qəşəng qız ( arığ - siliq), yaxşı adam (xıs kizi; hərfi tərcümədə - qız adam), qorxmaz, cəsur və digər bu kimi epitetlərdən onların ünvanına gen-bol istifadə etmişdir. B.Q.Maynoqaşeva bu tipli bədii ifadə vasitələrindən, məcazlardan istifadə etməyin epik ənənədən gələn poetik klişe olduğunu qeyd etmişdir. Dastanın diqqət çəkici bir hissəsi də qadın - alp Pis-Tumzuxun həyatını, dağılmış-xarabazara çevrilmiş ölkəsində yaşadığı iztirablarını, oğlu ilə rastlanmasını, öldürülmüş Altın-Arığı və onun Ağ-Sabdar At olacaq səmavi qulununu canlandırmasını, mübariz vətən sevgisini, daşdan ecazkar-möcüzəli bir hadisə olaraq doğulması və orada-yenidən daşın içərisində ölməsini əks etrdirən parçalardır. Pis-Tumzuxun, Altın-Arığın və onun ipək yallı Ağ-sabdar atının Ağ Qayadan doğulmasını əks etdirən süjetləri totemizm dövrünün mifik təsəvvürləri ilə bağlanır. Daşın yaradıcı, törə, əcdad-ana kimi təsəvvür edilməsi daş kultuna aid düşüncələrin sonralar qədim və ilkin orta əsrdəki ictimai-mədəni fikir və bədii mülahizələrlə, əsatir inancı və estetik mündəricə ilə qaynayıb-qarışması nəticəsində zəngin poetik lövhələr, bədii təsvirlər, dağların füsunkar fonunda romantik mübarizələrlə dolu idillik bir həyat əbədi yaşar dağ-daş sevgisindən Ana Vətən , Ana Torpaq, Ata Yurdu məhəbbətinə ictimai-fəlsəfi məzmun vermişdir. Dağ-daş kultunun günümüzə uzanan dayanıqlı inanc duyğusu, törə dünyagörüşü, xakas-türk insanının vətən sevgisinin mənəvi-psixoloji və sosial-ideoloji qaynağını oluşdurmuşdur. Pis-Tumzuxun dərin faciə faktı ilə üz-üzə qalması dastan janrının nəzəri imkanlarını səciyyələndirir və tarixi faciəvi gerçəkliyin folklor mühitindən transformasiya olunmuş epik adekvatıdır. Dastanın mərkəzi, əsas süjeti şübhəsiz, baş qəhrəman olan alp-qız Altın-Arığın epik bioqrafiyasından ibarətdir. Eposun əsas qəhrəmanları qadınlardır.Təbii ki, bu siyahının önündə Pis-Tumzux-Plö-Xarın, Altın-Arığ, Qız Xan gəlir. Bununla belə demək olmaz ki, əsər matriarxat münasibətləri təsvir edir. Ümumiyətlə matriarxizm sosial status verən formasiya kimi türk və ya prototürkün antik həyat-məişət mədəniyyəti üçün xarakterik deyildir. Hər halda biz "Altın-Arıq” da, "Kitabi-Dədə Qorqud”da,”Ural Batır”da, "Manas”da, "Nart”da, "Koroğlu”da,”Alpamış”da, hətta şumerlərin "Bilqamış”ında belə sosial həyatın qadın başlanğıcını-matriarxizmi görmürük Bir tayfada Ana üstünlüyünə, digər tayfada Ata üstünlüyünə rast gəlirik Hər halda aldığımız dastan informasiyasında bunun bariz nümunəsinə rast gəlmirik. Tərəfimizdən tərcümə edilən "Altın Arığ”dastanında da belə epik epizodlar və səhnələr vardır. Maraqlıdır ki, Türk epik ənənəsində Ana və Ata başlanğıcı xususilə bahadırlıq dastanlarında ideoloji-siyasi üstünlük bilavasitə maddi-mənəvi gücdən qidalanır, şəxsi qabliyyətdən, xeyirli əməllərdən başlayır. Məncə, matriarxizmi bir mağarada qadın hakimiyəti kimi başa düşmək lazımdir,mağara hakimiyəti isə ictimai-iqtisadi atributları ehtiva edib, cəmiyəti dövlət təşəkkülünə, sistemli bir formasiyaya götürə bilməz.Svilizasiyaların, ictimai-iqtisadi formasiyaların, mədəni şüur və idrak formalarının, təfəkkür mərhələlərinin dəyişməsi və təkamülün enerji mənbəyini yaradılışın dual baxışlar sistemində axtarmaq lazımdır. Altın-Arığın və onun atı Ağ-Sabdarın Ağ-Qayadan doğulması, onun öldürülməsi, yenidən Pis-Tumzux vasitəsilə epik inisiasiya vasitəsilə həyata qayıtması,dirilməsi, Çibetey-xanın məmləkətini ələ keçirmək istəyən xanlarla onun mübarizəsi, Xannıq-Xılısla dostluğu, dəfələrlə öz xalqını, qəbiləsini işğalçı xanlar və bəylərdən xilas etməsi, bacısı ilə münasibətləri, bacısına kömək etməsi, Tamı-xanı məğlub etməsi və s. və il. epizodlarda qəhrəmanın epik tərcümeyi-halının təsvirləri süjetin maraqlı, dinamik, bədii məqamlarıdır.Bu qəhrəmanlığa bir cəngavərlik ruhu hakimdir, Altın-Arığın mübarizəsində vətənpərvərlik qayəsi ideoloji-siyasi axtarışlar üzərində qurulmur, daha çox fərdi qisas və intiqam duyğy və düşüncələri üzərində qurulmuşdur. Bütün bunları Altın-Arığ tək edir, bəzən bir cindən qisas almağa gedərkən təsadüfən yolda ədalətsiz bir döyüşə rast gəlir, o, burada döyüşür, məsələni ayırd edəndən sonra yoluna davam edir, ancaq epik Altın-Arığın gücü tükənəndə ona qeybdən kosmik enerji təlqin edilir, sanki o, uzaqdan nəzarətdədir, gücü bitəndə ona yeni kosmik ilham verilir,bu poetik işarə peyğəmbərlərə verilən vəhy koduna adekvatdır. Altın-Arığ obrazinin əsas qiymətli cəhəti odur ki, bu gənc alp- qız butun şüurlu həyatını , fəaliyyətini yalnız doğma vətənin keşiyini çəkməyə, onu əti, qanı, canı hesabına qorumağa həsr etmişdir. Əslində o, bu vəzifə üçün qayadan-daşdan Tanrı ruhundan doğulmuşdu. Demək o, qayadan aldığı qermetik gücü və biliyi özü ilə yer dünyasına hazır gətirmişdir. Başqa sözlə, o, qayadan nahaq yerə doğulmamışdı. Qermetik biliyin sirri gənc alp qıza məlum idi. Gənc Altın-Arığ həm öz xalqını, həm xalqına məxsus malı-mülkü, həm dövlətini, həm mənəviyatını, həmçinin özünün, oğlunun və bacısının namus və şərəfini qoruyur. O, bunları edərkən heç kimdən- heç nədən qorxmur, çəkinmir. Altın-Arığın güclü düşməni Tam-xanla vuruşması, onunla şiddətli döyüşlərə girməsi, onu böyük çətinliklə məğlub etməsi, xalqını azad etməsi, xalqını öz ilxiları və naxırları ilə birlikdə vətənə gətirməsi dastanın əsas mövzusudur. Başqa bahadırliq-qəhrəmanlıq nəğmələrində və dastanlarında baş alp-qız qəhrəmanlar ya sevgiləri uğrunda qara maqik təsirlə ölürlər, ya sehrlə ayrılıb iztirabdan ölürlər, ya da mifik süjetin tələblərinə tabe olaraq vaxtları çatdığı üçün olümə məhkum olurlar. Dastan poetikası üçün ənənəvi epik şablon "Altın-Arığ”da fərqlidir. Altın-Arığ saysız-hesabsız mifik süjetlərdən, kosmoqonik güc və məqamlardan, astral təsirlərdən, qara-maqlı fitnə-fellərdən qeyri-adi insani dözüm göstərərk keçir, ölmür. Ancaq epik Altın-Arığı başqa dastan qəhrəmanlarından fərqləndirən cəhət məhz budur ki, o vətənin azadlığı uğrunda işğalçılarla şüurlu şəkildə döyüşərək halak olur. Altın-Arığın işğalçı-qara qüvvələrlə vuruşması mifik-fəlsəfi yöndən xeyirxhlığı pozub dağıdan, səadəti və xoşbəxtliyi qanda boğan Şər qüvvələrlə, cin İrliklə mübarizəni səciyyələndirir. Altın-Arığ vətən sevgisinin, vətənə məhəbbətin, alternativsiz epik-bəşəri rəmzinə çevrilmişdir. Əgər biz real həyat meyarı ilə insan taleyini ölçə bilsək, görərik ki, gerçəkdə insan yalnız öz doğma vətənində xoşbəxt ola bilir. Doğma atanın, ananın, bacı və qardaşın, övladların yanında, doğma evdə-ocaqda insan öz xoşbəxt taleyinə qovuşa bilər. Altın-Arığın anlayışında, Millət bir ailədir, Vətən o millətin, xalqın müqəddəs, toxunulmaz Evidir. Gənc alp –qızın, Altın-Arığın kişilik və qəhrəmanlıq hünəri, xarakteri yol boyu ona rast gələn, alp- Xulatayla, alp-Xan-Tibet-xanla, alp-Pora-Ninçi ilə, Kilet-xanla görüşlərində səhnədən səhnəyə dəyişir, gənc və əfsanəvi gözəl qız böyüyür, şəxsiyətə sonra isə romantik xalq qəhrəmanına çevrilir. Ağac bar gətirdikcə başını aşağı əyər- bu əxlaq meyarı saymazyanalıqla pozulduqda yəqin ki, dayaz insana və ya iblisin-şeytanın qılığına girib aldatdığı insana həm şəxsi , həm sosial planda ağır zərbələr dəyəcəkdir, bəlkədə ibrət dərsi olsun deyə, göydən sənə bəla gələcəkdir. Altın-Arığ yer insanına məxsus psixoloji xüsusiyyətləri getdikcə daha çox mənimsəyir, yəni göylərdən güc alıb böyüdükcə, şöhrətləndikcə, özündən razı hallar yaşayır.Tanrının yasaq etdiyi əmələ baş qoşan kimi Altın-Arığ həm maddi, həm mənəvi gücdən düşür. Düşmənin gücünü düzgün hesablamır, öz ağlında olmur,araçon-şərab içib sərxoş vəziyətə düşür, sadələşir-adiləşir, öz səmavi sirrini arxayınlıqla, sadəlövhcə düşmənə açır, düşmən cadugər qadın Pora-Ninçi isə onun özünün və atının ruhu, " kut”-u gizlənən uzaq dağlardakı- Ağ –sın dağının zirvəsində gizli saxlanan Qızıl Qayada bitən qızıl yarpaqlı Əbədi Yaşıl Ağacdakı Qızıl Quşun yerini öyrənir, Qızıl quşu tapır və öldürür, sonra Altın-Arığ və onunla bərabər atı Ağ-Sabdar da ölür.Dastanın mifik arxetipi totemizm dövründən sıyrılıb gələn inanc ünsürlərini şamanizmlə qovuşdurmuş, dastan strukturu üçün epik janr bazası yaratmışdir. Dastanın epik bazasına ilkin orta əsrlərin mifopoetik şüuru, folkor mühütünün ünsürləri də daxil olmuşdur. Altın-Arığın oğlu Taptaan-Molat surəti Xeyirin rəmzi-poetik, bədii-romantik davamı və inkişaf xətti kimi eposa daxil olur. Obrazın rəmzi-fəlsəfi mənası budur ki,Xeyir Ruhu- Kut ölməzdir. Taptaan-Molatın anası Altın-Arığın qisasını almaq üçün işğalçı-düşmənləri olan Kilet-xanla və onun cadugər arvadı Pora-Ninçi ilə vuruşub onları məhv etməsi əbədi-əzəli mübarizədə xeyrin şər üzərində romantik qələbəsini şərtləndirir, özünəməxsus bədii üslubda simvolizə edir, dinləyici və ya oxucu Xeyir Ruhun qələbəsinə, mütləq xoşbəxtliyin gəlcəyinə inanır. Altın-Arığın oğlu Taptaan-Molat onun dabanından doğulur, müvafiq olaraq, onun atı Ağ-Boz At da Ağ-Sabdar atın dirnağından doğulur. Bu ecazkar-möcüzəli hadisələr Qız Xanın gözü qarşısında göydən enən nura bükülmüş ağ saqqal bir Qoca tərəfindən icra olunur. Bu Qoca KDQ-nin "Buğac boyunda”gördüyümüz Xızır obrazının adekvatıdır. Dastanda epik qocanın adı bilinmir, o sadəcə Ağ saqqal qocadır. Qoca İrlik-xanı və onun cinlərini lənətləyir və tanrıya yalvarır ki, bir də heç vaxt Altın Arığın oğlu Taptaan-Molat və onun atı Ağ-Boz At, Qız Xan və onun ailəsi, qəbiləsi heç vaxt İrlikə və onun cinlərinə rast gəlməsin. Qoca bu sözləri deyərkən əllərini Göy-xana, mavi səmaya uzadır. Ağ saqqal qocanın duası semantikasına görə kosmoqonik məzmun ifadə edir və alqış xarakterlidir, görünür qoca göy səma üçün etibarlı mələyinmi, şəxsinmi epik adekvatıdır. Bu ictimai formasiyada dəmir yenicə əldə edilmişdir.Dəmir fiziki gücün, qalibiyyətin, yenilməzliyin, sağlamlığın rəmzi obrazıdır.Altın-Arığ düşmənə qarşı dəmirdən son anlarda istifadə etmək qərarına gəlir.Ancaq nəzərə almaq lazımdır ki, bu dünyagörüşü sistemi islamdan ən azı 1000-1500 il öncədir. Bütün türk dastanları belə fəzavi nikbin enerji və aura ilə yükümlüdür, bəlkədə bunun başqa bir səmavi-irfani səbəbi vardır. 5. "Altın-Arığ”-da epik ənənə " Altın-Arığ ” dastanı Azərbaycan oxucusuna tanış gələn epik-poetik motivlərlə doludur. Qədim türk adətlərindən biri olan oğlan uşağına ad vermək motivi " Kitabi- Dədə Qorqud ”-da , " Dirsə-xan...” boyundan bizə məlumdur; Dirsə-xan öz oğluna ad vrmək üçün mərasim-tədbir qurmuşdur. Dirsə-xanın gənc adsız oğlu onun üçün , bu tədbir üçün seçilmiş buğanı tutmalı, yıxmalı və öldürməklə ad qazanmalıdır, bu şərti yerinə yetirsə, ad alacaq igid-bahadır olduğunu sübut edəcək, sınaq imtəhanı verəcək,dolayısıyla gənc oğlan astral-maqik gücə sahib olduğunu sübut edir və dəli, qızğın bir buğanı yendiyinə görə oğlana Buğac adı verilir,onu Dirsə-xan oğlu Buğac-deyə cağırırlar. " Altın-Arığ ”eposunda ad qoyma motivinə baxaq; Çiçil-xanın oğlu hələ üç yaşında ikən xan öz oğluna ad vermək istəyir.Bunun üçün o, xam bir dayçanı tutmalıdır.Əgər o atasına məxsus ilxıdan onun üçün ayrılmış xam dayşanı seçıb tutsa, ona həm ad verəcəklər, həm də tutduğu at onun olacaq, sonrakı həyatda qazanacağı butun uğurları o məhz tutacağı bu atla birlikdə əldə edəcəkdir. Bu qıvraq üç yaşlı oğlan uşağı atı tutur, gətirib çeçpeyə bağlayır, ona məclisdə Tibet-xan adı verilir.Məclisdəkilərin ad verməyə başı qarışanda at çeçpedən yoxa çıxır. Artıq Tibet-xan dəliqanlı bir igiddir, dünyanı " altı dəfə Ay altında yeddi dəfə Gün altında ” gəzib dolaşır öz atını axtarır. Burada at Tibet-xanın səmadan, Göy-Tanrıdan ayrılmış taleyidir. Tibet-xan öz taleyini illərlə axtarır və atı- əslində öz tale payını, bəxtini -" kut "-unu epik at obrazında tapır. "Altın-Arığ”dastanında və digər bahadırlıq dastanlarda qəhrəman atsız at qəhrəmansız təsvir edilmir. Mədəni qəhrəman epik həyatı boyu atdan həm maddi, həm mənəvi güc alır-bir çox hallarda qəhrəman və onun atı maddi-mənəvi gücü, kutu qarşılıqlı şəkildə biri-birindən alır. Bu güc yetmədikcə, yeni güc dalğası, yeni kut aurası ata və qəhrəmana təlqin edilir. Altın-Arığın mübarizəsində və yadelli düşmənlər-cinlərlə döyüş səhnələrində oxucu bu kimi sehrli halların şahidi olur. Advermə motivində də mənəvi güclə cismani güc bütün dalğaları ilə qəhrəmana yeni döyüş pafosu verir. Ümumiyyətlə türk epik ənənəsində atla qəhrəman düşmən qrşısında hər zaman bütövləşir, advermə mərasimində qəhrəman əməli həyatı ilə adını qazanır sonra həyatı boyu öz adını doğrultmağa çalışır.” Kitabi- Dədə Qorqud " dastanının başqa bir boyunda, " Qanlı Qoca oğlu Qanturalı” boyunda Göy-Tanrıdan gələn səmavi sınaq motivi Buğaca nisbətən daha mürəkkəb epik səhnədə cərəyan edir. Qanturalı Təkurun qızı Selcan-xatunu almaq istəyərkən qızın atası Qanturalın qarşısına şərt qyur; o, əvvəl Buğanı yıxmalı,öldürməli,başını kəsməli,sonra aslanı, daha sonra qızmış dəvəni öldürərsə, yalnız sonra o, qızı ala bilər. Buğacın ad almaq üçün buğanı öldürməsi ilə Qanturalın buğanı və ya aslanı, qızmış dəvəni öldürməsi arasında mahiyyətcə heç bir fərq yoxdur; hər iki epik qəhrəman astral-kosmoqonik rabitədə olduğlarını, Göy –Tanrının cismani-mənəvi mifik sınağından keçməli, ad almaqla igidlik rütbəsinə yüksəlməli idi, başqa sözlə onların göylə bağlantıda olduqlarına özlərinin də inanmaqları sübut olunmalı idi, onlar üçün səmadan ayrılmış tale-fatal sirrlərini onlar dərk etməli, səmadan enəcək ” kut ” informativ- kosmoqonik kodunu öz auraları daxilində deşifrə etməliydilər.İgidin və atın tale yazısı (Ağ-sabdar at, Qır at, Dür at və s.) eyni aura içində, eyni motivdə bütövləşməklə şərtlənir. (12) .” Koroğlu " dastanının gürcü variantında atası Alı-kişi Koroğluya altı ayaqlı atı tutmağı tapşırır.Əgər o, atı tutsa at onun olacaq.Koroğlu atı tutur, atası atı ona bağışlayır və atı beş il yerin altında-yenə eyni qaranlıqda- xaosda- saxlamğı tövsiyə edir.(13) Burada ata kainatda onlar üçün ayrılmış gizli səma sirrləri-kut ruhu təlqin ediləcəkdi. Koroğlunun Xəzər gölünün o tayindakı variantında mifik gorda-məzarda, qaranlıq xaosda doğulması (gor oğlu), onun atının qaranlıq tövlədə- işıq sızmayan yerdə - qaranlıq xaosda tam qırx gün bəslənməsi, sirli-sehrli dəryada doğulması ilə Altın-Arığ və onun atının daşdan- qaranlıq xaosda- doğulması arasında mifik-epik bağlar, ayrıntılar və adekvat özəlliklərin olması eposdan özünü diktə edir.Doğrudur, Ağ-Qayanın içi işıqlıdır, amma bu işıq sadə insanın anlaya biləcəyi işıqdan deyildir, tamamilə başqa- ruhun ecazkar işığıdir. "Koroğlu”dastanındaki bir çox mifik motivlərin "Altın-Arığ”-la bənzərlik və ayrıntılarına Fatma xanım Özkan "Altın-Arığ” dastanının motivləri” məqaləsində toxunmuş,yeni maraqlı elmi- araşdırma mövzusuna qapı açmışdır (14). Türk dastan yaradıcılığı üçün mifo-poetik motivlərin bənzər paralelliyi soy kökü və qan-süd ümumiliyinin ortaq tarixiliyindən, dastan yaradıcılığının epik ənənəvi nüvəsindən və üzvlənmiş ortaklığından qaynaqlanır. Xakas tayfalarının folklor özəllikləri bir çox süjet və mövzuların ümumiliyində ifadə edilsədə, hər tayfada özünə xas irili-xırdalı əsərlər şifahi palitra müstəvisinə yeni rəng əlavə edir, yeni çalar qazandırır. Bu planda " Altın – Arığ ” göy qurşağının rəng çalarlrı ilə, butöv epos halında əsasən Kızıl tayfasının ağlında hifz edilmiş,qorunub saxlanmışdır. Kızıl qəbiləsinə mənsub bu söyləyicilərin Xara Matpıy Blaxçın (XIX əsrin sonu XX əsrin I rübü), sonra Nestü adlı bir xanım, Xara Çakım Abdorin, Slo Kadışev, Yeqor Kandeev, Petıx İtemenov, P.V.Sulikova,Semyon Prokopyeviç Kadışev (bu Slo Kadışevin qardaşı oğludur) və Pyotr Vasilyeviç Kurbijekovun istedadı və qabliyəti sayəsində zamanımıza gəlib çatan epos kosmaqonik təsəvvürlər, mifoloji süjetlər, ağ və qara maqlı-qamlı əməllər, insani duyğuların ehtizazı və coşqunluğunu göstərən geniş bədii lövhələrin təsviri ilə yanaşı, atların təbiəti haqqında , cinsi və xarici görkəmi haqqında, döyüş qabliyətləri, öz igid sahiblərinə etdikləri yardımlar haqqında epik səhnələri təsvir etməklə geniş bilik və məlumat almaqdayıq.Söyləyicilərin həyatı, fəaliyəti, eposu təbliğ etmək metodları ayrıca bir elmi araşdırma mövzusudur. Bu mövzuda T.Q.Taçeeva, B.Y.Maynoqaşeva,M.A.Unqivitskaya və digər araşdırmaçılar irili-xırdalı məqalələr və kitablar yazmışlar. Dastanın Kadışev və Kurbijekov variantlarının müqayisəli təhlili, hər iki variantın dil-üslub xüsusiyətləri, məzmun və ideya – mündəricə fərqləri, kompazisiya- struktur fərqlərinin təhlili, kosmoqonik, mifoloji, astral-maqik, xeyir və şərin epik –fəlsəfi, ədəbi-bədii təsvir xüsusiyətləri və analizi, " Altın-Arığ ”, eposunun bizim " Kitabi-Dədə Qorqud ”-la, şumerlərin " Bilqamış”, bizim " Koroğlu ”, altayların " Maday Qara”, qırğızların " Manas ” və tatar-çuvaşların "Akbuzat”, "Edigey” və digər türk dastanları ilə müqayisələr, paralellər aparmaq üçün, elmi araşdırmaya cəlb etmək istəsək onlarla monoqrafiya, namizədlik,doktorluq, dissertasiyalarına material verməkdədir. Qeyd etmək lazımdır ki , ümumtürk milli- ictimai birlik şüuru konsepsiyasından yanaşdıqda ” bizim-sizin ” ayrıntısı, sırf şərti səciyyə ifadə edir. Əslində bütün Azərbaycan folkloru bütün Türk Dünyasının və bütün Türk Dünyası folkloru o cümlədən Xakas xalqının şifahi ədəbiyyat nümunələri də Orxon-Yenisey abidələri kimi Azərbaycan folklor xəzinəsinin ortaq-müştərək mənəvi mirasıdır. Xulatayın doğulması 2010- Məhrum olmuş Pis-Tumzux, Əzab çəkir, qıvrılır. Birdən durduğu yerdə, Pis-Tumzux, qıyya vurub əsdi-coşdu, Ağ Canavar olub,* Durdu yerində: "Belə əzab çəkməkdənsə, Qoy qara cin məni vursun,”-o, düşündü. Uca Ağ-Sının yamacıyla, O yan, bu yana gedir. 2020- Uzanan alp-igidsə, Heç yerindən tərpənmir. Bahadırın gözləri parlayır, O, uzandığı yerdən baxır. Nəcib qadın düşündü ki, Alp onu vuracaq,ancaq alp vurmadı. Ağ Canavar aulun, Arxasına endi. Aul arasndan, Ağ Canavar, Alp-kişiyə yaxın gəldi. 2030- Bir az aralı,qırağda O, yanpörtü dayandı. Alp-kişi onda da, Kamana əl atmadı. Güya onu görməyən, Ağ Canavar Bir az da yavuq gəldi. İki addım atıb qabağında, Ağ Canavar dayandı. Uzanmış alp-kişi, Onda belə söylədi: 2040- "-Xanım anam, Pis-Tumzux-Plö-Xarın, Niyə bu görkəmdə gəzirsiniz? Nəsə bilmək istəyirsiniz?” Nəcib qadın Pis-Tumzux, Diksinib, geri sıçradı. "- Ana,siz ki,xeyirxaxsınız, Niyə qəzəbli vəhşiyə çevrilmisiniz? Bax, tanı məni, Bəyəm məni tanımırsınız?” Bir silkələnib, titrədi Pis-Tumzux 2050- Çevrilib öz cildinə girdi. Sonra yaxına gələndə, İgid qalxıb oturdu. Alp-igid o çatmamış: "-İzen me*, xanım ana!”-dedi. Nəcib qadın aralıdan, Salamlaşıb,görüşdü. Pis-Tumzux-Plö-Xarın, Təəccüblə soruşdu: "-Bu yerlərdə mənə-ana deyən, 2060- Bir kimsəm yoxdur. Hansı yerdə yerləşirsiniz?” Pis-Tumzux sorağlaşdı: "- Hansı çaydan su içirsiniz?”-deyib, Gərdiş edib, sorağlaşdı: "-Atan-anan kim olmuş? Adı-sanı necəydi?” Bəli,o gənc-igid baxıb, Oturub, gülümsəyir: ”-Niyə belə söyləyirsiniz,xanım ana 2070- Məgər yadınıza gəlmir ?, Yer kürəsinin qırağında. Orda üfüqün yanında, Qara-Xum dağın altında, Qara-Xum dənizin sahilində. Otlaqdakı malların yiyəsi, Xalqın, camaatın Xanı- bəyi, Doqquz qulac boylu, Qara-Kürən atlı, Küçün-Küreldey alp-kişi 2080- Adlı yaxşı adam, mənim atamdır. Pis-Tumzux-Plö-Xarınsa, Mənim anam olur. Doqquz qulac boylu, Qara-Səmənd atlıyam, Atamın verdiyi ad-sanım, Alp Xulatay olmuş”. Pis-Tumzux,gözəl qarı Dinləyir,səbirsiz, heç nə anlamır. Səbirsiz Pis-Tumzux xatırladı ki, 2090- Yer üzünü gəzərkən, O, çoxlu ərə getmiş. Hansı ərə getsəydi, Cəmi bir gecə yatardı. İstisna olurdu, bəəzən, Üç gecə gecələyirdi. Küçün-Kürüldeyəsə, Ondan ayrıla bılmırdi, zorla saxlayırdı. Bir ilədək yaşamışlar, Sonra fürsət düşən kimi, 2100- Küçün-Küreldeydən o qaçmışdı. Küçün-Küreldey, biləndə onu qovmuş. Canını qurtarmaq üçün, Pis-Tumzux, Qum səhrasıyla qaçmışdı. Doqquz qulac boylu, Qara-kürən at, Pis-Tumzux-Plö-Xarına, Demək olar ki, çatmışdı. Küçün-Küreldey, bahadır-kişi 2110- Pis-Tumzuxun nəfəsini kəsmişdi. Qumlu çöllərlə qaçanda, Ondan nəsə düşdü… Ona yüngüllük gəlmiş, osa hey qaçmışdı… Qara-kürən at geri qaldı… Yaddaşına zor gəlib, Əzəmətli Pis-Tumzux xatırladı. Küreldeylə yaşayanda, Ondan bala tutubmuş. Darıxıb,ondan qaçarkən, 2120- Onun oğlu, alp Xulatay, Orda doğulmuş… qalmış… Altın-Arığın dirilməsi və Pis-Tumzux-Plö-Xarının ölümü 2260- Aramla söyləyirdi: "Çayanın* yaratdığı dayça,- İpək yallı ağ-sabdar at, Yenidən doğulacaq,övladlarım, Tanrı sevimlisi, qızların ən gözəli, Altın-Arığ,ecazkar qız, Enli daşın üstündə Yenidən yaranacaq. Haçanki işıqlı dünyaya Ağ-sabdar at gələcək, 2270- Ağ-sabdar atın qabağına Çıxa bilən bir at olmaz. Altın-Arığ,gözəllərin gözəli Ağ-Qayadan çıxanda, Bu dünyada Altın-Arığdan Kimsə üstün ola bilməz… Örüşlərdəki mal-heyvanlar, Yenidən örüşlərdə olacaq. Saysız insan yaşayan yerdə, Yenidən insanlar yaşayacaq. 2280- Böyük zəngin ölkədə, Üçünüz də-iki qardaş,bir bacı-yaşayın... Örüşdəki malların yiyəsi, Alıp-xanın oğlu olacaq. Altı yaşlı oğlan Xalqın Xanı olacaq. Altın-Arığ,qızların ən gözəli, Hörmətlə,izzətlə yaşamalıdır. Ona xidmət eləməkçin, Altı qulluqçu qız yollayın, 2290- Qızların ən yaxşısına çətin olar, Su daşımağa, özünə izn verməyin. Əlahəzrət qıza,çətin olar, Kipi özünün geyməsinə izin verməyin. Alıp-xanın oğlunun adı- Xan Çibetey olacaq.* O,doqquz qulac boylu, Qara-Kürənq atla gəzəcək. Siz atabir olmasanız da, O,sizə doğma olacaq. 2300- Siz anabir olmasanız da, Anabir doğma olacaqsınız. Kiçik bacınız Altın-Arığa, Hər zaman rəhm edin. Əgər Ağ-Sabdar at, sağ olacaqsa, Ata Vətəndən məhrum olmayacaqsınız, Əgər, Altın-Arığ sağ olacaqsa, Ana Vətən xoşbəxt olacaq. Eşitdinizmi,övladlarım? İki kərə söyləməyəcəm”. 2310- Qadınların yaxşısı, Altın-Arığı yudu. Enli daşa uzatdı, Imnən-tomnan şəfa verdi. Çarə etdiyi əcza, Şəfa verəndi, Verdiyi röya dərmanı, Sağlıq gətirəndi. Şəfa verən əczanı, Oğlanlara göstərmədi.* 2320- Sonra dönüb nəcib qadın, Atın başını qaldırdı. Ağ-Sabdar dayçaya da, Şəfa verib sağaltdı. Dayçaların yaxşısı, Yenidən doğuldu. Qızların ən yaxşısı,enli daşda, Gözlərini açdı,qalxıb oturdu. Gözəl qız, İşıq saçırdı,sanki Aydı. 2330- Onun kiçik saçları, Sallanır,yellənirdi. Yeni doğulmuş, Hələ özünə gəlməmiş. Pis-Tumzux- Plö-Xarın, Onunla yanaşı oturub, Ona sığal çəkirdi. Sığal çəkib,danışırdı,- "Alıp-Xanın yurdunda,əzizim, Mən,üşüncü nəslədək yaşadım, 2340- Gözə görünməz məkirli cinlərdən, Mülkü qorudum,dağıtmağa qoymadım. Altı dişli Ağ-Qayda, Özüm doğulub,ordan çıxdım. Ağ-Qayanın içinə girmək, Mənə yasaq idi. Sən həlak olduğunçün, Ora girməyə məcbur oldum. Ağ-Qayadan daha çıxmaq, Olmaz mənə. 2350- Ay altındakı dünyanı, Mən altı dəfə gəzdim. Mənim gəzdiyim yerləri, Ağ-sabdar at dolanacaq. Mənim gəzdiyim o yerləri, Əzizim sən gəzməli,dolanmalısan, Böyük, gözəl vətəni, Sən qorumalısan. Mənim əvəzimə, Siz yaşayacaqsınız. 2360- Örüş sürülərinin yiyəsi, Sənin böyük qardaşın, Çibetey olacaq. Hərçənd siz doğma deyilsiniz, Ancaq o,sənə doğma kimidi. Bu igid Xulatay isə, Sizin böyük qardaşınızdı. Siz-hər üçünüz nəcib soydansız, Dəstək verin bir-birinizə. Qardaşca var olun. Enli kürək məkrli cinlərə, İmkan verməyin qalib gəlsin. 2370- Pəncəli, məkirli cinlərə, İmkan verməyin alnınıza belə çırtma vursun!* Sizin böyük,gözəl yurdunuzda, Qoy qeyrətiniz tükənməsin! Sizin varlı,gözəl yurdunuzda, Qoy bərəkətiniz tükənməsin! Daha sizə deyiləsi, Sözüm yoxdur,əzizlərim! Tanrıdan mənə ayrılan, Ömürüm bitti,əzizlərim! 2380- Artıq ölən vaxtımdır, O biri dünyaya gedən vaxtım gəlir. Altı dişli Ağ-Qayadan Təcili, dərhal çıxın. Ağ-Qayanın içində siz Mənimlə bahəm qala bilməzsiniz, Haçan örüş mallarını, Axtarmağa gedəcəksiniz, İki bacı-İçeni,Piçeni, Tutun dərhal öldürün. 2390- Özlərini ələ verməsələr, Atlarınızı insafsızca qovun, Gen dünyada, İzləyin,tutun, İrlik cinsindən-iki bacını, Oynaqlarından ayırın, Sonra məhv edin, Böyük alovlu tonqalda yandırın, Onların külünü-tozunu, Küləklərə sovurun, 2400- Bir də yer üzündə, Belələri doğulmasın,dirilməsin”. Ədəbiyyat siyahısı 1.Feyzulla Budak. Orta Asya mektupları, Ankara, Dəmir təpə " Sevinc ”mətbəəsi,1998, səh.5. 2.Ahmet Caferoğlu. " Abakan türkleri ” (Hakaslar). Türk kavimleri. Ankara 1983, səh 11. 3.bax; V.V.Radlou.10 cilddə,” Obrazçov narodnoy literaturı tyurkskix plemyon” (Türk tayfalarının xalq ədəbiyyatı nümunələri); Həmçinin bax; "Obrazçı narodnoy literaturı tyurkskix plemyon jivuşşix v Yyjnoy Sibiri i Djunqarskoy stepi”( Cənubi Sibir və Cunqar çöllərində yaşayan türk tayfalarının xalq ədəbiyyatı nümunələri) 4.bax; N.A.Aristov.” Opıt vıyasneniya etniçeskoqo sostava kirqiz-kazakov i karakirqizov, na osnovanii rodoslovnıx skazaniy i svedeniy o suşşestvuyuşşix rodovıx deleniyax i o rodovıx tamqax, a takje istoriçeskix dannıx i naçinayuşşixsya antropoloqiçeskix issledovaniy ”(1890) ( Böyük Ordaya mənsub qırğız, qazax və qaraqırğızların xalq rəvayətləri və məlumatlarına əsaslanan şəcərə üzrə etnik tərkibini araşdırmaq təcrübəsi, həmçinin mövcud soy bölgüləri və soy damğaları eləcədə başlanmaqda olan antropoloji tədqiqatlar haqqında ), həmçinin bax; "Zametki ob etniçeskom sostave tyurkskix plemyon i narodnostey i svedeniya ob ix çislennosti ”( Türk tayfalarının və xalqlarının etnik tərkibi və onların sayı haqqında qeydlər ) 5.bax;Q.N.Potanin. 4-cilddə; " Oçerki Severo-Zapadnoy Monqolii” ( Şimal-Qərbi Monqolustan haqqında oçerklər.) 6.Unqviçskaya M.A., Maynoqaşeva V.E. Xakasskoe narodnoe poetiçeskoe tvorçestvo, Abakan,1972, səh.49.

Просмотров: 2172 | Добавил: afgan73 | Рейтинг: 4.0/2
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: