11.29.01
Tarixə baxış

Vəba və ya saxtalaşdırılan Tarix

image

 

Millət vəkili Qənirə PAŞAYEVA


 Həzrəti İsanın qulları belə bir ədalətsizliyi və saxtakarlığı necə edə bildilər və bilirlər?

 


Bu yazını özünü Türk, ya da Türk kökənli sayan hər kəsə ünvanlayıram

 "Bizdə riyakarlıq ana bətnində olarkən yaranır”
  Erməni şairi Yeqişe Çarens

 Yenə 24 aprel gəldi. Bu tarix özü ilə bərabər qondarma "erməni soyqırımı” hay-küyünü də gətirir…Bu günlərdə dünyanı "erməni şivəni” bürüyüb...
 …Elə tarixdə yaşayırıq ki, dünyanın bir hissəsi erməni yalanlarını gerçək kimi tanıyaraq, Türk millətinin qüruru və şərəfini zədələməyə çalışır. Bizə "soyqırım törətdiniz” deyirlər. Amma dediklərini özləri özlərinə belə sübut edə bilmirlər.
 Özünü Türk sayan İnsan! Səni gör bir nədə ittiham edirlər, diqqətlə bax, duy və düşün! Şərəf və qürurunu zədələməyə izn vermə! Ermənilərin və havadarlarının qondarma "soyqırım” yalanlarına qarşı mübarizəyə qoşul, hər yerdə bu yalanları ifşa et və doğruları çatdır! Erməni terror təşkilatlarının 20-ci əsrin əvvəlində Anadoluda və bütün əsr boyu Azərbaycanda törətdiyi soyqırımları dünya insanına söyləməkdən, anlatmaqdan yorulma və çəkinmə! Bu, özünü Türk hesab edən hər birimizin borcudur. Türkün hansı coğrafiyada doğulmasının, dünyanın hansı bucağında yaşamasının heç fərqi yoxdur. Bu, bizim milli şərəf məsələmizdir!
Əlbəttə, bir çoxları dediklərimizi qəbul etmək istəməyəcək, çünki onlar zatən belə bir "soyqırım”ın olmadığını çox yaxşı bilirlər. Amma həqiqəti qəbullanmaq, etiraf etmək işlərinə yaramır. Bu erməni yalanı bir çoxlarının keçmiş və bu günkü maraqlarını təmin etməsinə kömək edir. Biri erməni diasporundan gələcək səsin peşindədir, biri Türkiyəni bu yalanlardan istifadə edərək daim təzyiq altında saxlamaq, daha başqa istəklərini reallaşdırmaq arzusundadı, başqa biri Dağlıq Qarabağ əngəlinin çözülməməsinə çaba xərcləyir, o biri Türklərə qarşı dünyada mənfi münasibəti yaratmaq üçün erməni yalanından bəhanə kimi istifadə eləyir. Hərənin öz çıxarı, öz karı var …
Qondarma "soyqırımı” tanıyan ölkələrdə yaşayan İnsanımızın məsuliyyəti daha artıqdır. O ölkələrin siyasətçilərini nə qədər səhv qərarlar qəbul etdiklərinə inandırmalıyıq.

Tanıyın O ölkələri!

Ermənilərin qondarma "soyqırım” iddialarını birinci tanıyan ölkə Uruqvaydır. Bu ölkə 1965-ci ildən başlayaraq, 2004-2005-ci illərdə təkrar-təkrar qondarma "erməni soyqırımı” iddialarını qəbul edib. Düşünə bilirsinizmi? Uruqvaydan, heç Ermənistanın harda yerləşdiyinin belə bilinmədiyi ölkədən başlayaraq yayılıb dünyaya bu vəba.
Bu iddialları öz parlamentində rəsmiləşdirən ikinci ölkə Yunan Kipridir. Bəli, Yunan Kipri! Təəccüblü heç nə yoxdu! Zatən Yunan Kipri nə vaxt türklərin lehinə qərara "hə” dedi ki? Rumların parlamenti 1982-ci ildə qondarma iddianı rəsmiləşdirib.
İlk üçlüyü erməni diasporunun geniş yayıldığı Argentina tamamlayır. Argentina parlamenti erməni könlünü fəth etmək üçün lap çox çırpınıb. 1993, 2003, 2004, 2005, 2006 və 2007-ci illərdə qondarma "erməni soyqırımı” iddialarını rəsmən, dəfələrlə tanıyıb Argentina. Onlar tarixi 6 dəfə saxtalaşdırıblar.
Ermənilərin qondarma "soyqırım” iddialarını tanıyan 4-cü ölkə Rusiyadır. Rusiya qondarma "erməni soyqırımı”ndan yararlanmaq fürsətini əlindən qaçırmayıb. Təccüblənməyə dəyməz! Ermənilərin Qafqaza, tarixi Azərbaycan torpaqlarına köçürülməsinin müəllifi olan və daim onlardan maraqları üçün istədiyi kimi istifadə edən Rusiya bu fürsəti əldən verə bilməzdi. Heç vermədi də.
Rusiya Dumasının erməni saxtakarlığına "hə” deyən deputatları başqasının yox, elə 20-ci əsrin əvvəllərində Anadoluda Rus konsulu olmuş Mayevskinin «Bitlis və Van vilayətləri statistikası» adlı raportunu da görmək istəmədilər. Mayevski həmin sənəddə "Daşnak” və "Hıncak” erməni terror təşkilatlarının Anadoluda müsəlman türklərə qarşı törətdiyi qətliamlardan yazıb: "Ermənilər tərəfindən Türkiyədə törədilən qətliamın məsuliyyəti öncə ithal komitələri ilə birlikdə hərəkət edən Erməni İhtilalçiləri, sonra bunları qoruyan və təşviq edən bəzi yabançı hökumətlərdir. Türk zülmü bir gerçək olmayıb, istəyərək uydurulmuş siyasi bir heykayədir. Həqiqəti olduğu kimi söyləmək gərəkdirsə, qətliam törədənlər müsəlmanlar deyil, ermənilərdir. Sonra törətdikləri bu zülmü himayəsiz müsəlmanlara yükləmişlərdir”.
Rusiya Duması millət vəkilləri Ərzurum Rus İkinci Topçu Alayın Komandiri Albay Tverdo-Xlebovun xatirələrini də oxumaq istəməyiblər. Xlebovun ermənilərin ona 27 fevral gecəsi 3000 dinc Türkü öldürdüklərini söyləməsi, erməni silahlı dəstələrinin Türklərə qarşı törətdiyi qanlı hadisələr barədə xatirələrini yazıb. Heç Rusiyanın Şərq Orduları Başkomandanı general Odişelidzenin 1919-cu ildə Tiflisdə yayımlanan «Zakafkaziya və Gürcüstan» adlı sənədlərdən ibarət əsərdə 1918-ci ildə Ərzincan və Ərzurumda ermənilərin yerli Türk əhalisinə qarşı törətdikləri qətliamdan geniş bəhs etməsi də Duma deputatlarının vicdanını tərpətməyib. 1995-ci ildə qondarma erməni soyqırımını tanıyan Rusiya 10 il sonra bu qərarını bir də təkrarlayıb.
Bu saxtakarlığa imza atan beşinci ölkə Kanadadır. Kanadada da erməni yalanlarına çox aludə olublar. Bu ölkənin parlamenti 1996, 2000 və 2004-cü illərdə qondarma "soyqırımı” müzakirə edib və tarixin saxtalaşdırılmasına dəstək verib.
1996-cı ildə Yunanıstan da bu siyahıya qoşulub. Yenə təəccüblənməyək! Türkiyənin əlehinə olan işlər yunan siyasətçiləri üçün həmişə müzakirəyə açıqdır.
Siyahıda müsəlman ölkəsi olsa da, ermənilərə dəstəyi ilə tanınan Livan da var. Livanda 1997 və 2000-ci illərdə erməni saxtakarlığına dəstək verilib.
İnsan haqlarından dəm vuran Belçika parlamentariləri 1998-ci ildə heç bir sübutu olmayan bir hay-küyü dəstəkləyiblər.
2000-ci ildə qondarma "erməni soyqırımı” iddialarını İtaliya parlamentariləri və Vatikan da qəbul edib. Ən azı dini mərkəz olan Vatikan belə bir addım atmamalı idi. Həm italiyanların, həm də Vatikandakıların İngiltərə Xarici İşlər Nrazirliyində saxlanılar sənədlərə əlinin çatması mümkün idi. O sənədlər isə başqa həqiqətlərdən xəbər verir. Məsələn, o sənədlərdən birində 1920-ci ilin 11 martında İngiltərənin Xarici İşlər Naziri Lord Kurzonun Lordlar Palatasında bir görüşdə dediyi «Ermənilər bəzi şəxslərin və çevrələrin qəbul etdikləri və etməyə hazır olduqları kimi məsum bir quzu deyillər və indi əlimdə ermənilər tərəfindən Türklərə qarşı törədilən qanlı hadisələri əks etdirən sənədlər var» fikirlərini oxumaq mümkün idi. Amma etmədilər, heç bir tarixi araşdırmalar aparılmadan hansısa siyasi maraqlara tarix qurban verildi və yanlış qərar qəbul edildi. Adamın tarixə yazığı gəlir!!!
Və daim ermənipərəst mövqeyi ilə seçilər Fransa… Ötən əsrin ortalarında Əlcəzairdə törətdiyi hadisələrə qiymət verməyə tələsməyən Fransa parlamentariləri 95 il əvvəlin tarixini araşdırmaqla məşğuldur. Amma maraqlıdır ki, onları öz millətindən olan və 1915-ci illərdə Osmanlıda fəaliyyət göstərən fransızların da yazdıqları maraqlandırmır. 2001-ci ildə qondarma "erməni soyqırımı”nı tanıyan parlamentarilərin bir çoxu hətta bu yalançı tarixi inkar edənləri cəzalandırmaq arzusuna da düşüblər.
Əgər belə olmasaydı, heç olmasa, Jean Laurentin 1912-ci ildə ermənilər barədə yazdıqlarını oxuya bilərdilər.
Axı dünyada saxtalaşdırılmayan həqiqətlər də var. Amerikalı tarixçi Justin Mc Carthy "Ölüm ve Sürgün" adlı əsərində yazır ki, Birinci Dünya Müharibəsindən sonra İstanbulu işğal edib, Osmanlıların bütün arxiv və yazışmalarını əllərinə keçirən İngiİtərə və Fransa bütün çabalarına rəğmən Osmanlı dövlətinin erməniləri planlı şəkildə qətlə yetirməkdə suçlayan heç bir dəlil tapa bilmədi.
Türkiyə ilə Ermənistan arasında Sürüx protokollarının imzalanması üçün dəridən-qabıqdan çıxan İçveçrə də qondarma "erməni soyqırımı”nı tanıyan ölkələrdəndir. Cəmi 6 il əvvəl İsveç parlamenti qondarma "erməni soyqırımı” barədə qərar qəbul edib. Hələ üstəlik bunu inkar edənləri cəzalandırmaq arzusuna da düşüblər.
Siyahıda Hollandiya və Slovakiya da var. Hər iki ölkənin parlamentariləri 2004-cü ildə qodarma erməni soyqırımın rəsmən qəbul edib. Onları da tarix oxumaq yox, tarixlə bağlı hökm vermək maraqlandırıb. Məsələn, ABŞ Senatının 1921-ci ildə yayımladığı sənəddə deyilir: «Təəssüf ki, Senatın arxivindəki 33 min sənəd arasında soyqırımı sübut edəcək heç bir sənəd yoxdur. Olanlar isə ermənilər tərəfindən ifadə edilən, fəqət ikinci əldən heç bir hüquqi dəyəri olmayan sənədlərdir”.
2005-ci ildə bu siyahıya Polşa və böyük türk icmasının yaşadığı Almaniya da daxil olub.
Baltikyanı ölkələr arasında isə Litva parlamentariləri ermənilərin bu qondarma "soyqırım” iddialarını 2005-ci ildə qəbul edib. Həmin ildə Cənubi Amerikanın digər bir ölkəsi Venesuela, 2007-ci ildə isə Çili parlamentariləri də qondarma "erməni soyqırımı” iddialarını qəbul edərək tarixi saxtalaşdırıblar. 2010-cü ildə İsveç də bu sıraya daxil oldu.
Belə...

... 1919-cu ilin 25 sentyabrında ABŞ-dan general Harbordun rəhbərliyi ilə Ərzuruma araşdırma aparmaq üçün gələn heyət üzvləri Yanıqdərədə, Qarsqapısında Ezirmikli Osman Ağa və Mürsəl Paşa mülklərində ermənilər tərəfindən Türk insanına qarşı törədilmiş qətliamın şahidləri olduqları zaman belə demişdilər:
- Həzrəti İsanın qulları necə belə bir qətliam törədə bildilər? Hətta
Ərzurum və ətrafında gördükləri vəhşət qarşısında dəhşətə gələn general Harbord bundan sonra İrəvanda görüşdüyü daşnakların əllərini sıxmamışdı.
Bu siyahıya baxıram və yenə ağlımdan o sual keçir:
- Həzrəti İsanın qulları belə bir ədalətsizliyi və saxtakarlığı necə edə bildilər və bilirlər?
...Məhşur bir misalda deyildiyi kimi! Kim deyir ki, Avropa ədalətlidir?!

                                                                                              ***

Siyahıya baxıram, proseslərə və tarixə nəzər salıram. Avropanın qondarma "erməni soyqırımı”nı tanıma kampaniyası Türkiyənin Avropa Birliyinə daxil olması reallığı ortaya çıxandan və bu məkanda türklərin sayının artmağa başladığı vaxtda daha da sürətlənib. Başa düşülməyəsi nə var ki?
Heç kim tarix oxumaq istəmir. Türklərin yazdıqları bir yana, "bizə soyqırım ediblər” deyən ermənilərin tarixçilərini belə oxuyan yoxdu. Bu qondarma "soyqırımı” iddialarını irəli sürən ermənilərin 20-ci əsrin əvvələrində yaşamış liderlərindən 1918-ci ildə qurulan Ermənistan dövlətinin ilk baş naziri Ovanes Kaçaznuninin «Daşnak Partiyasının yapacağı bir şey yox» ( The Armenian Revolutionary Federation(Dashnaksoution) Has Nothinq To Do Any More) kitabını, Artaşes Karinyanın «Erməni Milliyyətçi Akımları», «İmperialist Savaş və Ermənistan»(1925) də daxil olmaqla çoxlu sayda digər əsərlərini, erməni tarixçisi Lalayanın «Daşnak Partiyasının qarşıdevirimçi rolu»da daxil olmaqla yazdıqlarını oxuyan olsa, ermənilərin özlərini və havadarlarını necə ifşa etdiklərini, əslində Türklərin ermənilərə qarşı heç bir soyqırım törətmədikləri barədə etiraflarını, həm də bir çox dövlətlərin bu hadisələrdə iç üzünü açıb göstərən çoxlu sayda faktları görə biləcəklər. Sadəcə oxumaq, kor və kar olmamaq gərəkdi.
Tanınmış erməni mütəxəssisi Levon Dabeqyan yazırdı: "…ermənilər öz milli varlığı üçün birbaşa …türklərə borcludur. Əgər biz bizanslılar və ya başqa Avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlanardı”.
Bunun əvəzində isə Türklər saxta soyqırım ittihamları ilə üz-üzə qaldılar. İbrət çıxarmağa dəyər!
Qondarma erməni soyqırımı iddiaları... Bu bir vəbadı. Başını alıb gedir. Heç kim dönüb nə olduğu ilə maraqlanmaq, tarixi vərəqləmək, bir fakt, dəlil tapmaq həvəsində deyil. Heç kim araşdırmaq istəmir, hamı hökm verir. Adamın tarixə yazığı gəlir, adam tarixin yerinə utanır!

                                                                      ***

Türk İnsanı! Hansı coğrafiyada doğulmağından və yaşamağından asılı olmayaraq bu yalanlara qarşı vuruş! Bu bizim milli şərəf və milli borc məsələmizdir.
"Yalanlara qarşı savaşacam, ədalətin yerini tapması üçün çalışacam və həqiqətlərin təbliği üçün yaşayacam!”
... Bu düşüncə və əməllə yolumuz açıq olsun!

(Qaynaq: LENT.AZ)

Просмотров: 605 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: