00.58.27
Ədəbiyyat
İradə Aytelİradə AYTEL
 
Qanlı öpüşlər
 
Əlləri, dodaqları, pərişan saçları, çılpaq bədənini gizlədən qırmızı xalatı, bir vaxtlar dəli sevginin istiliyində isinən, «alışan», «yanan», qırmızı güllü balışı, elə həmin güllərə qərq olmuş yorğanı, döşəyi, hətta, döşəmə də qıp-qırmızı qana boyanmışdı. O, isə ağlamır, qanlı dodaqları ilə sevgilisinin artıq buza dönmüş dodaqlarından öpür, yenə öpürdü.
Onun idi həmin dodaqlar, yarıaçıq qalmış qəhvəyi gözlər, o qamət, o bədən, o gecə… Hamısı, hamısı onun idi. Bu vüsal gecəsini heç kəs ondan ala bilməzdi. Daha qorxa-qorxa öpmürdü o dodaqları… Qorxmurdu bu vüsalın bitəcəyindən… Bu gecə əbədi vüsalın gecəsi idi.
Telefon zəng çalır…
Qapı döyülür…
O isə cavab vermir, düşünür: «Eh… sən ki deyilsən! Sən yanımdasan! İstəmirəm başqa səsi, başqa nəfəsi, başqa kəsi! İstəmirəm! Bax, sən mənim saçlarımı belə sevirdin – açıq, çiyinlərimə dağılmış. Bax, sən məni belə istəyirdin – sevgidən bihuş, ehtiraslı, şirin. Görürsən, hər şey sən istəyən kimidir. Mən ki, heç vaxt sənin sözündən çıxmamışam».
O, özüyləmi danışırdı? Əsla yox! O, dünyada ona ən əziz olan insanla - Elçini ilə danışırdı. Artıq qarnındakı küt ağrılar ona güc gəlirdi. Bir yandan da susuzluq! Susuzluq… Bir vaxtlar da yanırdı, amma sevgi üçün. Və… elə həmin vaxtlar taleh onu əbədi olacaq sevgisi ilə qarşılaşdırdı. Təsadüfi və adi halda. Adi bir qarşılaşma, adi bir görüş… Amma həmin görüş onun həyatını tamamilə dəyişdirdi. «Qızlar gözlə görür, qulaqla sevir» - onda anlamışdı ki, qulaqla sevmək necə olur. Yəni, eşitməklə, şirin pıçıltıları dinləməklə. O, da gözü ilə gördü, sonra isə sevdi. Tanımadığı, xasiyyətini, kimliyini bilmədiyi, görən zaman əhəmiyyət belə vermədən yanından keçdiyi birisini sevdi. Amma sevdi!…
Telefon yenə də zəng çalır…
«Eh telefon, telefon! Hər şey elə səndən başlamadımı?..» – pıçıldayaraq, yenidən qan içində uzanmış sevgilisinin, sevimlisinin yarıaçıq gözlərinə baxdı və heç vaxt o gözlərə söyləmədiklərini söyləməyə başladı: - «Bilirsən, mən sənin gözlərini sevmədim, uca boyunu, yaraşağını, şirinliyini də sevmədim. Mən sənin səsini, nəfəsini sevdim. Telefonun dəstəyindən eşidilən həmin səsi, nəfəsi. O səs, o nəfəs mənə ən əziz, ən doğma, ən məhrəm, ilahi bir səs, nəfəs idi. O səssiz, o nəfəssiz darıxdım, o səsi, o nəfəsi gözlədim. Həm də qorxa-qorxa gözlədim. O səsi, o nəfəsi itirməyimdən çox qorxurdum. Həm də, o səsin, o nəfəsin sahibini görməkdən qorxurdum, qorxurdum ki, həmin səsin, nəfəsin sahibi mənə artıq doğma olan səs, nəfəs qədər əziz olmasın.
Gözlədim səni. Və… sən gəldin. Sevdim səni! İlahi bir səsin, nəfəsin sahibini!
Səni sevdim, heç kəsi sevmədiyim kimi…»
***
…Dünya özü bəxtəvər idi o gecə. Ay da, ulduzlar da sanki qara bir pərdə arxasında gizlənmişdilər. Gizlənmişdilər ki, sevgi gecəsində sevgidən don geyənlərə, bəxtəvərlik qapısını döyənlərə nurlarıyla kölgə salmasınlar. Bu gecə sevgi, məhəbbət gecəsi idi. Şam işığı, həzin musiqi…
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər.
Bu sevda nə sevdadı,
Səni mənə verməzlər,
Aman! Neynim aman,
Aman, Sarı gəlin!!!
Xançoban haray çəkirdi, Sarı Gəlinini gəzirdi, alışırdı, yanırdı Xançoban, bəzən harayı ümidsizliyə qapılır, sönür… və yenidən alovlanır, «Sarı Gəlin» hayqırırdı. Bu haray, bu hayqırtı da sevgiylə süslənən gecəni yoldan əyləyə bilmir, sevgililərin məhəbbət alovunu daha da şölələndirir, alovlandırırdı. Bu gecə uzun müddətli həsrətin ilk vüsal gecəsi idi.
Üz-üzə əyləşən sevgililərin gözlərindəki eşq parıltısı onlarla bərabər alışan, yanan bir cüt şamın işığında daha da parlaq, cazibədar görünürdü. Lakin o gözlər, o baxışlar qorxur, eyni nöqtədə rastlaşmaqdan çəkinir, bir-birindən qaçırdı. Qorxurdular ki, baxışlar qarşılaşsa ürəklərdəki qığılcım alovlanar və həmin alovun qarşısında tab gətirə bilməzlər. Həsrət içində yanır, həsrətə sığınırdılar. Hərdən pıçıltı ilə deyilən sözlər də sanki onların deyildi. Əslində heç biri həmin sözlərin fərqinə varmırdı. İndi bu dünyada onların sinələrinə sığmayan ürəklərindən və o ürəkləri lərzəyə gətirən məhəbbətlərindən başqa heç nə yox idi.
- Gəl bu badələri də bu günkü gecəmizin şərəfinə qaldıraq…
- Hə!..
Musiqi sədaları onların onsuz da bütün ruhunu titrədən məhəbbət sədaları ilə birgə səslənir, süslənirdi…
- Bəlkə rəqs edək!
- Hə, edək!..
Onun dili söz tutmurdu, bu an elə bir an idi ki, Elçinin hər bir sözü, hər bir hərəkəti onunçün saf, müqəddəs idi.
Onlar rəqs etmək üçün ayağa qalxdılar. Hər ikisinin ürəyi şiddətlə vurur, sinələrindən çıxmağa bəhanə gəzirdi. Bu gecə Ayla Günəş, yerlə göy, sübhlə qürub qovuşacaqdı…
Elçin əlini uzadıb, onun titrək əllərindən tutdu. Onunsa ürəyi döyündü, vücudu əsdi, amma bu məhrəmlik ona daha yaxın, daha doğma gəldi. İllərdir o, məhz bu anı gözləmişdi. İllərdir bu məhrəm kəsçün yanmışdı. İllərdi bu sevginin həsrətini çəkmişdi. «Tanrı səslim, tanrı nəfəslim» - ürəyi pıçıldadı bu sözləri. Onun gözləri heç vaxt belə xumar olmamışdı, o heç vaxt belə xoşbəxt olmamışdı. Onun idi o gecə, o qəhvəyi gözlər, onu ondan alan o baxışlar, o sevgi… Sevgidən nur saçırdı gecə özü, hər-tərəf ağappaq gəlinlik donu geyinmişdi. Bakirəydi duyğular, ürəklər… Bakirəydi o gecə…
Bir müddət əl-ələ, nəfəs-nəfəsə dayandılar. Onlar rəqsmi edirdi? Əslində yox! Sadəcə bir-birinə qısılmış halda ürəklərinin səsini dinləyir, ürəklərində danışırdılar. Bir cüt müqəddəs, saf ruh məhəbbət göylərində vücudlardan xəbərsiz rəqs eyləyir, pərvazlanırdı…
- Yaxşı rəqs eləyirsən!
- Sən də…
O, ürəyində Elçinə yalvarırdı «Nə olar, danışma, nəfəsin yandırır məni, ürəyinin səsi məni məndən alır. Nə olar!» Hərdən gecənin qoynunda nur geyinən baxışlar qarşılaşır və yenə də bir-birindən qaçırdı. Artıq onun əlləri sevdiyi kəsin sinəsinin üstündə idi. Elçinin ürəyinin necə tez-tez döyündüyünü əlləri ilə duyur, qəlbi ilə eşidir və öz ürəyinin səsi ilə o səsə cavab verirdi. O, yenə də fikrə qərq olmuşdu: «İlahi, onun gözləri necə qəşəngdir, keşkə o gözlərə doyunca baxa biləydim…»
- Nə fikirləşirsən?
- Heç…
- Niyə başını qaldırmırsan, gözlərimə bax.
O, istədi desin ki, o gözlərə baxmaq bu an mənim ən böyük arzumdur, amma qorxuram, qorxuram o gözlərdən, susdu… Elçinin səsi yenidən onu xəyallardan ayırdı:
- Başını qaldır…
O qorxa-qorxa başını qaldırdı və Elçinin gözlərinə baxdı.
Sevdi baxışlar… sevildi baxışlar… sevişdi baxışlar… gözlər bəxtəvər oldu gözlər sevindi. Dodaqlar qovuşdu, dodaqlar da bəxtəvər oldu…
…Gecə qara donunu soyundu. Bəyaz idi hər yan. Bəyaz idi bu sevgi. Bəxtəvər idi onlar. «Sevmək ismətdir» qorxmadan, çəkinmədən ismətdən don geymişdilər bu gecə…
***
Geridə qalmışdı hər şey – sevgisiz günlər, tənha gecələr, həsrət, hicran. O, sevirdi, elə sevə-sevə də sevilirdi. O, Elçinini sevirdi, Elçiniylə birgə həyatı, dünyanı, insanları, özünü sevirdi. Qınaq geyib sevirdi, dümağ geyib sevirdi. Bəzən qorxur, bəzən çəkinir, bəzən tənələrdən cana gəlir… yenə də sevirdi. Uzun çəkən hicran gecələrinin soyuğunu, donunu çox qısa, lakin, ömrünə yazılan vüsal gecəsində isindirir, isinirdi. Sabahdan gizlin bu günlə yaşayır, dünənindən, ötənindin, bəlkə də elə sabahından acıq çıxa-çıxa sevgidən məst olur, sevirdi. İnana-inana, saf, müqəddəs, inanıla-inanıla sevirdi. Günlər biri-birini əvəz edir, onlarsa bəzi günlərdə cismən ayrı olsalar da birgə oyanır, birgə yatırdılar. Cansız, soyuq telefon qovuşdurur, isindirirdi onları. Şirin mesajlar, məhrəm sözlər onların ayrı saatlarını da bəzəyir, günləri bəzənirdi.
… Elçin yenə də öz işləri ilə məşğul idi. O isə başını Elçininin dizlərinin üstünə qoyub, bu yaxınlıqdan həzz alır, doğma kəsin doğmalığında isinir, xoşbəxt anlarının bitəcəyindən qorxa-qorxa bu anla yaşayırdı.
- Elçin, yadındadı, ilk görüşümüz?..
- Hə, sən onda utancaq, amma dəli bir qız idin.
- Dəli sənsən!
- Ay qız, dəlisən də… guya indi ağıllanmısan?.. Amma
mənim dəlimsən, - deyərək, sevgilisinin qəhvəyi saçlarını oxşadı və onu özünə tərəf çəkərək, dodaqlarını ehtirasdan yanan dodaqlara yaxınlaşdırdı… Ağ gün geyindi gecə, ağgünlü gecədə nazlandı şam işığı, bir cüt kölgə düşdü divarlara, tavana… Həmin kölgələr qoşalaşdıqca qəlbiləşdilər, meydan oxudular gecəyə, yerə göyə…
Və… Elçinin mobil telefonunun mesaj gətirən səsi qaranlığı dəlib keçən şimşək kimi ikiyə böldü qəlbi kölgəni. Bölünən kimi də söküldü, kiçildi kölgələr. Divarlar da, tavan da çılpaq qaldı, yox oldu, sanki, yerlərə əkildi kölgələr…
- Elçin, sənə mesaj gəldi, niyə baxmırsan?
Telefonu əlinə alıb baxan Elçin bir anlıq tutuldu və dedi:
- Hə… dostumdur!
- Bu vaxt xeyir ola?
- İşi var…
O, bir qədər fikrə getdi, sonra Elçinə heç nə demədən ayağa durdu və yataq otağına keçdi. Amma telefona gələn bu sirli mesaj onun fikrindən çıxmırdı. «Axı, mən Elçinin dostlarının hamısını tanıyıram. Bu kimdi belə vaxt… Həmişə gecələr onun telefonuna zənglər gəlir. Yox, burada başqa nə isə var. Mən mütləq bilməliyəm». Bu fikirlərlə gecə köynəyini geyərək yatağına uzandı. Yuxusu ərşə çəkilmişdi. Birazdan Elçin də yataq otağına daxil oldu və onun yatdığını zənn edərək əlindəki telefonu çarpayının yanındakı stulun üstünə qoyaraq vanna otağına keçdi. O, isə bayaqdan bəri telefona gələn mesaj barədə düşünür, onu yatmağa qoymayan, qısqanclıq deyilən bir kabusun əlində boğulur, çırpınırdı. Qeyri-ixtiyari əlini telefona atdı və mesajlar olan qovluğu axtarmağa başladı. Gələn mesajlar: «Mən də yatmağa hazırlaşıram, gecən xeyirə, Səni sevirəm! Opürəm…» sanki əlindəki telefon yox, əfi ilan idi, əlini çaldı və onun zəhəri elə həmin andaca birbaşa ürəyinə, canına hopdu. Əlləri əsir, bütün vücudu titrəyirdi. Hamıdan çox inandığı, pərəstiş etdiyi, sevdiyi Elçini bu vaxta qədər ona yalan danışırmış. Həyatını, ömrünü verdiyi bir kəs elə onun yanındanca kiməsə mesaj yazmış və budur sevən bir qəlbin cəlladı olan, xoşbəxt bir cütlüyün ayrılığına səbəb olacaq «həsrət» dolu cavab da gəlmişdi. O, Elçinə görə nələrə dözməmişdi, hətta öz doğmalarından da məhz Elçini üçün keçmiş, Elçinin sevgisinə sığınmışdı. Əlindəki telefon kimi ürəyi, arzuları da yerə çırpıldı. Onu sındıran telefon sınmasa da sınmışdı sevgisi, sınmışdı qüruru. İndi anladı, anladı ki, evə gələndə Elçin nə üçün telefonu söndürürmüş. Bir həqiqətlə heç cür barışa bilmirdi, onun gözlərinə baxa-baxa, onun dodaqlarını öpə-öpə Elçin necə başqası barədə düşünüb, başqasına mesaj yazıb. Birbelə də yalan, birbelə də vicdansızlıq olardımı??? Sevgisi aldanmışdı, ümidi talanmışdı, inamı itmişdi. Evdən çıxmaq, gücü çatan qədər qaçmaq, sonsuzluqda qeyb olmaq istəyirdi. Ayağa durdu, qapıya tərəf baxdı. Getsin, amma hara? Hara üz tutsun, kimə yön alsın?
Birazdan otağa daxil olan Elçin onun ağarmış bənizinə baxdı və yerə düşmüş telefonu görəndə hər şeyi anladı. Amma özünü heç nə bilmirmiş kimi apararaq soruşdu:
- Sənə nə olub? Telefon niyə yerdədi?
O isə cavab vermir, itmiş ümidini gəzirmiş kimi döşəməyə boylanır, bir-birinə keçirdiyi barmaqlarını sıxır, yenə sıxırdı. Elçin yenidən dilləndi:
- Ay qız, sənə nə olub axı?
- Elçin, daha mənə hər şey məlumdur.
- Yəni?! Sənə nə məlumdur.
- Elçin, axı mən sənə inanırdım.
- Nə olub axı?
- Onu sevirsən?
- Kimi?
- Mesaj yazdığın kəsi.
Bayaqdan bəri özünü bilməməzliyə vurmaq istəyən Elçin nə deyəcəyini bilməyib susdu və bir neçə dəqiqədən sonra dedi:
- Bilirsən… o köhnə söhbətdi. Elə-belə mesajlaşırıq.
- Elçin, mənə yalan danışma.
- İnan ki, mən səndən başqasını sevmirəm.
- Elçin, bu neçə vaxtda mənim gözlərimə necə baxıb, səni sevirəm deyirdin?
- Ay qız, inan ki, o adamla mənim heç bir əlaqəm yoxdur. Sadəcə o mənə yazır, mən də cavab yazıram. İnan mənə…
…Yatmadı həmin gecəni. Ümidsizlik üzdü onu. Üzüldü tənhalıqdan. Yenə də özünü yer kürəsinin ən tənha adamı hiss etdi. Yanında şirin-şirin yatan kəsin bir neçə saat əvvəl necə yaxın olduğu, indi isə ondan necə uzaqlaşdığını anladıqca sızladı, ağladı, göynədi.
…Günlər bir-birini əvəz etdi. O, yenə də sevir, amma sevildiyinə şübhə edirdi. Üzürdü onu bu şübhələr. Artıq şübhə cücərtiləri onun qəlbində boy atmış, inam toxumlarının fidanlarına sarmaşıq kimi dolanmış, həmin fidanları məhv etmişdi. Daha xoşbəxt ola bilmirdi. Həyatını ani bir bağlılığa qurban verdiyini dərk elədikcə üzülür, sınırdı. Ona elə gəlirdi ki, Elçin də tamam dəyişib, saxtalaşıb. Saxtalıqdan isə çox məharətlə istifadə edir, hələ də iç üzünü göstərmir. Aradakı soyuqluq o yerə çatdı ki, saxtakarlıq özü üşüdü bu soyuqluqda. Və bir gün…adi bir söhbəti bəhanə gətirərək evdən çıxan Elçin geri dönmədi. Yatmadı həmin gecəni səhərəcən. İmdad dilədi dəhlizdə eşidilən addım səslərindən, telefon zəngindən, göz yaşlarından, gecədən, ulduzlardan. Heç nə, heç kəs eşitmədi onu. Gözlədi. Gah da acı göz yaşları onu boğduqca Elçinini səslədi, Elçinini çağırdı. Ümid etdi ki, Elçin onun bu yalvarışlarını, çağırışını eşidəcək, gələcək. Gəlmədi. Amma o, yenə də gözlədi. Gah iradəli olacağına, daha onu gözləməyəcəyinə, ağlamayacağına söz verdi, gah da özünü qınadı, qınadı ki, niyə Elçini incitdim…
Bir neçə gündən sonra heç nə olmamış kimi geri dönən Elçin başqa bir Elçin oldu. Soyuq, ciddi. Elçinin yanında darıxdı. Əvvəlki Elçinini gəzdi. Tanrı səsli, tanrı nəfəsli Elçinini. Gəlmədi o Elçin. Bu başqa Elçin onun soyumuş evini isitmədi, yaralı qəlbinə məlhəm olmadı. Və bir gün iş bəhanəsi ilə Elçin yenə də başqa şəhərə getdi. O tək qaldı. Əvvəlki təklik deyildi bu təklik. Əvvəllər Elçinin gəlişini həsrətlə gözləyir, telefon zənginə sığınır, Elçinin səsi ilə yuxuya dalır, səhəri də onun səsi ilə salamlayırdı. Elçin getdi. Geri baxmadı, həsrətlə onu bağrına basmadı, gedəndən sonra heç zəng də etmədi…
O tənha qalmışdı. Atalı-analı, Elçinli dünyada tənha idi. Üzürdü onu bu tənhalıq. Gecələri qaranlıqdan nicat umur, gündüzləri qaranlıqda keçirirdi. Hər gün hər saat Elçinin yolunu gözləyir, bu gün mütləq gələcək deyərək, hər addım səsinə diksinirdi. Gah da Elçinin başqası ilə bir yerdə olduğunu fikirləşir, həmin fikirlərin əlində əlacsız qalırdı. Ümidsizlik, atılmaq bir yana acgöz bir qısqanclıq da onun içini qurd kimi yeyir, yeyirdi. Bir vaxt, tənha gecələrini Elçinin səsi ilə isidən telefonu da ona düşmən kəsilmişdi. Susur, yenə susurdu. Sevirdi sevilmədən. Özünə qısılmaqdan da yorulmuşdu, özündən də bezmişdi. Səhərlərdən qaçır, gecələrdən qorxurdu. Son vaxtlar qəribə bir fikir dolanırdı başında - ölüm! O, xəyanətkar idi. Xəyanət eləmişdi atasına, anasına, qohum-qardaşlarına, özünə… Bu xəyanəti isə yalnız ölüm yuyar. Bəlkə ulu tanrı öz dərgahında bu bəndəsini bağışlar, günahından keçərdi. Nicat umurdu ölümdən. Ölümə sığınırdı…
***
Yenə qaranlıq… O, döşəmədə başını bükülü dizlərinə söykəyib fikirləşirdi. Fikirləşirdi ki, bu dünyanın gündüzü heç yoxdumu? Niyə axı həmişə qaranlıqdır? Niyə??? Daha ev telefonuna cavab vermir, insanlardan qaçırdı. Ona elə gəlirdi ki, layiq deyil o bu cəmiyyətə. Kimsəni görmək, kimsə ilə kəlmə kəsmək istəmirdi. Bir vaxt sevə-sevə oxuduğu kitabları da ona yad gəlirdi. Hətta ən sevimli bəzəkli aynasını yerə çırpıb sındırmış, güldandakı isti nəfəsli ətirşahı çiçəyini da kökündən qoparıb atmışdı.
Qapı döyüldü. «Elçindi qapını döyən» - ürəyi belə dedi. Yerindən dik atıldı. Ürəyi ondan qabaq atlandı və ayaqları sözünə baxmadı. Qapıya tərəf gedən ürəyini ayaqları yoldan elədi. Qorxurdu, qorxurdu ki, ürəyi sinəsindən çıxar və… Qapı yenə döyüldü. Birtəhər qapının astanasına tərəf getdi və… qapını açdı. Elçin gəldi. Amma qaranlıq otağı işıqlanmadı, soyuq divarlar isinmədi, duyğuları dinmədi. Qəlbi titrədi, vücudu əsdi. Dözdü… və susdu. Elçin də susdu… Bir müddətdən sonra kabus dolu tənha gecələrə bənzəyən həmin sükutu Elçinin səsi pozdu:
- Necəsən?
Sanki, öz sualından özü utandı, onu görən zaman körpə uşaq kimi atılıb-düşən, sevincindən dəcəl bir qızcığaza çevrilən, onun gəlişini toy-bayram kimi qarşılayan bir kəsin solğun çöhrəsindən, ümidsizlik, qəm-kədər yağan gözlərindən utandı.
- Elçin, onun yanında idin hə? Və alacağı cavabdan qorxa-
qorxa bayaqdan bəri ilk dəfə olaraq Elçinin gözlərinə baxdı.
Bu yalvarış dolu baxışdan bir daha utanan Elçin başını aşağı dikərək dedi:
- Yox, bu sənin hardan ağlına gəldi?
- Elçin, mən onsuz da hər şeyi bilirəm. Mənə doğrunu
söylə, xahiş edirəm…
Elçin bir qədər fikrə getdikdən sonra gözləri yerə dikili halda dedi:
- Bilirsən, mən sənə yalan danışmaq istəmirəm, onunla
idim…
Elçinin çox adi şəkildə dediyi bu söz onun onsuz da parça-parça olmuş qəlbini bir daha parçaladı. Elə bu cavabdan qorxurdu. Qorxduğu da başına gəldi. Titrək bir səslə dedi.
- Elçin, yalan danışırsan, hə? Məni aldadırsan hə?.. söylə
ki, yalan danışırsan…söylə… Və dəli bir hönkürtü onun sözünü yarımçıq qoydu. Bəzən daşlar da dilə gəlir. Amma bəzən yox, hələ insanda nitq olmayanda daşlar danışmayıbmı? İndi də danışdı daş, daş qəlbli Elçin!
- Ağlama, biz bir neçə gün bir yerdə olduq sonra o getdi.
Bir daha belə şeylər təkrar olmayacaq. Mən səni sevirəm!
«Mən səni sevirəm!» indiyəcən həsrətlə gözlədiyi, eşidən zaman sevdiyi, sevindiyi bu kəlmə ilan kimi çaldı onu və həyatında ilk dəfə olaraq Elçininə səsini ucaltdı:
- Sus! Sus! Sən vicdansızsan! Heç olmasa danışma! Sanki,
özünün qışqırığı, hayqırtıya dönən səsi ayıltdı özünü. Göz yaşlarını silərək sözlərinə davam etdi: - Sən layiq deyilsən mənim sevgimə, mənim ürəyimə, mənim göz yaşlarıma. Layiq deyilsən sən mənə!
…Daha üzmürdü onu sükut, göz yaşları ürəyində qübar bağlamış bütün ağrıları yuyub aparmışdı sanki. Daha qısqanmırdı Elçini…
***
… Aylı-ulduzlu bir bahar gecəsi idi. Həzin-həzin meh əsdikcə yarpaqları yenicə tumurcuqlamış çinar gecənin qoynunda nazlanır, şirin-şirin pıçıldayırdı. Onların ulduzları da gəlmişdi bu gecə. Yenə telefon söhbətini xatırladı:
« – Eyvana çıx!
- Neyçün, kim var orada?
- Çıx, deyəcəm.
Bir anlıq Elçinin gəldiyini düşündü. Və elə həmin andaca sevincdən əlləri əsdi, yanaqları al rəngə boyandı. «Bəlkə mənə sürpriz edib, bəlkə gəlib, buradadı» - fikirləşərək, dedi:
- Gəlmisən?!
- Yox, ay dəli, çıx sənə sözüm var.
Hər tərəf gecənin qara çadrasına bürünmüşdü. Səma aydın və ulduzlu idi. Qeyri-iradi dedi:
- Nə gözəl gecədi, ilahi!
- Orada da ulduzlu gecədi eləmi?
- Hə, çox gözəl bir gecədi.
- Səmaya bax və ulduzların içindən bir parlaq ulduz seç.
Söhbətin nədən getdiyini anlamayaraq, səmadakı ən parlaq bir ulduza baxdı və dedi:
- Seçdim.
- İndi həmin ulduza yaxın, başqa bir ulduz seç.
Bayaqdan bəri gözlərini səmadan çəkmirdi və həmin ulduza yaxın bir ulduz da seçdi. Amma bu ulduz bayaqkı kimi parlaq deyildi. Dedi:
- Seçdim, sonra…
- Bax həmin parlaq ulduz sənsən, onun yanındakı isə mən. Biz həmişə bir yerdə olacağıq. Sən həmişə parlaq olacaqsan, mən isə sənə baxıb zövq alacağam. Bu gündən o ulduzlara baxanda məni xatırlayarsan».
Həmin gündən sonra hər gecə eyvana çıxar, səmaya baxardı. Amma qəribədir, həmin ulduzlar çox gec-gec görünürdü. Hərdən də öz-özünə düşünürdü ki, mənim seçimimə bax, birbelə ulduzun içərisində eləsini seçdim ki, ürəyim istəyəndə görə də bilmirəm. Bu gün isə gəlmişdi onların ulduzları. Biri bərq vurur, o biri isə sevgiylə ona baxırdı. Sanki, səmadakı bütün ulduzlar bu iki ulduza baxıb, həsəd aparırdılar.
…Artıq qərara gəlmişdi. Hər şey bu gecədə bitməli idi. Mətbəxə keçdi və dolu şüşəyə bir də baxdı. Əmin idi ki, hər şey düşündüyü kimi olacaq. Neçə gün bundan əvvəl Elçinlə telefonda danışmış və bu gecə gəlməsini xahiş etmişdi. Onun ən xoşladığı yeməklər, meyvə, müxtəlif içkilər, şamdanda bir cüt şam… bir daha aynanın qarşısına keçdi. Saçları onun xoşladığı kimi çiyinlərinə dağılmışdı. Bənizindəki solğunluğu gizlətmək üçün yanaqlarına bir az ənlik çəkdi və yenidən özünə baxdı. Vaxta az qalırdı. Artıq bir azdan o gəlməli idi. Həyəcandan əsir, bir yerdə qərar tuta bilmirdi. Yenidən əllərini göyə açıb dua etməyə başladı: «İlahi, bilirəm günah edirəm, amma məni bağışla, bağışla ki, sənin doğru yolundan çıxdım, bağışla ki, adi bəndəni hər şeydən, hətta səndən də çox sevdim. Daha bacarmıram, bu sevgiylə bu həyatla, bağışla, İlahi!»
Qapı döyüldü. Ayaqları sanki, tutuldu, yox, bəlkə açmayım qapını. Amma hər şey bu gün bitməli idi. Qapıya tərəf getdi, əlini qapının cəftəsinə atdı və qapını açdı.
- Salam, qapını niyə gec açdın? – deyərək, cavab gözləməyən Elçin onun alnından öpdü.
«İlahi, insan necə də dəyişərmiş, axı Elçin heç vaxt mənim alnımdan öpməzdi, bağrına basar, bir müddət ətrimi ciyərlərinə çəkər və sonra elə qapının kandarındaca dodaqlarını dodaqlarıma sıxar öpər, öpərdi. Hətta bu öpüşlərin nə qədər davam etdiyindən də xəbərimiz olmazdı. Bir vaxt ayılardıq ki, aynalarımız cunalanıb, gecəmiz şanalanıb, sevgimiz bir az da… bir az da cilalanıb. Amma indi…» elə bu fikirlərlə cavab verdi:
- Eyvanda idim, qapının səsini eşitmədim, bağışla.
- Hə… süfrədə şam da var, deyəsən bu gün xüsusi bir gündür.
- Yox, elə də yox, sadəcə ad günümdür və mən ad günümü uzun müddətdir ki, qeyd eləmirəm. Bu gün qərara aldım ki, birlikdə keçirək.
- Bağışla tamam yadımdan çıxmışdı. Axı bu gün ayın…
- Eybi yox, mən onsuz da ad günümü xatırlamağı sevmirəm. Sadəcə bu gün istisna oldu… O, «istisna» - deyib, bir qədər dayandı və yenə sözünə davam etdi. – Keç əyləş, niyə durmusan.
Elçin həmişəki kimi vanna otağına keçdi, əllərini yudu və süfrəyə keçdi. Bu gün çox cazibədar görünürdü. Qəhvəyi gözləri par-par yanır, ona məxsusi gözəllik verən ağ köynəyi, köynəyinin altından gizli-gizli boylanan sinəsinin qap-qara tükləri, həmişə papiros tutmağa öyrəşən, kişi əllərinə nisbətdə çox zərif, amma qəşəng əlləri, baxışı, duruşu… çox cəzbedici idi.
- Nə yaman fikirlisən, sənə nə olub?
- Heç nə, olmayıb, işlərin necədi?
- Hər şey yaxşıdır… və Elçin başladı həmişəki kimi öz işlərindən danışmağa. Hətta o, işləri barədə elə fərəhlə danışardı ki, qarşısındakı bu insanın dünyaya yalnız iş üçün gəldiyini zənn edərdi.
Elçin:
- Bəlkə şamları yandıraq…
- Səni gözləyirdim, yandır.
- Hə, bu sənin şamın – deyərək, əlindəki alışqanla onun qarşısındakı şamı yandırdı. Sonra öz qarşıındakı şamı yandırdı. Şam bir az yanıb, söndü.
- Elçin, sənin şamın söndü, məhəbbətin kimi, tez alışdı, tez də söndü.
- Yenidən alışdıraram – deyərək, Elçin qarşısındakı şamı bir də yandırmağa çalışdı, şam isə yanır, yenidən sönürdü.
- Elçin, özünü yorma, yanmayacaq.
Sakit keçən süfrə arxasında hərdən şərab dolu piyalələrin səsi gəlirdi.
- Gəl yanıma, niyə elə uzaqda əyləşmisən? – Elçinin səsi onu xəyaldan ayırdı və o, könülsüz halda Elçinə yaxın əyləşdi.
… Birazdan dəli və ehtiraslı öpüşlər xeyli müddət idi ki,
səssizlikdən qulaqları kar olmuş divarları da dilə gətirdi. Yarıqaranlq otaqda yanan o tək şamdan başqa bir cüt də vücud yanırdı. Amma bu yanğı əvvəlki kimi sevgi yanğısı deyildi. Bu yanğı ehtirasın yanğısı idi - barıt kimidir ehtirasın yanğısı, bircə atımlıq barıt kimi. Yandığı ilə söndüyü bir olur. Elə barıt kimi də fəsadı olur - Peşimançılıq. Ama bu gün heç bir peşimançılıq «olmayacaqdı». O, həmişəki kimi, Elçinin ağuşunda idi. Həmişəki kimi sevir, həmişəki kimi sevilirdi. Bilirdi, bilirdi ki, bu sevgi şərabın gətirdiyi ötəri sevgidir. Amma buna baxmayaraq, onun ağuşunda olmaq çox gözəl, çox xoş idi.
Bir vaxt ayıldı ki, qırmızı güllərlə bəzənmiş balışı onun qəhvəyi saçlarına bürünüb, Elçin isə həmişəki kimi ehtiraslı öpüşləri ilə onu öpür, öpürdü… gecənin də sanki yanaqları qızarmış, gecə də sevgiyə qərq olmuşdu. Bəxtəvər idi hər kəs. Gecə də, tənhalıqdan bezmiş otaq da, yandıqca sevişən, sevişdikcə əriyən bir cüt şam da, al yanaqlı balış da, döşək də, şərabın təsirindən başqalaşan Elçin də, hətta o, da…
O pıçıltı ilə dedi:
- Elçin, söylə ki, məni sevirsən!..
Elçin bir müddət qəhvəyi gözləri ilə onun dağılmış saçlarına, qara gözlərinə baxıb dedi:
- Bilirsən… belə anlarda nə sualdır verirsən?
O, bir qədər susdu və dedi:
- Elçin, başqasını sevirsən, hə?
- Axı sənə demişəm, bizim hisslərimiz ötəri idi. Ötəni geri
qaytarmaq olmaz.
- Bəs mən, axı mən səni sevmişəm, axı biz danışmışdıq ki… Eh nə isə…
O, yataqdan ayağa durdu, qırmızı xalatını geydi və mətbəxə keçdi. Onu qəhər boğsa da ağlamırdı. Qəti addımlarla mətbəxdəki qab rəfinə yaxınlaşdı və ölümlə dolu şüşəni əlinə aldı. Artıq qərarlı idi. Dünyalar qədər sevdiyi, ruhunu canını, verdiyi kəsin ona belə laqeydcəsinə yanaşması uzun müddət idi ki, ürəyində gəzdirdiyi fikrində qətiyyətli olmağa sövq edirdi onu. Qətiyyətlə şüşənin qapağını açdı. «Yox, gözləməyəcəm, elə bu dəqiqə etməliyəm bunu! Mən belə yaşaya bilmərəm. Daha bircə gecəni də onsuz keçirmək istəmirəm. İstəmirəm! Əllərim niyə əsir, nədən qorxuram, yox, mən qorxaq deyiləm» - öz-özünə pıçıldayaraq, cəld bir hərəkətlə şüşəni başına qaldırdı… Bu da sonuncu damla və qətiyyətlə iri tiyəli mətbəx bıçağını götürdü, qırmızı xalatının ön qatında gizlədərək yataq otağına keçdi, Elçinə yaxınlaşdı. Yerində rahatca uzanan Elçin qəşəng, qəhvəyi gözləri ilə onu süzüb dedi:
- Bir az yatmaq istəyirəm, bir-iki saatdan sonra məni oyadarsan, getməliyəm.
O, isə Elçinin sözlərinə əhəmiyyət vermədən, ona baxırdı. İlahi, bu insan mənə nə qədər əziz, nə qədər doğmadır.
- Elçin, sevirəm səni, sevirəm!
- Qoy yatım, danışarıq.
- Yenə soyuqqanlısan, həmişəki kimi. Sənin soyuqqanlılığın
həmişə məni qorxudub. Axır ki, qorxduğum başıma gəldi. Mən qoymaram sənin ürəyində başqası olsun. O, ürək mənimdir, təkcə mənim - deyərək əlindəki bıçağı sevgilisinin, sevimlisinin ürəyinə sancdı. Bu qəfil hadisədən heç nə anlamayan Elçinin əlləri yanına düşdü və qırıq-qırıq səslə dedi:
- Sən nə etdin?
Artıq o, özündə deyldi. Səni sevirəm! Səni sevmişəm! Səni həmişə sevəcəm!… dayanmadan eyni sözləri təkrarlayır və əlindəki bıçağı eyni yerə - ürəyinin ürəyinə saplayır, yenə saplayırdı…
Əlləri, dodaqları, pərişan saçları, çılpaq bədənini gizlədən qırmızı xalatı, bir vaxtlar dəli sevginin istiliyində isinən, «alışan», «yanan»… qırmızı güllü balışı, elə həmin güllərə qərq olmuş yorğanı, döşəyi, hətta, döşəmə də qıp-qırmızı qana boyanmışdı. O isə ağlamır, qanlı dodaqları ilə sevgilisinin artıq buza dönmüş dodaqlarından öpür, yenə opürdü. Onun idi həmin dodaqlar, yarıaçıq qalmış qəhvəyi gözlər, o qamət, o bədən, o gecə… Hamısı, hamısı onun idi. Bu vüsal gecəsini heç kəs ondan ala bilməzdi. Daha qorxa-qorxa öpmürdü o dodaqları… Qorxmurdu bu vüsalın bitəcəyindən… Bu gecə əbədi vüsalın gecəsi idi. Qarnındakı küt ağrılar, susuzluq və qarşısında qan içərisində olan sevgilisindən başqa o, heç nəyi dərk eləmirdi. Sonuncu dəfə dodaqlarını onun dodaqlarına yaxınlaşdırdı və güclə eşidiləcək səslə pıçıldadı:
- Sən mənimsən!!!
Просмотров: 1227 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 afgan73  
0
Çox gözəl və təsirlidir.

00000
Имя *:
Email:
Kod *: