19.09.26
Düşüncə
Ceyhun MusaoğluHəmişə qəbiristanlığa qayıdan adam


Elçibəy haqqında yazmaq da olmur, yazmamaq da. Qəribədir ki, həmişə obyektiv insan kimi təqdim və təbliğ olunan bu şəxsi cəmi iki dəfə: olum və ölüm günündə yada salanda belə, tərəfsiz olmaq mümkün deyil. Onu tərifləyəndə ifrat barmağını basıb oxucunun gözünü deşir, onu pisləyəndə isə oxucu barmağını sənin gözünə soxur. Tanıya bildiyimiz adam deyil Elçibəy. Tanıtdıra bildiyimiz adam da olmadı.
Hərdən adama elə gəlir ki, Elçibəy ümumiyyətlə doğulmayıb. O, görmədiyi bircə işlə gördüyü bütün işlərin üstündən xətt çəkdiyindən yaddaşımızdan tamamilə silinib. Elə silinib ki, sanki orda yerli-dibli Elçibəy olmayıb. Bəlkə də belə bir adam nə vaxtsa dünyaya gələcək. Olsun ki, adı Əbülfəz, soyadı da Əliyev olacaq. Amma and olsun «nə vaxta qədər ki, mollanın əlindən quran düşməyib, mənim də əlimdən araq düşməyəcək» kəlamının müəllifi olduğuna görə fəxrlə atam deyib, təqdim elədiyim kişinin sağkən ölü canına ki, adı Əbülfəz, soyadı Əliyev olacaq bu adam əlikərimlilərin, fazilqəzənfəroğluların, qüdrəthəsənquliyevlərin, hafizhacıyevlərin, tahirkərimlilərin və yüzlərlə bu sinfə daxil olan ibtidai- yabanı bitkidən daha az xeyir verənlərin çiyinlərindən boylanacaqsa, lap az müddət sonra Ceyhun adlı Musaoğlu soyadlı birisi çıxıb «Elçibəy heç vaxt olmayıb» iddiası ilə bağıracaq. Və ikinci Elçibəy də yoxa çıxacaq. Sonra üçüncüsü, dördüncüsü doğulacaq. Özü də burda Azərbaycanda. Çünki Elçibəy yalnız azərbaycanlı ola bilər. Onu türk adlandıranlar yalan deyillər. Türklər heç vaxt azərbaycanlılara güzəştə getməyiblər. Ümumiyyətlə, yalnız eyni xalqın nümayəndələri bir-birinə güzəştə gedir. «Mən həmişə fəxr eləmişəm ki, azərbaycanlıyam» deyən siyasətçiyə hakimiyyətini güzəştə gedən birisi türk ola bilməzdi. O, yalnız azərbaycanlıdı. Sadəcə, etiraf emək gücündə deyildi. Kiçik millətin övladı olduğunu çəkinmədən bəyan etmək, böyük millətin uşağı olduğunu sırımaqdan daha cəsarətli hərəkətdir. Elçibəy böyük millətin uşağı olmaq istəyirdi, amma unudurdu ki, kiçik millətin qanını daşıyır.
…Niyə mənim üstümə cumursan? Özünü lap Flora Kərimova kimi aparırsan. Dayan-dayan, sənə göstərərm. Sən də Flora xanım kimi, İctimai Televiziyanı ən demokratik, İsmayıl Ömərovu ən peşəkar kadr adlandıranda deyəcəm. Sənin kimiləriylə doludur bu məmləkət. Axrıncısı da Qulamhüseyn Əlibəyli oldu. Bax belə susarsan. Deyirsən ki, «ölənin arxasınca danışmazlar»?! Sənə bu təlimatı öyrədənin…Elə ölənin arxasınca danışarlar da. Birincisi, ona görə ki, cavab vermək imkanı yoxdur, deməli, özünü təmizə çıxarmağa cəhd belə göstərməyəcək. İkincisi isə qoy dirilər bilsin, elədikləri qələtlər öləndən sonra da müzakirə obyekti olacaq. Və nəticədə «lənətlər» rədifli qəzəl yaranacaq ki, səsi olan da, olmayan da onu oxuya biləcək.
Görürsüz, hardan hara keçdim?! Yazmaq olmur. Ən yaxşısı Fəxri_Xiyabana gedib, Elçibəyin məzarını ziyarət etməkdir, heykəli qarşısında heykələ dönməkdir. Məzarlığa daxil olanda isə başa düşürsən ki, bu, ən yaxşısı deyilmiş, bəlkə də ən pisiymiş. Onminlərin çiynində hakimiyyətə gələn, onminlərin çiynində hakimiyyətdən gedən, elə bu qədər çiyinlərin üstündən süzə-süzə torpağın altına girən insanın ruhuna salam verməyə cəmi bir nəfər gəlib. Və polis həmin bir nəfərə yaxınlaışb, bağırır: «Burda nə itiyin itib? Adam çaşır. Axı onun bütün arzuları bu qəbirstanlıqda dəfn olunub. İndi nece desin ki, arzularım itib?! Birdən polis hirsləndi, dövlət qulluqçusuna yalan danışmaqda ittiham edərək onu apardı şöbəyə. Şöbədə təpiklədilər, başına dubinka vurdular, təhqir elədilər…
Fikirləşirəm: Kimə görə? Olmayan Elçibəyə görə. Dəyər? Yox, dəyməz. Birdən Elçibəy yenə doğuldu, üçüncü, dördüncü dəfə… Sonra məni qınamaz ki, «qorxaq» adlandırmaz ki?.. Əşşi yox e, hardan tapacaq məni. Heç ora-bura baxmağa imkan verəcəklər ki. Maşına mindirib, keçmiş Karl Marks ərazisindəki kirədə qaldığı evdən, kirədə qaldığı Cəbhəyə gətirəcəklər, axşamsa eyni üsul və yolla geri qaytaracaqlar. Həmişə gördüyü adamları, həmişə gördüyü yeri göstərəcəklər ona…
Hiss eləyirəm ki, polis məni fikirlərimdən ayırmaq istəyir. Yaxamdan tutub, silkələyir. Çönüb yazıq-yazıq ona baxıram. Əlini çəkir. Cəmi bir dəqiqə lazımdır ki, təzədən xəyala dalım: «Görəsən Elçibəyin kirayə borcu qalmayıb ki…». Daha polisə ehtiyac yoxdu. Artıq ayılmışam. Və mütləq «burda nə itiyin itib» sualına yalançı cavab verməliyəm. Bu da cavab:
- Qızıl üzüyüm itib.
- Neçə qram idi?
- İki.
- Eh, iki qrama görə qəbirstanlıqda yatacaqsan? Qurban elə bu kişinin ruhuna.
- Axı…
- Deyirsən, bu kişiyə iki qramlıq üzük də düşmür?
Fakt qarşısında qalmışdım. Üzükdən keçməliydim.
Polisin yanıyla addımlayırdım. Qürurum imkan vermirdi ki, yola baxım, bəlkə üzük gələndə düşüb. Fəxri Xiyabanın qapısından çıxıram. Bir iki addımdan sonra polis məni arxadan çağırır: «Ürəyinə salma, o kişi indiki mənzilində də kirədədir. Kirayəni verməyə pulu çatmasa, üzüyün ona lazım olar».
Tanıyırmış, polisin də Elçibəydən xəbəri varmış. Bəlkə bir vaxtlar «Elçibəy» deyib, qışqıranlardan biri də budur. Hə, elə yüz faiz budur. Bir vaxtlar «Elçibəy» deyib qışqıranlara indi ölüləri qorumaq tapşırılıb.
Yolun yarısından geri qayıdıram. Polisə qanım yaman qaynadı. İstəyirəm onu bir həqiqətdən xəbərdar edim, hazır olsun. Fəxri Xiyabanın qapısının ağzında dayanıb, yandırmadığı siqareti sümürür. Məni görəndə «o üzükdən əl çəkmədin?»-deyə soruşur.
- Yox, başqa şeyə görə gəlmişəm. Sənin məzarını qoruduğun Elçibəy var ha, bir gün çöl qapıdan Fəxri Xiyabana girsə, qorxma.
- Bu necə olur?
- Bu elə belə olur. O yenə doğulacaq, ikinci, üçüncü, dördüncü dəfə.
- Lap yaxşı. Doğulacaq yaşasın da. Daha bura niyə qayıdır?
- Bəs hara getsin? Kirayə evdən, kirayə Cəbhədən, kirayə dostlardan və kirayə düşmənlərdən, ən nəhayət kirayə düşüncələrdən qaçıb, gizlənməyə yeganə yer qəbiristanlıqdır. Sən heç vaxt Elçibəyi qəbiristanlıqdan çıxan görməyəcəksən, o, səninlə həmişə qəbiristanlığa qayıdanda görüşəcək. Üzünə gülüb, deyəcək, «o uşağı görsən, denən gəlib üzüyünü götürsün. Mənə başqasının bir çöpü də lazım deyil».
- Yaxşı, bəs səni hardan tapım?
- Tapma, qoy qalsın sənə. Onun olan hər şeyi sənə, mənə qaldı.
Sağollaşmadan geri qayıdıram. Uzaqdan Məşədi Əzizbəyovun heykəli üzümə hırıldayır. Bir az da yaxınlaışb görürəm ki, yox, ağlayır. Gözlərimə inanmıram. Açıb yumuram, bir də baxıram, indisə fikrə dalıb. Ay allah, bu necə məmləkətdi, heykəlləri belə, dondan-dona girir?!
Redaksiyadan: Yazı ötən il mətbuatda dərc olunub. Yazarın nəzərinə: Əzizbəyovun heykəlinin yerində fəvvarə qurublar. Dondan dona girən heykəlləri zaman aşırır.
Просмотров: 580 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: