12.46.36
Xatirə
VURĞUN ƏYYUB
 
Bu dünyadan bir aşıq köçdü…
 
Bu yazdıqlarımı neçə il bundan qabaq aşıq Xanların dəfn mərasimində deməliydim. Deyə bilmədim. Ölüm xəbərinin qəfilliyi, gözlənilməzliyi çaşdırmışdı, ya boğazımı yandıran qəhərin acılığından danışa bilməməyin qorxusumu idi, nə idisə, deyə bilmədim. Bir neçə gündən sonra haqqında yazdığım bir yazı ilə ürəyimdəkiləri, düşündüklərimi onu tanıyan və tanımayanlarla bölüşdüm. Bu yazımın əsasını da o vaxt yazdıqlarım təşkil edir. Tamam yeni bir yazı da yaza bilərdim. Ancaq çap olunmuş o yazını oxuyub gördüm ki, bu gün də Xanlar haqqında düşünərkən eynən o zamankı hissləri yaşayır, o düşüncələrdən uzağa gedə bilmirəm. O vaxt yazdıqlarımdan bu yana nə hökumətdəkilərin, nə də mənim ona münasibətimizdə elə bir şey dəyişməyib. Sadəcə Xanları bizdən ayıran günlərin, ayların, illərin sayı artıb. Ona görə də həmin yazını genişləndirilmiş şəkildə diqqətinizə təqdim etmək istədim, əziz oxucu! Neçə il qabaq Xanlar dünyasını dəyişdi-qovğaları, dərdi, sevinci, çarpışmaları və nələri-nələri ilə hamımızı gah güldürən, gah ağladan, gah asiyə çevirən, gah da mütiləşdirən, küskünləşdirən dünyamızdan necəliyindən hələ ki xəbər gətirən bir kimsənin olmadığı ana torpağın altına köç etdi. Bu köç etmənin vədəsiz, insafsız və ədalətsiz bir iş olması barədə fikir söyləmək biz bəndələrin işi deyil. Lakin Xanlar yoxluğunun doğurduğu ağrı-acıdan, ürək yanğısından danışmaq hər birimizin haqqıdır. Xanlardan miras olaraq balaları, əzizləri, lent yazıları, ürəklərə köçmüş sehrli çalğısı, yatımlı, şirin səsi qaldı. Texnikanın indiki imkanları-video kassetlər, maqnitofonlar və daha nələr istədiyimiz zaman bizi onunla görüşdürür. Dostları, yaxınları bir yerə yığılıb haqqında acılı-şirinli, duzlu-məzəli xatirələr danışır, Xanlarla bir yerdə ola bilirlər. Ancaq Xanlar orada bizsiz neyləyir? Bir həftə, bir ay belə ayrı dura bilmədiyi balalarından, doğmalarından, dostlarından və bir də Sazından ayrı necə dözür? Bəlkə də bu suallarım sadəlövhcəsinə, sırf hissiyyatdan doğmuş kimi səslənir, ancaq heç cür başımdan çıxmır. Sazını xüsusi vurğuladım. O Saz Xanlara nələr etməmişdi? Onu dəli-divanəyə çevirmişdi, bəzən sızım-sızım sızıldadıb, bəzən heykir-heykir hönkürtmüşdü. Saz onu özünə elə bağlamışdı ki, Xanlar özünü unutmuşdu. O Saz ki, əsl oğuz kişiləri kimi boy-buxunlu, iri gövdəli Xanları öz balaca varlığı ilə titrədirdi, büküb-bürmələyib, sağa-sola əyib, hər sədasına uyğun hərəkətlərə məcbur edirdi. Xanların o gövdə nəhəngliyi də, o ləngərli yerişi, ağır tərpənişi də Saza yetişincəyə qədər idi. Başında oynayan şimşəkləri sakitləşdirə bilməyəndə, içindən püskürən həyəcanları, ürəyində baş qaldıran tufanları gizlətməyə taqəti qalmayanda özünü Saza yetirirdi. Onda Xanları görəydiniz! Saz onu sakitləşdirdiyi qədər də coşdurub adi halından çıxara bilirdi. İri, kobud, qara barmaqlarının altında qara Saz "Baş Sarıtel”, "Dilqəmi”, "Yanıq Kərəmi” və neçə-neçə hava üstündə inləyə-inləyə, kükrəyə-kükrəyə, gah həzin, gah da şaqraq sədaları ilə aşığı da yorub əldən salır, qan-tərə batırır, bizi də öldürüb dirildirdi. Belə anda həmişə zarafata salıb Füzulinin bir beytini aşığa xatırladırdım. Aşiqə şövqünlə can vermək müşkül degil, Çün Məsihi vəqtsən can vermək asandır sana! Deyirdim ki, ay Xanlar, Saz ilə sənə can vermək çətin deyil. Nə bacarırsınız eləyin. Onsuz da, Füzuli demişkən, İsa peyğəmbər kimi ölüyə can vermək qüdrətiniz var. Öldürdüyünüz kimi də dirildəcəksiniz. Bir tərəfdən zarafatyana deyilmiş, bir tərəfdən isə onun çalıb oxuduğu zaman özümün ruhi-mənəvi halımı əks etdirən bu kimi sözləri təvazökar bir məmnunluqla dinləyərdi. Balaları qədər sevdiyi Saz elədiyi zülmlərin əvəzində Xanları şöhrət taxtına, xətir-hörmət kürsüsünə qaldırmışdı, əlini çörəyə çatdırmışdı. Hansısa səfərdən, toy məclislərindən qayıdan kimi zəng edərdi: -Ayə, durun gəlin bizə. Qazancım var, ancaq sizsiz boğazımdan ötmür! Xanlar çörəkli kişi idi. Saza da, özünə də divan edə-edə qazandığını dostlarına, ailəsinə xərcləməkdən xüsusi ləzzət alırdı. Tanıdığım müddət ərzində mən Xanlarda paxıllıq, sənət yoldaşlarının uğuruna qısqanclıq hissi görmədim. Başqalarının, mən hələ ustadların, sənətdə çiyin yoldaşlarının demirəm, peşəkar yox, həvəskar olanların da sənətinə, zəhmətinə səxavətlə qiymət verməyi bacarırdı. Bilmirəm, universitet müəllimi, Gədəbəyli Dəmir müəllimlə Xanların saz ilə kamançanı "deyişdirməsini” dinləmisinizmi? Ayrı bir aləmdir! Kamançanın iniltili səsi ilə Sazın kövrək avazı bir-birini necə də gözəl tamamlayır. Xanların çaldığı havalara Dəmir müəllimin kamança ilə dəm tutması, sazdan qopan sədaya kamançanın dərhal və yanğı ilə cavab verməsi aşığı necə həvəsləndirir, necə sevindirir! O "deyişməni” dinlərkən eşitdiyiniz "a bəh-bəh” qıyyası bir tərəfdən Xanların çalğıdan aldığı həzzin göstəricisi, digər tərəfdən onun tərəf-müqabilinin bacarığına verdiyi qiymətdir. Xanlar heç zaman öyrənməkdən (eləcə də öyrətməkdən) utanmadı, usanmadı. Birgə olduğumuz məclislərdə hərdən dediyim şeirlərin içərisində eşitmədiyi, ya da sinə dəftərində olmayan, xoşuna gələni olan kimi böyrümü kəsdirib, onu yazılı şəkildə almasa əl çəkməzdi. Qeyri-təvazökarlıq olmasın, şeir sahəsində zövqümə, biliyimə arxalanır, hər zaman bəhrələnməyə çalışırdı. Bəzən mənasını bilmədiyi, ya da sənət yoldaşları arasında mübahisə doğuran misralar, bəndlər, şeirlər haqqında çəkinmədən soruşar, verdiyim izahatlar xoşuna gələndə ləzzətlə ağzını marçıldadardı. Bəzən də olurdu ki, bir şeir haqqında öz təhlilindən başqasını qəbul etmir, inadla öz fikrini müdafiə etməyə çalışırdı. Xanlarla söhbətin (mənim müşahidəmə görə mübahisəni sevmirdi, məclislər adamı olduğundan hərəni bir cür yola verməyi adət etmişdi) ləzzəti də bunda idi. Deyilənləri kor-koranə qəbul etməzdi. Xanlar az yaşadı, ancaq düz yaşadı, təmiz yaşadı, insan kimi yaşadı. Özündən sonra övladlarına bolluca hörmət, mənalı və xoş xatirələr qoyub getdi. Mən tanıdığım Xanlar ölümdən qorxmurdu. Ölümü bir az da lağa qoyaraq yaşayırdı. Ölümə bu cür etinasız adam az görmüşəm. Bilə-bilə ki, ölüm beş addımlığında dayanıb fürsət gözləyir, ölümə minnət qoyub bu fürsəti ona özü verdi. Əslində o cür sevdalı başnan, kövrək ürəknən, daxili təlatümlərnən Xanlar çox yaşasaydı, bu təəccüblü görünərdi. Aşıq Xanlar Azərbaycan mədəniyyətində Sazın hörmətini özünə qaytaran, onun başqa musiqi alətlərindən az deyil, bəlkə daha çox imkanlara malik olduğunu, başqa sənət növləri ilə birgə aşıq sənətinin də yaşamağa haqqı olduğunu sübut edən, bu sənəti günümüzün tələbləri səviyyəsində yaşatmağı bacaran beş sənətkarın biri idi. Nə yazıqlar ki, haqqında yazılmadı, sənəti öyrənilmədi, ifası kifayət qədər lentlərin yaddaşına köçürülmədi. Xalqın gördüyü, qiymətləndirdiyi bir sənətkarı Mədəniyyət Nazirliyi deyilən bir idarə görmədi, dəyərləndirmədi. Bəlkə Xanlar itkisi daha yalnız təəssüf, ağrılı xatirələr mənbəyi yox, həm də konkret işlər üçün bir təkan olsun? İmkanı olanlar, hökmü çatanlar eşidirmi, görəsən?
Просмотров: 749 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: