23.46.37
Yaddaş
Aşıq XanlarƏkbər QOŞALI
LEYLİ, LEYLİ, LEYLİ, LEYLİ!

(Aşıq XANLARın (Xanlar Məhərrəmovun) 60 illiyinə)
...Mən onu Leyli deyən görmüşdüm! Leyli adı (sözü), Leyli çağrısı – yüzillərin o üzündən gələn bu nida, ta uşaqlığımızdan qulaqlarımıza, yaddaşımıza hopub, səhra küləyi kimi bizi hər yerdə haqlayıb təbii; ancaq məhz Xanlar, Leylini qəzəl-qəsidə, poema Leyliliyindən, bəlkə ərəb qiyafəsindən, səhra məkanından çıxarıb doğma bir Leyliyə çevirdi... Onun Leylisinin məkanı Tovuzun təbiət yaşıllığına (təbii yaşıllığına!) qərq olmuş bir türk qızı idi... Ancaq bir türk xatununa sazla müraciət etmək olardı – Xanlar kimi. Açığını deyim, mən bilmirəm, aşığın Leyli adlı sevgilisimi olub, bu adla öz qara sevdasınımı yad edirdi-nədi, amma o, "niyəsiz-necəsiz” ("nöqtə”siz - "vergül”süz) bir Leyli (obrazı!) yaratdı, getdi!.. ...Onun Leylisi də, tarixdə bu adla tanıdığımız ilk qadın kimi həsrətlərin, qovuşurkən qovuşa bilməməyin simvoludur, yəqin...
* * *
...Aşıq Xanları hər gördüyümdə, hər onun ifasını dinlə¬diyimdə ünlü şairimiz, rəhmətlik Tofiq Bayramın
"...Sərhəd məftillərində
bu kobud əllərimlə
bir Muğamat çalaram,
Azərbaycan deyəndə!”
nidası yadıma düşürdü... "Nə üçün?” deyə sorar olsanız, deyim, o nərmü-nazik döndərmələrin, o (ürək üzən) gözəl xalların, o bədəli can olan gəzişmələrin (o sehirli səsin!), Aşıq Xanların kobud barmaqlardan necə hasil olduğunu ...modelləşdirməyə çalışırdım. ...Və həmən buradaca deyim, Xanlar kobud barmaqları ilə, incə ürəyini bir arada tuta bilməsəydi, Sazın qüdsiyyətini duymasaydı (yaşamasaydı!) Xanlar olmaz, sıradan bir saz ifaçısı olardı. Onun qüdrətinin sirri Sazı dil açdırıb, adam kimi danışdıra bilməsində; bu işin fəlsəfəsini idrak etməsində; Sazı sanki, necə deyim, bədəninin bir üzvü (gözü, ürəyi!) kimi hiss etməsində idi... O, ustad dərsi almış, ağır yığnaqlar, el məclisləri görmüş, səfərlərdə olmuşdu, bilirdi sağ nədi-sol nə..! Bilirdi, görmüşdü, eşitmişdi, duymuşdu – Sazı ondan öncə necə çalmış, necə ruh arkadaşı etmişlər! Və buna qarşı qara Sazı sinəsinə basıb, öz üslubunu yaratdı; öz cığırını, yolunu açdı! Bu işi, hələ-hələ özünəxas ozan gələnəkləri, bəlli aşıq məktəbi olan Tovuzda boya-başa çatıb da, məhz burada şəkilləndirməyin, Azərbaycan, Türk Dünyası miqyasına, SƏNƏT ZİRVƏSİnə çıxmağın başqa bir anlamı olsa, gərək!..
* * *
Siri-sifəti, yerişi-duruşu, salğarı-sambası, sözü-sovu kökünü, soyunu zərgər dəqiqliyi ilə nişan verən bir insandı Aşıq Xanlar! Haqqa qovuşmamışdan az müddət öncə, Bakıda, dayım nəvəsi Binnətin xeyir işində – saz-söz ağırlığını Aşıq Xanların daşıdığı bir məclisdə, yaxından tanış olmaq fürsətim olmuşdu onunla. Həmin günə qədər yalnız səhnədə, ekranda görmüşdüm aşığı. Qəribə hisslər keçirdim. Sonralar Konya dərvişlərini yaxından görəndə də həmin hissləri keçirdim. – Artıq öz ilkin mahiyyət və içəriyindən daha çox bir etnoqrafik hadisə kimi ömrünü sürdürən səma rəqslərinin (səmazənliyin) ifaçılarının öz gələnəksəl geyimlərini dəyişdirib, adi geyim geydiyi, bizmlə eyni süfrədə əyləşib çörək kəsdiyi anlarda keçirdiyim hissləri nəzərdə tuturam. Nə xülasə, Aşıq Xanlarla söhbət etmək fürsəti əldə etmişdim, Xanlar-Saz birliyinin energetikası dalğa-dalğa yayılır; Xanlar-Saz dərdləşməsinin şəkillənməsi səhifə-səhifə açılır, aydınlaşırdı, o anlarda... Elə bir mənəvi ünvan, elə bir varlıq təsəvvür edin: sənə doğmadı, ancaq uzaqdı; Sən onun həsrətindəsən, ancaq o sanki bunun fərqində deyil, daha doğrusu, bunun fərqində olmaq kimi bir durumu yoxdur; Sən onu duyursan, amma o, bəlkə də duyulmadığını zənn edir... Duyulmadığını deməyək də, gərəyincə duyulmadığını deyək. Bax, Aşıq Xanlar hər səhnəyə çıxdığında gür alqışlarla qarşılanır, çıxışı boyu, özəlliklə Leyli çağrısında, güllərində, xallarında, nəhayətdə çıxışının sonunda gur tamaşaçı alqışları alırdı. Onun qədər alqışlanan, belə deyək, alxış alan, sinəsi Sazlı bir insan həyata belə erkən əlvida deməsə, gərək... Məni qınamayın, bir ömürdə sanki iki ömür yaşamış rəhmətlik, o sevdalı ürəyinin tam açılmadığını, barmaqlarından axan ilahi səsin tam o istədiyi səs olmadığını düşünürmüş sanki. – Gözəldi, amma o daha gözəl çala bildiyini fikirləşirdi... Dadlaydı, özünəməxsus idi, amma o daha yaxşı, daha mükəmməl oxumaq potensialına sahib olduğunu düşünürdü. –Bəlkə, onun halını ustadı Aşıq Ədalət, övladı Azər yaxud ozanşünas, folklorşünas bir porfessor daha yaxşı anladardı; ola bilsin, mən aşığın ruh halını daha çox, bir mühəndis təfəkkürü ilə yazır, daha konkret – ələ gələr sonuclara can atır, sanki riyazi modelləşdirmə aparmaq istəyirəm, ola bilər. Ancaq istər riyazi, istər fəlsəfi, istər sosial-ictimai, istər sənət(karlıq) baxımından yanaşaq, dəyişməyən bir həqiqət var: Aşıq Xanlar qeyri-adi istedad, fitri duyum sahibi idi; düşüncəsinin, sənətinin (Sazla anlatmaq istədiklərinin) içəriyinin alt qatında paralanmış Azərbaycan, itirilmiş torpaqlarımız, hələ birləşməmiş Türk Dünyası ağrısı-acısı olan bir aydın idi!
* * *
Aşıq Xanlar bu gün 60-ında xatırlanır, yubileyi törənlə anılır, adına kitab bağlanır; ancaq baxarsız, biz ondan vaxt baxımından duhu çox uzaqlaşdıqca, on daha çox yaxınlaşacağıq (bu elə zatən belədir!). Aşıq Xanların mənsub olduğu ulus, ölkə var olsun! Aşıq Xanların mənsub olduğu Sənət, gözəlim Saz var olsun!
Çuvaşlar demiş: "Epir pulna, pur, pulatpır"! (Vardıq! Varıq! Var olacağıq!)


Просмотров: 889 | Добавил: natiq | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: